Leyla Əliyeva: Rusiyadakı azərbaycanlı
gənclər arasında istedadlı insanların sayı
getdikcə artır
“Rusiyada olmaqdan həmişə böyük məmnunluq duyuram”. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu sözləri Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “RAGB: Gənclərin layiqli gələcəyi naminə” mövzusunda VI Forumunda rusiyalı jurnalistlərə müsahibəsində söyləyib.
Leyla Əliyeva qeyd edib ki, Rusiyada çoxlu azərbaycanlı, o cümlədən azərbaycanlı gənclər yaşayır. O deyib: “Bu konfransı keçirməkdən məqsəd həmin gəncləri birləşdirmək, onların Rusiya cəmiyyətinə inteqrasiya olunmasına kömək etməkdir”.
Forumda təhsil və ekologiya məsələlərinin müzakirə ediləcəyini vurğulayan L.Əliyeva daha sonra deyib: “Ekologiya bizim üçün çox vacibdir. Bilirəm ki, bizim ölkəmiz kimi, Rusiya da ətraf mühitin qorunmasına xüsusi diqqət yetirir. Biz bu istiqamətdə Rusiya ilə daha sıx əməkdaşlıq etmək istəyirik. Bundan əlavə, forumda mədəniyyət, idman mövzularına, bir sözlə, gəncləri maraqlandıran bütün məsələlərə toxunulacaq”.
Leyla Əliyevanın sözlərinə görə, Rusiyadakı azərbaycanlı gənclər arasında istedadlı adamların sayı getdikcə artır.
Heydər Əliyev Fondunun vitse-prezidenti deyib: “Bu gün Rusiyanın 70-dən
çox regionunda
RAGB-ın bölmələri fəaliyyət göstərir.
Əlbəttə, çox xoşagələn
haldır ki, gənclər özləri böyük təşəbbüskarlıq
göstərir”.
AZƏRTAC
Azəerbaycan.- 2015.- 1 noyabr.- S. 3.