Milli Məclisə seçkilər xarici mətbuatda
Noyabrın
1-də Azərbaycanda keçirilən parlament seçkiləri
ilə bağlı bir sıra xarici kütləvi informasiya
vasitələri ətraflı süjetlər yayımlayıb,
yazılar dərc edib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisə seçkilərlə bağlı Rusiyanın aparıcı televiziya kanallarında süjetlər yayımlanıb. “Rossiya 24” kanalında tamaşaçılara təqdim olunan videomaterialda seçkilərin şəffaf və demokratik keçdiyi, seçicilərin seçkilərdə fəal şəkildə iştirak etdiyi bildirilir. Qeyd edilir ki, respublika üzrə bütün seçki məntəqələri vaxtında açılıb. Vurğulanır ki, Azərbaycanda parlament seçkiləri daxili islahatlar fonunda keçirilir. Jurnalist paytaxt Bakının və ümumilikdə Azərbaycanın dinamik surətdə inkişaf etdiyini bildirir. Seçkilərin əsas favoritinin yüksək reytinqli hakim Yeni Azərbaycan Partiyasının olduğu qeyd edilir. Seçkiləri 500-dən çox beynəlxalq müşahidəçinin izlədiyi vurğulanır. Məntəqələrdə seçki prosesinin izlənilməsi üçün veb-kameraların quraşdırıldığı barədə məlumat verilir. Süjetin müəllifi qeyd edir ki, seçicilər yeni seçiləcək parlamentdən Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlığın fəal surətdə davam etdirilməsini gözləyirlər. Rusiyalı jurnalistlər 132-134 saylı məktəb kompleksindəki seçki məntəqəsində olub, yüksək seçici fəallığı barədə məlumat veriblər.
X X X
Rusiyanın NTV telekanalı da Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı süjet yayımlayıb. Telekanalın müxbiri Svetslav Qordin seçki kampaniyasının sakit keçdiyini, seçki ərəfəsində ciddi qanun pozuntularının qeydə alınmadığını bildirib. Süjetdə qeyd olunur ki, parlamentdə 125 mandat uğrunda 800 namizəd mübarizə aparıb. Prosesdə 22 partiya iştirak edib. Jurnalistin sözlərinə görə, qanun pozuntularının qarşısını almaq üçün seçicilərin barmağı gözəgörünməyən mürəkkəblə işarələnib. Qeyd olunur ki, Mərkəzi Seçki Komissiyasında 60 mindən yuxarı yerli və 500 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Ən böyük nümayəndə heyəti MDB ölkələrindən olub.
Rusiya Dövlət Dumasının MDB Məsələləri üzrə Komitəsinin sədri, MDB Parlament Assambleyası Müşahidə Missiyasının rəhbəri Leonid Slutski bildirib ki, seçkilər yüksək səviyyədə təşkil olunub, seçicilər üçün lazımi şərait yaradılıb. Biz Azərbaycan xalqının gələcək taleyini həll edəcək səsvermədə vətəndaşların fəal iştirakının şahidi olduq. Leonid Slutski ən layiqli və güclü namizədlərin seçiləcəyinə əminliyini ifadə edib.
X X X
Rusiyanın TASS informasiya agentliyi Azərbaycanda seçkilərin gedişi ilə bağlı yazı dərc edib. Yazıda qeyd olunur ki, Azərbaycandakı seçkiləri 40 beynəlxalq təşkilatın və 50-dən çox ölkənin nümayəndələri izləyib. Beynəlxalq müşahidəçilər səsvermənin yaxşı təşkil olunduğunu, demokratik mühitdə keçdiyini, seçici fəallığının yüksək olduğunu bildiriblər. MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedev səsvermə prosesinin sakit keçdiyini, seçici fəallığının yüksək olduğunu qeyd edib. İcraçı katib seçkidə müxtəlif partiyalardan çox sayda yerli müşahidəçinin iştirakını müsbət fakt kimi səciyyələndirib. Sergey Lebedev seçkilərin yaxşı təşkil olunduğunu vurğulayıb. İcraçı katibin sözlərinə görə, vətəndaşların səsvermədə fəal iştirakı onu göstərir ki, onlar ölkələrinin gələcəyi və parlamentə seçəcəkləri şəxslərə görə məsuliyyət hissi keçirirlər.
Yazıda Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri İordi Cukkaya istinadla qeyd edilir ki, missiya Mərkəzi Seçki Komissiyası ilə sıx əlaqədə işləyib, təşkilatın 32 nümayəndəsi ölkənin müxtəlif bölgələrində prosesi izləyib. Azərbaycanda parlament seçkiləri çox yüksək səviyyədə keçir.
TASS-ın dərc etdiyi yazıda İsrailin sabiq xarici işlər naziri Aviqdor Libermanın da Azərbaycanda seçkiləri izlədiyi qeyd olunur. Altı seçki dairəsində prosesi izləyən Aviqdor Liberman seçkilərin şəffaf keçdiyini, seçici fəallığının yüksək olduğunu vurğulayıb.
Belçikadan olan müşahidəçi Gilus Bodrax da səsvermənin gedişini müsbət qiymətləndirib, heç bir qanun pozuntusunun qeydə alınmadığını bildirib.
Avropa Şurası Parlament Assambleyasından olan müşahidəçi Auqustin Konte parlament seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının həmsədri Jose de Venisia seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün lazımi şərait yaradıldığını diqqətə çatdırıb.
X X X
Rusiyanın “İnterfaks” və “RiaNovosti” informasiya agentlikləri də Azərbaycanda parlament seçkilərinin şəffaf və tam demokratik şəraitdə keçirildiyi barədə yazılar dərc ediblər.
X X X
Azərbaycandakı seçki
prosesinə Türkiyə mətbuatı da
yüksək diqqət göstərib. Anadolu informasiya agentliyi seçki prosesi barədə hazırladığı
materialda bir çox təşkilata istinad edib. Agentlik qeyd
edir ki, ölkədə azad, ədalətli və şəffaf seçki mühiti mövcuddur.
Mərkəzi Seçki Komissiyası
bütün yerli və xarici mətbuata seçki prosesini izləmək üçün geniş imkanlar yaradıb. Eyni vəziyyət müşahidəçilərə
də aiddir. Agentlik əlavə edir ki, namizədlərin qeydiyyatı, imzatoplama və təbliğat kampaniyaları dövründə
xoşagəlməz hallar
qeydə alınmayıb.
Qeyd edək ki, agentliyin
bu xəbərini Türkiyənin əksər
qəzetləri istinadla
yayıb.
Həmçinin Türkiyə televiziyaları
da seçkiyə geniş yer verib. TRT televiziyası seçki monitorinq koalisiyasının keçirdiyi
mətbuat konfransı
barədə də süjet hazırlayıb.
X X X
Türkiyənin “İhlas”
xəbər agentliyi Azərbaycanda
keçirilən parlament seçkilərindən
yazıb. Agentlik səsvermə prosesi ilə bağlı seçicilərin
fikirlərini öyrənib. “İhlas” agentliyi qeyd edir ki, Milli
Məclisə 125 yer üzrə 800 namizəd
mübarizə aparır. Ölkə üzrə 5 milyondan artıq seçici
var. Azərbaycanda seçkiləri 40 beynəlxalq
təşkilatdan 500-dən artıq müşahidəçi
izləyir.
AZƏRTAC
Azərbaycan.- 2015.- 2 noyabr.- S. 7.