Azərbaycanda dini tolerantlıq yüksək qiymətləndirilib

 

Noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindəki Sinay Məbədinin yəhudi icmasının 50 nəfərdən ibarət nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl qonaqlar Təzəpir məscid kompleksi ilə tanış olublar.

Qafqaz Müsəlmanları İdarəsində keçirilən görüşdə şeyxülislam Allahşükür Paşazadə çıxış edərək ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaq ali mənəviyyat mənbəyimiz olan dinimizə ulu öndər Heydər Əliyevin diqqət və qayğısından danışıb. O bildirib ki, məhz ümummilli lider Heydər Əliyev müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyub. Məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi hökm sürür. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

A.Paşazadə Azərbaycanda dini dözümlülük ənənələrindən danışaraq deyib ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar və yaşayırlar. Heç vaxt Azərbaycanda ksenofobiyadini zəmində münaqişələr müşahidə olunmayıb. Azərbaycan dinlər arasında münasibət və tolerantlıq baxımından bütün dünyaya nümunədir.

Şeyxülislam söyləyib ki, bu cür səfərlər münasibətlərin inkişafına töhfəsini verəcək.

Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan şeyxülislam ölkəmizin bu problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən tarixi, dini, mədəni abidlərin məhv edildiyini diqqətə çatdırıb.

Görüşdə Sinay Məbədinin ravvini David Volpe çıxış edərək Azərbaycanda dini tolerantlığı yüksək qiymətləndirib. O, təmsil etdiyi icmanın Azərbaycanla daha yaxşı münasibətlər qurmaq niyyətində olduğunu bildirib. Həmçinin qonaq Azərbaycanda mövcud olan mültikultural mühit haqqında xoş təəssüratlarını dilə gətirib.

Sonra Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr çıxış edərək Azərbaycanda bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etmələrinə, müxtəlif millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşayıb çalışmalarına yüksək şərait yaradıldığını bildiriblər. Diqqətə çatdırılıb ki, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələri dostluq şəraitində yaşayırlar. Tarixi mədəniyyət abidələrinin, müsəlman məscid və ziyarətgahlarının, yəhudi və xristian məbədlərinin bərpası və təmiri – bütün bunlar Azərbaycan reallıqlarını əks etdirən sağlam dini-mənəvi vəziyyətin göstəricisidir. Qeyd edilib ki, Azərbaycan və yəhudi xalqları hər zaman bir yerdə yaşamağın yaxşı nümunəsini nümayiş etdiriblər.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim olundu.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 4 noyabr.- S. 3.