Təhsil naziri: Fransanın ali məktəbində
Nizami Gəncəvi adına kafedranın
açılması mühüm hadisədir
Yuxarı Elzas Universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının yaradılması mühüm hadisədir və təhsil əlaqələrimizin inkişafına öz töhfəsini verəcək. Həmçinin Fransa və Avropa gənclərinə, tədqiqatçılarına ölkəmizi daha yaxından tanımağa, onun ədəbiyyatını, tarixini və mədəni irsini araşdırmağa imkan yaradacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə artıq bir neçə ildir Yuxarı Elzas və Gəncə Universitetləri arasında əməkdaşlıq başlayıb. Ötən ildən Fransanın bu universitetində Azərbaycan şairəsi Məhsəti Gəncəvi adına kabinet fəaliyyət göstərir.
İndi açılışını etdiyimiz bu kafedra isə Fransadan, Azərbaycandan və dünyanın digər ölkələrindən nizamişünasları bir araya gətirmək, ümumbəşəri dəyərlərə malik Nizami Gəncəvi irsinin tədqiq edilərək gələcək nəsillərə ötürmək baxımından yeni bir resurs kimi mühüm əhəmiyyət daşıyır.
Yeni kafedranın Azərbaycan və Fransa arasındakı təhsil əlaqələri çərçivəsində açıldığını vurğulayan nazir Azərbaycan Respublikası və Fransa Respublikası prezidentlərinin təşəbbüsü ilə Azərbaycan-Fransız Universitetinin yaradılması layihəsi üzərində iş getdiyini və ötən həftə işçi qrupunun ilk görüşünün Bakıda keçirildiyini diqqətə çatdırıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu layihəyə xüsusi diqqəti və dəstəyi olduğunu deyən M.Cabbarov Bakı Fransız Liseyinin fəaliyyətinə toxunaraq yüzlərlə azərbaycanlı tələbənin Fransada təhsil aldığını bildirib.
Mikayıl Cabbarov təhsil sahəsində əlaqələrin getdikcə daha da dərinləşəcəyinə və genişlənəcəyinə, Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının təhsil əlaqələrinin inkişafına öz töhfəsini verəcəyinə, bunun sayəsində Fransa və Avropa gənclərinin və tədqiqatçılarının Nizami Gəncəvinin timsalında ölkəmizi daha yaxından tanıyacağına, birgə faydalı tədqiqatlar aparılacağına əminliyini ifadə edib. O, bu kafedranın Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi üçün də dəyərli bir alətə çevriləcəyini vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Müluz
Azərbaycan.- 2015.- 4 noyabr.- S. 3.