Parlament seçkiləri xarici mətbuatda
Beşinci çağırış Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər
uğurla başa çatdı. Bu seçki bir tərəfdən
demokratik dəyərlərin Azərbaycan cəmiyyətində
dərin kök salmasının növbəti dəfə əyani
təsdiqi oldu, digər tərəfdən seçkinin nəticələri
Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki
nüfuzunun və dayaqlarının nə qədər möhkəm
olduğunu, radikal müxalilətin isə ümumiyyətlə
dəstəklənmədiyini bir daha ortaya qoydu. Seçki
prosesini bütün beynəlxalq müşahidəçilər
də təqdir etdilər. Parlament
seçkilərini izləmək üçün
müşahidəçilərlə yanaşı kütləvi
informasiya vasitələri üçün də hər
cür şərait yaradılmışdı. Hər bir mətbuat işçisi seçkiləri
işıqlandırmaq imkanına malik idi. O cümlədən
akkreditasiyadan keçmiş 27 beynəlxalq kütləvi
informasiya vasitəsinin nümayəndələri izləyirdi. Bununla yanaşı xarici ölkələrdə bir
çox KİV-də seçkilərin nəticələri ilə
bağlı informasiyalar işıq üzü görməkdədir.
Britaniyalı jurnalist Bernd Rainer
Şubert: “Prosesi bəyəndim”
Öncə onu qeyd edək ki, parlament seçkilərini
işıqlandırmaq üçün Azərbaycana gələn
xarici KİV-in nümayəndələrinin seçki ilə
bağlı təəssüratları yüksəkdir. Məsələn,
ABŞ-dan olan jurnalist Mallori Moss Katz bildirib ki, seçicilərin
təkrar səsvermədə iştirak edib-etməməsini dəqiqləşdirmək
məqsədilə ultrabənövşəyi mürəkkəbdən
istifadə edilməsi çox yaxşı üsuldur:
“ABŞ-da bu proses tam başqadır. Müsbət
fikirdəyəm, məndə çox yaxşı təəssürat
yarandı”.
İlk növbədə şəffaflığı
önə çəkən rusiyalı jurnalist Vladimir Zernts isə
seçicilərin seçkilərə münasibətlərinin
çox ciddi olduğunu, təşkilatçılığın
yüksək səviyyəsini bildirib. Onun sözlərinə
görə, barmaqların yoxlanılması olduqca müsbət
təcrübədir”.
Britaniyalı
jurnalist Bernd Rainer Şubert də seçki prosesindən
razılıqla söz açıb: “Hər şey
açıq şəkildə baş verir. Ən
çox da seçicilərin yoxlanılması prosesini bəyəndim.
Heç kim ikinci dəfə bülletendən
istifadə edə bilməz”.
“Rossiya 24” telekanalı: “Seçkilər
şəffaf və demokratik keçdi”
Azərbaycanda keçirilən parlament seçkiləri
ilə bağlı səsvermə günü bir sıra xarici
kütləvi informasiya vasitələri ətraflı
süjetlər yayımlayıb, yazılar dərc edib. Rusiyanın
aparıcı televiziya kanallarından olan “Rossiya 24” kanalında
tamaşaçılara təqdim olunan videomaterialda seçkilərin
şəffaf və demokratik keçdiyi, seçicilərin
seçkilərdə fəal iştirak etdiyi bildirilib. Süjetdə respublika üzrə bütün
seçki məntəqələrinin vaxtında
açıldığı, həmçinin Azərbaycanda
parlament seçkilərinin daxili islahatlar fonunda keçirildiyi
qeyd edilib. Jurnalist paytaxt Bakının və
ümumilikdə Azərbaycanın dinamik surətdə
inkişaf etdiyini bildirib, o cümlədən seçkilərin
əsas favoritinin yüksək reytinqli hakim Yeni Azərbaycan
Partiyasının olduğunu, seçkiləri 500-dən
çox beynəlxalq müşahidəçinin izlədiyini
diqqətə çatdırıb. Süjetdə
məntəqələrdə seçki prosesinin izlənilməsi
üçün veb-kameraların
quraşdırıldığı barədə də məlumat
verən müəllif qeyd edib ki, seçicilər yeni
seçiləcək parlamentdən Rusiya ilə müxtəlif
sahələrdə əməkdaşlığın fəal
surətdə davam etdirilməsini gözləyirlər. Rusiyalı jurnalistlər 132-134 saylı məktəb
kompleksindəki seçki məntəqəsində olub,
yüksək seçici fəallığı barədə məlumat
veriblər.
NTV: “Qanun pozuntuları qeydə
alınmayıb”
Rusiyanın NTV telekanalı da Azərbaycanda keçirilən
parlament seçkiləri ilə bağlı reportaj
yayımlayıb. Telekanalın müxbiri Svetslav Qordin
seçki kampaniyasının sakit keçdiyini, seçki ərəfəsində
ciddi qanun pozuntularının qeydə
alınmadığını bildirib. Qeyd
olunub ki, parlamentdə 125 mandat uğrunda 800-ə yaxın namizəd
mübarizə aparıb, prosesdə 22 partiya iştirak edib.
Jurnalistin sözlərinə görə, qanun
pozuntularının qarşısını almaq
üçün seçicilərin barmağı gözəgörünməyən
mürəkkəblə işarələnib. Mərkəzi Seçki Komissiyasında 60 mindən
yuxarı yerli və 500 beynəlxalq müşahidəçi
qeydiyyatdan keçib və ən böyük nümayəndə
heyəti MDB ölkələrindən olub.
Reportajda
Rusiya Federasiyası Federal Məclisi Dövlət
Dumasının, MDB Avrasiya inteqrasiyası və həmvətənlərin
işləri üzrə komitəsinin sədri, MDB Parlament
Assambleyası Müşahidə Missiyasının rəhbəri
Leonid Slutski bildirib ki, seçkilər yüksək səviyyədə
təşkil olunub, seçicilər üçün
lazımi şərait yaradılıb: “Biz Azərbaycan
xalqının gələcək taleyini həll edəcək səsvermədə
vətəndaşların fəal iştirakının
şahidi olduq”. Leonid Slutski ən layiqli və
güclü namizədlərin seçiləcəyinə əminliyini
ifadə edib.
TASS informasiya agentliyi: “Səsvermə
demokratik mühitdə keçdi”
Rusiyanın TASS informasiya agentliyi isə Azərbaycanda
seçkilərin gedişi ilə bağlı yazı dərc
edib. Yazıda qeyd olunub ki, Azərbaycandakı seçkiləri
40 beynəlxalq təşkilatın və 50-dən çox
ölkənin nümayəndələri izləyib. Beynəlxalq müşahidəçilər səsvermənin
yaxşı təşkil olunduğunu, demokratik mühitdə
keçdiyini, seçici fəallığının yüksək
olduğunu bildiriblər. MDB İcraiyyə
Komitəsinin sədri, icraçı katib Sergey Lebedev səsvermə
prosesinin sakit keçdiyini, seçici fəallığının
yüksək olduğunu qeyd edib. İcraçı
katib seçkidə müxtəlif partiyalardan çox sayda
yerli müşahidəçinin iştirakını müsbət
fakt kimi səciyyələndirib. Sergey
Lebedev seçkilərin yaxşı təşkil olunduğunu
vurğulayıb. Onun sözlərinə
görə, vətəndaşların səsvermədə fəal
iştirakı onu göstərir ki, onlar ölkələrinin
gələcəyi və parlamentə seçəcəkləri
şəxslərə görə məsuliyyət hissi
keçirirlər.
Yazıda
Avropa Şurası Parlament Assambleyasının müşahidə
missiyasının rəhbəri İordi Cukkaya istinadla qeyd
edilib ki, missiya Mərkəzi Seçki Komissiyası ilə
sıx əlaqədə işləyib, təşkilatın 32
nümayəndəsi ölkənin müxtəlif bölgələrində
prosesi izləyib və Azərbaycanda parlament seçkiləri
çox yüksək səviyyədə keçir.
TASS-ın dərc etdiyi yazıda İsrailin sabiq xarici
işlər naziri Aviqdor Libermanın da Azərbaycanda
seçkiləri izlədiyi qeyd olunub. Altı seçki dairəsində
prosesi izləyən Aviqdor Liberman seçkilərin şəffaf
keçdiyini, seçici fəallığının yüksək
olduğunu vurğulayıb.
Rusiyanın “İnterfaks” və “RiaNovosti” informasiya
agentlikləri də Azərbaycanda parlament seçkilərinin
şəffaf və tam demokratik şəraitdə
keçirildiyi barədə yazılar dərc ediblər.
“Anadolu” agentliyi: “Azərbaycanda azad, ədalətli
və şəffaf seçki mühiti mövcuddur”
Rusiya ilə yanaşı Azərbaycandakı seçki
prosesinə Türkiyə mətbuatı da yüksək diqqət
göstərib. “Anadolu” informasiya agentliyi seçki prosesi
barədə hazırladığı materialda bir çox təşkilata
istinad edib. Agentlik qeyd edib ki, ölkədə
azad, ədalətli və şəffaf seçki mühiti
mövcuddur. Mərkəzi Seçki
Komissiyası bütün yerli və xarici mətbuata
seçki prosesini izləmək üçün geniş
imkanlar yaradıb. Eyni vəziyyət
müşahidəçilərə də aiddir. Agentlik onu da əlavə edib ki, namizədlərin
qeydiyyatı, imzatoplama və təbliğat kampaniyaları
dövründə xoşagəlməz hallar qeydə
alınmayıb.
Agentliyin bu xəbərini Türkiyənin əksər qəzetləri
yayıb. Həmçinin Türkiyə televiziyaları da
seçkiyə geniş yer verib. TRT
televiziyası seçki monitorinq koalisiyasının
keçirdiyi mətbuat konfransı barədə də
süjet hazırlayıb. Bu ölkənin
“İhlas” xəbər agentliyi də Azərbaycanda keçirilən
parlament seçkilərindən yazıb. Səsvermə
prosesi ilə bağlı seçicilərin fikirlərini
öyrənən agentlik qeyd edib ki, Milli Məclisə 125 yer
üzrə 767 namizəd mübarizə aparır. Ölkə üzrə 5 milyondan artıq seçici
var. Azərbaycanda seçkiləri 40 beynəlxalq təşkilatdan
500-dən artıq müşahidəçi izləyir.
“CİHAN”
xəbər agentliyi, “Hürriyyət” qəzeti, “TRT Haber”, “TRT
Türk” televiziya kanalları da daxil olmaqla Türkiyə
mediası Prezident İlham Əliyevin səsvermədə
iştirakı, habelə yüksək seçici fəallığı
barədə geniş məlumatlar yayıblar. Məlumatlarda
dövlətimizin başçısının ailə
üzvlərinin, o cümlədən oğlu Heydər
Əliyevin ilk dəfə səs verməsinə geniş yer
ayrılıb. Qardaş ölkənin KİV-i Azərbaycanda
həyata keçirilən seçki islahatlarına, Mərkəzi
Seçki Komissiyasının uğurlu fəaliyyətinə,
deputatlığa namizədlər üçün yaradılan
bərabər şəraitə, Milli Məclisin yeni tərkibinə
böyük diqqət göstərib. Azərbaycan
və Türkiyədə eyni gündə parlament seçkilərinin
keçirilməsi dünya ictimaiyyətinə demokratiyanın
nümayişi kimi təqdim olunub.
“Sinxua” agentliyi: “Yeni Azərbaycan
Partiyası parlament seçkilərində parlaq qələbə
qazanıb”
Çinin “Sinxua” agentliyi də Azərbaycanda uğurla
keçən parlament seçkilərinə yer ayırıb. Agentliyin
yaydığı məlumatda Mərkəzi Seçki
Komissiyasının açıqladığı ilkin hesabat
öz əksini tapıb. Bildirilib ki, hakim
Yeni Azərbaycan Partiyası parlament seçkilərində
parlaq qələbə qazanıb. Yazıda
göstərilib ki, seçki məntəqələri saat
19.00-da bağlanıb, seçicilərin 55.7 faizi seçkilərdə
iştirak edib. Ən yüksək seçici fəallığı
Xəzər (81,2 faiz) rayonunda qeydə
alınıb. Beynəlxalq təşkilatları
təmsil edən 500-dən artıq müşahidəçi
seçkilərin çox yaxşı təşkil
olunduğunu, demokratik və şəffaf keçdiyini bəyan
ediblər.
Agentliyin xəbərlərində Baş nazirin
müavini, Yeni Azərbaycan Partiyasının sədr
müavini-icra katibi Əli Əhmədova istinadən
yazılıb ki, seçkilər insanların yüksək fəallığı
şəraitində keçib, bunu “exit-poll”ların nəticələri
də təsdiq edir. Çin Mərkəzi
Televiziyasının xəbər kanalı olan “CCTV-13” də
Milli Məclisə seçkilər barədə informasiyalar
yayıb.
Küveytin “Əl-Qabas” qəzeti:
“Seçkilər tam demokratik və şəffaf keçdi”
Noyabrın 2-də bir çox xarici KİV Azərbaycanda
keçirilən parlament seçkilərinin nəticələri
ilə bağlı informasiyalar veriblər. Küveytdə ərəb
dilində nəşr olunan gündəlik “Əl-Ray” və
“Əl-Qabas” qəzetlərinin 2 noyabr tarixli nömrəsində
seçkilərdə Yeni Azərbaycan Partiyasının qalib gəldiyi
diqqətə çatdırılıb. Parlament
seçkilərini izləyən müşahidəçilərin
fikirlərinin yer aldığı məqalələrdə
seçkilərin tam demokratik və şəffaf keçdiyi
qeyd edilib. Həmçinin son illər
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
sürətli inkişafı barədə də ətraflı
məlumat verilib, enerji resurslarından əldə edilən gəlirlərin
insanların rifahının yüksəldilməsinə,
ölkənin inkişafına sərf olunduğu
vurğulanıb.
Misir KİV-i: “Azərbaycan gəncləri
səsvermədə fəallıq nümayiş etdiriblər”
Misir KİV-i də Azərbaycanda uğurla keçirilən
parlament seçkilərindən yazıb. Ölkə nəşrlərinin
çoxu Azərbaycan Mərkəzi Seçki
Komissiyasının seçkilərin nəticələrinə
dair elan etdiyi ilkin məlumatı dərc edib.
“Əl-Düstur” qəzeti qeyd edib ki, Azərbaycanın Qahirədəki
səfirliyinin yaydığı bəyanatda Milli Məclisə
seçkilərin 125 seçki dairəsini əhatə edən
5547 seçki məntəqəsində keçirildiyi
bildirilib. Həmin bəyanatda Avropa Şurası
Parlament Assambleyasının müşahidə
missiyasının üzvü Avqustin Kondenin “Azərbaycanda
indiki parlament seçkiləri beynəlxalq standartlara uyğun
olaraq demokratik, şəffaf və ədalətli
keçirilir” fikri sitat gətirilib. Misirin
digər yerli nəşrləri xüsusilə
vurğulayıblar ki, Azərbaycan gəncləri səsvermədə
fəallıq nümayiş etdiriblər. Bu
isə parlament seçkilərinin keçirildiyi ölkələr
üçün xarakterik deyil.
“Kazinform” agentliyi: “Seçkilərə
hazırlıq prosesi yüksək səviyyədə təşkil
olunmuşdu”
Qazaxıstanın “inform.kz”, “Bnews.kz” rəsmi saytları,
həmçinin “Kazinform” agentliyi Azərbaycanda keçirilən
parlament seçkiləri barədə məlumatlar dərc
ediblər. Məlumatda Türkdilli Ölkələrin Parlament
Assambleyasının müşahidə missiyasının Azərbaycanda
Milli Məclisə seçkilərlə bağlı fikirləri
yer alıb. Bundan başqa, məqalədə
seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsindən,
beynəlxalq müşahidəçilərin fəaliyyəti
üçün bütün lazımi şəraitin
yaradılmasından, habelə seçkilərə
hazırlıq prosesinin yüksək səviyyədə təşkilindən
də bəhs olunub. Həmçinin parlament seçkiləri
zamanı 119 seçki dairəsi üzrə mindən çox
seçki məntəqəsində 7 min seçici arasında
“exit-poll” keçirildiyi qeyd edilib. İnformasiyada
yerli qanunvericiliyə uyğun keçirilən parlament
seçkilərində hakim Yeni Azərbaycan Partiyasının
inamlı qələbə qazandığı diqqətə
çatdırılıb.
“Belta” agentliyi: “Seçkiləri
40-dan çox beynəlxalq təşkilatdan 503 müşahidəçi
izləyib”
Belarusun rəsmi “Belta” agentliyi də Azərbaycanda
baş tutan parlament seçkilərindən yazıb. Yazıda
seçki barədə müfəssəl məlumat (namizədlərin,
seçicilərin, seçki məntəqələrinin
sayı və sair) verilib. Agentlik qeyd edib
ki, seçkilərin şəffaflığını təmin
etmək məqsədilə məntəqələrin
çoxunda veb- kameralar quraşdırılmışdı.
Seçkiləri 40-dan çox beynəlxalq təşkilatdan
503 müşahidəçi izləyib. Beynəlxalq
təşkilatlarla yanaşı, Avstraliya, İtaliya, Litva,
Latviya və digər ölkələrin müşahidəçiləri
də səsvermə prosesinin şahidi olublar.
“PRNewswire” saytı: “Avropalı siyasətçilər
səsvermə prosesini şəffaf və demokratik adlandırıblar”
Azərbaycanda parlament seçkilərini izləyən
avropalı siyasətçilər səsvermə prosesini şəffaf
və demokratik adlandırıb, seçkinin beynəlxalq
standartlara uyğun keçirildiyini bildiriblər. Bu barədə
“PRNewswire” saytı yazıb. Sayt seçkiləri
müşahidə etmiş beynəlxalq müşahidəçilərin,
həmçinin, “exit-poll” keçirən xarici təşkilatların
seçkilərin demokratik prinsiplərə uyğun
keçirilməsi haqda fikirlərinə yer ayırıb.
Rusiya mətbuatı Azərbaycanda uğurla keçirilən
parlament seçkilərinin nəticələrindən
geniş bəhs edib. RBK, RİA-Novosti, TASS, İnterfaks, Lenta.ru agentliklərində
yer alan yazılarda bildirilib ki, Azərbaycandakı
seçkilər sakit və hakim Yeni Azərbaycan
Partiyasının inkar edilməz üstünlüyü ilə
başa çatıb. Tanınmış
“MİR-24” telekanalında Mərkəzi Seçki
Komissiyasının sədri Məzahir Pənahovun
açıqlamasından sitat gətirilərək
vurğulanıb ki, Azərbaycanda parlament seçkiləri
yüksək səviyyədə və ölkə
qanunvericiliyinə uyğun keçirilib.
“İzvestiya” qəzeti: “Demokratik
prinsiplərə uyğun keçirilən seçkilər hakim
partiyanın qələbəsi ilə başa çatıb”
“Azərbaycanda parlament seçkiləri qanun
pozuntuları olmadan keçdi”. Bunu isə Rusiyanın
“İzvestiya” qəzeti yazıb. Yazıda
bildirilib ki, demokratik prinsiplərə uyğun keçirilən
seçkilər hakim partiyanın qələbəsi ilə başa
çatıb. Rusiya İnsan Hüquqları müdafiəçisi
Aleksandr Brod “İzvestiya”ya açıqlamasında seçkilərdə
hər hansı nöqsana rast gəlmədiyini deyib: “Mən
paytaxt Bakının 10-dan çox məntəqəsində
müşahidə apardım. Seçki
komissiyaları çox dəqiq işləyirdi. Eyni zamanda Gəncədə səsverməni izləyən
əməkdaşlarla əlaqə saxladım. Hər hansı nöqsanla bağlı məlumat
daxil olmadı”. Aleksandr Brod həmçinin
bildirib ki, müxalifət sosial şəbəkələrdə
bəzi qanun pozuntularına dair məlumatlar yaysa da, onların
heç biri sübuta yetirilmədi.
“Kommersant”: “Seçkilər şəffaf
keçirildi”
Rusiyanın tanınmış “Kommersant” informasiya
agentliyi Azərbaycanda keçirilən seçkilərin şəffaf
şəkildə keçirildiyini yazıb. Yazıda bir
sıra müstəqil “exit-poll” keçirən təşkilatların
nəticələri əsasında seçkilərin hakim
partiyanın tam qələbəsi ilə bitdiyi qeyd olunub.
Bildirilib ki, hakim partiya yeni parlamentdə ən
azı 66 mandat qazanıb. Həmçinin
qeyd edilib ki, 1 mandat uğrunda 6 namizədin mübarizə
apardığı seçkilər insidentsiz başa
çatıb.
Bu ölkənin nüfuzlu “Nezavisimaya qazeta” nəşri də Azərbaycanda keçirilən parlament seçkilərinə dair geniş məqalə hazırlayıb. Məqalədə seçki prosesinin sakit keçdiyi vurğulanaraq qeyd edilib ki, lap əvvəldən seçkinin favoriti hakim partiya idi: “Exit-poll”ların nəticələrindən də aydın idi ki, əksər seçicilər hakim partiyanın işini müsbət qiymətləndirirlər. Əslində ölkədə son dövrlər qazanılan nailiyyətlər hakim partiyanın qələbə ehtimalını artırırdı. Bakını dünyanın ən dinamik inkişaf edən şəhərləri ilə eyni sıraya qoymaq olar. Ölkə iqtisadiyyatı inkişaf edir, Azərbaycan artıq orbitə peyk çıxaran ölkələr sırasındadır. Beynəlxalq səviyyəli forumlar, idman tədbirlərinin Azərbaycanda keçirilməsi də təsadüfi deyil”.
Seçkilərin normal səviyyədə keçirildiyini qeyd edən yazının müəllifi səsvermə zamanı barmaqların mürəkkəblənməsini təqdirəlayiq hal kimi vurğulayıb. Məqalədə seçkiləri izləyən beynəlxalq müşahidəçilərin fikirlərinə də yer ayrılıb. Məsələn, Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətinin Polşadan olan üzvü Tadeuş İvinski seçki komissiyalarının yüksək hazırlığa malik olduğunu bildirib: “Mən çox ölkədə seçkiləri müşahidə etmişəm. Azərbaycandakı seçkilər yüksək hazırlığı ilə seçilirdi”.
Vladimir
Çurov: “Bu, ədalətli, şəffaf, demokratik və Azərbaycan
dövlətinin qanunvericiliyinə əsaslanan seçkilər
oldu”
“Azərbaycanda başa çatmış parlament seçkiləri yaxşı təşkil olunmaqla yanaşı, həm də demokratik keçib”. Seçkiləri müşahidə edən Rusiya MSK-nın sədri Vladimir Çurovun sözügedən açıqlamasını Rusiyanın nüfuzlu “Rossiyskaya qazeta” nəşri qeyd edib.Yazıda qeyd olunub ki, ilkin məlumatlara görə, müxalifət partiyalarının da iştirak etdiyi seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının şansı daha böyük olub.
Vladimir Çurov adıçəkilən nəşrə ATƏT-in seçkilərə müşahidəçi göndərməməsi ilə yanaşı, nəticələr barədə qərəzli məlumatlar yaymasına da münasibət bildirib. Rusiyalı jurnalistlərlə söhbətində MSK rəsmisi bildirib ki, ATƏT müşahidə missiyasının seçkiləri müşahidə etməmələrinə rəğmən, onların bu addımları seçki prosesinə təsir etməyib. “Bu, ədalətli, şəffaf, demokratik və Azərbaycan dövlətinin qanunvericiliyinə əsaslanan seçkilər oldu”.
Rusiya MSK-nın sədri xatırladıb ki, şəffaf seçki qutuları, o cümlədən, evlərdə səsvermələrin təşkil olunması da sübut edir ki, seçicilər prosesdə kifayət qədər fəallıqları ilə seçiliblər. Eyni zamanda, Azərbaycan MSK-nın açıqladığı rəqəm və nəticələri də deyilənləri əsaslandırır.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.- 2015.- 4 noyabr.- S. 4.