Mədəniyyət
və turizm naziri bir sıra ikitərəfli görüşlər
keçirib
Oman Sultanlığının paytaxtı Maskat şəhərində keçirilən ISESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra ikitərəfli görüşlər keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Əbülfəs Qarayev ilə İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amid Mədəni arasındakı görüşdə 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunlarının mədəni proqramının təşkil olunması məsələsi müzakirə olunub. Bildirilib ki, İslam irsinin və mədəniyyətinin bu oyunlar vasitəsilə təqdim olunması gözəl təcrübə ola bilər. Noyabrın 23-dən 27-dək Bakıda keçiriləcək ISESCO İcraiyyə Şurasının İclası və 12-ci Baş Konfransında bu məsələnin geniş tərkibdə müzakirə olunması qərara alınıb.
Ə.Qarayev, həmçinin Səudiyyə Ərəbistanın mədəniyyət və informasiya naziri Adel bin Zaid Əl Toraifi, Küveytin informasiya, gənclərlə iş üzrə dövlət naziri Şeyx Salman Sabah Səlim Əl-Həmmud Əl-Sabah, Qətərin mədəniyyət, incəsənət və irs naziri Həməd bin Əbdüləziz əl-Kavan, Misirin mədəniyyət naziri Muhəmməd Saber İbrahim və İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Əli Cənnəti ilə də görüşüb. Görüşlərdə mədəni sahədə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, İslam irsinin dünyada daha da tanıdılmasında birgə əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı Azərbaycanın mədəniyyət və turizm naziri cari ilin dekabrında Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçiriləcək beynəlxalq kitab sərgisinə dəvət edilib.
Qeyd edək ki,
ISESCO mədəniyyət nazirlərinin 9-cu İslam
Konfransı noyabrın 4-dək davam edəcək.
Azərbaycan.- 2015.- 4 noyabr.- S. 7.