“Kitabi-Dədə
Qorqud”da işlənən Naxçıvan toponimləri
Ölkə Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli sərəncamı ilə əlaqədar Naxçıvanda mühüm işlər görülür. Tədbirlər planına uyğun olaraq Naxçıvanşünaslıq mərkəzində, ümumtəhsil və ali məktəblərdə açıq dərslər keçilir, “dəyirmi masa”lar təşkil edilir, yerli televiziya və radioda silsilə verilişlər təşkil olunur. Dədə Qorqud beynəlxalq elmi simpoziumunun yüksək səviyyədə təşkilinə ciddi hazırlıq görülür.
Əsrlər boyudur ki, ulu əcdadımız, soykökümüz olan oğuz tayfa adları mənəvi dünyamızda, qəlbimizdə, dilimizdə yaşayaraq zəmanəmizə qədər gəlib çatmışdır. Belə adları yaşadan mənbələr sırasında dünya mədəniyyəti və ədəbiyyatı tarixində xüsusi yer tutan, türk xalqlarının möhtəşəm yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”un mühüm rolu və müstəsna əhəmiyyəti vardır. “Xalqın şah əsəri, ana kitabı” olan “Dədə Qorqud” dastanında oğuz türklərinin tarixi, ictimai-siyasi, sosial-iqtisadi, mədəni və təsərrüfat həyatı, folkloru, dili, coğrafiyası, qəhrəmanlıq tarixi, milli mənəviyyatı, eləcə də qədim şəxs və ata adları, onqonlar, titullar, ölkə, xalq, tayfa, nəsil, tirə, qəbilə, heyvan, dağ, daş, qala, ərazi, sahə adları əksini tapmışdır. Odur ki, dastan soykökümüzü, milli kimliyimizi, dilimizin qədim toponimlərini öyrənmək baxımından çox etibarlı və zəngin mənbələrdən biridir.
“Dədə Qorqud” qədim yurd yerimiz olan Dərbənddən tutmuş Azərbaycan, Gürcüstan, indiki Ermənistan adlandırılan Qərbi Azərbaycan və Türkiyə ərazilərini əhatə etmiş, Naxçıvan və ətraf ərazilər oğuz qəhrəmanlarının at oynatdığı, qılınc çəkdiyi yer olmuşdur. “Dədə Qorqud”da baş vermiş hadisələrin xeyli qismi Naxçıvanda cərəyan etmiş, bu ərazi dastan qəhrəmanlarının yurd yeri, ata-baba məskəni olmuş, ulu oğuzların şanlı tarixi Azərbaycanda yazılmışdır.
Ümummilli lider Heydər Əliyev “Kitabi-Dədə Qorqud”la əlaqədar keçirilən dövlət komissiyasının iclasında bununla bağlı demişdir: “Kitabi-Dədə Qorqud” dastanı bütün türk dünyasına məxsusdur, onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir”.
Naxçıvan özünün çoxəsrlik tarixi, zəngin təbii şəraiti və əlverişli coğrafi mövqeyi, ictimai, siyasi, iqtisadi qüdrətinə görə şan-şöhrət tapmış, öz maddi mədəniyyət abidələri, memarlıq məktəbi, milli adət-ənənələri ilə dünya mədəniyyət tarixinə daxil olmuşdur. Naxçıvan təkcə şəhər deyil, bura qədim yurd yeri, hər daşında, qayasında bir tarix yaşadan zəngin toponimlər diyarıdır.
Naxçıvan toponimlərinin nüvəsində böyük bir məna, hansısa hadisənin gizlidə qalmış təsviri, xalqımızın yaşam tərzi, adət-ənənəsi, məişəti, tarixin bir parçası yaşayır. Belə tarixi ərazinin keçmişini bu günə çatdıran yer-yurd, el-oba, dağ, daş, çay, göl, bulaq və s. adları xalqımızın tərcümeyi-halı, əzəli və əbədi yaddaşı, əslimizin, kökümüzün coğrafi ünvanı, tariximizi, dilimizi yaşadan tükənməz milli sərvətimiz - söz-abidələrimizdir. Bu abidələr ilk əlifbamız, ilk yaddaş kitabımız, maddi və mənəvi mədəniyyətimizin ilk nümunələridir. Bu nümunələr xalqımızın tarixi ilə bağlı yaranmış, milli mənəviyyatı ilə yoğrulmuş, azərbaycançılıq, türkçülük damğası ilə möhürlənmiş, leksik-semantik və qrammatik sistemi ilə seçilən milli toponimlərdir.
Naxçıvan toponimlərinin öyrənilməsi xalqımız üçün taleyüklü məsələdir və hər şeydən əvvəl ictimai-siyasi və mənəvi əhəmiyyətinə, dövlət sərhədlərinin nişanlanmasındakı roluna görə mühüm əhəmiyyət kəsb edir. Bu məsələnin öyrənilməsini bizdən zaman tələb edir.
Naxçıvan toponimləri bölgənin “tarix kitabı”dır. Bu adları “torpağın yaddaşı”na yazan “Dədə Qorqud” dastanındakı Əlincə qalası, Dərəşam, Dərəşam suyu, Əyrək, Bəkdüz, Qaraçuğ kimi yer adları birbaşa Naxçıvan ərazisi ilə bağlıdır. Tanınmış coğrafiyaşünas alim Səfəralı Babayev “Naxçıvanda “Kitabı-Dədə Qorqud” toponimləri” adlı kitabında (1999) ərazidə mövcud olan Şərur, Sədərək, Qazançı, Qazan yurdu, Qazangöldağ, Qara çoban düzü, Qara dərə, Qara dağ, Dərbənd, Salaxan qayası, Buğa çeşmə, Sarı ağıl, Sarı bulaq, Ağ qaya, Altuntaxt və s. kimi toponimlərin mənşəyinin “Kitabi-Dədə Qorqud”la bağlı olduğunu yazıb.
Tədqiqat sübut edir ki, “Kitabi-Dədə Qorqud”dakı Naxçıvan toponimləri leksik-semantik və etimoloji cəhətdən çox zəngin xüsusiyyətlərə malikdir. Bu toponimlər oğuzların bir aborigen əhali olduğunu dil faktları əsasında təsdiqləyir.
Yuxarıda qeyd olunanlarla yanaşı aşağıdakı toponimlər də “Kitabi-Dədə Qorqud” dastanında öz əksini tapıb. Belə yer adlarından biri “Oğuzdaşı”dır. Qeyd edək ki, 1727-ci ildə Şərur nahiyəsində iki Oğuzdaşı adlı kənd qeydə alınmışdır. Kəndlərdən birində 24, digərində isə 2 ailə yaşamış, sonradan kəndlərdə yaşayışa son qoyulmuş, onların adı mənbələrdə bizə gəlib çatmışdır. Oğuzdaşı toponimi oğuz və daş tərkib hissələrindən ibarətdir. Qğuzdaşı “daş oğuz” (dış oğuz) sözünün inversiya olunmuş formasıdır. Toponimin mənası “daş (dış) oğuzlara məxsus kənd” deməkdir.
“Oğuzkənd” bölgədə oğuzların varlığını təsdiqləyən daha bir yer adıdır. Oğuzkənd tarixən oğuzların yurd yeri olmuş, qədim oğuz türklərinə məxsus salar, bəydili, xələc, qarxun tayfa birləşmələrinə məxsus ailələr ətraf ərazilərdə yaşamışlar.
“Dərəşam” toponiminə biz dastanın “Uşun Qoca oğlu Səgrək boyu”nda rast gəlirik. Bu coğrafi obyekt Babək rayonu ilə Culfa rayonunun sərhədində, Araz çayının sahilində yerləşən qədim yaşayış məskəni və böyük bir ərazinin adıdır. Dərəşam Əlincə, Azadciran və Qışlağat nahiyələri və Araz çayı ilə sərhəddə yerləşmiş, Başkənd, Dibkənd, Ortakənd və Culha (Culfa) adlı kəndləri əhatə edən nahiyə mərkəzi olmuşdur. Hazırda ərazidə Dərəşam sahəsi, Dərəşam dəmiryol stansiyası, Dərəşam mineral bulağı adlı toponim və hidronimlər vardır.
Dərəşam toponiminin “dərə” komponenti tədqiqatçılar tərəfindən birmənalı şəkildə qəbul olunan “vadi”, “çay yatağı”, “mahal” mənasında açıqlanır. Ancaq adın şam hissəsi polemika yaradan tərəf kimi öz tədqiqini gözləyir.
“Şam” sözü Naxçıvanın dialekt və şivələrində “yer, məskən, yurd, torpaq”, “məzarın şamı” mənalarında da işlənir. Bu fikrə əsaslanıb deyə bilərik ki, Dərəşam sözünü “dərədə yerləşən ərazi, sahə, yer, məkan, yurd” mənasında açıqlamaq daha inandırıcı görünür. Bu faktı ərazinin relyef quruluşu da təsdiqləyir.
“Əlincəqala” toponiminə isə dastanın “Uşun Qoca oğlu Səgrək boyu”nda rast gəlirik. Məşhur Əlincə qalası Culfa rayonu ərazisindəki eyni adlı dağın üzərində yerləşir. Adı əsrlərboyu tarixin səhifələrindən düşməyən Əlincəqala neçə-neçə müharibələrin şahidi olmuş, Eldənizlər, Elxanilər, Cəlairilər dövründə möhkəm istehkama çevrilmiş, bir müddət monqolların mühasirəsində qalmış, feodal çəkişmələri nəticəsində dağılmışdır.
Əlincəqalanın adı və salınma tarixi dəqiq məlum deyil. Xalq etimologiyasına görə, dağın adı “əlini çək” sözündən yaranıb. Bəzi mülahizəyə görə isə dağın (həm də qalanın) adı Alançıq (“meydança”, “kiçik meydan”; alan - qədim türk dilində “düzənlik”, “meydan”) sözündəndir. Belə güman edirik ki, Əlincəqalanın adı Nuh peyğəmbərin nəticəsi Alınca xanın adı ilə bağlı yaranmışdır. Zaman keçdikcə həmin qala adı canlı danışıq dilində tədricən Əlincə şəklinə düşmüşdür.
Bir faktı da qeyd edək ki, son illər muxtar respublikada maddi mədəniyyət abidələrimizə göstərilən qayğı sayəsində Əlincəqalaya yeni həyat verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Culfa rayonundakı “Əlincəqala tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli sərəncamı ilə qala yenidən bərpa olunur.
Dastanda
Naxçıvanla bağlı olan yer adlarından biri də
“Əyrək”dir. Tarixi mənbə və qaynaqlarda Əyrək
adına ilk dəfə “Dədə Qorqud” kitabının
“Uşun Qoca oğlu Səyrək boyunu bəyan edər” boyunda
rast gəlirik: “Tərsuzamışın sözü Əyrəyə
təsir elədi. Durdu, Qazan bəydən
yürüş üçün icazə istədi. İzn verildi. Çağırdılar,
döyüşçülər yığıldı. Üç yüz nizəli seçmə igid Əyrəyin
yanına cəmləşdi. Meyxanada beş
gün yemək-içmək oldu. Ondan sonra
Şiroküz kənarından Göyçə dənizinədək
sahəni çapıb taladılar. Böyük
qənimət əldə etdilər. Əyrəyin
yolu Əlincə qalasına düşdü. Altı yüz qaradonlu kafir bunların üzərinə
hücum etdi. İgidləri
qırdılar. Əyrəyi tutdular. Əlincə qalasında zindana saldılar” və s.
Dastanın bu boyunun qəhrəmanları Əyrək və
Səyrək qardaşlarıdır. Səyrək Əlincə
qalasında zindana salınmış qardaşı Əyrəyi
xilas etmək üçün qəhrəmanlıq göstərib
onu qanlı kafirlərin əlindən xilas edir. Hər
iki qardaş “qaradonlu kafirlərin” üstünə at
sürüb qılınc çaldı, onları
qırıb-çatdılar, qovub qalaya saldılar... Dərəşam suyunu üzüb keçdilər.
Gecəni gündüzə qatıb, Oğuz
yurdunun sərhədinə yetişdilər”. Dastanın
1939-cu il nəşrində bu şəxs
adları Əyrək və Səyrək, 1962 və 1988-ci illər
nəşrlərində isə Əgrək, Səgrək
fonetik variantlarında yazılmışdır.
Məlumdur ki, hər hansı bir ərazidə toponimlərin
yaranması və formalaşması həmin ərazidə
yaşayan xalqın, tayfa və qəbilənin adı, məskənsalma
tarixi, yurdla bağlılığı ilə əlaqədar
olur. Tarix təsdiqləyir ki, Naxçıvan ərazisi də
qədim oğuz yurdu olmuş, oğuzlar yaşadıqları
yerlərə və ətraf ərazilərə özlərinə
məxsus adlar vermişlər. Belə adlardan biri də
“Dədə Qorqud”un tarixi
yaddaşını günümüzədək yaşadan
Əyrək şəxs adı əsasında yaranmış
keçmiş Əyrək kənd adıdır. Bu kənd
tarixən Dərəşahbuz nahiyəsinə daxil olmuş,
indiki Külüs və Keçili kəndləri arasında
yerləşmiş, dağıldıqdan sonra kənd ərazisi
“Əyrək yeri” adını qoruyub saxlamışdır. Mənbələrin məlumatına görə,
1590-cı ildə İrəvan əyalətinin Ağcaqala və
Karbi nahiyələrində də Əyrək kənd
adları qeydə alınmışdır.
Əyrək kəndi haqqında Türkiyə
Cümhuriyyəti Başbakanlıq Dövlət Arxivlər
Baş İdarəsinin 2011-ci ildə çap etdirdiyi
“Osmanlı arşiv belgelerinde Nahçıvan” sənədlər
toplusunda maraqlı məlumatlar vardır. Sənəddə
yazılır ki, Naxçıvan nahiyəsində Əyrək
adlı kənddən üç min ağça timar Salih Fərhadoğluna
tevcih olunmaq üçün müqavilə bağlamaq əmr
olunub. Əmrə əsasən
osmanlılarda vəzifə dəyişikliyi, rütbə və
ənam vermə, əsasən, hər ilin şəvval
ayında yerinə yetirilirmiş. 1726-cı ilin şəvval
ayında Salih Fərhadoğluna müharibədə alay başçısı kimi iştirak etmək
şərtilə ənam olaraq verilən Əyrək kənd
torpaqlarının gəliri üç min ağça
imiş.
İzinə
tarixi qaynaqlardan düşdüyümüz, dəfələrlə
müraciət etdiyimiz Əyrək kənd adı əsrlərin,
qərinələrin tarix yaddaşı, ulu “Dədə Qorqud”un yaddaş kitabəsidir. Bu kitabələrin
izi ilə tarixin dərin qatlarına getmək, “torpağın
yaddaşı”nda gizlənmiş mikrotoponimləri axtarıb
üzə çıxarmaq, lüğətini hazırlamaq və
linqvistik cəhətdən tədqiq etmək gələcəyimiz
üçün vacib şərtlərdən biridir. Onu da qeyd edək ki, hazırda Şahbuz rayonunun
Əyrək yeri adlanan ərazisində qonşu Keçili kəndindən
köçən 17-yə yaxın ailə məskunlaşmışdır.
Həmin ərazidə yaşayış məntəqəsinin
salınması əcdadlarımızın ruhuna hörmət,
Naxçıvan tarixinə böyük xidmətin nümunəsi
kimi qiymətləndirilməlidir.
Naxçıvan toponimiyasında “Dədə Qorqud”
yadigarı kimi tanınan “Qaraçuq” kənd adının
yayılma arealı çox genişdir. Bu ada
Türkiyə, İran, Qafqaz, Orta Asiya, Bolqarıstan ərazilərində
rast gəlinir. Naxçıvan ərazisində
Qaraçuq kəndi, Qaraçuq dağı, Qaraçuq yolu,
Qaraçuq məhəlləsi, Qaraçuq gölü
adlı tarixi və müasir adlar qeydə
alınmışdır.
Qaraçuq kəndi Araz çayı boyunca uzanan qədim
karvan yolunun kənarında yerləşib və əsrlərboyu
öz adını qoruyub saxlayıb. Ancaq 1963-cü ildə Araz su
qovşağının tikintisi ilə əlaqədar
keçmiş SSRİ ilə İran arasında bağlanan
müqaviləyə əsasən, kənd indiki əraziyə
köçürülmüş, 1970-ci ildə kəndin
adı dəyişdirilərək böyük Azərbaycan
şairi və dramaturqu Hüseyn Cavidin şərəfinə
Cavidabad adlandırılmış, 1999-cu ildə isə kəndin
Qaraçuq adı yenidən bərpa olunmuşdur. 2009-cu ilə
qədər Babək rayonunun tərkibində olmuş
Qaraçuq kəndi həmin il
“Naxçıvan Muxtar Respublikasının Naxçıvan
şəhəri və Babək rayonunun inzibati ərazi
bölgüsündə qismən dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
Naxçıvan şəhər inzibati ərazi vahidinin
hüdudlarına daxil edilmişdir.
Tarixi bir
kənd olan Qaraçuq adına ilk dəfə
“Kitabi Dədə Qorqud” dastanlarında rast gəlirik. Toponim dastanın müxtəlif nəşrlərində
Qara çoq (1939), Qaraçuğ (1962), Qaraçığ
(1988), digər mənbələrdə isə Qaraçuq
fonetik variantlarında yazılmışdır. Dastandan üzü bəri 1590-cı ildən
sonrakı sənədlərdə də kəndin adı
Qaraçuğ kimi qeyd olunmuşdur.
Qaraçuq adının mənşəyi dilimizdə
mübahisə yaradan toponimlərdəndir. İnandırıcı
olmayan söyləmələrə görə, kəndin əhalisinin
əksəriyyəti daha çox qaraçuxa geydikləri
üçün buraya Qaraçuxalılar - Qaraçux -
Qaraçuq adı verilib. Digər bir
söyləməyə görə isə kəndin adı yerləşdiyi
Qara zığ sahəsinin adından götürülüb.
Sözsüz ki, bu fikir də ağlabatan deyil.
Çünki Qaraçuq adlı toponimlərin
yayılma arealı geniş olduğundan sözün mənşəyini
Qara zığla bağlamaq əsassızdır. Digər
mənbədə isə bura türk dillərində qara-”torpaq”
və çox sözlərinin birləşməsindən əmələ
gəlib, “çox münbitli torpaq” mənasında
açıqlanır və kənddə kəngərlilərə
məxsus qaraxanbəyli, yurtçu, billici, hacıvar,
cığatay, qoman kimi tayfalara məxsus ailələrin
yaşadığı qeyd olunur.
Qaraçuq sözü birlikdə “böyük yer”, “iri məkan”, “geniş yer”, “məkan”, “böyük yurd” anlayışları yaradır və “oğuzların yaşadığı yurd, məkan” mənalarında işlənir. Demək, oğuzlar harada yaşayıblarsa, oraya Karaçuk-Qaracuğ-Qaracıq - Qaraçoq-Qaraçaq-Qaraçıq-Qaraçuq adını veriblər. Bu fikri Qaraçuq variantlı toponimlərin coğrafiyasının genişliyi də təsdiqləyir.
Dastanda işlənən toponimlərdən biri də “Böyükdüz”dür. 1960-cı illərin sonuna qədər Babək rayonu ərazisində, Araz çayının kənarında yerləşən qədim kənd olan Böyükdüz 1963-1969-cu illərdə Araz su anbarının tikintisi ilə əlaqədar əvvəlki yerindən indiki əraziyə köçürülmüşdür. Hazırda kənd Kəngərli rayon inzibati ərazi vahidinə daxildir.
Böyükdüz oykonimi D.D.Paqireyvin 1913-cü ildə tərtib etdiyi “Qafqazın beşverstlik xəritəsinin adlar göstəricisi” toplusunda və 1918-1920-ci illəri əks etdirən “Azərbaycanın siyasi xəritəsi”ndə əksini tapmışdır. İstər elmi ədəbiyyatda, istərsə də xalq arasında Böyükdüz adının mənşəyi ilə bağlı fikirlər müxtəlifdir.
Səfəralı Babayev Böyükdüz toponimini “Dədə Qorqud”la əlaqələndirir. Biz də bu fikirlərə tərəfdaş olur və belə qənaətə gəlirik ki, Böyükdüz adının mənşəyi oğuzların Büğdüz tayfa adı əsasında yaranmışdır.
Bir faktı da qeyd edək ki, Naxçıvan ərazisində Dədə Qorqudun məxsus olduğu Bayat tayfa adı ilə bağlı toponimlər də qeydə alınmışdır. 24 oğuz tayfasından biri olan Bayatlar Azərbaycanın hər tərəfinə səpələnmiş, Naxçıvanın ən qədim sakinlərindən biri olmuşlar. Bu tayfaya məxsus Ağgül (Sədərək nahiyəsi), Nəcəf qışlağı, Zülfüqar qışlağı (Şərur nahiyəsi) kimi yaşayış məntəqə adları tarixi toponimlər sırasına daxildir. Hazırda Şərur rayonunun Diyadin kəndində Bayat, Aralıq kəndində Bayatlılar tayfa adları da həmin tayfanın izlərini qoruyub saxlayır.
Bütün bunlardan belə nəticəyə
gəlmək olar ki, Naxçıvan ərazisində “Kitabi-Dədə
Qorqud”la səsləşən toponimlər milli
varlığımızın təsdiqlənməsi, tariximizlə
bağlı bir çox məsələlərin
açıqlanması, keçmış sərhədlərimizim
müəyyənləşdirilməsi baxımından
çox qiymətli mənbələrdir. Bu toponimləri
toplayıb linqvistik cəhətdən tədqiq etmək
günün aktual məsələlərindən biridir.
Adil BAĞIROV,
AMEA
Naxçıvan bölməsinin
Onomastika şöbəsinin
müdiri,
AMEA-nın müxbir üzvü
Azərbaycan.- 2015.- 4 noyabr.- S. 7.