Zaqatalada Heydər
Əliyev Mərkəzi açılıb
Noyabrın
4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin
açılışında iştirak edib.
Əvvəlcə
dövlət başçısı mərkəzin
binasının ətrafında aparılan yenidənqurma və
abadlıq işləri ilə tanış oldu.
Prezident
İlham Əliyev binanın rəmzi
açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidentinə məlumat verildi ki, inşasına 2013-cü ildə başlanılan binanın ümumi sahəsi 2765 kvadratmetrdir. Mərkəzin girişində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Birinci mərtəbədə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət zəngin ekspozisiya yaradılıb. Burada dünya şöhrətli siyasi və dövlət xadiminin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar, digər sənədlər nümayiş etdirilir. Ekspozisiyada ulu öndərin və Prezident İlham Əliyevin müxtəlif dövrlərdə Zaqatala rayonuna etdikləri səfərlər zamanı çəkilən fotolar da böyük maraqla qarşılanır. Ümummilli liderin dövlətçilik fəlsəfəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, bütün sahələrin inkişafına xidmət edən layihələrin həyata keçirilməsini öyrənmək baxımından bu mərkəzin böyük əhəmiyyəti var. Burada, həmçinin 350 yerlik konfrans zalı, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı otağı, kinozal, kulinariya və rəsm otaqları, heykəltəraşlıq studiyası, poliqrafiya emalatxanası fəaliyyət göstərəcək.
Mərkəzin ikinci mərtəbəsi elektron kitabxana, arxiv, virtual sinif və kompüter otaqları, dizayn və xalq sənətkarlığı studiyaları, xarici dil dərnəyi və 44 nəfərlik dairəvi konfrans zalından ibarətdir. Bu mərkəzin istifadəyə verilməsi rayon gənclərinin ilkin peşə vərdişlərinə yiyələnmələrində və asudə vaxtlarını səmərəli keçirmələrində mühüm rol oynayacaq.
Binanın ətrafında geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.
Mərkəzin binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Dövlət başçısı mərasimdə çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
- Sabahınız xeyir olsun.
Mən sizi səmimiyyətlə salamlayıram.
Zaqatalada yenidən olmağımdan çox məmnunam. Bu, mənim
Prezident kimi Zaqatalaya yeddinci səfərimdir. Bu,
özlüyündə onu göstərir ki, Zaqatala rayonunun
inkişafına, burada gedən işlərə çox
böyük diqqət və dəstək verilir.
Bu gün Zaqatala üçün çox əlamətdar bir gündür. Gözəl bina - Heydər Əliyev Mərkəzi açılır. Yadımdadır ki, iki il bundan əvvəl elə bu yerdə bu binanın təməl daşını qoyduq və indi biz bunun açılışına toplaşmışıq. Doğrudan da həm memarlıq, həm də funksionallıq baxımından çox gözəl binadır. Ulu öndərin adına yaraşan bir binadır.
Burada Heydər Əliyevin həyat və fəaliyyətini
əks etdirən materiallar, fotoşəkillər
nümayiş etdirilir. Eyni
zamanda, burada bir çox dərnəklər və studiyalar da
var. Yəni, bu mərkəzin çox böyük mənası
var, funksional tərəfi çox gözəldir, müasirdir.
Əminəm ki, Zaqatala sakinləri bu mərkəzdən səmərəli
şəkildə istifadə edəcəklər.
Zaqatalanın
inkişafı ilə bağlı xüsusi tədbirlər
görülür. Rayonda infrastruktur layihələrinin
icrası uğurla gedir. Sənaye potensialı möhkəmlənir,
güclənir. Bir sözlə, bu gün Zaqatala müasir
şəhərdir. Əminəm ki, şəhərin və
rayonun gələcək inkişafı da müsbət
olacaqdır. Çünki biz çalışırıq ki,
ilk növbədə əsas infrastruktur layihələrini icra
edək. İki il bundan əvvəl Zaqatalanın içməli
su problemi həllini tapmışdır. Bu gün bu layihələr
ölkəmizdə geniş vüsət almışdır.
Ancaq Zaqatala ilk rayonlardandır ki, içməli su problemi
şəhərdə və bir neçə kənddə
öz həllini tapmışdır. İndi şəhərə
fasiləsiz içməli su verilir və bu, əlbəttə
ki, insanların normal yaşaması üçün çox
önəmli bir hadisədir.
Qazlaşdırma
ilə bağlı işlər gedir. Şəhər demək
olar ki, tam qazlaşdırılıbdır. Kəndlərdə
hələ ki görüləcək işlər var. Ancaq
Zaqatalanın relyefini nəzərə alsaq görərik ki,
burada hər bir kəndə qaz çəkmək o qədər
də asan məsələ deyil. Buna baxmayaraq, Dövlət
Neft Şirkətinə göstəriş verilmişdir ki, kəndləri
maksimum dərəcədə, mümkün qədər
qazlaşdırsın və bu problem də öz həllini
tapsın.
Kənd
yollarının tikintisi aparılır. Bu gün bir kənd
yolunun rəsmi açılışı oldu. Eyni zamanda, digər
layihələr var. Bilirəm ki, hələ kənd
yollarının tikintisinə böyük ehtiyac var. Gələcək
illərdə bu məsələlər də imkan daxilində
öz həllini tapacaq.
Belə
gözəl memarlıq abidələri yaradılır. Bu
gün biz Müəllimlər İnstitutunun filialının
açılışını qeyd edəcəyik. Məktəblər,
uşaq bağçaları tikilir. Əlbəttə, mən
istərdim ki, işlər daha da sürətlə getsin. Ancaq
bildiyiniz kimi, imkan daxilində bütün bu işləri
görürük, özü də hər bir yerdə, hər
bir şəhərdə, hər bir rayonda.
Zaqatala
aeroportunun yenidən qurulması və zolağın
uzadılması prosesi başa çatandan sonra bu aeroport beynəlxalq
status alacaqdır. Ümumiyyətlə, Zaqatala aeroportunun
inşa edilməsi mənim təşəbbüsüm idi və
aeroport tikildi. İndi isə qarşıya vəzifə
qoyulubdur ki, zolaq daha da uzadılsın, bütün növ təyyarələr
buraya enə bilsin. Belə olan halda həm beynəlxalq
uçuşlar həyata keçiriləcək, həm də
turistlərin axını daha da artacaq.
Zaqatalanın
çox gözəl təbiəti var, görməli yerləri,
tarixi və qədim memarlıq abidələri çoxdur. Mən
çox istəyirəm ki, Azərbaycan vətəndaşları
bunu görsünlər və ilk növbədə, daxili turizm
inkişaf etsin. Eyni zamanda, xarici turistlər də gəlsinlər,
görsünlər ki, Azərbaycanda nə qədər gözəl
işlər gedir və necə səfalı, gözəl yerlər
vardır.
Ölkəmizdə
bütövlükdə işlər uğurla gedir. Biz 2015-ci
ili uğurla başa vuracağıq, bütün sosial-iqtisadi
göstəricilərimiz yüksək səviyyədədir.
Baxmayaraq ki, bu gün dünyada hələ də böhran
davam edir. Əslində, dünyada maliyyə və iqtisadi sahədə
yaşanan böhran bir neçə ildir ki, davam edir. İndi
bu böhrana siyasi və hərbi böhran əlavə
olunubdur. İndi dünyada gedən prosesləri siz də izləyirsiniz.
Görürsünüz ki, dünyanın müxtəlif yerlərində,
bizim qonşuluğumuzda çox narahatedici proseslər gedir. Həm
Avropada, həm MDB məkanında, Yaxın Şərqdə
qanlı toqquşmalar, qarşıdurmalar baş verir, qan
tökülür. Belə olan halda hər bir ölkə ilk
növbədə, öz təhlükəsizliyi haqqında
daha da ciddi düşünməlidir. Əslində, biz bu barədə
həmişə düşünmüşük. Azərbaycan
xalqının təhlükəsiz şəraitdə
yaşaması bizim üçün ən birinci prioritet məsələ
idi. Çünki əgər biz buna nail ola bilməsə idik,
heç bir inkişafdan söhbət gedə bilməzdi.
Sabitlik olmayan yerdə inkişaf mümkün deyil.
Ancaq
indiki şəraitdə buna daha da böyük diqqət
göstərilir. Azərbaycanda təhlükəsizlik yüksək
səviyyədə təmin edilir. Sabitlik möhkəmlənir,
xalq ilə iqtidar arasındakı birlik daha da güclənir.
Son parlament seçkiləri bunu bir daha təsdiqlədi.
İlk növbədə, qeyd etməliyəm ki, parlament
seçkiləri yüksək fəallıqla müşahidə
olunurdu. Eyni zamanda, bütün demokratik normalar təmin
edilmişdir. Ədalətli, şəffaf keçirilən
seçkilər Azərbaycanın demokratik inkişafa nə qədər
sadiq olduğunu bir daha göstərdi. Beş yüzdən
çox xarici, on minlərlə yerli müşahidəçi
dediyim bu sözləri təsdiqlədilər. Bütün beynəlxalq
müşahidəçilər seçkilərin yüksək
səviyyədə keçirildiyini qeyd etdilər. Onu da qeyd
etdilər ki, bu seçkilər Azərbaycan xalqının
iradəsini ifadə edib.
Bu,
doğrudan da, böyük nailiyyətdir, böyük
uğurumuzdur. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı
ölkədə aparılan siyasəti bəyənir, dəstəkləyir
və seçkilər vasitəsilə öz fikrini ifadə
edir. Biz də çalışmalıyıq ki, bundan sonra da
xalqın etimadını doğruldaq, ölkəmizdə
aparılan prosesləri sürətləndirək ki, bir dənə
də olsun sosial və iqtisadi problem qalmasın.
Son illər
ərzində bu istiqamətdə çox böyük işlər
görülmüşdür. Bütün beynəlxalq qurumlar
bunu təsdiqləyir. Ölkələrin rəqabət qabiliyyətliliyinə
görə Azərbaycan dünya miqyasında 40-cı yerdədir,
bir çox inkişaf etmiş ölkələri də
qabaqlayır. Eyni zamanda, yoxsulluğa, işsizliyə
qarşı mübarizəmiz beynəlxalq təşkilatlar tərəfindən
qiymətləndirilir. Bu yaxınlarda - sentyabr ayında BMT Azərbaycanı
bu nailiyyətlərə görə yüksək mükafatla
təltif etmişdir.
Cəmi
on il ərzində Azərbaycanda yoxsulluq 50 faizdən 5 faizə
düşüb. Mən, ümumiyyətlə, qarşıya vəzifə
qoymuşam ki, Azərbaycanda yoxsulluq olmamalıdır. Azərbaycanda
bir nəfər də olsun yoxsul şəraitdə yaşayan
insan olmamalıdır və biz bu hədəfə
yaxınlaşırıq.
Son vaxtlar
işsizliklə bağlı böyük addımlar
atılmışdır. İşsizlik çox
aşağı səviyyədədir. Ancaq dünyada gedən
maliyyə böhranı nəticəsində işsizlik bir qədər
arta bilər. Yəni, bəzi iş yerləri bağlanır.
Ancaq açılan iş yerləri bağlanan yerlərdən
daha da çoxdur və müsbət dinamika burada da
özünü göstərmişdir. Əgər 30 min iş
yeri bağlanıbsa, 67 min iş yeri açılıbdır.
Əlbəttə
ki, gələcəkdə iqtisadi islahatların
aparılması da prioritet olaraq qalacaq -
sahibkarlığın, kənd təsərrüfatının
inkişafı, ərzaq təhlükəsizliyinin təmin
edilməsi. Bu sahələrdə Zaqatala rayonunun çox
böyük potensialı var. Biz indi
çalışmalıyıq ki, öz təbii
imkanlarımızdan maksimum dərəcədə istifadə
edək. Biz sahibkarlara daha da yaxşı şərait
yaratmağa çalışmalıyıq ki, onlar daha da
çox məhsul yetişdirsinlər və məhsulu daxili və
xarici bazarlarda sata bilsinlər. Bu məqsədlə çox
ciddi addımlar atılmışdır, mənim tərəfimdən
sərəncam imzalanmışdır, qanun qəbul
edilmişdir ki, biznes mühitini biz daha da
yaxşılaşdıraq, sahibkarlara heç kim mane
olmasın, onların işinə heç kim müdaxilə
etməsin.
Mən əminəm
ki, görülən işlər nəticəsində Azərbaycan
gələcəkdə də müsbət iqtisadi inkişaf
dinamikasını saxlaya biləcək. Bunu etmək indiki şəraitdə
o qədər də asan deyil. Bir çox ölkələrdə,
həm qonşuluqda, həm dünyada iqtisadi tənəzzül,
Azərbaycanda isə iqtisadi inkişaf yaşanır. Bu ilin
doqquz ayında iqtisadiyyat təxminən 4 faiz, qeyri-neft
iqtisadiyyatı 6 faizdən çox artmışdır. Əlbəttə
ki, bu, görülən işlər nəticəsində
mümkün olub. Ancaq əldə edilmiş nailiyyətlər
bizi arxayınlaşdırmamalıdır. Bizim hər birimiz
daha da fəal olmalıyıq, çalışmalıyıq
ki, doğma Vətənimizi daha da irəliyə aparaq, Azərbaycanda
bu gözəl ictimai-siyasi mühit daimi olsun. Əminəm ki,
belə də olacaq.
Bir
çox beynəlxalq təşkilatlar, siyasətçilər,
politoloqlar, alimlər Azərbaycanda dinlərarası, millətlərarası
münasibətləri nümunə kimi göstərirlər.
Bu, həqiqətən də belədir və Azərbaycan
çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu,
bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər
bir millətin nümayəndəsi dəyərli vətəndaşdır,
eyni hüquqlara malikdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində
qarşıdurma olmamışdır və biz bu siyasətə
sadiqik. Harada ki, bu məsələlər müsbət istiqamətdə
getmir, o ölkələr fəlakətlə üzləşir.
Azərbaycanda isə bu sahədə mövcud olan vəziyyət,
ilk növbədə, ölkəmizi gücləndirir, digər
tərəfdən başqa ölkələrə də yol
göstərir ki, bu, mümkündür - birgə yaşamaq,
bir-birinə dəstək olmaq, bir-birinin dininə, adət-ənənələrinə,
milli dəyərlərinə hörmət etmək
mümkündür.
Baxın,
bu gün Avropada mənəvi böhran yaşanır. Avropa bəyan
etdiyi dəyərlərə sadiq çıxa bilmir, miqrantlara
- müsəlman qaçqınlarına nə qədər
böyük əzab-əziyyət verilir, onların ləyaqəti
alçaldılır, onlara qarşı çox dözülməz,
qəbuledilməz addımlar atılır. Mən dəfələrlə
demişəm, o insanların heç bir günahı yoxdur.
Xarici müdaxilə nəticəsində onların ölkələri
darmadağın edildi, onlar on minlərlə, yüz minlərlə
yaxınlarını itirdilər, milyonlarla insan qaçqın
vəziyyətinə düşdü və indi onlar Avropaya pənah
aparırlar. Orada isə onların qarşısında sədlər
tikilir, tikanlı məftillər çəkilir, onlara itlərlə
hücum edilir, onlar qəfəsə salınır. Sonra isə
insana yaraşmayan o qəfəsin üstündən onlara yemək
atılır. XXI əsrdə bu qədər dözülməz
hərəkət heç kimə şərəf gətirmir.
Bu, bir sınaq dövrüdür. Avropa indi bu sınaqdan
çıxmalıdır, bəyan etdiyi dəyərlərə
sadiq qalmalıdır. Yoxsa, əgər bu vəziyyət davam
edərsə heç bir başqa ölkə
qarşısında heç bir tələb qoyula bilməz.
İlk növbədə, sən özün daxildə bu
prosesləri normal məcraya salmalısan, özün daxildə
bəyan etdiyin dəyərlərə sadiq
çıxmalısan, ondan sonra kimdənsə nəsə tələb
edə bilərsən.
Bu proseslər
bizi çox narahat edir, incidir, ürəyimizi
ağrıdır. O yazıq insanları bu vəziyyətdə
görəndə əminəm ki, hər bir normal insan
çox ağır hisslər yaşayır. Digər tərəfdən,
bu, dini qarşıdurmadır, - mən bunu belə
adlandırardım, - bu, miqrant böhranı deyil, bu, dini
qarşıdurmadır, bu, islamafobiyanın əlamətidir.
Bu, son illər ərzində antimüsəlman təbliğatının
nəticəsidir və bu, daha da böyük problemlərə
və dünyada sivilizasiyalararası toqquşmaya gətirib
çıxara bilər.
Biz Azərbaycanda
multikulturalizm dəyərlərini təbliğ edirik. Biz
müxtəlif forumlar, konfranslar, beynəlxalq tədbirlər
keçiririk və sübut edirik ki, bir yerdə yaşamaq
mümkündür. Azərbaycanın timsalında bunu hər
kəs görə bilər.
Ancaq bu
gün biz görürük ki, dini zəmində
qarşıdurma daha da böyük problemlərə gətirib
çıxara bilər. Biz də bunu bilməliyik. Bəzi
hallarda belə sözlər işlədilir ki, biz inteqrasiya etməliyik,
Avropaya inteqrasiya etməliyik. Mən artıq dəfələrlə
demişəm, biz heç yerə inteqrasiya etməməliyik.
Biz öz milli dəyərlərimiz üzərində möhkəm
dövlət, bütün ölkələrlə bərabərhüquqlu
münasibətlər qurmuşuq. Xüsusilə indiki
ayrı-seçkilik, islamafobiya dövründə inteqrasiya etməyə
heç bir ehtiyac yoxdur. Biz hansı formada inteqrasiya edə bilərik.
Bizi orada qəbul edə bilərlərmi? Yox. Bu, artıq
reallıqdır, ancaq acı reallıqdır. Ona görə
biz bundan sonra da ancaq daxili resurslar hesabına
yaşamalıyıq.
Onsuz da heç kim bizə heç vaxt kömək etməmişdir. Nəyi əldə etmişiksə, öz hesabımıza əldə etmişik. Biz heç kimdən heç bir yardım gözləmirik, buna ehtiyac yoxdur. Sadəcə olaraq, bizim işimizə də heç kim qarışmasın, bizimlə diktat dili ilə danışmağa cəhd etməsin. Onsuz da bu səylər əbəsdir.
Hesab edirəm ki, Azərbaycan xalqı bu gün öz milli ləyaqətini qoruya bilir, bunu sübut edib. Bizim gücümüz xalqla iqtidar arasındakı birliyimizdədir. Ona görə də dünyada gedən acınacaqlı proseslərə baxmayaraq, biz Azərbaycanda inkişaf görürük. Yeni binalar, yeni sənaye müəssisələri tikilir, insanlar rahat yaşayır, seçkilər gözəl şəraitdə keçirilir. Bax, budur Azərbaycanın uğurlu inkişaf modeli. Mən əminəm ki, biz gələcəkdə də bu uğurlu yolla gedəcəyik.
Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm.
* * *
Zaqatalanın inkişafına göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından dövlət başçısına minnətdarlıq edən Tahir MƏMMƏDOV dedi:
- Cənab Prezident, biz Sizi Zaqatala şəhərində bütün zaqatalalılar adından salamlayırıq və Sizə “xoş gəlmisiniz” deyirik.
Bu,
Zaqatalaya Sizin yeddinci səfərinizdir. Hər səfərinizi
bizim camaat çox böyük sevinclə
qarşılayır. Həyata keçirilən uğurlu
iqtisadi siyasətin nəticəsində ölkəmiz gündən-günə
inkişaf edir. Birmənalı şəkildə demək olar
ki, bu, Sizin siyasi kursunuzun düzgünlüyünü göstərir.
Cənab
Prezident, ölkəmizin ictimai həyatında baş verən
yeniliklər bilavasitə Sizin fəaliyyətinizin elmi əsaslara
söykənən möhkəm təməl üzərində
qurulmasının, Heydər Əliyev siyasi kursunun yeni şəraitdə
uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün
açılışına
yığışdığımız Heydər Əliyev Mərkəzi
gənc nəslin vətənpərvərlik, ulu öndərin
siyasi kursunun həyata keçirilməsi işinə sədaqət
ruhunda tərbiyə edilməsində geniş imkanlar
yaradacaqdır.
Cənab
Prezident, zaqatalalılar həmişə Sizi dəstəkləyiblər,
Sizin daxili və xarici siyasətinizi bəyənirlər və
müdafiə edirlər. Biz Sizə zaqatalalılar adından
cansağlığı, uzun ömür, fəaliyyətinizdə
yeni-yeni uğurlar arzulayırıq. Diqqətinizə görə
minnətdaram.
Prezident
İlham ƏLİYEV: Sağ olun.
* * *
Sonda xatirə
şəkli çəkdirildi.
AZƏRTAC
Azərbaycan.- 2015.- 5 noyabr.- S. 2, 3.