Azərbaycan
Prezidenti İlham Əliyev Şəki Məhkəmə
Kompleksinin yeni inzibati binasının
açılışında iştirak edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də
Şəki Məhkəmə Kompleksinin yeni inzibati
binasının açılış mərasimində
iştirak edib.
Ədliyyə naziri Fikrət Məmmədov yeni binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd edildi ki, ümumi sahəsi 19,8 min kvadratmetr olan beşmərtəbəli kompleksin inşasına 2012-ci ilin noyabrında başlanıb və bu ilin oktyabrında başa çatdırılıb. Tikinti işləri ən müasir standartlara uyğun aparılıb. “Əlillərin hüquqlarının qorunması haqqında” Konvensiyanın tələblərinə müvafiq olaraq binada onlar üçün bütün zəruri şərait yaradılıb. Əlillərin binaya daxil olması üçün xüsusi qurğu quraşdırılıb.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev kompleksdə yaradılan şəraitlə tanış oldu.
Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində tikilən binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb.
Bildirildi ki, Şəki Məhkəmə Kompleksi Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində inşa olunmuş ikinci məhkəmə kompleksidir. Kompleksdə Şəki Apelyasiya Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şəki Ağır Cinayətlər Məhkəməsi və Şəki Rayon Məhkəməsi yerləşir. Burada 250 nəfər, o cümlədən 42 hakim, 170-dən çox məhkəmə aparatı əməkdaşı və 35 ədliyyə işçisi çalışacaq. Digər yeni məhkəmə binalarında olduğu kimi, müasir informasiya-kommunikasiya qurğularının quraşdırıldığı bu bina da inzibati və ictimai zonalara bölünür və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar, dövlət ittihamçıları və vəkillər üçün nəzərdə tutulub. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.
Binada gözdən əlil vətəndaşların sərbəst hərəkəti üçün hər mərtəbənin döşəməsinə xüsusi örtük salınıb. İctimai zonada bütün otaqların adlarını əks etdirən lövhələrdə gözdən əlil insanlar üçün də xüsusi yazılar var. Buradakı müasir elektron məlumat daşıyıcıları vətəndaşlara məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etməyə imkan yaradır.
Prezident İlham Əliyev məhkəmə zallarında yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, kompleksin əsas binasında 16 məhkəmə iclas zalı – cinayət işlərinin baxıldığı 7 və mülki işlərin baxıldığı 9 zal fəaliyyət göstərir. Kompleksdə Azərbaycan Prezidentinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncamına əsasən bütün zəruri tədbirlər görülüb. Məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan “Femida” sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular quraşdırılıb. Təqsirləndirilən şəxslər zalda beynəlxalq standartlara uyğun xüsusi ayrılan şüşə otaqda saxlanılırlar. Burada onların vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq qurğu da var. Məhkəmə zalında əcnəbi şəxslərin iştirakı ilə işlərə baxılan zaman tərcümə xidmətlərinin göstərilməsi üçün xüsusi yer düzəldilib. Zalların qarşısında vəkillər, dövlət ittihamçıları, şahidlər və icra məmurları üçün otaqlar ayrılıb. Burada, həmçinin konfrans zalları, o cümlədən Şəki Apelyasiya Məhkəməsi Rəyasət Heyətinin zalı, böyük akt zalı var. İnzibati zonada da hakimlər və məhkəmə aparatı işçiləri üçün lazımi şərait yaradılıb.
Konfrans zalı ilə tanışlıq zamanı dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, müasir avadanlıqla təchiz edilən zalda hakimlərə və məhkəmə işçilərinə Ali Məhkəmənin Plenumuna, Məhkəmə-Hüquq Şurasının, həmçinin Ədliyyə Nazirliyinin iclaslarına, müşavirə və toplantılarına birbaşa qoşulmaq imkanı yaradılıb. Kompleksin böyük iclas zalında isə həm beynəlxalq, həm də ölkə səviyyəsində tədbirlər keçirmək mümkündür. Yeməkxana və kitabxana da ən yüksək səviyyədə hazırlanıb. Binanın alt qatında təqsirləndirilən şəxslərin müvəqqəti saxlanması üçün kameralar, onların vəkillərlə görüş otağı və konvoy maşını üçün yeraltı dayanacaq fəaliyyət göstərir. Binada, həmçinin arxiv otaqları, tibb və poçt məntəqələri, ana və uşaq otağı, maddi sübutlar otağı, hakimlər və işçilərin avtomobilləri üçün yeraltı qaraj, eləcə də vətəndaşlar üçün avtodayanacaqlar var.
Bir sözlə, burada yaradılan şərait göstərir ki, son illərdə ölkədə bütün sahələrə olduğu kimi, ədalət mühakiməsinin səmərəsinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, məhkəmə sisteminin daha da müasirləşdirilərək beynəlxalq standartlara tam uyğunlaşdırılması işləri uğurla aparılır.
Diqqətə çatdırıldı ki, Şəki Məhkəmə Kompleksinin yerləşdiyi ərazidəki rayon məhkəməsinin köhnə inzibati binası yenidən qurulub. İkimərtəbəli binada Şəki rayonu üzrə icra şöbəsinin, Şəki rayon qeydiyyat şöbəsinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsinin fəaliyyəti üçün hər cür şərait var. Burada yaradılan yüksək şərait, həmçinin təntənəli nikah mərasimlərinin keçirilməsinə imkan verəcək.
Prezident İlham Əliyev kompleksdə məhkəmə və ədliyyə orqanlarının əməkdaşları ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə nitq söylədi.
Prezident İlham
Əliyevin nitqi
- Bu gün biz Şəki Məhkəmə Kompleksinin açılışını qeyd edirik. Bu münasibətlə sizi təbrik edirəm. Çox gözəl binadır. Həm memarlıq, həm funksionallıq baxımından ən yüksək standartlara cavab verir. Bütün lazımi şərait yaradılıb, müasir avadanlıqlarla təchiz edilib. Bir sözlə, bu Məhkəmə Kompleksi ən yüksək standartlara cavab verir.
Son illər ərzində Azərbaycanda məhkəmə binalarının tikintisi uğurla davam etdirilir. Biz bu yaxınlarda Bakıda Sabunçu Məhkəmə Kompleksinin açılışını qeyd etmişik. Verilən məlumata görə, on rayonda yeni məhkəmə binaları inşa edilir. Beləliklə, məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi işində çox ciddi addımlar atılır. Bu binalar həm dövlət vəsaiti hesabına, eyni zamanda, Dünya Bankının köməyi ilə tikilir. Bu da bizim beynəlxalq maliyyə qurumları ilə uğurlu əməkdaşlığımızın nəticəsidir.
Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir. Məhkəmə-Hüquq Şurasının fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Artıq on ildir ki, Şura fəaliyyət göstərir. Bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxarmışdır.
Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Hüquqi dövlət quruculuğu prosesinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Onun təşəbbüsü ilə 1990-cı illərin əvvəllərində çox ciddi addımlar atılmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. O vaxt belə bir strateji istiqamət müəyyən edilmişdir ki, Azərbaycanda hüquqi dövlət qurulmalıdır, qanunun aliliyi təmin edilməlidir və məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanmalıdır.
Hesab edirəm ki, son illər ərzində bu istiqamətdə böyük nailiyyətlər əldə edilib. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə gedir. Əlbəttə ki, məhkəmələrin şəffaflığı, məhkəmələrin işi burada xüsusi rol oynayır. Verilən məlumata görə, son vaxtlar məhkəmə qərarları ilə bağlı daxil olan şikayətlərin sayı azalır. Bu, onu göstərir ki, qərarların böyük əksəriyyəti ədalətli qərarlardır. Çünki biz daim ictimai rəyi öyrənirik. Həm Prezident Administrasiyasına, həm də digər dövlət orqanlarına gələn müraciətlərə çox diqqətlə baxılır və hər bir şikayət əsasında araşdırma aparılır. Deməyə əsas var ki, son vaxtlar bu sahədə müsbətə doğru dəyişikliklər göz qabağındadır.
Hesab edirəm ki, görüləcək tədbirlər və gələcəkdə aparılacaq islahatlar nəticəsində biz məhkəmə sistemində şəffaflığı maksimum dərəcədə artıra bilərik. Son vaxtlar bu sahədə qəbul edilmiş qərarlar mühüm rol oynayır. Xüsusilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması, - bu binada artıq bu sistem tətbiq olunur, - həm şəffaflığı təmin edəcək, həm bürokratik əngəlləri aşacaq. Bir sözlə, məhkəmə sistemini daha da müasir və daha da böyük inama malik olan sistemə çevirəcəkdir.
Hazırda bütün yeni tikilmiş məhkəmə komplekslərində “Elektron məhkəmə” informasiya sistemi quraşdırılır və bu da çox ciddi islahatdır. Çünki məhkəmələrin qərarları ədalətli olmalıdır. Ümumiyyətlə, həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür.
Qərəzli yanaşma olmamalıdır. Korrupsiya hallarına qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bir sözlə, məhkəmə-hüquq sistemi maksimum dərəcədə şəffaf olmalıdır. Bu sahədə beynəlxalq təcrübənin Azərbaycanda tətbiq edilməsinin çox böyük mənası var. Çünki inkişaf etmiş ölkələrdə bir çox hallarda biz məhkəmələrin şəffaflığını görürük. Əlbəttə ki, hər bir ölkədə əsassız qərarlar da qəbul edilə bilər. Ancaq bütövlükdə götürdükdə inkişaf etmiş ölkələrdə, Avropa ölkələrində məhkəmə sistemi şəffafdır, ədalətlidir. Bu da demokratik inkişaf üçün çox önəmli bir şərtdir.
Əlbəttə, hər bir ölkədə problemlər də, qüsurlar da, mənfi hallar da var. Bəzi hallarda biz Azərbaycanda, Avropada mövcud olan vəziyyətlə, qüsurlarla bağlı fikirlərimizi ifadə edirik. Yəni, biz də tənqidə açığıq və hər bir ölkə tənqidə açıq olmalıdır. Heç bir ölkə kamil deyil. Hər bir ölkədə qüsurlar, nöqsanlar var. Son vaxtlar Avropa qitəsində siyasi sahədə, beynəlxalq məsələlərin həllində çox ciddi səhvlər buraxılıbdır. Ancaq hesab edirəm ki, Avropa ölkələrində məhkəmə sistemi nümunə ola bilər. Burada biz bunu açıq deməliyik. Bu müsbət təcrübəni biz Azərbaycanda tətbiq etməliyik. Yəni, bu praktika göz qabağındadır. Burada heç bir şey icad etməyə ehtiyac yoxdur. Sadəcə olaraq işin icrası qəbul edilmiş qərarlarla uzlaşmalıdır. Qəbul edilmiş qərarlar, atılan addımlar düzgün istiqamətdə olmalıdır. Eyni zamanda, bunu qanunvericilik də, Prezident tərəfindən imzalanan sərəncamlar da tənzimləyir. Əsas odur ki, bu, həyatda öz əksini tapsın. Bu qərarların düzgün icrası Azərbaycanda məhkəmə sisteminin şəffaflığını artıracaq və xoşagəlməz hallara qarşı bizim siyasətimizi daha da təsirli edəcək.
Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Mən bu məsələlərlə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, müvafiq göstərişlər verilmişdir. Burada biz öz işimizi üç istiqamət üzrə davam etdirməliyik. Əlbəttə ki, inzibati tədbirlər, cəza tədbirləri görülür və görüləcək. Son vaxtlar Azərbaycan ictimaiyyəti görür ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılır. Çünki cəmiyyətdə heç kim toxunulmaz ola bilməz. Heç kimin immuniteti ola bilməz. Qanun qarşısında hər kəs bərabərdir. Ona görə cəza tədbirləri davam etdiriləcək.
Çünki əfsuslar olsun ki, buna hələ ehtiyac var. Ancaq bununla bərabər, əlbəttə ki, sistem xarakterli, institusional islahatların aparılmasına böyük ehtiyac var. Biz korrupsiya, rüşvətxorluq üçün, əgər belə demək mümkündürsə, meydanı daraltmalıyıq. Azərbaycanda hazırda elə islahatlar aparılmalıdır və aparılır ki, bu meydan daha da daralsın və bu bəla, bu yara aradan götürülsün.
Hesab edirəm ki, son illər ərzində şəffaflıqla, institusional islahatlarla bağlı atılan addımlar korrupsiya, rüşvətxorluq üçün meydanı böyük dərəcədə daraldıb. Ancaq hələ ki, görüləsi işlər çoxdur və məhkəmə-hüquq sisteminin bu sahədəki fəaliyyəti çox önəmlidir. İlk növbədə, məhkəmə sistemində korrupsiya halları tam aradan qaldırılmalıdır. Buna yol verilməməlidir. Eyni zamanda, məhkəmə qərarları elə olmalıdır ki, bu böyük bəla ilə bizim mübarizəmiz daha da səmərəli olsun.
Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində böyük işlər görülüb, böyük nailiyyətlər var. Məhkəmə sistemində şəffaflıq və ədalətin tam bərqərar olması ümumi demokratik inkişafımıza müsbət təsir göstərir. Azərbaycan demokratiya yolu ilə gedir. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan, din azadlığı, siyasi fəaliyyət azadlığı təmin edilir, heç bir məhdudiyyət yoxdur. Azərbaycanda yaşayan vətəndaşlar bunu gündəlik həyatda görürlər.
Azərbaycanda yüzlərlə mətbu orqan, azad internet mövcuddur. Əhalinin 75 faizi internet istifadəçisidir. Sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. O, başqa məsələdir ki, bəzi siyasi qrupların mitinqlərinə 200-300 adam yığışır. Ancaq fakt budur ki, heç bir məhdudiyyət yoxdur.
Son parlament seçkiləri bir daha onu göstərir ki, Azərbaycan demokratiya yolu ilə inamla, uğurla gedir. Son parlament seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə ifadə edibdir. Yüzlərlə xarici müşahidəçi seçkilərə çox müsbət qiymət verib. MDB-nin, Avropa Şurası Parlament Assambleyasının müşahidəçi missiyaları seçkilərin demokratik, ədalətli, şəffaf keçirilməsi ilə bağlı öz rəsmi rəylərini açıqladılar. Digər beynəlxalq qurumların nümayəndələri də seçkiləri yüksək qiymətləndirdilər. Bu, dövlətimizin, xalqımızın növbəti böyük qələbəsidir və bir daha onu göstərir ki, Azərbaycanda demokratik inkişaf sürətlə gedir.
Bu gün Azərbaycan o ölkələrdəndir ki, burada gedən proseslər xalq tərəfindən müəyyən edilir. Xalq da öz sözünü seçkilər vasitəsilə ifadə edir. Xalq-iqtidar birliyi, gözəl ictimai iqlim və demokratik proseslər ölkəmizi gücləndirir. Məhz buna görə Azərbaycanda sabitlik maksimum dərəcədə təmin edilir, ölkəmizin inkişafı ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Çünki bizim apardığımız siyasət xalqın maraqlarını tam ehtiva edir. Bizim siyasətimiz xalqın maraqları üzərində qurulubdur. Təhlükəsizlik, daxili sabitlik, iqtisadi inkişaf, sosial ədalət, demokratiya, azadlıqlar, müstəqil xarici siyasət - bizim əsas prinsiplərimiz bunlardan ibarətdir və hər istiqamət üzrə biz çox uğurlu mənzərənin uğurlu nəticələrini görürük.
Bu gün Azərbaycan dünya miqyasında iqtisadi və sosial inkişafla bağlı seçilən ölkələrdəndir. Heç bir böhran bizim iqtisadi inkişafımıza ciddi təsir edə bilməz. Amma müəyyən dərəcədə təsir edə bilər. Bütövlükdə builki iqtisadi-sosial göstəricilərimiz göz qabağındadır. İqtisadiyyat artır, sosial layihələr, infrastruktur layihələri icra edilir, o cümlədən bu bölgədə. Bu gün Zaqatalada infrastruktur layihələrinin açılışını qeyd etmişik, Şəkidə, bütün bölgələrdə, bütün şəhər və rayonlarımızda tikinti-quruculuq işləri aparılır.
Bununla bərabər, beynəlxalq nüfuzumuz artır, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi öz rolunu oynayır. Bizim siyasətimizə çox böyük maraqla və rəğbətlə yanaşırlar. İlk növbədə ona görə ki, biz müstəqil xarici siyasət aparırıq və bizim siyasətimizin təməlində, bir daha demək istəyirəm, Azərbaycan xalqının iradəsi dayanır. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Belə cəhdlər olub, var, düzdür azalır. Ancaq buna baxmayaraq, biz öz yolumuzla gedirik və nəticə də göz qabağındadır.
Bu gün dünyada gedən proseslər, qanlı toqquşmalar, müharibələr artıq dünya gündəmini zəbt edir. Yəni, bu, adi hala çevrilib. Ona görə Azərbaycanda sabitliyi, təhlükəsizliyi qorumaq, möhkəmləndirmək doğrudan da çox təqdirəlayiq bir haldır. Bu şəraitdə müstəqil siyasət yürütmək, iqtisadi-sosial inkişafa nail olmaq onu göstərir ki, düzgün siyasət aparılır, xalq da bunu görür, bəyənir və seçkilərdə öz sözünü deyir.
Ona görə Azərbaycanda aparılan işlər və gələcəkdə bizim planlarımızın reallaşması ölkəmizi daha da gücləndirəcəkdir. Mən gələcəkdə sosial və iqtisadi inkişafla bağlı heç bir ciddi problem görmürəm. Bizim maliyyə vəziyyətimiz, manatın məzənnəsi sabitdir, kifayət qədər valyuta ehtiyatlarımız var, bütün sosial layihələr - infrastruktur layihələri, tikinti-quruculuq işləri icra edilir.
Enerji sektorunda Azərbaycanın dünyadakı rolu getdikcə artmaqdadır və bu gün biz “Cənub” qaz dəhlizi kimi nəhəng layihəni - Avropanın bir nömrəli enerji layihəsini icra edirik və həm də liderlik göstəririk. Yəni, bütün bu işlər davam etdiriləcək. Bu işləri sürətləndirmək və daha da böyük nəticələr əldə etmək üçün cəmiyyətdə hələ ki, mövcud olan, bizi - iqtidarı və xalqı narahat edən problemlər aradan qaldırılmalıdır. Bunların içində korrupsiya, rüşvətxorluq birinci yerdədir. Çünki korrupsiya dövlətimizin dayaqlarını sarsıdır, inkişafı, azad rəqabəti əngəlləyir, müəyyən dərəcədə inamsızlıq yaradır. Ona görə məhkəmə işçilərinin burada çox böyük rolu vardır. Bir daha demək istəyirəm, ilk növbədə, məhkəmə sistemində korrupsiyaya, rüşvətxorluğa yol verilməməlidir.
İslahatlar arasında onu da qeyd etməliyəm ki, hakimlərin maddi təminatı da son illər ərzində böyük dərəcədə yaxşılaşıbdır. Nəyə görə? Ona görə ki, normal yaşasınlar. Yəni, dövlət tərəfindən təminat yüksək səviyyədədir, imkan daxilində daha da artırılacaqdır. Məhkəmə sistemi elə olmalıdır ki, korrupsiyaya, rüşvətxorluğa, ədalətsizliyə qarşı bizim mübarizəmiz daha da təsirli, səmərəli olsun və inkişafımıza mane olan bu əngəllər aradan götürülsün.
Buna nail olmaq üçün çox güclü siyasi iradə var - dövlət tərəfindən göstərilən iradə. Eyni zamanda, çox böyük ictimai dəstək var - xalq tərəfindən göstərilən dəstək. O ki qaldı dövlət məmurlarına - vəzifəli şəxslər öz vəzifə borcunu şərəflə yerinə yetirsinlər, nöqsanlara yol verməsinlər, insanları incitməsinlər, əsassız tələblər irəli sürməsinlər. Əfsuslar olsun, biz hələ ki, bu xoşagəlməz mənzərə ilə üzləşirik. Ancaq ədalətli istintaq və ədalətli məhkəmə qərarları, hesab edirəm ki, bu sahədə də ciddi irəliləyişə gətirib çıxaracaqdır.
Son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər. Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir.
Heç bir cəmiyyət kamil deyil. Hər bir
ölkədə pozuntular var. Misal üçün inkişaf
etmiş ölkələrdə gizli həbsxanalar
yaradılmışdır. Bu, neçə il bundan əvvəl böyük bir beynəlxalq
qalmaqala çevrilmişdir. İnkişaf
etmiş ölkələr, demokratiyanın beşiyi sayılan
ölkələr bax, bu işlərlə məşğuldurlar.
İnsanlar qanunsuz, məhkəmə qərarı
olmadan illərlə həbsxanalarda saxlanılır. Bu, yaraşarmı inkişaf etmiş ölkələrə?!
Əlbəttə, yaraşmaz. Bəzi hallarda inkişaf etmiş ölkələrdə
insanlar siyasi fəaliyyətə görə həbs edilir,
saxlanılır. Bəzi hallarda onları neçə il girov kimi saxlayırlar. Bəzi
hallarda inkişaf etmiş ölkələrdə əsassız,
ədalətsiz hökmlər çıxarılır. Bu, göz qabağındadır. Kimin
pulu varsa, gedir güclü vəkil tutur və məsuliyyətdən
boyun qaçırır.
Yəni, bu, hər bir ölkədə var. Amma mən istəyirəm
ki, Azərbaycanda olmasın. Mən istəyirəm
ki, Azərbaycanda hər şey ədalətli olsun. Əminəm ki, siz də bunu istəyirsiniz, Azərbaycan
xalqı da bunu istəyir.
Ona görə də məhkəmə işçilərinin
fəaliyyətindən çox şey asılıdır. Yenə də
demək istəyirəm, son vaxtlar bu sahədə aparılan
islahatlar və verilmiş qərarlar, onların icrası
müsbət dinamikanı təmin edir. Ancaq
hələ görüləsi işlər çoxdur. Əminəm ki, məhkəmə işçiləri
öz vəzifə borclarını bundan sonra da şərəflə
yerinə yetirəcəklər və cəmiyyətdə məhkəmələrin
fəaliyyəti ilə bağlı heç bir
narazılıq olmayacaq. Nə vaxt ki, məhkəmə qərarları
ilə bağlı şikayətlər daxil olmayacaqsa, o vaxt
biləcəyəm ki, biz artıq istədiyimizə nail ola bilmişik.
Mən sizi bu gözəl hadisə - Şəki Məhkəmə
Kompleksinin açılışı münasibətilə bir
daha təbrik edirəm, Sizə fəaliyyətinizdə
uğurlar arzulayıram.
X X X
Ədliyyə
naziri Fikrət MƏMMƏDOV
çıxış edərək dedi:
-Möhtərəm
cənab Prezident.
İlk növbədə, məhkəmə və ədliyyə
orqanlarının inkişafına mühüm əhəmiyyət
verərək Şəki Məhkəmə Kompleksinin
açılışını şəxsən həyata
keçirdiyinizə görə bütün ədliyyə
işçiləri adından Sizə dərin minnətdarlığımızı
bildirirəm.
Zati-aliləri, dövlət başçısı
seçildiyiniz ilk gündən ümummilli lider Heydər
Əliyevin müəyyənləşdirdiyi hüquq siyasətini
uğurla inkişaf etdirərək ədalət mühakiməsinə
xüsusi diqqət yetirmisiniz, tapşırıqlarınız
bu sahədə köklü islahatlara geniş vüsət
vermişdir.
Təşəbbüsünüzə əsasən qəbul
edilmiş yeni qanunlarla məhkəmə hakimiyyətinin
müstəqilliyi daha da möhkəmlənmiş, onun
özünüidarə orqanı kimi yaradılmış Məhkəmə-Hüquq
Şurası bu il fəaliyyətinin 10
illiyini qeyd etmişdir.
Qərarlarınıza əsasən bütün
regionlarda 20-dək yeni məhkəmənin, o cümlədən
apelyasiya, ağır cinayətlər, iqtisad və xüsusilə,
dövlət orqanları ilə bağlı iddialara baxan
inzibati məhkəmələrin təsis edilməsi vətəndaşların
müraciət imkanlarının asanlaşmasına, insan
haqlarının etibarlı müdafiəsinə və bölgələrdə
hüquq institutlarının inkişafına təkan
vermişdir. Hakim ştatlarını 2 dəfə
artırmağınız ədalət mühakiməsinin səmərəsinə
və keyfiyyətinə əsaslı təsir göstərmişdir.
“Elektron məhkəmə” informasiya sisteminin
yaradılması haqqında Sərəncamınız isə məhkəmə
fəaliyyətində inqilabi təkamülün əsasını
qoymuşdur.
Sizə təqdim
edilmiş və artıq sınaq rejimində istifadəsinə
başlanılan bu sistemin tətbiqi nəticəsində
insanlar məhkəməyə gəlmədən, elektron formada
müraciət edəcək, məhkəmə prosesləri, qərarlar,
onların icra vəziyyəti və s. məlumatları əks
etdirən elektron “şəxsi kabinetə” malik olacaqlar.
Müasir məhkəmə infrastrukturunun
yaradılması üzrə tədbirlər xüsusi qeyd
olunmalıdır. Təkcə Dünya Bankı ilə birgə layihə
çərçivəsində 40-dək məhkəmə
binası müasir standartlara uyğun layihələndirilmiş,
qısa müddətdə 11 məhkəmə
üçün yeni, müasir binalar istifadəyə
verilmiş, bir o qədər də məhkəmə
üçün, o cümlədən dövlət büdcəsi
hesabına yeni binalar inşa olunmaqdadır.
Bu binalarda vətəndaşların rahatlığı
məqsədilə hər cür imkanların
yaradılması bir çox problemləri, habelə korrupsiya
üçün şəraiti aradan qaldırır. Yeri gəlmişkən,
cənab Prezident, Azərbaycan hökuməti ilə birgə həyata
keçirilən bu layihəni Bank dünyada ədliyyə sahəsində
ən uğurlu layihə kimi qiymətləndirir.
Möhtərəm
cənab Prezident, Azərbaycan ədliyyəsinin yüksək
diqqətinizdə olduğu daim hiss edilir. Bu mənada təşəbbüsünüzlə
ədliyyə fəaliyyətini tənzimləyən Qanunun,
nazirliyin yeni əsasnaməsinin, ədliyyənin
inkişafına dair ayrıca Fərman və Dövlət
Proqramının qəbul edilməsini, regional şöbələrin,
Ədliyyə Akademiyasının yaradılmasını, nəhayət,
son 10 ildə nazirlik və məhkəmələr
üçün ayrılan büdcə vəsaitinin 6 dəfəyədək
artırılmasını xüsusi qeyd etmək istərdim.
Qanun
yaradıcılığında fəal iştirak edən
nazirlik tərəfindən son illər ictimai həyatın
müxtəlif sahələrinə dair 3.500-dək layihə
hazırlanmış, 23 min layihə ekspertizadan
keçirilmiş, əhalinin sərbəst və kütləvi
istifadə etdiyi qanunvericiliyin elektron bazası
yaradılmışdır.
Sahibkarlığın inkişafına əngəllərin
aradan qaldırılması ilə bağlı əhalidə
böyük rəğbət doğuran qəti və prinsipial
tədbirlərinizə uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən
yoxlamaların reyestrinin yenidən, daha mükəmməl
qurulması üzrə işlər görülür.
Ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsi
olan məhkəmə qərarlarının icrası işi də
yenidən təşkil edilmiş, icra məmurlarının səlahiyyətləri
genişləndirilməklə daha təsirli icra mexanizmləri
yaradılmışdır. İcra işinin vəziyyətinə
diqqətiniz və bu barədə mütəmadi məlumatlandırılmağınız
müsbət nəticəsini verir, icra prosesi
iştirakçılarının məsuliyyətini
artırır.
Məhkəmə ekspertizasına diqqətiniz sayəsində
nazirliyin Ekspertiza Mərkəzi ən müasir avadanlıqla təchiz
edilmişdir.
Elm və texnikanın son nailiyyətlərinin və yeni
texnologiyaların tətbiqi nəticəsində hər il məhkəmə və istintaq
orqanlarının 100 minədək sualı
cavablandırılır. Ekspert rəylərinin
bugünkü səviyyəsi onların beynəlxalq miqyasda
tanınmasına səbəb olmuşdur. Həmçinin
bölgələrdə, o cümlədən Naxçıvan,
Gəncə, Şirvan və Şəkidə ekspertiza
filiallarının yaradılması araşdırmaların
operativliyini təmin etmişdir. Penitensiar
sistemdə aparılan islahatlar nəticəsində məhkumların
hüquqları genişləndirilmiş, onların saxlanma
şəraiti, ərzaq və tibbi təminatı
yaxşılaşdırılmış, xüsusilə bu sahədə
ictimai nəzarət gücləndirilmişdir.
Beynəlxalq standartlara uyğun inşa edilmiş Bakı
istintaq təcridxanasının açılışı
zamanı tapşırıqlarınız penitensiar
infrastrukturun müasirləşdirilməsinə xüsusi təkan
vermiş, vətəndaşların rahatlığı
üçün respublikanın müxtəlif regionlarında,
o cümlədən Şəkidə müasir penitensiar müəssisələr
inşa olunmuşdur.
Korrupsiyaya qarşı barışmaz mövqeyinizə, o
cümlədən son dövrdə verdiyiniz göstərişlərə
uyğun olaraq, ədliyyə və məhkəmə sistemində
bu sosial bəla ilə qəti mübarizə aparılır, təsirli
tədbirlər görülür. Şəffaf prosedurlar
əsasında yeni notarius korpusunun
formalaşdırılması, nazirlik tərəfindən 20-dən
çox elektron xidmətlərin göstərilməsi vətəndaş
məmnunluğu doğurur.
Xüsusilə
qeyd etmək istərdim ki, Zati-alinizin təşəbbüsü
ilə yaradılaraq əhalinin böyük rəğbətini
qazanmış və ötən dövrdə 6 milyon
insanın faydalandığı “ASAN xidmət” çərçivəsində
1 milyon yarım əməliyyat məhz ədliyyə
orqanları tərəfindən həyata keçirilmişdir.
Dövlət gənclər siyasətinizə uyğun
olaraq, son 10 ildə ədliyyə orqanlarına açıq
müsabiqələrlə 2 mindən çox gənc
qulluğa qəbul edilmişdir.
Həmçinin hakimlərin ən şəffaf və
obyektiv üsullarla seçimi nəticəsində 300-dən
çox hazırlıqlı hüquqşünas şərəfli
hakim vəzifəsinə təyin edilmiş, bu sahədə Azərbaycan
təcrübəsi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən
bütün Avropa dövlətlərinə nümunə kimi
tövsiyə olunmuşdur. Artıq bir çox xarici həmkarlarımız
bu təcrübə ilə yerində tanış
olub yararlanırlar.
Çıxışımın sonunda, cənab Prezident,
ədliyyə və məhkəmə sahəsində mütərəqqi
islahatlara, habelə bu möhtəşəm məhkəmə
kompleksinin açılışını həyata
keçirdiyinizə görə Sizə bir daha dərin təşəkkürümü
bildirirəm.
Sizi əmin
etmək istəyirəm ki, dövlətçilik amallarına
daim sadiq olan ədliyyə və məhkəmə
işçiləri fəaliyyətlərinin yüksək tələbləriniz
səviyyəsində qurulması, mövcud nöqsanların
aradan qaldırılması üçün bütün səy
və bacarıqlarını səfərbər edəcək,
ölkəmizin daha da qüdrətlənməsi naminə
şərəfli işinizdə Sizə yardımçı
olmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.
Diqqətinizə görə minnətdaram.
X X X
Ali Məhkəmənin
sədri Ramiz RZAYEV
çıxış edərək dedi:
-Möhtərəm
cənab Prezident.
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən
biri olan Şəki şəhərində məhkəmə
kompleksinin Sizin tərəfinizdən açılması
dövlətimizin iqtisadi yüksəlişinə, vətəndaşların
hüquq və azadlıqlarının təminatına
xüsusi qayğısının təcəssümüdür.
Əsasını ulu öndər Heydər Əliyevin
qoyduğu və Sizin uğurla davam etdirdiyiniz siyasət nəticəsində
son illər ədalət mühakiməsinin inkişafında
mühüm dəyişikliklər baş vermiş, vətəndaşların
məhkəmələrə müraciət imkanları
asanlaşmışdır.
Məhkəmə sistemində ardıcıl olaraq həyata
keçirilən islahatlar insan hüquqlarının müdafiəsini,
ədalət mühakiməsinin müasir standartlara
uyğunlaşdırılmasını, məhkəmə
hakimiyyətinin müstəqilliyinin və səmərəliliyinin
artırılmasını təmin etmişdir.
Məhkəmə qərarlarının ədalətliliyi,
ədalət mühakiməsinə çıxışın
mümkünlüyü və məhkəmə fəaliyyətinin
səmərəliliyi ictimaiyyətin məhkəmə hakimiyyətinə
etimadını yaradan əsas amillərdir.
Cəmiyyətdə qanunun aliliyinin və demokratik dəyərlərin
bərqərar olması, həmçinin ədalət
mühakiməsinin təməl prinsipləri olan həmin tələblərə
riayət edilməsindən də asılıdır.
Ölkəmizdə həyata keçirilən islahatlar və
qanunvericiliyin əsaslı şəkildə dəyişdirilməsi
nəticəsində məhkəmələrdə baxılan
işlərin sayı xeyli artmışdır. Yeni məhkəmə
sistemimizin fəaliyyətə başladığı 2000-ci
illə müqayisədə mülki xarakterli işlərin
sayı 12 dəfə artaraq 250 mini keçmişdir. Fikrimcə, bu, həm də insanların məhkəmə
hakimiyyətinə olan inamının artması ilə
bağlıdır.
İnsan hüquqlarının təminatı
baxımından çox mühüm bir institut olan inzibati məhkəmələr
2011-ci ildə ölkəmizdə fəaliyyətə
başlamışdır. Vətəndaşlarla
dövlət orqanları arasındakı münasibətlərdə
yeni mərhələ olan inzibati məhkəmələrdə
baxılan işlərdə mübahisələrin 85 faizi vətəndaşların
xeyrinə həll olunaraq onların hüquqları bərpa
edilmişdir.
Ədalət mühakiməsinin səmərəliliyini təmin
etmək məqsədilə Ali Məhkəmə tərəfindən
mütəmadi olaraq məhkəmələrdə baxılan
müxtəlif problemli məsələlər üzrə
ümumiləşdirmələr aparılır, vahid məhkəmə
təcrübəsi formalaşdırılır, qərarlar qəbul
edilir və məhkəmələrə tövsiyələr
verilir.
Son illər ərzində Ali Məhkəmənin Plenumu tərəfindən
vətəndaşların azadlıq, mülkiyyət və
sair hüquqlarının səmərəli təmin edilməsinə
yönəlmiş 20-dək belə qərar qəbul
olunmuşdur.
Ali Məhkəmədə hər həftə beynəlxalq
məhkəmələrin təcrübəsinin öyrənilməsi
ilə əlaqədar İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin qərarları müzakirə
edilir, o cümlədən apelyasiya və birinci instansiya məhkəmələrində
hakimlərin davamlı tədrisi təşkil olunur.
Son illər məhkəmələrdə işlərə
baxılmasında da əhəmiyyətli keyfiyyət dəyişiklikləri
baş vermişdir. Yuxarı məhkəmələr tərəfindən
ləğv olunan qərarların sayı azalaraq ölkə
üzrə təqribən 5 faiz təşkil edir. Bu göstərici məhkəmə qərarlarının
95 faizinin sabitliyinin və ümumən hüquqi müəyyənliyin
təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir.
Bundan başqa, məhkəmə fəaliyyətində
şəffaflığın və aşkarlığın təmin
edilməsi üçün məhkəmənin
icraatındakı işlər barədə ətraflı məlumatlar
və qərarların məhkəmələrin internet səhifələrində
yerləşdirilməsi təmin olunur, bununla da istənilən
şəxsin həmin məlumatları və qərarları əldə
etmək imkanları asanlaşır.
Artıq 2009-cu ildən etibarən Ali Məhkəmədə,
eləcə də bir sıra birinci və apelyasiya
instansiyası məhkəmələrində müasir
informasiya texnologiyalarına əsaslanan infrastruktur yaradılmışdır. Ali Məhkəmədə
bütün məhkəmələrin istifadə edə biləcəkləri
“Elektron kitabxana” layihəsi ilə bağlı işlər də
yekunlaşmaq ərəfəsindədir.
Ədalət
mühakiməsinin keyfiyyətinin artırılması
davamlı proses kimi qarşımızda əsas məqsəd
olaraq durur. Biz demokratiya və insan
hüquqlarına dair standartların inkişafını nəzərə
alaraq mütəmadi olaraq qanunvericiliyin müvafiq sahələrinin
təkmilləşdirilməsinə yönəlmiş təkliflərlə
çıxış edirik.
Məhkəmədə işlərin idarə olunması
sahəsində səmərəli mexanizmlərin yaradılmasına
yönəlmiş işlər də davam etdirilir.
Bununla
bağlı olaraq, cənab Prezident, Sizin “Elektron məhkəmə”
informasiya sisteminin yaradılması haqqında Sərəncamınız
bilavasitə məhkəmələrin fəaliyyətində
müasir informasiya texnologiyalarının tətbiqi ilə
elektron kargüzarlıq və elektron sənəd dövriyyəsinin
təmin edilməsinə, süründürməçilik və
sui-istifadə hallarının qarşısının
alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə,
məhkəmə qərarlarının icrasına nəzarətin
səmərəliliyinin artırılmasına xidmət edir.
Möhtərəm cənab Prezident, məhkəmə fəaliyyətində müəyyən nöqsanlar da mövcuddur və biz onların aradan qaldırılması üçün çalışırıq. Məhkəmə fəaliyyətində korrupsiya hüquq pozuntularına şərait yaradan halların qarşısının alınması həmişə qarşımızda əsas məqsəd kimi durur. Bildirmək istəyirəm ki, biz öz fəaliyyətində belə pozuntulara yol vermiş hakimlər barədə Məhkəmə-Hüquq Şurası qarşısında məsələ qaldıraraq onları müvafiq intizam tənbehinə cəlb etmişik.
Möhtərəm Prezident, görəcəyimiz işlər çoxdur. Bu, məhkəmə hakimiyyətinə olan inam və etimadı daha da möhkəmləndirəcək. Əsas məqsədimiz qanunun aliliyinə nail olmaq, ədalət mühakiməsinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan hüquq və azadlıqlarının müdafiəsi naminə həyata keçirilməsini bundan sonra da təmin etməkdir.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Görüşə
yekun vuran Prezident İlham
ƏLİYEV dedi:
- Bir daha
qeyd etmək istəyirəm ki, bu kompleks doğrudan da göz
oxşayır. Həm memarlıq, həm
funksionallıq baxımından ən yüksək standartlara
cavab verir. Onu da qeyd etməliyəm ki,
Bakıdan sonra birinci belə böyük kompleks Şəki
şəhərində yaradılıbdır.
İndi burada məruzədə deyildi ki, artıq bir
çox komplekslərin tikintisi nəzərdə tutulur. Ancaq birinci
böyük kompleks Şəki şəhərində istifadəyə
verilib. Bu da təsadüfi deyil. Çünki Şəki qədim Azərbaycan
diyarıdır. Şəkinin çox zəngin
tarixi, mədəniyyəti vardır. Şəki
nəinki Azərbaycanda, dünya miqyasında gözəlliyi
ilə seçilən şəhərlərdəndir. Bir çox şəhərlər memarlıq, yaxud da
şəhərsalma baxımından bir-birinə
oxşayır. Şəki elə şəhərdir
ki, heç bir şəhərə oxşamır. Buranın gözəl təbiəti gözəl
memarlığı və şəhərsalma prinsipləri ilə
tamamlanır. Şəkinin çox zəngin
tarixi, mədəniyyəti vardır. Şəki
bizim böyük sərvətimizdir. Ona
görə təsadüfi deyil ki, birinci kompleks məhz Şəki
şəhərində istifadəyə verilir. Bu kompleks şəhərə əlavə
yaraşıq verəcəkdir.
Şəkiyə mənim səfərlərim müntəzəm
olaraq həyata keçirilir. Bu, Prezident kimi Şəkiyə
yeddinci səfərimdir. Ondan əvvəl də
dəfələrlə Şəkidə olmuşam. Burada gedən işlərə daim diqqət göstərirəm.
İstəyirəm ki, bütün infrastruktur,
sosial-iqtisadi layihələr daha da sürətlə getsin.
Həm də yol infrastrukturu. Bu gün Şəki-Qax avtomobil yolunun
açılışını qeyd etdik. Siz
yaxşı bilirsiniz ki, əvvəllər buradan Qaxa getmək
üçün təxminən 80 kilometr yolu qət etmək
lazim idi. Bu gün isə 35 kilometrlik yeni
yol istifadəyə verildi. Tapşırıq
verildi ki, yolun davamı da olmalıdır – Zaqatalaya, ondan sonra
Balakənə qədər. Artıq Şəki-Bakı
yolu da ən yüksək standartlara cavab verir.
İnfrastruktur layihələri icra edilir. Qazlaşdırma
prosesi gedir, ilin sonuna qədər daha da sürətlə gedəcək.
Ümumi qazlaşdırma ilin sonuna qədər
təxminən 80-85 faizə çatmalıdır. Bir məsələ məni bir qədər narahat
edir. O da içməli su layihəsinin hələ də
həll olunmamasıdır. Bizdən
asılı olmayan səbəblərə görə belə
vəziyyət yaranıb.
Bildiyiniz kimi, içməli su, kanalizasiya layihələri bütün şəhər və rayonlarımızda icra edilir. Onların bir çoxu dövlət büdcəsi vəsaiti hesabına icra edilir və bu halda heç bir yubanmaya da yol verilmir. Ancaq bəzi layihələr beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilir və bizdən asılı olmayan səbəblərə görə bəzi hallarda yubanmalar da olur. Əfsuslar olsun, hələ ki, Şəkinin içməli su problemi öz həllini tapmayıb. Mənə verilən məlumata görə, bu layihənin başa çatması 2017-ci ildə gözlənilir. Hesab edirəm ki, biz gələn il bu layihəni icra etməliyik. Çünki Şəki kimi şəhərdə əhali 24 saat fasiləsiz təmiz içməli su ilə təmin edilməlidir. Hazırda bu, belə deyil və Şəki sakinləri bundan əziyyət çəkirlər. Bu, dözülməz haldır. Artıq göstərişlər verildi ki, müvafiq qurumlar bu işi sürətlə icra etsinlər və tezliklə bu məsələ öz həllini tapsın.
Digər infrastruktur layihələri ilə bağlı Şəki şəhərində və ətraf kəndlərdə lazımi tədbirlər görüləcək. Kənd yolları, elektrik enerjisi ilə təchizat, qeyd etdiyim kimi, qazlaşdırma layihələri və əlbəttə ki, iş yerlərinin yaradılması. Şəkinin çox böyük kənd təsərrüfatı, sənaye potensialı var. Əlbəttə ki, turizm potensialı da çox böyükdür. Şəkiyə gələn turistlərin axını dayanmır. Çox istərdim ki, daha da çox qonaq gəlsin, görsün ki, Azərbaycanda belə gözəl şəhər var. Şəki şəhəri tarixi, mədəni abidədir.
Gələcəkdə də Şəki şəhərinin və rayonun inkişafı ilə bağlı lazımi göstərişlər veriləcək. Bir daha demək istəyirəm ki, ölkəmizin maliyyə vəziyyəti sabitdir, müsbətdir. Maddi problemlərimiz yoxdur. Əlbəttə, neftin qiymətinin iki dəfə aşağı düşməsi bizim bəzi planlarımıza maneçilik törədib. Ancaq əsas sosial və infrastruktur layihələri icra edilir. Bizim kifayət qədər böyük maddi maliyyə bazamız vardır. Heç bir maliyyə problemimiz yoxdur və əminəm ki, Azərbaycan iqtisadiyyatı 2016-cı ildə də inkişaf edəcək, bütün rayonlar, şəhərlər, o cümlədən Şəki şəhəri daha da gözəlləşəcək, abadlaşacaq.
Mən şəkililəri bir daha bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm, onlara yeni uğurlar arzulayıram. Sağ olun.
X X X
Sonra xatirə şəkli çəkdirildi.
X X X
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Şəki rayon qeydiyyat şöbəsinin inzibati binasında yaradılan şəraitlə tanış oldu.
AZƏRTAC
Azərbaycan.- 2015.- 5 noyabr.- S. 4, 5,
6.