Azərbaycan və
Qazaxıstan Müdafiə nazirlikləri arasında 2016-cı il üçün əməkdaşlıq
planı imzalanıb
Noyabrın
4-də Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri
arasında 2016-cı il üçün əməkdaşlıq
planı imzalanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənədin imzalanması Azərbaycanın müdafiə naziri, general polkovnik Zakir Həsənovun Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində baş tutub.
General-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qazaxıstanın müdafiə naziri İmanqali Tasmaqambetov tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib. Müdafiə nazirləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü olub.
Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə vurğulanıb ki, Azərbaycan və Qazaxıstan xalqları müştərək tarixi-mədəni keçmişə malikdirlər. Ölkələrimiz arasında münasibətlər strateji xarakter daşıyır. Əməkdaşlığımız həm ikitərəfli formatda, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində inkişaf edir. “Hazırkı mərhələdə diqqəti Azərbaycanın və Qazaxıstanın Hərbi Dəniz qüvvələri arasında praktiki əlaqələrin qurulmasına yönəltmək vacibdir. Bu istiqamət Xəzər dənizində qonşuluq münasibətlərinin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edər. Bu, Xəzəryanı dövlətlərin rəhbərlərinin yüksək səviyyəli görüşlərdə əldə etdikləri razılığa da uyğundur”, - deyə Qazaxıstanın müdafiə naziri bildirib.
Azərbaycanın müdafiə naziri qeyd edib: “Biz birgə təlimlərin keçirilməsinə hazırıq. Çünki Qazaxıstan ilə təlimlərin və yarışların keçirilməsi sahəsində təcrübəyə malikik. Bu cür tədbirlərin keçirilməsi Silahlı Qüvvələrimizin qarşılıqlı təcrübə əldə edərək yaxınlaşmasına xidmət edər.
İ.Tasmaqambetov nazir Zakir Həsənovu gələn il Astanada keçirilməsi planlaşdırılan “KADEKS-2016” Beynəlxalq hərbi texnika və silah sərgisinə dəvət edib. O, bu sərgidə iştirakın ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın inkişafına əlavə təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə ölkələrimiz arasında mövcud əlaqələrin əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığına xüsusi diqqət yetirilib. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycanın müdafiə nazirinin
Qazaxıstana səfəri noyabrın 5-dək davam
edəcək.
Azərbaycan.- 2015.- 5 noyabr.- S. 7.