İslam Həmrəylik İdman
Federasiyasının Bakı toplantısının
iştirakçıları idman
arenaları ilə tanış olublar
İslam
Həmrəylik İdman Federasiyasının Bakıda təşkil
olunan IX Baş Assambleyasının
iştirakçıları IV İslam Həmrəylik
Oyunlarının keçiriləcəyi idman obyektləri və
Atletlər Kəndi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Bakı Su İdmanı Sarayına baş çəkiblər.
İdman kompleksi ilə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, Su İdmanı Sarayı təkcə peşəkarlar üçün nəzərdə tutulmayıb. Vərdiş səviyyəsindən asılı olmayaraq, burada hər kəs üzgüçülüklə məşğul ola bilər. İdman kompleksinin hovuzları ən müasir beynəlxalq keyfiyyət standartlarına və texnoloji tələblərə cavab verir.
Bildirildi ki, əsas hovuz müxtəlif su idmanı növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar üçün nəzərdə tutulub. Onun uzunluğu 50, eni 25, dərinliyi 3 metrdir. Hovuzda 1, 3, 5, 7,5 və 10 metr hündürlükdən suya tullanmaq üçün 5 pilləli platforma inşa edilib. Üzgüçülüyə yeni başlayanlar uzunluğu 25, eni 50 metr olan və 20 zolaqdan ibarət hovuzdan istifadə edirlər. Ümumi sahəsi 2500 kvadratmetr olan fitnes mərkəzinin 8 zalında idmanla məşğul olmaq üçün hər cür şərait yaradılıb. Məkanın bir hissəsi qrup şəklində rəqs, yoqa, pilates, zumba, sayklinq məşğələlərinə ayrılıb.
Daha sonra qonaqlar Milli Gimnastika Arenasında olublar.
Məlumat verilib ki, Prezident
İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olan
Arenanın gimnastika zalı əsas yarış və köməkçi məşq
hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10
minə qədər artırmaq mümkündür.
Dünya
standartlarına uyğun
inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi,
xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı
sahələr yerləşir.
Dünyanın ən yaxşı
gimnastika komplekslərindən
biri olan bu idman qurğusunda
otel də yaradılıb. Zalda ən
son gimnastika avadanlığı
quraşdırılıb.
Qeyd olunub ki, hazırda
idmanın dörd növünü - bədii
gimnastika, kişi idman gimnastikası, akrobatika gimnastikası və tamblinqi birləşdirən Azərbaycan
Gimnastika Federasiyasının
son illər əldə
etdiyi böyük uğurlar dünyanın idman ictimaiyyəti tərəfindən maraqla
izlənilir. Azərbaycan Gimnastika Federasiyası
əhalinin bədən
tərbiyəsi və
sağlamlıq fəaliyyətinə
geniş cəlb olunması, milli idman kadrlarının hazırlanması, yığma
komandaların formalaşdırılması
və hazırlığı,
onların beynəlxalq
yarışlara, toplanışlara
göndərilməsi ilə
də fəal məşğul olur.
Qonaqlar Bakı
Olimpiya Stadionunda da olublar.
Bildirilib
ki, stadionun tikintisinə 2011-ci il iyunun 6-da başlanılıb. Təməlqoyma mərasimində Azərbaycan
Prezidenti İlham Əliyev, FİFA və
UEFA prezidentləri Yozef
Blatter və Mişel Platini iştirak ediblər.
İlk Avropa Oyunlarının möhtəşəm açılış
və bağlanış
mərasimləri məhz
bu arenada təşkil olunub.
Qeyd olunub ki, müasir
arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilən və 69 min tamaşaçı
tutumuna malik Bakı Olimpiya Stadionu bu tipli
idman qurğuları sırasında özünəməxsus
yer tutur. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı
tribunalar, qaçış
zolağı və digər infrastruktur yaradılıb. Təxminən 50 hektar ərazini əhatə edən stadion 6 mərtəbədən
ibarətdir. Əsas
və köməkçi
stadionlardan ibarət arenada VVIP, VİP, CIP, media, habelə
əlil tamaşaçı
bölmələri var. Stadionun
sahəsinə 4, tribunalara
isə 26 qapıdan giriş var. Olimpiya normativlərinə əsasən,
ərazidə 3100 yerlik
avtomobil parkı inşa edilib. Stadionun ətrafında ümumilikdə
82 min kvadratmetrlik yaşıllıq
sahəsi salınır.
Arenanın layihəsi iqtisadi
səmərəliliyi, müasirliyi,
funksional baxımdan əlverişliliyi, paytaxtın
memarlığına və
irəli sürülən
texniki şərtlərə
maksimum uyğunluğu
ilə seçilir.
Diqqətə çatdırılıb ki, Bakı Olimpiya
Stadionunda ilk futbol matçı oktyabrın
10-da Azərbaycan və
İtaliya milli komandaları arasında keçirilib.
Sonra Atletlər Kəndinə gələn qonaqlar burada yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, 13 yaşayış binasından, yardımçı
binalardan ibarət kompleksdə iki, üç və dördotaqlı mindən çox mənzil var. Hər mənzil 2, 4 və 6 yataq otağından ibarətdir. Burada ümumilikdə
7500 atletin və rəsmi şəxsin yerləşməsi mümkündür.
Atletlər Kəndində idmançılar
və komanda rəsmiləri üçün
təhlükəsiz, rahat
yaşayış şəraiti
yaradılıb. Hər binanın
birinci mərtəbəsində
ümumi istirahət yerləri var. Burada pulsuz internetə çıxış imkanı
təmin olunub.
İslam Həmrəylik İdman Federasiyasının IX Baş
Assambleyasının iştirakçıları IV İslam Həmrəylik Oyunlarının
keçiriləcəyi obyektlərdə və Atletlər Kəndində
yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Azərbaycan.- 2015.- 5 noyabr.- S. 8.