RAGB fəalları Misirdə baş vermiş aviaqəzada həlak olanların xatirəsini yad ediblər

 

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Sankt-Peterburq Hökumətinin Moskvadakı nümayəndəliyinin binası önünə tər çiçəklər qoyublar.

RAGB fəalları buraya Rusiyaya məxsus “Airbus A321” təyyarəsinin Misirdə qəzaya uğraması qurbanlarının xatirəsini yad etməyə gəliblər. RAGB idarə heyətinin üzvü Emin Hacıyev başda olmaqla Moskvanın müxtəlif ali məktəblərinin tələbələri həmin qəzada həlak olanların xatirəsini yad ediblər. RAGB fəalları nümayəndəliyin binası önünə çiçəklər və oyuncaqlar düzüblər.

Sonra RAGB idarə heyətinin üzvü Emin Hacıyev nitq söyləyib. O qeyd edib ki, rusiyalılar üçün bu faciəli günlərdə Azərbaycan xalqı başda öz lideri, Prezident İlham Əliyev olmaqla rusiyalıları dəstəklədiklərini, onların dərdinə şərik olduqlarını nümayiş etdiriblər. Emin Hacıyev: “Məlum olduğu kimi, oktyabrın 31-də Rusiyaya məxsus təyyarə Misirdə qəzaya uğrayıb. Hadisə nəticəsində 224 nəfər həlak olub. Biz, Rusiyanın azərbaycanlı gəncləri, diaspor nümayəndələri hesab edirik ki, dostlar həmişə bir yerdə olmalı, çətin günlərdə bir-birini dəstəkləməli, xoş günlərdə bir-birinin sevincini bölüşməlidir. 31 oktyabr faciəsi ilə əlaqədar RAGB-nin sədri Leyla Əliyeva RAGB-nin VI forumu çərçivəsində planlaşdırılan konserti ləğv edib. Bu jest bir daha sübut edir ki, rusiyalılar və azərbaycanlılar iki qardaş xalqdır. Biz Rusiyada və Azərbaycanda baş verən hadisələrə həmişə səmimi münasibət bildirməyə, bütün məsələlər barəsində vahid mövqe tutmağa çalışırıq”.

Emin Hacıyev bu tədbirdə iştirak edən və həlak olanların xatirəsinə ehtiram göstərən RAGB fəallarına təşəkkürünü bildirib.

RAGB-nin fəallarından Elman Əzimzadə, Pərviz Abışov, İlkin Həsənov, Əli Əliyev və Rəşad Alışov da bu aksiyaya öz münasibətlərini bildiriblər.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2015.- 5 noyabr.- S. 8.