Çingiz Hüseynzadə:
“Bakı IV İslam Həmrəylik
Oyunlarını keçirməyə tam
hazırdır”
İslam
Həmrəylik İdman Federasiyasının IX Baş
Assambleyasında iştirak etmək üçün ölkəmizdə
səfərdə olan qonaqlar Bakının IV İslam Həmrəylik
Oyunlarını yüksək səviyyədə keçirmək
üçün tam hazır olduğunu bildiriblər.
Bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və İslam Həmrəylik İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə noyabrın 4-də jurnalistlərə müsahibəsində bildirib.
Ç.Hüseynzadə deyib: “Bilirsiniz ki, Baş Assambleya IV İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi haqqında qərarı iki il əvvəl qəbul edib. İslam Həmrəylik İdman Federasiyasının IX Baş Assambleyasını Bakıda keçirməkdə məqsədimiz İslam ölkələrindən nümayəndələrin Bakının bu mötəbər tədbirə yüksək səviyyədə evsahibliyi etməsi üçün həyata keçirilən hazırlıq işləri ilə tanış olmalarıdır”.
MOK-un vitse-prezidenti vurğulayıb ki, qonaqlar Bakı ilə bağlı xoş təəssüratlarını diqqətə çatdırıb, hazırlıq işlərindən razı qalıblar. Dünən Federasiyanın İcraiyyə Komitəsinin iclasında yarışların cədvəli tərtib olundu, oyunların vaxtı müəyyənləşdirildi. Dördüncü İslam Həmrəyliyi Oyunları 2017-ci il mayın 12-dən 22-dək keçiriləcək. Qonaqlar oyunların keçiriləcəyi idman arenalarında yaradılan şəraitlə də tanış olacaqlar.
“Hesab edirəm ki, Baş Assambleya öz işini uğurla başa çatdırdı. Bizim vəzifəmiz bundan sonra IV İslam Həmrəylik Oyunlarına ciddi hazırlaşmaq və onu I Avropa Oyunları kimi yüksək səviyyədə keçirməkdir”, - deyə Ç.Hüseynzadə bildirib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 5 noyabr.- S. 8.