“İnformasiya
təhlükəsizliyi” jurnalının ikinci
nömrəsi işıq üzü görüb
“İnformasiya təhlükəsizliyi” elmi-metodiki jurnalının ikinci nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən təsis edilən jurnalın ikinci nömrəsi Agentliyin rəisi, general-leytenant Mürsəl Vəliyevin müsahibəsi ilə başlayır. “Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti çoxşaxəlidir” sərlövhəli müsahibədə Dövlət Agentliyinin yaranma tarixi, əsas vəzifələri, bu qurumun fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar barədə məlumat verilib.
Jurnalda oxuculara təqdim olunan “Alternativ media sahəsində normativ hüquqi tənzimləmə məsələləri” sərlövhəli məqalədə KİV-lərin mahiyyəti və günümüzdəki vəziyyəti, alternativ media vasitəsilə informasiya mübadiləsinin həyatımıza təsir edən amilləri, bu sahəni tənzimləyən normativ hüquqi mühit araşdırılıb, bir sıra kritik problemlər indentifikasiya edilib, onların həlli istiqamətində təkliflər verilib.
Nəşrdə, həmçinin “Dövlət sirlərinin mühafizəsi üzrə idarələrarası orqanların dövlət sirlərinin mühafizəsi sistemində yeri və rolu” sərlövhəli məqalədə dövlət sirlərinin mühafizəsi üzrə idarələrarası orqanların yaradılmasını şərtləndirən səbəblər, bu qurumların dövlət sirlərinin mühafizəsi sistemində yeri və rolu məsələləri beynəlxalq praktika əsasında nəzərdən keçirilib.
Jurnalda digər maraqlı yazılardan biri də “Böhran vəziyyətlərində dövlət informasiya resurslarının təhlükəsizlik problemləri”dir. Bu məqalədə böhran vəziyyətlərində dövlət informasiya resurslarının təhlükəsizliyinin idarə olunması problemləri, bu sahədə beynəlxalq standartlar, inkişaf etmiş dövlətlərin təcrübəsi araşdırılıb, fundamental elmi tədqiqatlara diqqət yetirilib.
“İnformasiya
təhlükəsizliyi” jurnalının ikinci
nömrəsində, həmçinin “İnternet
istifadəçiləri üçün
təhlükəsizlik qaydaları”, “İnformasiya
təhlükəsizliyi sahəsində kadr
hazırlığı”, “Korporativ şəbəkədə
təhlükəsizlik”, “FAT fayl sistemində
“Autorun” viruslarına qarşı
mübarizə”, “Bakı-2015” birinci Avropa Oyunlarının təşkili və
nümayişində informasiya
texnologiyalarının rolu”, “cert.gov.az xidmətlərini genişləndirir”
sərlövhəli məqalələr də yer
alıb.
Azərbaycan.- 2015.- 5 noyabr.- S. 9.