Beynəlxalq müşahidəçilərin rəyləri təsdiqləyir ki, Azərbaycanda seçkilər tam demokratik, şəffaf və ədalətli keçirilib

 

Azərbaycanın ən yeni tarixinə artıq əlamətdar hadisələrdən biri kimi düşən 2015-ci il 1 noyabr seçkiləri də xalqın müdrik seçiminə əsaslanmış, ölkə vətəndaşları növbəti dəfə qanunverici orqana layiqli namizədləri seçmişdir. V çağırış Milli Məclisə seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün də ölkə rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər həyata keçirilmiş və proses uğurla yekunlaşmışdır. Hüquqi, demokratik dövlət quruculuğu prosesındə yaxından iştirak edən Milli Məclisə növbəti seçkilər seçki qanunvericilyinin tələblərinə uyğun tam demokratik şəraitdə keçirildi.

Azərbaycanda parlament seçkilərinin gedişini 40 beynəlxalq təşkilatı təmsil edən 500-dən çox müşahidəçi və onların 66 mindən çox yerli həmkarı izlədi. Müşahidəçilərin demək olar ki, hamısı ölkəmizdə parlament seçkilərinin peşəkarlıqla və ən yüksək səviyyədə keçirildiyini byan etdilər. Seçkilərdən sonra ölkəmizdə olan beynəlxalq təşkilatların və ayrı-ayrı xarici ölkələrin müşahidəçilərinin rəyləri bunu bir daha təsdiq edir.

 

AŞ PA-nın müşahidə missiyasının rəhbəri: “Seçkilər demokratik əsaslarla təşkil edilib”

 

“Azərbaycanda parlament seçkilərinə hazırlıq və səsvermə prosesi peşəkarlıqla, texniki baxımdan yaxşı təşkil olunub. Seçkilər ölkənin Seçki Məcəlləsinə uyğun keçirilib. Ən əsası isə seçkilər demokratik əsaslarla təşkil edilib”. Bu fikirləri AŞ PA-nın müşahidə missiyasının rəhbəri, ispaniyalı deputat Jordi Çukla Azərbaycanda parlament seçkilərinə dair qurumun Seçki Müşahidə Missiyasının hazırladığı hesabatı səsləndirərkən deyib.

Hesabatda bildirilir ki, seçkiləri missiyanın 28 nəfər üzvü izləyib. Onlar Bakıda və ölkənin digər ərazilərində çoxlu sayda seçki məntəqələrində müşahidə aparıblar. Seçkilər ölkənin bütün ərazisində sakit və sülh şəraitində keçib. Missiyanın üzvləri səsvermə prosesinin adekvat və ümumilikdə beynəlxalq standartlara uyğun olduğunu müşahidə ediblər. Seçicilərin seçki məntəqələrinə tam və maneəsiz giriş imkanları təmin edilib və müşahidəçilər tərəfindən heç bir hadisə qeydə alınmayıb. Müşahidə missiyası Azərbaycan xalqını seçki prosesi zamanı göstərdiyi mütəşəkkilliyə görə təbrik edir. Seçki məntəqələrinin ətrafında, heç bir polis əməkdaşına və ya hər hansı bir kampaniyaya rast gəlinməyib. Əldə olunan uğur, xüsusilə seçki məntəqələrində veb-kameraların quraşdırılması təqdirəlayiq haldır.

Hesabatda MSK-nın seçki məntəqələri açılandan hesablama, habelə nəticələr sənədləşdirilənədək prosesin şəffaf olması üçün çalışdığı qeyd edilib. Sənəddə səsvermə günü ərzində, seçki məntəqəsi daxilində və yaxınlığında seçicilər tərəfindən törədilən və ya başqa bir hadisə müşahidə edilmədiyi əksini tapıb. Yerli KİV-də səsvermə gününün geniş əhatə edildiyi, seçici fəallığının əhəmiyyətli dərəcədə artması, səsvermə və səslərin hesablanması prosedurlarının şəffaflığı, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini ifadə etməsi fikirləri də yer alıb.

Avropa Seçkilərin Müşahidəsi Akademiyası (ASMA) missiyasının üzvü, Avstriyanı təmsil edən Volfqanq Qrossruk bildirib ki, Mərkəzi Seçki Komissiyasının məntəqələrdə quraşdırdığı veb-kameralar səsvermənin gedişini onlayn müşahidə etməyə imkan yaratdı: “Müşahidələrimiz əsasında deyə bilərik ki, Azərbaycanda seçkilər sakit keçdi. Səsvermə məntəqələrinə sərbəst giriş var idi. Seçicilərin qeydiyyatı ilə bağlı heç bir problem olmadı. Hər dairədə azı 4 nəfər olmaqla 10-dan artıq namizəd mübarizə aparırdı. Səsvermə prosesi beynəlxalq standartlara uyğun, mütəşəkkil keçdi”.

Böyük Britaniyanı təmsil edən Maykl Hankok isə səsvermə məntəqələrinin əksəriyyətində xeyli sayda müşahidəçilərin iştirak etdiyini vurğulayıb: “Səsvermə məntəqəsində səslərin sayılması açıq və şəffaf keçdi. Müşahidəçilər səslərin sayılmasını izlədilər və heç bir problem qeydə alınmadı. Hər seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək, dairə səviyyəsində mərkəzi qərargaha göndərildi”. Avropalı müşahidəçilər məntəqələrdə veb-kameraların quraşdırılmasını şəffaflıq nümunəsi kimi dəyərləndiriblər.

 

Leonid Slutski: “Azərbaycan cəmiyyəti dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşib”

 

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri, Azərbaycan Milli Məclisinə seçkilərdə MDB Parlamentlərarası Assambleyasından beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi Leonid Slutski Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar mətbuat konfransında deyib: “Bütün əvvəlki seçkilərin monitorinqi seçki praktikasının durmadan təkmilləşməsini göstərib. Bizim fikrimizcə, məntəqələrdə seçkilərin keçirilməsi texnologiyaları, səsvermə qutularından başlamış seçki məntəqəsinin təşkilinin bütün mexanikasına qədər, hələ əvvəlki seçkilərdə də, prezident və parlament seçkilərinin keçirilməsinə dair beynəlxalq aləmdə qəbul edilmiş bütün qayda-qanuna müvafiq idi. Bu gün Azərbaycan cəmiyyəti, onun böyük əksəriyyəti dövlət başçısı İlham Heydər oğlu Əliyevin ətrafında sıx birləşib”.

O bildirib ki, “Bu gün Azərbaycan dövləti və cəmiyyəti irəliyə doğru və əhalinin mənafeyi baxımından sürətlə inkişaf edir ki, (bu inkişafın əsası dahi Heydər Əliyev tərəfindən qoyulub) bunu hər hansı yolla inkar etməyə, altını üstünə çevirməyə cəhd göstərmək ləyaqətsizlikdir. Bütün bunlar Azərbaycanın deyil, bu siyasəti həyata keçirməyə çalışan beynəlxalq təşkilatların və strukturların nüfuzuna xələl gətirir. Milli Məclisə seçkilər Azərbaycan dövlətinin bugünkü uğurlarının, o cümlədən seçki qanunvericiliyinin səviyyəsinin, onun demokratik seçkilərin beynəlxalq hüquq standartlarına uyğunluğunun tanınmasında növbəti mərhələ olacaq”.

L.Slutski fikrini belə yekunlaşdırıb: “Bu gün Azərbaycan dövləti və cəmiyyəti həqiqəti inkar edən istənilən cəhddən güclüdür. Əminəm ki, Azərbaycanın yeni parlamenti demokratik seçiləcək və Rusiya Federasiyasına dost və qardaş ölkədə parlamentarizmin inkişafına xidmətini davam etdirəcək. Ona da əminəm ki, həm Azərbaycana, həm də qarşıdan gələn seçkilərlə bağlı hər hansı çirkin, əsassız böhtan və iftira istənilən beynəlxalq meydanda, sözsüz ki, fiaskoya məhkumdur”.

Azərbaycanda Milli Məclisə seçkiləri izləyən britaniyalı müşahidəçilər də seçkilərin şəffaf və demokratik keçdiyini bildiriblər. Böyük Britaniyanın Lordlar Palatasının üzvü Deyvis Evans beş il əvvəl Azərbaycanda parlament seçkilərində də müşahidəçi kimi iştirak etdiyini deyib. Builki seçkilərin çox yaxşı təşkil olunduğunu bildirən D.Evans qeyd edib ki, səsvermənin şəffaflığı və təhlükəsizliyin yüksək səviyyədə təmini olduqca təqdirəlayiq haldır.

Britaniyalı digər müşahidəçi Baronessa Detta O'Kateyn vurğulayıb ki, baş çəkdikləri bütün səsvermə məntəqələrində seçkilərə ciddi münasibətin şahidi olublar: “İnsanların təkrar səs verməsinin qarşısını almaq üçün barmaqların mürəkkəbə batırılması çox yaxşı haldır. Hər şey nizam-intizamla həyata keçirilirdi. Seçicilər sərbəst şəkildə məntəqəyə daxil olur, səslərini verirdilər. Müşahidə etdiyim əsas xüsusiyyətlərdən biri həm məntəqə seçki komissiyasının üzvlərinin, həm də seçicilərin əksəriyyətinin qadınlardan ibarət olması idi. Azərbaycanda insanlar səsvermədə fəal iştirak edirlər, onlara verilən bu hüququ yüksək qiymətləndirirdilər. Ölkənizin əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilməlidir”.

 

Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi: “Bu seçkilər 24 ildir müstəqil olan Azərbaycan üçün böyük uğurdur”

 

1 noyabr 2015-ci ildə ölkəmizdə keçirilən parlament seçkilərini müşahidə edən Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver Bakı və Sumqayıt şəhərlərində müşahidə apardıqlarını bildirib. O deyib ki, Azərbaycanda müasir, mədəni və demokratik seçki keçirildi. Bu seçki Qərb dünyası üçün bir nümunədir.

Diqqətə çatdırılıb ki, parlament seçkiləri zamanı nizam-intizam yüksək səviyyədə olub. “Bu seçkilər 24 ildir müstəqil olan Azərbaycan üçün böyük uğurdur. Biz insanların ailəvi şəkildə səsverməyə getdiyinin şahidi olduq. Bu da çox sevindiricidir. Seçkidə tətbiq olunan veb-kamera sistemi isə şəffaflığın yeni modelidir. Bu sistem heç Türkiyədə də yoxdur” - deyə A.Suver qeyd edib.

A.Suver Azərbaycanın son illər böyük uğurlara imza atdığını bildirib. O, bu il Bakıda ilk Avropa Oyunlarının keçirildiyini xatırladaraq deyib ki, belə bir möhtəşəm tədbirin keçirilməsi bütövlükdə türk dünyası üçün fərəhdir. Vəqfin sədri bəzi beynəlxalq dairələr tərəfindən Azərbaycana qarşı təzyiqlərin əsassız olduğunu vurğulayıb. Mətbuat konfransında, həmçinin müşahidə missiyasının üzvlərindən Fatih Saraçoğlu, Şamil Ayrım və başqaları çıxış edərək bütövlükdə Azərbaycan xalqının qələbəsi kimi dəyərləndirdikləri parlament seçkilərinin nəticələrini yüksək qiymətləndiriblər.

 

Avropa Parlamentinin üzvü Franz Obermayer: “Seçkilərin tam şəffaf keçdiyinin şahidi oldum”

 

İlk dəfədir ki, Azərbaycanda seçki prosesində müşahidəçi qismində iştirak edirdim. Deyə bilərəm ki, seçkilər çox maraqlı keçdi. Ümumilikdə 7 seçki məntəqəsində səsvermə prosesini izlədim. Seçkilərin tam şəffaf keçdiyinin şahidi oldum. Hər hansı qanun pozuntusuna rast gəlmədim. Bu fikirləri Avropa Parlamentinin üzvü Franz Obermayer Milli Məclisə seçkilərlə bağlı bildirib.

“Mən seçki məntəqələrinin sədrləri ilə və namizədlərlə söhbət etmək imkanı əldə etdim. Bu, mənim üçün çox əhəmiyyətli oldu. Həmçinin mən ilk dəfədir ki, seçkilərdə seçicilərin baş barmağının ultrabənövşəyi lampalarla yoxlanıldıqdan sonra gözə görünməyən mürəkkəblə işarələnməsini gördüm. Bu da seçkilərdə şəffaflıq nümunəsidir” - deyə F.Obermayer qeyd edib.

Avropa milli parlamentlərinin nümayəndələrindən ibarət Seçki Monitorinq Qrupunun yaydığı bəyanatda bildirilir ki, Azərbaycanda noyabrın 1-də Milli Məclisə keçirilən seçkilər beynəlxalq standartlara cavab verir. Monitorinq missiyası oktyabrın 29-da Azərbaycana gəlib və seçkilərə hazırlıq prosesini öyrənib. Diqqətə çatdırılıb ki, Seçki Monitorinq Qrupu Avropa Parlamenti və ATƏT Parlament Assambleyası kimi beynəlxalq parlament təşkilatlarının Azərbaycanda seçkilərin müşahidəsi üçün nümayəndə heyəti göndərməməsinə təəssüflənir.

Bildirilib ki, missiya üzvləri seçki günü ölkə üzrə 20 məntəqədə müşahidə aparıb. Bu, onların müşahidə aparılmış dairələrin əksər məntəqələrində seçki prosesini izləməsinə imkan verib. Səsvermə ərzində heç bir insident baş verməyib. Yerli orqanların və ya polisin seçki prosesinə müdaxiləsi qeydə alınmayıb. Müşahidə aparılmış seçki məntəqələri yaxınlığında seçki kampaniyası və ya siyasi təşviqat aparılmayıb.

Monitorinq missiyası belə nəticəyə gəlir ki, Azərbaycanda parlament seçkiləri ümumilikdə beynəlxalq normalara müvafiq keçirilib. Monitorinq Qrupu Azərbaycanın avropalı tərəfdaşlarını, xüsusilə beynəlxalq parlament təşkilatlarını uzunmüddətli öhdəliklərini tam icra etməyə və gələcək seçki müşahidə missiyalarında fəal iştirak etməyə çağırır. Qeyd edək ki, Seçki Monitorinq Qrupunun tərkibinə 12 Avropa ölkəsini təmsil edən 31 deputat daxildir.

 

GUAM-ın baş katibi Valeri Çeçelaşvili: “Milli Məclisə seçkilər beynəlxalq normalara, milli qanunvericiliyə uyğun keçdi”

 

“Azərbaycanda parlament seçkiləri beynəlxalq normalara və milli qanunvericiliyə uyğun keçdi. Bakıda və Sumqayıtda bir neçə seçki məntəqəsində apardığımız müşahidələr zamanı heç bir qanun pozuntusu ilə rastlaşmadıq”. Bu sözləri noyabrın 2-də “Seçkilər” Media Mərkəzində keçirilən mətbuat konfransında GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib. Mətbuat konfransında V.Çeçelaşvili GUAM-ın ölkəmizdəki parlament seçkiləri ilə bağlı yaydığı bəyanatı oxudu.

Bəyanatda bildirilir ki, Azərbaycan Respublikası Milli Məclisinə seçkilər beynəlxalq normalara, eyni zamanda, milli qanunvericiliyə, Mərkəzi Seçki Komissiyasının hazırladığı prosedurlara uyğun keçdi. Seçkilərin sakit şəraitdə keçməsi ölkə vətəndaşlarının öz iradələrini sərbəst ifadə etmələri üçün tam təminat oldu.

Qeyd edək ki, GUAM Parlament Assambleyasının müşahidəçilər qrupuna Ukrayna Ali Radasının deputatı İvan Krulko, Gürcüstan parlamentinin üzvü Zurab Abaşidze və qrupun rəhbəri Valeri Çeçelaşvili daxildir.

 

QDİƏT PA: “Müşahidələr zamanı heç bir qanunazidd hərəkətlərlə, seçki prosesinə müdaxilə halları ilə rastlaşmadıq, seçkilər azad, şəffaf və demokratik keçdi”

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) müşahidə missiyası Azərbaycan Milli Məclisinə seçkilərlə bağlı rəyini açıqlayıb. QDİƏT PA-nın üzvü, Yunanıstan parlamentinin deputatı Symeon Kedikoglu müşahidələr zamanı heç bir qanunazidd hərəkətlərlə, seçki prosesinə müdaxilə halları ilə rastlaşmadıqlarını, seçkilərin azad, şəffaf və demokratik keçdiyini bildirib.

O deyib: “Mən seçkiləri müşahidə sahəsində kifayət qədər təcrübəyə malikəm. Azərbaycanda müşahidə apardığım seçki məntəqələrində bir çox insanlarla söhbət etdim, müşahidəçilərlə müzakirələr apardım. Məntəqələrdə hər şey qanunauyğun idi”.

QDİƏT PA-nın baş katibi Asəf Hacıyev də Azərbaycanda seçkilərin demokratik və şəffaf keçdiyini vurğulayıb. Parlament Assambleyasının Bolqarıstandan olan üzvü Petar Georgiev Kanev seçkilərin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. O, noyabrın 1-də Bolqarıstanda bələdiyyə seçkilərinin keçirildiyini bildirərək deyib: “Ölkələrimizdəki seçkilərin nəticələrinə əsasən tam əminliklə deyə bilərəm ki, xalqlarımız dünyada gedən çətin proseslər fonunda düzgün yolu - sabitliyi seçiblər”.

Serbiya parlamentinin vitse-spikeri İqor Becic bir çox seçki məntəqələrində olduğunu, heç bir qanun pozuntusu ilə rastlaşmadığını qeyd edib. O deyib: “Azərbaycanı yüksək səviyyədə təşkil olunmuş, beynəlxalq normalara cavab verən seçkilər münasibətilə təbrik edirəm”.

 

Klaude Moniquet: “Azərbaycandakı seçkilər digər ölkələr üçün nümunə ola bilər”

 

Avropa İttifaqının (Aİ) yerli siyasətçilərindən (eyni zamanda, Aİ Regionlar Komitəsinin üzvləri) ibarət nümayəndə heyəti Azərbaycanda keçirilən parlament seçkilərini 54 seçki məntəqəsində izləyib. Nümayəndə heyətinin üzvləri seçki prosesinin demokratik standartlara uyğun keçdiyini bildirib, təşkilatçılığın yaxşı səviyyədə olduğunu qeyd ediblər. Mətbuat konfransında parlament seçkilərinin Azərbaycanda demokratiyanın daha da inkişafına öz töhfəsini verəcəyi bildirilib. Müşahidəçilər seçkilərin qanunvericiliyə uyğun, şəffaf və azad keçdiyini diqqətə çatdırıblar.

Müşahidə missiyasının rəhbəri Klaude Moniquet seçkilərin Avropa standartlarına uyğun keçirildiyini bildirib. O deyib: “Komandamız seçki günü Bakıda, Sumqayıtda və Xırdalanda 100 seçki məntəqəsinə, 6 seçki dairəsinə baş çəkərək müşahidə apardı. Səsvermə prosesi yüksək səviyyədə təşkil edilmişdi. Məntəqələr bütün zəruri avadanlıqlarla təchiz olunmuşdu. Seçici fəallığı yüksək idi, qadınların fəallığı isə xüsusi qeyd edilməlidir. Seçkiləri sosial mənsubiyyətinə, peşəsinə və ya siyasi baxışlarına görə fərqlənən xeyli sayda yerli müşahidəçi izləyirdi. Seçki komissiyalarında da xeyli sayda qadın var idi”.

K.Moniquet bildirib ki, Azərbaycan ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edilməsinə, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün olmasına baxmayaraq, bu seçkilər azad, ədalətli və şəffaf keçirildi. Azərbaycandakı seçkilər digər ölkələr üçün nümunə ola bilər.

 

İƏT müşahidə missiyası: “Seçkilərdə şəffaflığın təmin edilməsi üçün hər cür şərait yaradılmışdı”

 

Azərbaycan Milli Məclisinə seçkilərdə müşahidəçi qismində iştirak edən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müşahidə missiyası seçkilərin nəticələrinə dair rəylərini bildiriblər. Müşahidə missiyasının rəhbəri Habib Kaabaçi Azərbaycanda seçkilərin dinc və sakit ab-havada keçdiyini söyləyib. Seçki günü müxtəlif seçki məntəqələrində olduqlarını deyən missiya rəhbəri hər hansı çatışmazlıq qeydə alınmadığını vurğulayıb. O, seçkilərdə bütün müşahidəçilər üçün bərabər şərait yaradıldığını, hər şeyin qanunauyğun olduğunu qeyd edib.

Seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsinin yüksək olduğunu deyən H.Kaabaçi deyib: “Biz, eyni zamanda, seçici siyahılarını yoxladıq, namizədlərin nümayəndələrinin iştirakını qeydə aldıq, seçki qutularının möhürlənməsini müşahidə etdik. Hesab edirik ki, Azərbaycanda seçkilər şəffaf və ədalətli keçdi. Şəffaflığın təmin edilməsi üçün hər cür şərait yaradılmışdı”.Sonda Habib Kaabaçi Azərbaycan xalqını demokratik seçkilərin keçirilməsi münasibətilə təbrik edib.

 

Çexiya parlamentinin üzvü: “Seçici fəallığı çox yüksək idi”

 

Çexiya parlamentinin müşahidə missiyası Azərbaycan Milli Məclisinə seçkilərdə apardıqları müşahidənin nəticələri ilə bağlı rəylərini açıqlayıb. Nümayəndə heyətinin üzvü Milan Sarapatka 10-a yaxın seçki məntəqəsində olduqlarını, seçkilərin yüksək səviyyədə təşkil edildiyini və demokratik şəraitdə keçirildiyini vurğulayıb.

Nümayəndə heyətinin üzvü Vatslav Snopek deyib: “Seçici fəallığı çox yüksək idi. Xüsusən, yerli müşahidəçilər arasında namizədlərin təmsilçilərindən daha çox adi vətəndaşların olması müsbət hal idi. Müşahidə zamanı heç bir məntəqədə qanun pozuntusuna rast gəlmədik. Seçkilər tam demokratik, şəffaf şəraitdə keçdi”.

 

Sergey Markov: “Azərbaycan Qafqazdakı dövlətlərin heç birinə bənzəmir və son 20 ildə əldə etdiyi uğurlarla qürur duya bilər”

 

Ölkəmizdə keçirilmiş seçkiləri bir qrup rusiyalı müşahidəçilər də izləyiblər. Rusiya Federasiyası İctimai Palatasının beynəlxalq əməkdaşlıq komissiyasının sədri Sergey Markov, Rusiya Federasiyası Dövlət Dumasının deputatları Aleksandr Sidyakin və Olqa Kazakova, habelə İctimai Palata katibinin müavini, Rusiya Hüquqşünaslar Assosiasiyasının rəyasət heyətinin üzvü Vladislav Qrib iştirak ediblər.

S.Markov V çağırış Milli Məclisə seçkiləri “düzgün, ədalətli, Azərbaycan xalqının iradəsini ifadə edən” seçkilər kimi xarakterizə edib. O qeyd edib ki, seçicilərin namizədlərinə sərbəst səs vermələri üçün lazım olan şərait yaradılıb. Deputatlığa namizədlər seçkiqabağı təşviqatda bərabər imkanlardan istifadə ediblər. Onun fikrincə, Yeni Azərbaycan Partiyasından xeyli sayda deputatlığa namizədin dəstəklənməsinin səbəbi onun nümayəndələrinin əsası Heydər Əliyev tərəfindən qoyulmuş, ölkəmizdə müşahidə olunan sürətli iqtisadi yüksəlişə və sabitliyin möhkəmlənməsinə yönəldilən siyasi kursa sadiq qalmalarıdır.

Komissiya sədri səsvermə prosesinin bəzi xarici KİV-də neqativ işıqlandırılması məsələsinə də toxunub. Onun sözlərinə görə, seçkilərin qeyri-legitimliyi barədə əsassız fikirlər yazılır. Azərbaycan həqiqətən də öz inkişafında əhəmiyyətli tərəqqiyə nail olub, müstəqil siyasət aparır. Bu isə ikili standartlar yürüdən, ölkədə sabitliyi və xalqın rifahını görmək istəməyən müəyyən siyasi qrupları qane etmir.

S.Markovun fikirlərini dəstəkləyən A.Sidyakin vurğulayıb ki, Azərbaycanda vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldilən proseslər uğurla həyata keçirilir. Onun fikrincə, Azərbaycan Qafqazdakı dövlətlərin heç birinə bənzəmir və son 20 ildə əldə etdiyi uğurlarla qürur duya bilər. Diqqətə çatdırılıb ki, dövlətimizin qanunvericilik bazası və seçki təcrübəsi başqalarına nümunə ola bilər.

 

ICAPP-nin həmsədri Jose de Venesia: “Azərbaycanda qadınların seçkilərdə fəal iştirakı təqdirəlayiqdir və bu, Asiya ölkələri üçün nümunə ola bilər”

 

Azərbaycandakı parlament seçkilərini müşahidə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) və Mərkəzçi Asiya-Sakit Okean Beynəlxalq Demokratları Təşkilatının (CAPDI) nümayəndələri seçkilərlə bağlı yekun açıqlama ilə çıxış ediblər. Nümayəndələr seçki prosesindən razılıqlarını ifadə ediblər. ICAPP-nin həmsədri Jose de Venesia seçkilərin şəffaf şəkildə keçirildiyini bildirib. O, müşahidə etdiyi məntəqələrdə əlverişli şəraitin yaradıldığını, seçkilərin beynəlxalq standartlara cavab verdiyini qeyd edib. Jose de Venesia xüsusilə vurğulayıb ki, Azərbaycanda qadınların seçkilərdə fəal iştirakı təqdirəlayiqdir və bu, Asiya ölkələri üçün nümunə ola bilər.

ICAPP-nin həmsədri seçki günü səsvermə prosesini müşahidə etdiklərini, təsadüfi seçilmiş seçicilərlə, müşahidəçilərlə müsahibələr apardıqlarını qeyd edib. Həmçinin bir neçə seçki məntəqəsində səslərin sayılması prosesini də müşahidə etdiklərini söyləyib.

Mətbuat konfransında məntəqələrdə veb-kameraların quraşdırılmasının seçki prosesinin daha şəffaf keçirilməsinə imkan yaratdığı xüsusi vurğulanıb.

Bildirilib ki, builki parlament seçkiləri Azərbaycanda demokratiyanın əsaslarını daha da möhkəmləndirəcək. İnanırıq ki, noyabrın 1-də Azərbaycan xalqı tərəfindən verilən qərar onun gələcəyi üçün ən düzgün qərardır.

 

İsrail nümayəndə heyəti: “ATƏT-in Azərbaycana müşahidə missiyası göndərməməsinə heç bir əsas yox idi”

 

“ATƏT-in Azərbaycana müşahidə missiyası göndərməməsinə heç bir əsas yox idi. Hər gün insan hüquqlarının pozulduğu bir çox ölkələr var. Azərbaycan isə demokratik ölkədir. Buna görə də bu münasibət bir daha ikili standartlardan xəbər verir”. Bu fikir parlament seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan İsrail nümayəndə heyəti tərfəindən səsləndirilib. İsrailin keçmiş xarici işlər naziri, “Naş dom İsrail” Partiyasının lideri, tanınmış siyasətçi Aviqdor Liberman paytaxt Bakıda bir çox seçki məntəqələrinə baş çəkdiklərini, burada təşkilatçılığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

“Azərbaycanda parlament seçkiləri demokratik şəraitdə keçirildi. Ölkə gənc olmasına baxmayaraq, bu sahədə bir çox dövlətlərə nümunə göstərdi. Bir çox ölkələrdə keçirilən seçkilərdə müşahidəçi olmuşam. Seçici fəallığı, seçki mədəniyyəti, yaradılan yüksək şərait müşahidələrin ilk dəqiqələrindən hiss olunurdu. Azərbaycanda seçkilərin azad, demokratik, şəffaf şəraitdə, beynəlxalq normalar çərçivəsində keçdiyinin şahidi olduq” - deyə Aviqdor Liberman bildirib.

 

Estoniya parlamentinin üzvü Savisaar Erki: “Seçkilərdə bütün vətəndaşlara sərbəst səs vermələri üçün imkanlar yaradılmışdı”

 

Azərbaycanda parlament seçkiləri yaxşı təşkil olunmuşdu və demokratik keçdi. Vətəndaşların sərbəst şəraitdə səs vermələri tam təmin edilmişdi. Estoniya parlamentinin üzvü Savisaar Erki seçkilərin müşahidəsi ilə bağlı təəssüratlarını bölüşərkən belə deyib. O bildirib ki, müşahidə apardıqları seçki məntəqələrinin heç birində nöqsan aşkarlanmayıb.

Savisaar Erki deyib: “Estoniya nümayəndə heyəti ümumilikdə 11 seçki məntəqəsində müşahidə aparıb. Bu məntəqələr arasında məcburi köçkünlərin də seçki məntəqəsi var idi. Səsvermə nizamlı və mütəşəkkil qaydada keçdi. Seçki məntəqələri vaxtında açıldı. Hər bir məntəqədə müşahidəçilər əvvəldən axıra kimi seçki prosesini izlədilər. Bu isə prosesə əlavə şəffaflıq qatır. Biz Suraxanıda səsvermənin nəticələrinin hesablanmasında da iştirak etdik. Hesablama düzgün aparıldı. Yerli müşahidəçilər hesablamaya müdaxilə etmədilər”. Estoniya parlamentinin üzvü seçkilərdə bütün vətəndaşlara sərbəst səs vermələri üçün imkanların yaradılmasını çox yaxşı hal kimi qiymətləndirib.

Azərbaycanda keçirilən parlament seçkilərini Almaniya ictimai-siyasi xadimlərindən ibarət qrup da izləyib. Qrupun üzvlərinin açıqlamasında seçkilərin demokratik, şəffaf və ədalətli keçdiyi bildirilib. Müşahidə qrupunun rəhbəri Eduard Lintner deyib: “Seçki məntəqələrində və ətrafda apardığımız müşahidələr zamanı qanun pozuntusu qeydə almadıq. Nümayəndə heyətinin üzvləri demokratik qaydaların pozulması və ya ümumiyyətlə, hər hansı zorakılıq halları müşahidə etmədi. Almaniya nümayəndə heyətinin bütün üzvləri parlament seçkilərinin demokratik keçdiyinə əmindir. Azərbaycan bu seçkilərdə beynəlxalq demokratik standartlara doğru daha bir addım atdı.

Qeyd edək ki, müşahidə qrupuna Almaniya Bundestaqının, Bavariya parlamentinin üzvləri və sabiq parlamentarilər, Almaniya Federal Hökuməti və Bavariya Əyaləti Hökumətinin keçmiş nümayəndələri daxildir.

 

Slovakiya parlamentinin nümayəndələri: “Azərbaycandakı seçkilər bütün müvafiq standartlara uyğun çox nizamlı və mütəşəkkil şəkildə keçdi”

 

“Bakıdakı bir neçə seçki məntəqəsində müşahidələr apardıq. Hər hansı qanun pozuntusu ilə rastlaşmadıq. Normal və nizamlı seçki prosesi müşahidə olunurdu”. Bu fikirləri Slovakiya parlamentinin nümayəndələri Viliam Jasan və xanım Edita Pfundtner söyləyiblər.

E.Pfundtner deyib: “Noyabrın 1-də mən altı seçki məntəqəsində seçki prosesinin gedişini izlədim. Yerli müşahidəçilər və seçki məntəqələrinin sədrləri ilə söhbət apardım. Hesab edirəm ki, Azərbaycandakı seçkilər bütün müvafiq standartlara uyğun çox nizamlı və mütəşəkkil şəkildə keçdi. Seçki prosesində heç bir problemlə rastlaşmadıq”.

“Azərbaycanda Milli Məclisə seçkilər nizamlı şəkildə və yüksək təşkilatçılıqla keçirildi. Seçki məntəqələrində müşahidələr apararkən biz hər hansı etiraza və ya intizam pozuntusuna rast gəlmədik. Nəticə olaraq onu bildirmək istəyirəm ki, Azərbaycandakı seçkilər Avropa standartlarına uyğun keçdi”. Bu sözləri İtaliya Senatının nümayəndəsi Sergio Divina bildirib. O deyib: “Biz bir çox ölkələrdə seçkilərdə müşahidələr aparmışıq. Əminliklə deyə bilərəm ki, o ölkələrdə Azərbaycanda olduğu kimi demokratik prinsiplərə riayət edildiyinin şahidi olmamışam”.

Bəzən Azərbaycan haqda həqiqətə uyğun olmayan fikirlər səsləndirildiyini vurğulayan Senatın üzvü deyib: “Mövcud beynəlxalq böhran vəziyyətində Azərbaycana böyük ehtiyacımız var. Azərbaycan modeli Avropa və beynəlxalq ictimaiyyətə nümunə olmalıdır. Bizim burada iştirakımız Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etirazdır. Azərbaycan dünyada bir neçə dini birləşdirən modeldir. Burada müsəlman, xristian və yəhudilərin bir arada yaşadığını görürük. Azərbaycan demokratiya yolunda öz xəttini seçib. Dünyanın Azərbaycana ehtiyacı var. Azərbaycan geostrateji cəhətdən mühüm ölkədir, eyni zamanda, enerji resurslarına malikdir”.

Sergio Divina vurğulayıb ki, beynəlxalq ictimaiyyət, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlıq hissi keçirməlidir.

 

Avstraliyalı parlamentarilər: “Səsvermə prosesi şəffaf və demokratik formada, qanunvericiliyin bütün tələblərinə uyğun qaydada keçdi”

 

Avstraliyalı parlamentarilər Milli Məclisə seçkiləri müşahidə etmək üçün 20-dək seçki məntəqəsində olublar. Onlar seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün yaradılmış şəraiti, ümumiyyətlə, seçkilərin təşkilini yüksək qiymətləndiriblər. Avstraliya parlamentinin üzvü Luke Simpkins bu qənaəti bölüşüb.

L.Simpkins deyib ki, seçkilərin keçirilməsi üçün mükəmməl hüquqi-texniki baza yaradılmışdı. Missiya tərəfindən hər hansı qanun pozuntusu qeydə alınmadı. Seçki məntəqələrində yüksək fəallıq müşahidə olunurdu. Nizam-intizama ciddi riayət edilirdi. Seçicilər sərbəst şəkildə məntəqələrə daxil olur, səslərini verirdilər. Bir sözlə, vətəndaşlar öz hüquqlarından yüksək səviyyədə istifadə etdilər.

Mən müşahidəçilərdən biri kimi, qeyd edə bilərəm ki, parlament seçkiləri yüksək səviyyədə keçdi, seçki məntəqələri bütün zəruri vasitələrlə təmin edilmişdi. Seçicilərin yüksək fəallığı çox sevindiricidir, səsvermə prosesi şəffaf və demokratik formada, qanunvericiliyin bütün tələblərinə uyğun qaydada keçdi.

Dağıstan Respublikasından Rusiya Federasiyası Dövlət Dumasının deputatı, “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyası fraksiyasının üzvü Zaur Askenderov bu sözləri jurnalistlərə müsahibəsində söyləyib. O vurğulayıb ki, Azərbaycanda parlament seçkiləri Rusiyada böyük maraq doğurur.

Z.Askenderov daha sonra əlavə edib ki, bu seçkilərin nəticələri Azərbaycanın gələcək inkişafına güclü təsir göstərəcək, ölkə daha böyük uğurlar qazanacaq.

Seçicilərin yüksək mütəşəkilliyi ilə müşayiət olunan bu seçkilər ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələ açaraq Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsində mühüm rol oynayacaqdır. 2015-ci il 1 noyabr tarixində keçirilən seçkilərə dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər də tam təsdiqləyir ki, Azərbaycanda vətəndaşların seçki mədəniyyəti kifayət qədər yüksəlmişdir. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə öz səmərəli fəaliyyəti ilə dəstək verən Azərbaycan Respublikasının Milli Məclisi qarşıdakı müddətdə də ölkənin hərtərəfli inkişafı üçün bütün imkanlardan istifadə edəcək.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 5 noyabr.- S. 10, 11.