Zaqatala şəhərində
abadlıq-quruculuq işlərinin davam
etdirilməsi və çoxmənzilli binaların əsaslı
təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Son illər Zaqatala şəhərində geniş abadlıq-quruculuq işləri aparılmış, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Beynəlxalq Hava Limanı, Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inzibati binası tikilərək istifadəyə verilmiş, rayon Mərkəzi Xəstəxanası, 3500 yerlik şəhər stadionu, rayon Mədəniyyət Evi əsaslı təmir olunmuş, əlil və şəhid ailələri üçün 64 mənzilli 2 yaşayış binası inşa edilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, mərkəzi küçələrinə yeni asfalt örtüyü salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Zaqatalada abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 12 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:
1. Zaqatala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Zaqatala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,0 (üç) milyon, o cümlədən 12 çoxmənzilli binanın əsaslı təmiri üçün 2,0 (iki) milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,0 (bir) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
5 noyabr
2015-ci il
Azərbaycan.- 2015.- 6 noyabr.- S. 3.