Şəki şəhərində
abadlıq-quruculuq işlərinin sürətləndirilməsinə
dair əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri hesab edilən Şəki şəhərində son illərdə mühüm infrastruktur və sosial yönümlü layihələr həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, rayon Mərkəzi Xəstəxanası, Şəki Məhkəmələr Kompleksi, Əlillərin Bərpa Mərkəzi, əlil və şəhid ailələri üçün 114 mənzilli 4 yaşayış binası inşa edilmiş, Şəki Dövlət Dram Teatrının binası, 3500 yerlik şəhər stadionu yenidən qurulmuş, bir sıra tarixi və mədəniyyət abidələri bərpa olunmuş, müasir tələblərə cavab verən yeni turizm obyektləri, emal və istehsal müəssisələri, modul tipli elektrik stansiyası tikilərək istifadəyə verilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şəki şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:
1. Şəki şəhərində abadlıq-quruculuq işlərinin daha da sürətləndirilməsi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 5 noyabr 2015-ci il
Azərbaycan.- 2015.- 6 noyabr.- S. 3.