Azərbaycanın təbliğinə və dostluğa xidmət edən missiya

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın “Puşkin” medalı ilə təltif edilməsi dövlətlərarası dostluq əlaqələrinin inkişafının göstəricisidir

 

Azərbaycan-Rusiya münasbətlərinin mənzərəsi siyasi, iqtisadi və digər sferalarda olduğu kimi, mədəni və humanitar sahələrdə də ürəkaçandır. Bu istiqamətlərdə münasibətlər son illərdə daha da yüksələn xətlə inkişaf edib. İki ölkə arasında diplomatik münasibətlərin 10 illiyi münasibətilə Bakıda Aleksandr Puşkinin, Sankt-Peterburqda isə Nizami Gəncəvinin heykəlinin qoyulması, sonrakı illərdə Rusiyada “Azərbaycan ilinin, AzərbaycandaRusiya ilinin keçirilməsi iki ölkə arasında qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin yüksək səviyyədə olduğunu göstərmişdi. Bu cür tədbirlər iki ölkə arasında mədəni əlaqələri daha da sıxlaşdırmaqla bərabər, həm də bütün sahələrdə tərəfdaşlığın dərinləşməsinə böyük töhfələr verməkdədir.

Rusiya ilə Azərbaycanın ortaq tarixi, inkişaf yolu, uğurları var. Dostluqdan, maarifçilikdən, ortaq dəyərlərdən irəli gələrək Azərbaycanda rus mədəniyyətinə, incəsənətinə daim sevgiehtiramla yanaşıblar. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da orta məktəblərdə rusdilli təhsil qorunub saxlanılıb. Respublikamızın ali məktəblərində də tədris həm Azərbaycan, həm də rus dilində keçirilir. Bakıda Slavyan Universiteti fəaliyyət göstərir. Həmçinin Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı açılıb. Filialın yaradılması hüquqi cəhətdən 2008-ci ilin əvvəllərində sənədləşdirilmiş, Prezident İlham Əliyev tərəfindən bununla bağlı sərəncam imzalanmışdı. İkitərəfli humanitar əlaqələrin inkişafı baxımından vacib əhəmiyyət daşıyan bu sərəncama əsasən, MDU-nun Bakı filialının açılması istiqamətində zəruri olan bütün tədbirlər görüldü, maddi-texniki bazasının yaradılması tam təmin edildi. Bir il sonra isə filial fəaliyyətə başladı və qısa müddətdə ölkəmizdə böyük nüfuz qazandı.

Bu ilin sentyabrında isə İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb Universitetinin filialı da açılıb. İndi iki ölkənin həkimləri öz səylərini birləşdirmək və təcrübə mübadiləsi aparmaq imkanı əldə ediblər. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən yaradılıb. Eyni zamanda, Rusiya səhiyyə nazirliyiuniversitetin Bakı filialının yaradılması haqqında müvafiq əmr imzalayıb. Filialın yaradılmasında məqsəd Azərbaycanda tibb təhsilinin təkmilləşdirilməsindən və bu sahədə dünyanın nüfuzlu ali təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsindən, həmçinin ölkə vətəndaşlarının Rusiyanın tibb təhsili müəssisələrində oxumaq arzusunun təmin olunmasından ibarətdir.

İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb Universitetinin filialının açılışında çıxış edən Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva deyib: “Azərbaycan ilə Rusiya arasında bütün tarix boyu səmimi və mehriban münasibətlər olub. Bu gün bizim dövlətlərarası münasibətlərimiz də məhz bu tarixi təməl üzərində qurulur. Bizim humanitar əməkdaşlığımız, mədəniyyət, elm, təhsil sahələrində əlaqələrimiz hələ Azərbaycan ilə Rusiyanın bir dövlətin hissələri olduğu illərdə formalaşıb və Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra biz bu potensialı itirməmişik, hətta əksinə, onu artırmışıq. Biz bu vahid elmi-mədəni məkanı və Azərbaycanda böyük rus ədəbiyyatına güclü marağı qoruyub saxlaya bilmişik. Azərbaycanda rus dilində təhsil qorunub saxlanılıb”.

Rusiya ilə mədəni və humanitar əlaqələrin genişlənməsində Heydər Əliyev Fondunun əvəzsiz xidmətləri var. Yarandığı gündən xeyirxahlıq ünvanına çevrilən Heydər Əliyev Fondu Rusiyada da çoxsaylı tədbirlər, xeyriyyə aksiyaları keçirir. Bu tədbirlərin hər biri Azərbaycanla Rusiya arasında mədəni və humanitar sahələrdə əlaqələrin inkişafında böyük rol oynamaqla yanaşı, həm də ölkəmizin təbliğinə xidmət edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva qısa müddətdə Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində bütün lazımi tədbirləri həyata keçirərək çox böyük görüb. Rusiya ilə Azərbaycan arasında mədəni dialoqun genişləndirilməsi istiqamətində atılan addımlar bu baxımdan təqdirəlayiqdir. Leyla Əliyeva mütəmadi olaraq Rusiyanın mədəni ictimaiyyəti ilə müxtəlif səviyyəli görüşlər keçirir, Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində müxtəlif təşəbbüslərdə çıxış edərək onları reallaşdırır. Bu baxımdan Leyla Əliyevanın Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyəti olduqca qürurvericidir.

Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) də Azərbaycan həqiqətlərinin Rusiyadünya ictimaiyyətinə çatdırılmasında xüsusi fəaliyyət göstərir. Təşkilatın məqsədi Azərbaycan mədəni irsinin, milli-mədəni dəyərlərinin qorunması, sosial təşəbbüsləri, Azərbaycan gənclərinin dəstəklənməsi, Azərbaycan gənclərinin inkişafının təbliği, Rusiya cəmiyyətinin mədəni həyatına Azərbaycan gənclərinin daha yaxşı inteqrasiyası, təhsilin inkişaf etdirilməsidir, ailə və cəmiyyətin mənəvi və əxlaqi əsaslarını qorumaq və möhkəmləndirmək, dostluq, etimadxalqlar arasında anlaşmanın təşviqidir. Təşkilat 2009-cu ilin aprelində Moskvada təsis edilib. Gənc soydaşlarımız RAGB adı altında bir araya toplanaraq Azərbaycan xalqının tolerantlığını, bəşəriliyini, sevgisini dünyaya bəyan etdilər. RAGB-nin yaranması ilə həm də Rusiyadakı Azərbaycan diasporunun yeni nəsli yarandı.

Hazırda Rusiyada RAGB-nin 70-dən çox regional bölməsi fəaliyyət göstərir. Təşkilatın fəaliyyət dairəsi səhiyyə, təhsil və elm, mədəniyyət və ekologiya kimi müxtəlif sahələri əhatə edir. RAGB tez-tez xeyriyyə aksiyası da keçirir. Gənclərimiz uşaq evlərinə və internatlara böyük həvəslə baş çəkir, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bayramlar təşkil edir, qanvermə aksiyası keçirirlər. Təşkilat Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi və xalqımızın zəngin tarixi-mədəni irsinin Rusiya ictimaiyyətinə çatdırılması istiqamətində də aktiv fəaliyyət göstərir, müxtəlif layihələr, tədbirlər reallaşdırır.

Leyla Əliyevanın Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, RAGB-nin sədri kimi fəaliyyəti Rusiya ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilir. Ötən ay Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Puşkin” medalı ilə təltif edilməsi haqqında fərman imzalaması bu qiymətin bariz nümunəsidir. Noyabrın 4-də isə Moskva şəhərinin Böyük Kreml sarayının Georgiyevski zalında Rusiya Prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya “Puşkin” medalını təqdim edib. Təqdimetmə mərasimi Xalq Birliyi Günü şərəfinə qəbulda keçirilib. Ənənəyə görə, Rusiya dövlətinin başçısı bu tədbirdə bir sıra xarici vətəndaşlara xalqlar arasında sülhün, dostluğun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsində xüsusi xidmətlərinə görə dövlət təltifləri təqdim edir.

Leyla Əliyeva “Puşkin” medalına “Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və xaricdə rus dili və mədəniyyətinin qorunub saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə” layiq görülüb. Mərasimdə çıxış edən Leyla Əliyeva fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirərək deyib: “Rusiya-Azərbaycan münasibətləri dərin tarixi köklərə malikdirbu gün uğurla inkişaf edir. Humanitar sahədə əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin ayrılmaz tərkib hissəsidir. Azərbaycanda rusdilli təhsil tam həcmdə qorunub saxlanıb, təhsilin rus dilində olduğu 300-dən çox məktəb, Bakı Slavyan Universiteti, Lomonosov adına MDU-nun Bakı filialı fəaliyyət göstərir. Bu il Bakıda İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb Universitetinin ilk xarici filialı öz qapılarını tələbələrin üzünə açıb”.

Leyla Əliyeva vurğulayıb ki, Azərbaycan xalqı Rusiya ilə mədəni, humanitar əməkdaşlıq ənənələrini qayğı ilə qoruyub saxlayır. O, sonda deyib: “Mən çox şadam ki, ölkələrimiz arasında dostluğunmehriban qonşuluğun möhkəmlənməsinə öz cüzi töhfəmi vermişəm. Hörmətli Vladimir Vladimiroviç, bu yüksək təltifə görə sizə bir daha dərin təşəkkürümü bildirirəm. Bu medalı mənə sizin təqdim etməyiniz mənim üçün xüsusilə dəyərlidir. Sizə və bütün Rusiya xalqına xoşbəxtlik, firavanlıq və sülh arzulayıram”.

Xatırladaq ki, “Puşkin” medalı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layiq görüldüyü ilk Rusiya təltifi deyil. Leyla Əliyeva buna qədər “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, “Volqoqrad vilayəti qarşısında xidmətlərinə görə” medallarına, habelə III dərəcəli “Müqəddəs Mələksima Knyaginya Olqa ordeni”nə də layiq görülüb. Bütün bu mükafatlar həm də onu təsdiq edir ki, Azərbaycanla Rusiya arasında mədəni və humanitar sahələrdə münasibətlər uğurla inkişaf edərək hər iki ölkənin xalqları arasında dostluğun möhkəmlənməsinə xidmət edir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2015.- 6 noyabr.- S. 9.