UNESCO Baş Konfransı çərçivəsində
təhsil nazirlərinin görüşü
olub
UNESCO-nun
Baş Konfransının 38-ci sessiyası bu gün öz
işini davam etdirib.
Təhsil nazirlərinin yüksək səviyyəli görüşündə təhsilin inkişafı məsələlərinə toxunulub, növbəti il üçün bu sahədə büdcə layihəsi qəbul olunub.
Görüşdə ölkəmizi təmsil edən təhsil naziri Mikayıl Cabbarov çıxışında “İncheon” bəyənnaməsinə toxunaraq onun təhsilin inkişafı sahəsində beynəlxalq əməkdaşlıq prosesində mühüm addım olduğunu qeyd edib. O, bildirib ki, təhsil sahəsində göstəriləcək səylərin birləşdirilməsi davamlı inkişaf üçün çox vacibdir. “Təhsil -2030 Fəaliyyət Plan”ının qəbul edilməsi də bu uğurlu birgə səylərin tətbiq ediləcəyinin göstəricisidir.
Belə addımların UNESCO-nun səmərəliliyini bir daha aydın şəkildə nümayiş etdirdiyini bildirən M.Cabbarov qarşıda gərgin işlərin durduğunu, bundan sonra yeni ruh yüksəkliyi ilə innovativ yollar axtarışında olmağın vacibliyini vurğulayıb. O, təhsilin inkişafının yoxsulluq və ekstremizmlə mübarizədə ən yaxşı vasitə olduğunu, bu gün bəşəriyyətin üzləşdiyi bir çox problemlərin həlli üçün açar olduğunu diqqətə çatdırıb.
Mikayıl Cabbarov ölkəmizdə təhsil sahəsində yeni islahatların hazırlanması və həyata keçirilməsi üçün fəal addımlar atıldığını vurğulayaraq Prezident İlham Əliyevin 2013-cü ilin oktyabrında yenidən Prezident seçildikdən sonra qısa müddət ərzində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” konseptual sənədini imzaladığını bildirib. Strategiyanın dərhal həyata keçirilməsinə başlanıldığını bildirən nazir ilk növbədə uşaqların inkişafına dair proqramların reallaşması istiqamətində səylərin gücləndirildiyini vurğulayıb. O, uşaqlara təkcə oxumaq və yazmaq öyrətmək deyil, eyni zamanda onların bacarıqlarının inkişaf etdirilməsinə və inkluziv təhsilin tətbiqinə də toxunub.
Azərbaycanın təhsil naziri bu gün texniki təhsilin iqtisadi və regional inkişafın ən mühüm pilləsi olduğunu diqqətə çatdirib.
Nazir, torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğala məruz qalması nəticəsində yaranan çətin vəziyyətə baxmayaraq Azərbaycan hökumətinin təhsil sektoruna geniş sərmayə yatırdığını bildirərək, ölkəmizdə məktəblərin 70 faizinin təmir olunduğunu və ya yenidən tikildiyini bildirib. O, son on il ərzində qaçqın və məcburi köçkün uşaqlarının əsas təhsil hüquqlarını təmin etmək məqsədilə yüzlərlə məktəb tikildiyini qeyd edib. Bu faktlar və rəqəmlər Azərbaycan dövlətinin əsas məqsədinin öz vətəndaşlarına ən yaxşı təhsil şəraiti yaratmaqdan ibarət olduğunun göstəricidir.
Sonda “Yaxşı təhsil təmin etməmək uşağı itirməkdir, uşağı itirmək isə gələcəyi itirməkdir”,- deyən M.Cabbarov təhsilin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha diqqətə çatdırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Azərbaycan.- 2015.- 6 noyabr.- S. 9.