Azərbaycan ilə
İran arasında təhsil sahəsində
əməkdaşlıq əlaqələri genişlənir
UNESCO-nun
Baş Konfransının 38-ci sessiyası çərçivəsində
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarov iranlı həmkarı Ali Asghar Fani ilə
görüşüb.
İran prezidentinin qonşu ölkələrlə ikitərəfli münasibətlərə önəm verdiyini bildirən və təhsil əlaqələrinə toxunan iranlı nazir azərbaycanlı həmkarını ölkəsinə dəvət edib.
Ölkələrimiz arasındakı qədim tarixi əlaqələrdən danışan M.Cabbarov dövlətimizin Ermənistandan başqa digər qonşu ölkələrlə ikitərəfli münasibətləri möhkəmlətməkdə maraqlı olduğunu qeyd edib. O, təhsil sahəsindəki münasibətlərə toxunaraq ötən il Bakı Dövlət Universitetinin 95 illik yubileyinə Tehran Universitetinin rektorunun dəvət olunduğunu və bu səfər çərçivəsində iki ali təhsil ocağı arasında əməkdaşlıq müqaviləsi imzalandığını diqqətə çatdırıb.
Mikayıl Cabbarov 2007-ci ildə qəbul olunan Dövlət proqramı çərçivəsində azərbaycanlı gənclərin dünyanın qabaqcıl universitetlərində təhsillərini davam etdirmək imkanı qazandıqlarını vurğulayıb.
Azərbaycanlı nazir təhsil sektorunda əməkdaşlığın yollarını birlikdə müzakirə etməyi təklif edərək iranlı həmkarına onu ölkəsinə dəvət etdiyinə görə təşəkkür edib.
Azərbaycan.- 2015.- 6 noyabr.- S. 9.