Najat Valo-BELKASEM: “Fransa Azərbaycanla təhsil sahəsində əlaqələri inkişaf etdirməkdə maraqlıdır”

 

Fransa Azərbaycanla təhsil, xüsusilə də ali təhsil sahəsində ikitərəfli əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır.

Bu fikri UNESCO Baş Konfransının 38-ci sessiyası çərçivəsində Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla görüşündən sonra Fransanın təhsil naziri Najat Valo-Belkasem AZƏRTAC-a müsahibəsində deyib.

Nazir azərbaycanlı həmkarı ilə görüşdə ikili diplom proqramlarını, tələbələrə təqaüd verilməsi məsələlərini müzakirə etdiklərini bildirib. O, son vaxtlar Fransada təhsilini davam etdirən azərbaycanlı tələbələrin və Azərbaycanda təhsilini davam etdirmək istəyən fransalı tələbələrin sayının artdığını diqqətə çatdırıb.

Azərbaycanlı həmkarı ilə artıq bir neçə dəfə görüşdüklərini vurğulayan fransalı nazir görüşlər zamanı təhsil sahəsində əməkdaşlığın perspektivlərini, eləcə də fransız dilinin Azərbaycanda tədrisi məsələlərini və fransız universitetləri nəzdində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyatı kafedralarının fəaliyyətlərini müzakirə etdiklərini diqqətə çatdırıb.

Fransalı nazir ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün hər iki tərəfdə güclü iradənin olduğunu diqqətə çatdırıb.

 

Azərbaycan.- 2015.- 6 noyabr.- S. 9.