“Bakı-2017” Azərbaycan idmanının növbəti təntənəsi olacaq

 

“Bakı-2015” I Avropa Oyunlarından sonra daha bir mötəbər  turnirin - IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün tarixi hadisədir. Bu mühüm hadisə bir daha göstərir ki, Azərbaycan böyük beynəlxalq idman tədbirlərinin keçirilməsi və ən yüksək səviyyədə təşkili cəhətdən artıq kifayət qədər təcrübəyə malikdir.

İlk Avropa Oyunlarına hazırlıq işlərinə, möhtəşəm idman obyektlərinə, bütün əlaqədar təşkilatların birgə səylə nümunəvi fəaliyyətinə heyranlıqlarını gizlədə bilməyən xarici mütəxəssislər, milli olimpiya komitələrinin rəhbərləri və üzvləri, ayrı-ayrı beynəlxalq federasiyaların nümayəndələri gələcəkdə öz ölkələrində mötəbər beynəlxalq yarışlar keçirməyə hazırlaşarkən Bakının təcrübəsindən istifadə edəcəklərini söyləyirdilər. Azərbaycan idmanının imkanlarına, nüfuzuna bələd olanlar 2017-ci ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının istər təşkilatçılıq, istərsə də idman nailiyyətləri baxımından “Bakı-2015” Avropa Oyunları kimi möhtəşəm tarixi hadisəyə çevriləcəyinə əmindirlər.

İslam Həmrəyliyi Oyunları İslam Əməkdaşlığı Təşkilatına (İƏT) daxil olan ölkələri bir araya gətirən idman tədbiridir. Oyunların təşkilinə və keçirilməsinə 57 ölkəni özündə birləşdirən İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) nəzarət edir. “Bakı-2017” İHİF-in 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş 8-ci Baş Assambleyasında  57 üzv ölkənin nümayəndələrinin səsverməsi yolu ilə təsdiq olunmuşdur. Cari ilin aprel ayında isə IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın evsahibliyi etməsi barədə İHİF ilə müqavilə imzalanmışdır. Müqaviləni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, İHİF-in prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin prezidenti şahzadə Abdulla bin Müsaid bin Əbdüləziz Al Səud və Azərbaycan Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə imzalamışlar. Yarışın əsas şüarı isə “Həmrəylik bizim gücümüzdürseçilmişdir.

Artıq bütün diqqətlər “Bakı-2017”yə yönəlmişdir.  Sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalamışdır. Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunmuşdur.

4-cü İslamiadanın paytaxtımızda keçirilməsi haqqında qərarın qəbul edilməsi  iqtisadi qüdrətini getdikcə artıran Azərbaycanda son illər idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini bir daha nümayiş etdirdi. Ölkəmizin dünya miqyaslı yarışlara evsahibliyi etməsi və idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı uğurlar IV İslam Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbuluna təsir edən mühüm amillərdəndir. Belə mötəbər tədbirin paytaxtımızda təşkili irimiqyaslı idman turnirlərinin keçirilməsində Azərbaycanın malik olduğu potensial imkanları bir daha  nümayiş etdirəcək, müsəlman ölkələri arasında idman əlaqələrini genişləndirəcək, ölkəmizin beynəlxalq idman aləmində nüfuzunun artmasını təmin edəcəkdir.

Noyabrin 2-də İHİF IX Baş Assambleyasının  Bakıda keçirilmiş iclasında  növbəti dəfə vurğulandı ki, Azərbaycan bu mötəbər tədbirin islam dəyərlərinə uyğun təşkili üçün əlindən gələni edir. Beş mindən çox atletin və 1500-dək heyətin iştirak edəcəyi mötəbər idman bayramı müsəlman dünyasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsi baxımından mühüm addımdır.  20 idman növü üzrə təşkil olunacaq “Bakı-2017” 14 idman obyektində keçiriləcək.

 Son illərdə inşa olunmuş Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, “Crystall Hall”, Atıcılıq İdmanı Mərkəzi, Su İdmanı Sarayı kimi bir-birindən müasir, bütün beynəlxalq standartlara cavab verən əzəmətli idman obyektləri açılış mərasiminə hələ on doqquz ay qalmış IV İslam Həmrəyliyi Oyunlarının bütün iştirakçılarını və qonaqlarını qəbul etməyə, demək olar ki, indidən tam hazırdır.

Şübhə yoxdur ki, Yay Olimpiya Oyunları səviyyəsində keçirilmiş ilk Avropa Oyunları kimi IV İslam Həmrəyliyi Oyunları da ən yüksək səviyyədə təşkil olunacaq, Azərbaycana öz potensialını bir daha bütün dünyaya nümayiş etdirmək imkanı verəcək. Təşkilat Komitəsi dövlət orqanlarının yaxından köməyi və xalqın dəstəyi ilə bu məsul işin öhdəsindən layiqincə gələcək.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2015.- 7 noyabr.- S. 5.