Azərbaycan akademik elmi son 70 ildə
“Çoxəsrlik tariximiz
özünün böyük elmi və görkəmli alimləri
ilə məşhurdur”
Heydər ƏLİYEV
XX əsrdə
Azərbaycan xalqının sosial-iqtisadi və mədəni tərəqqisində,
qədim və zəngin ənənələrə malik
intellektual potensialının səmərəli təşkilində,
elmin dövrün tələblərindən irəli gələn
strateji istiqamətlərinin müəyyənləşdirilməsində,
fundamental və tətbiqi elm sahələrinin
inkişafında müstəsna rol oynamış Azərbaycan
Milli Elmlər Akademiyasının yaranmasının 70 ili tamam
olur. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev bu əlamətdar hadisənin yüksək səviyyədə
qeyd edilməsi üçün sərəncam
imzalamışdır.
Akademiyanın 70 illik yubileyinin təsadüf etdiyi
hazırkı dövr müstəqil Azərbaycan
üçün intellektual inkişaf modelinə əsaslanan
biliklər cəmiyyətinin qurulması ilə xarakterikdir. Ümummilli
lider Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan
hazırda sosial-iqtisadi, ictimai-siyasi və mədəni quruculuq
sahələrində sürətlə irəliləməkdə,
regionun lider dövlətinə çevrilərək sivil
dünyaya inteqrasiya olunmaqdadır. Bu
sürətli inkişafın əsasında ölkəmizin təbii
resursları ilə intellektual potensialının vəhdəti,
maddi kapitalı insan kapitalına çevirmək
strategiyası dayanır. Belə bir şəraitdə
milli intellektual potensialın əsas mərkəzi olan
AMEA-nın yubileyi böyük məna kəsb edir, şərəfli
keçmişə hörmət və ehtiramla yanaşı,
ümummilli inkişafın gələcək strateji oriyentirləri
üzərində düşüncələrə rəvac
verir.
Azərbaycanın
tarixində dönüş mərhələləri və zəfərlərlə
zəngin əlamətdar səhifələr az
olmasa da, son 100 ildə xalqımızın keçdiyi tarixi
inkişaf yolunda Elmlər Akademiyasının yaradılması
müstəsna yer tutur. Azərbaycan müstəqillik
yollarında gələcəyə doğru irəlilədikcə,
milli elmi təfəkkür mərkəzinin - Azərbaycanın
intellektual ocağının yaradılması daha böyük
əhəmiyyət daşıyır. Buna
görə də akademiyanın yubileyi yalnız elmi
mühitimiz üçün deyil, bütövlükdə
respublikamızın ictimai-mədəni həyatı
üçün əlamətdar hadisədir. Biz daim ümummilli lider Heydər Əliyevin xatirəsini
əziz tutaraq bir daha qeyd edirik ki, XX əsrdə bu elm məbədinin
inkişaf tarixinin böyük mərhələsi məhz bu
dahi şəxsiyyətin adı ilə bağlı olmuş,
Azərbaycan elmi məhz onun fəaliyyəti sayəsində
uğurlara imza atmışdır. Elmin cəmiyyətdəki
rolunu, prioritet istiqamətlərdə elmin yüksələn
inkişafının təmin edilməsinin zəruriliyini dərindən
dərk edən Heydər Əliyev demişdir: “İqtisadiyyat
hansı vəziyyətdə olursa-olsun, elm inkişaf etməlidir.
Elmlər Akademiyası Azərbaycan
xalqının tarixi nailiyyətidir”.
Bəşəriyyətin qədim sivilizasiya mərkəzlərindən
olan Azərbaycanda professional elmi təfəkkürün
formalaşması orta əsrlərə aid edilsə də,
onun müasir Avropa elmi ənənələri ilə sintezindən
yaranan keyfiyyətcə yeni mərhələsinin meydana gəlməsi
XIX əsrin sonu - XX əsrin əvvəllərinə təsadüf
edir. Elmi fikir tariximizin bu mərhələsi özündə
neçə-neçə məşhur simaları birləşdirir.
Onların sırasında akademiyanın təməl
daşlarını qoyan görkəmli elm adamları,
ziyalılar, mütəfəkkir şəxsiyyətlər
xüsusi yer tuturlar. Görkəmli həkim-alimlər Mirəsədulla
Mirqasımov və Mustafa Topçubaşov, dahi bəstəkar
və maarifçi Üzeyir bəy Hacıbəyli, sovet
kimyaçılar məktəbinin dünya miqyasında
nüfuzlu nümayəndəsi Yusif Məmmədəliyev,
geologiya elmimizin baniləri Şamil Əzizbəyov, Əliəşrəf
Əlizadə və Mirəli Qaşqay, ədəbi irsləri
bu gün də azərbaycançılığın zirvəsində
duran Səməd Vurğun və Mirzə İbrahimov, fəlsəfə
məktəbinin görkəmli nümayəndəsi Heydər
Hüseynov, milli memarlığın layiqli nümayəndələri
Sadıq Dadaşov, Mikayıl Useynov və neçə-neçə
başqaları bu qəbildəndir. Tarixən
sosial-mədəni inteqrasiyaya açıq, dünyanın fərqli
mədəniyyətləri ilə daim ünsiyyətdə olan
Azərbaycanda elmi fikir və axtarışlar dünya elminin ən
görkəmli nümayəndələri ilə
qarşılıqlı əlaqədə formalaşıb.
Bu ənənə akademiyanın
yarandığı dövrdə də davam etmişdir. Bu elm məbədinin təşəkkülündə,
milli elmi kadrların hazırlanmasında yaxından iştirak
edənlərin sırasında İ.Qubkin, F.Levinson-Lessinq,
S.Namyotkin kimi dünya şöhrətli rus alimləri də
vardır. İlk akademiklər - AMEA-nın
təsisçiləri sırasında dünya elminin layiqli
nümayəndələri sayılan İosif Yesman, İvan
Şirokoqorov, Aleksandr Qrossheym kimi alimlər də olmuşdur.
Qədim
sivilizasiyanın əsas məskənlərindən biri olan Azərbaycanda
ən qədim dövrlərdən folklor, ədəbiyyat, fəlsəfə,
riyaziyyat, etika, coğrafiya, fizika, kimya, tibb və s. elm sahələri
bir-biri ilə qarşılıqlı əlaqədə
inkişaf etmişdir.
Azərbaycanın tarixi ərazisində ilk yazılı
elmi əsərlərə isə İslam dininin qəbulundan
sonrakı dövrlərdə rast gəlinir. IX əsrdə
məşhur “Hikmət evi” (“Beytül-hikmət”) adlı
Bağdad Akademiyasının meydana gəlməsi müsəlman
sivilizasiyasında, o cümlədən Azərbaycanda elmin
inkişafına ciddi təkan vermişdir. Bu,
öz dövrü üçün güclü elmi
kadrları olan, müxtəlif elm sahələrini - riyaziyyat,
tibb, biologiya, astronomiya, həndəsəni öyrənən
elm ocağı idi.
Orta əsrlərdə Azərbaycanın Ərdəbil, Təbriz,
Xoy, Naxçıvan, Şamaxı, Marağa, Urmiyə və
digər şəhərlərində çoxsaylı elmi mərkəzlər
fəaliyyətə başlamışdır ki, onlar da vahid Azərbaycan
elmi mühitinin tərkib hissələri idi.
Elmin inkişafından danışarkən Nəsirəddin
Tusinin əsasını qoyduğu Marağa rəsədxanasını
və onun dövrünə görə olduqca güclü
maddi-texniki bazasını da xüsusi qeyd etmək
lazımdır. Azərbaycan elmi-ictimai və bədii-fəlsəfi
düşüncəsinin dünyaya bəxş etdiyi görkəmli
mütəfəkkirlərdən Xaqani Şirvaninin, Nizami Gəncəvinin,
Nəsirəddin Tusinin, Fələki Şirvaninin, Fazil
Şirvani, Əminəddin Müzəffər Təbrizinin,
Müxdəsəddin Səlmasinin və başqalarının əsərlərində
olduqca dəyərli elmi və bədii-fəlsəfi fikirlər
öz əksini tapıb.
XV-XVIII əsrlərdə İslam mədəniyyətinin
çiçəklənmə dövrünün başa
çatması ilə müsəlman ölkələrində
elm və təhsilin inkişaf dinamikası dəyişsə də,
Azərbaycandakı elmi mərkəzlər fəaliyyətlərini
davam etdirir. Həmin dövrdə Əbdürrəşid Bakuvi
Azərbaycanın insan sağlamlığına müalicəvi
təsir edən təbii sərvətlərini tədqiq edir.
O, həmçinin ölkənin coğrafiyası və təbiəti
ilə bağlı qiymətli məlumatlar vermişdir.
XIX əsr Azərbaycan tarixində bir neçə aspektdə
dönüş nöqtəsi sayıla bilər. Bu dəyişmənin
əsasında başlıca olaraq Azərbaycanın
coğrafi, siyasi və mədəni cəhətdən ikiyə
bölünməsi dayanır. Məlum
tarixi hadisələr nəticəsində iki yerə
parçalanan Azərbaycan bu dövrdən fərqli geomədəni
mühitlərdə inkişaf etməyə başlayır.
Azərbaycanın Cənubi İran ərazisində
orta əsrlərə məxsus sosiomədəni mühitdə
qalmaqda davam edir, şimal hissəsi isə Rusiya və Avropa
elmi-mədəni mühitinə inteqrasiya mərhələsinə
qədəm qoyur. Bu ictimai-siyasi hadisələrin
təsiri ilə də Qərb və Şərq mədəniyyətlərinin
qovuşuğunda yerləşən Azərbaycan hər iki
sivilizasiyanı birləşdirən körpü rolunu
oynamağa başlayır.
Bu amil Azərbaycanda maarifçiliyin vüsət
almasına şərait yaradır. Abbasqulu Ağa Bakıxanov, Həsən
bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Qasım bəy
Zakir, Mirzə Kazımbəy, Mirzə Cəfər
Topçubaşov ciddi işlər görürlər. Azərbaycanın təhsil ocaqlarında və elmi mərkəzlərində
dünyəvi elmlərin öyrənilməsinə
üstünlük verilməyə başlanır.
XX əsrin əvvəllərində zəngin azərbaycanlıların
mesenatlığı sayəsində cəmiyyətdə
yüksək təhsilli intellekt sahiblərinin sayı
artır.
Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev,
Musa Nağıyev, İsa bəy Hacınski, Murtuza Muxtarov və
başqaları milli mədəniyyətin və
oyanışın intişarında ciddi rol oynayırlar.
Azərbaycan elminin, onun intellektual dəyərlərinin
milli sərvət kimi qəbul edilməsində Azərbaycan
Xalq Cümhuriyyətinin (1918-1920) mühüm rolu oldu. Bakı Dövlət
Universitetinin yaradılması (1919-cu il) və
Avropa ali məktəblərinə azərbaycanlı tələbələrin
göndərilməsi bu aspektdə atılan mühüm
addımlardan idi.
Azərbaycan Xalq Cümhuriyyəti süquta
uğradıqdan sonra da müxtəlif elm sahələrini
öyrənən elmi-tədqiqat qurumlarının genişləndirilməsi
davam etdi. Bu sırada ilk olaraq Azərbaycanı Tədqiq və
Tətəbbö Cəmiyyətini (1922-1923) qeyd etmək olar.
Onun əsasında Azərbaycan Dövlət Elmi
Tədqiqat İnstitutu yaradıldı (1923). Artıq burada humanitar, təbiət elmlərini və
Şərqi öyrənən bölmələr vardı.
Bu cəmiyyəti və institutu Azərbaycanda
akademik tədqiqatların təşkilinin ilk formaları hesab
etmək olar. Məhz cəmiyyətin
bazasında SSRİ Elmlər Akademiyasının Zaqafqaziya
Filialının Azərbaycan Şöbəsi təşkil
olundu. Burada rus alimləri ilə
yanaşı, Ə.Haqverdiyev, B.Çobanzadə, M.Əfəndiyev,
A.Tağızadə və başqa alimlər
çalışırdılar. 1935-ci ildə
həmin şöbə SSRİ EA-nın Azərbaycan
Filialına çevrildi. Burada Azərbaycanın
təbii sərvətlərinin tədqiqinə də xüsusi
diqqət yetirilirdi. O səbəbdən də Elmi Tədqiqat
Neft İnstitutu və Azərbaycan Elmi Tədqiqat Neft
Maşınqayırma İnstitutu təsis edildi.
Artıq 1940-cı ildə respublikada 60 elmi müəssisə
fəaliyyət göstərirdi. 1938-ci ildə SSRİ EA Azərbaycan
Filialında 16 elmlər doktoru, professor və 20 elmlər namizədi
var idisə, 1941-ci ildə onların sayı müvafiq olaraq 21
və 161-ə çatdı. 1945-ci ildə
respublikada 3 minə yaxın elmi işçi tədqiqatla və
pedaqoji fəaliyyətlə məşğul idi.
Ötən əsrin 30-40-cı illərində müvafiq
elmi infrastrukturun formalaşması, elmi fəaliyyət sahəsində
əldə edilmiş uğurlar müstəqil akademik qurumun
yaradılmasını zərurətə çevirdi. Belə bir zərurətin nəticəsi
olaraq 1945-ci il martın 27-də Azərbaycan
SSR Xalq Komissarları Sovetinin qərarı ilə SSRİ Elmlər
Akademiyası Azərbaycan Filialı əsasında Azərbaycan
Elmlər Akademiyası yaradıldı.
Azərbaycan Elmlər Akademiyasının tarixini şərti
olaraq bir neçə mərhələyə bölmək
olar. Birinci mərhələ 1945 -1970-ci illəri əhatə
edir və əsasən onun təşkili və
formalaşması ilə xarakterizə olunur. Akademiyanın 15 nəfərdən ibarət ilk tərkibi
Azərbaycan SSR Xalq Komissarları Soveti tərəfindən təsdiq
edildi. Onlar ilk təsisçilər kimi
öz adlarını akademiyanın tarixinə əbədi
olaraq həkk etdilər.
Akademiya
üzvlərinin 1945-ci il martın 31-də keçirilmiş
ilk ümumi iclasında prezident seçilən akademik Mirəsədulla
Mirqasımov deyirdi ki, Azərbaycan Elmlər
Akademiyasının təşkili respublikada mədəni və
elmi quruculuğun yeni mərhələsini ifadə edir, bu, Azərbaycan
xalqı və onun bütün elmi ictimaiyyəti
üçün böyük, sevincli bir bayramdır.
1945-ci ildə
Elmlər Akademiyasının tərkibində 4 bölmə, 16
elmi tədqiqat institutu, 2 elmi tədqiqat şöbəsi və
3 muzey vardı. Bunlardan başqa Mərkəzi
Elmi Kitabxana, Naxçıvanda, Gəncədə, Xankəndidə
elmi bazalar mövcud idi. 1970-ci ildə
artıq elmi idarələrin sayı 142-yə
çatdırılmışdı. Sonrakı illərdə
görkəmli alimlər Yusif Məmmədəliyev (1947-1950,
1958-1961), Musa Əliyev (1950-1958), Zahid Xəlilov (1961-1967),
Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev
(1970-1983) akademiyaya rəhbərlik etmişlər.
1945-1970-ci illərdə Azərbaycan alimləri çox
sayda elmi nailiyyətlərə imza atmışlar. Hidroenergetika,
Yer təkindəki faydalı qazıntıların geoloji quruluşunun,
neftin kimyəvi tərkibinin öyrənilməsi, reaktiv
mühərriklər üçün yanacaq istehsalı,
yüksək keyfiyyətli dizel yanacağının alınma
texnologiyası, bitkilərin fiziologiyasının tədqiqi, Azərbaycan
faunasının öyrənilməsi istiqamətində
sistemli elmi araşdırmalar aparılmışdır. Həmin dövrdə arxeoloji qazıntılar da daha
geniş miqyas almış, ölkənin tarixi, fəlsəfi
və ədəbi fikir tarixinin, cərəyanlarının,
dilçilik və mədəniyyət problemlərinin yeni səviyyədə
tədqiqi xeyli genişlənmişdi.
Akademiya tarixində ən parlaq mərhələ
1970-1985-ci illəri əhatə edir. Bu mərhələ həm
də ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Həmin dövrdə ən
böyük uğurlardan biri elm və istehsalat arasında əlaqənin
yaradılması idi. 1970-ci illərdə
Azərbaycana rəhbərlik edən Heydər Əliyev
SSRİ Elmlər Akademiyasının prezidenti, akademik
M.Keldışı Azərbaycana dəvət edərək
onunla görüşür. Bu
görüşdən sonra o vaxtlar böyük əhəmiyyət
kəsb edən, o dövr üçün superkompüter səviyyəsində
olan BGSM hesablama maşını akademiyaya verilir. Bunun nəticəsində respublikada
proqramlaşdırma, avtomatika, tətbiqi riyaziyyat, kibernetika və
başqa sahələrdə alimlər, mütəxəssislər
ordusu formalaşmağa başlayır. Sənayenin
inkişafı, onun strukturunun təkmilləşdirilməsi
yolunda çox ciddi, nəticəsi böyük olan proqram
hazırlanır. Riyaziyyat, fizika elmləri
sürətlə inkişaf edir və dünyada tanınan elmi
məktəb kimi formalaşır.
Akademiyanın 1970-1980-ci illərdəki
inkişafından danışarkən geoloji tədqiqatlar
üzərində xüsusi dayanmaq lazım gəlir. Heç
şübhəsiz, həm sovet hakimiyyəti illərində, həm
də sonrakı dövrlərdə Azərbaycanın neft
strategiyasının reallaşmasında geoloji tədqiqatların
xüsusi rolu olmuşdur. Heydər Əliyevin respublikaya rəhbərlik
etdiyi illərdə Geologiya İnstitutunda aparılan tədqiqatlar
nəticəsində müxtəlif ərazilərin faydalı
qazıntılarının müəyyənləşdirilməsi
və perspektivlərinin dəyərləndirilməsi
üçün xeyli sayda geoloji, tektonik və neotektonik xəritələr
tərtib edilmişdir ki, bu xəritələr bir sıra neft
yataqlarının, filiz və qeyri-filiz yataqlarının müəyyənləşdirilməsində
mühüm rol oynamışdır.
Akademiyanın fəaliyyətində nəzərə
çarpan istiqamətlərdən biri milli elmi kadrların
hazırlanması idi. Akademik M.Keldışın Azərbaycana gəlişindən
sonra SSRİ Elmlər Akademiyasının müvafiq
institutlarında respublikamızın istedadlı gəncləri
üçün məqsədli aspiranturalara yerlər
ayrılmağa başlandı, elm və təhsil mərkəzlərində
təcrübə keçmək üçün mütəxəssislər
göndərildi, müvafiq elm sahəsinin mənimsənilməsi,
sonradan ölkəmizə transformasiya olunması istiqamətində
mühüm işlər görüldü.
O illərdə
akademiyada xüsusi inkişaf edən sahələrdən biri
humanitar və ictimai elmlər idi. Azərbaycan ədəbiyyatı,
folkloru, mədəniyyəti, incəsənəti və tarixi
üzrə elmi tədqiqatlar genişləndi və onların
təbliği gücləndirildi. Azərbaycanın
görkəmli elm xadimlərinin, ədəbiyyat, mədəniyyət,
incəsənət korifeylərinin yubileyləri təşkil
edildi. Vaqifin möhtəşəm məqbərəsi
tikildi, Hüseyn Cavidin nəşi vətənə gətirildi.
Dilçilik sahəsindəki tədqiqatları
da xüsusi qeyd etmək lazımdır.
1980-1993-cü illəri akademiyanın tarixində növbəti
mərhələ kimi xarakterizə etmək lazımdır. Bu müddət
üçün xarakterik olan cəhət əvvəlki illərdə
formalaşmış struktur-funksoinal göstəricilərin,
tanınmış elmi məktəblərin, elmi ənənələrin
inersial saxlanması idi. Formalaşmış
elmi ənənələr hesabına EA-nın elmi tədqiqat
institutları fəaliyyətlərini davam etdirir, SSRİ-nin
müxtəlif elm mərkəzlərinə kadrlar göndərilir,
riyaziyyat, fizika, kimya, geologiya, biologiya və başqa sahələrdə
tədqiqatlar həyata keçirilirdi.
1990-cı illərin əvvəllərində baş verən
proseslər, yeni transformasiyalar müstəqil Azərbaycanın
yeni doktrinasını, prioritetlərini müəyyənləşdirmək
zərurətini ortaya çıxardı. Müstəqil
Azərbaycanın ideoloji, siyasi, iqtisadi sferalarında mövcud
problemlərini müəyyənləşdirmək və həlli
yollarını göstərmək ilk növbədə elmin vəzifəsi
idi. Təəssüf ki, həmin illərdə
Azərbaycan elminin düşdüyü ağır vəziyyət
bu funksiyanı yerinə yetirməyə imkan vermirdi.
Ən acınacaqlı fakt o idi ki, həmin dövrdə
bəziləri yaranmış vəziyyətdən
çıxış yolu tapmaq əvəzinə, Azərbaycanın
intellektual beyin mərkəzi, müqəddəs elm məbədi
olan akademiyanı bağlamaq kimi absurd fikirlər səsləndirirdilər. Bu baxımdan Heydər
Əliyevin Azərbaycana rəhbərliyə
qayıdışından sonra ilk görüşlərindən
birini 1993-cü il sentyabrın 21-də Elmlər
Akademiyasında keçirməsi də təsadüfi deyildi. Həmin
görüşdə ulu öndərin söylədiklərinin
şərhə ehtiyacı yoxdur: “Mənə sədalar gəlir
ki, Elmlər Akademiyasını, institutları dağıtmaq
istəyirlər, elm ocaqlarına biganə münasibət var.
Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, elm inkişaf etməlidir”.
1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”, həyata
keçirilən enerji layihələri və
Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq əhəmiyyətli neft kəmərinin
işə düşməsi Azərbaycanın sonrakı
iqtisadi inkişafının əsasında dayanan mühüm
amillərə çevrildi.
1997-ci il yanvarın 31-də Heydər Əliyev Elmlər
Akademiyasının bir qrup aparıcı alimlərini qəbul
edərək, elm sahəsində islahatların
aparılmasının vacibliyini vurğulayaraq, Azərbaycanda elmin
inkişaf strategiyasının əsas müddəalarını
müəyyənləşdirdi.
Azərbaycan
Prezidentinin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər
Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusu
verildi, 30 mart 2001-ci il və 1 iyul 2002-ci il tarixli sərəncamlarla
AMEA Rəyasət Heyəti və akademiyanın bütün
işçilərinin əməkhaqları bir neçə dəfə
artırıldı, 2002-ci il avqustun 12-də AMEA-nın
Naxçıvan Bölməsinin yaradılması haqqında
tarixi sərəncam imzalandı, ulu öndərin sədrliyi
ilə Naxçıvan Ali Məclisinin iclas zalında bu
bölmənin yaradılmasına həsr olunmuş
müşavirə keçirildi.
Ötən əsrin 90-cı illərində Heydər
Əliyevin təşəbbüsü ilə azərbaycançılıq
ideyası dövlət quruculuğunun əsas ideologiyası səviyyəsinə
qaldırıldı. Dövlət dilinin tətbiqi, latın əlifbasına
qayıdış, Füzulinin və “Kitabi-Dədə Qorqud”un
yubileyləri, dünya azərbaycanlılarının forumu ilə
bağlı qərar və sərəncamlar, azərbaycançılıq
ideyasını daşıyan elm və sənət xadimlərinin
dövlət qayğısı ilə əhatə olunması
və s. neçə-neçə tədbirlər məhz bu məqsədə
xidmət edən əməli addımlar idi.
2003-cü
ildən başlayaraq ümummilli lider Heydər Əliyevin elmin
inkişafı ilə bağlı müəyyənləşdirdiyi
uzaqgörən siyasət Prezident İlham Əliyev tərəfindən
inkişaf etdirildi, neft kapitalının insan kapitalına
çevrilməsi sahəsində ardıcıl tədbirlər
həyata keçirilməyə başlandı, milli sərvətimizin
tükənməz hissəsi olan elmi potensialın qorunması,
inkişaf etdirilməsi dövlət siyasətinin prioritet
istiqamətlərindən birinə çevrildi.
Prezident İlham Əliyevin elmin inkişafı ilə
bağlı qəbul etdiyi çoxsaylı qərarlar
sırasında “2009-2015-ci illərdə Azərbaycan
Respublikasında elmin inkişafı üzrə Milli Strategiya”
mühüm yer tutur. Əlamətdar bir haldır ki, AMEA-nın 70 illik
yubileyinin qeyd edildiyi bu il həm də Elmin
İnkişafı üzrə Milli Strategiyanın icra müddətinin
başa çatması ilidir. Elmin
inkişafı üzrə bu strategiyanın həyata
keçirilməsi prosesində bəzi obyektiv çətinliklər
olsa da, bütövlükdə strategiyanın müasir Azərbaycan
elminin inkişafında rolu olduqca böyük əhəmiyyət
kəsb etmişdir.
Prezident
İlham Əliyevin elmin inkişafı baxımından
böyük əhəmiyyət kəsb edən digər bir
addımı 2012-ci ilin dekabr ayında ayrıca fərmanla təsdiq
edilmiş “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasıdır. Bu Konsepsiya Azərbaycan dövlətinin dünyada
baş verən qlobal sosial-iqtisadi dəyişikliklərə
adekvat reaksiyası olmaqla yanaşı, həmçinin
güclü və müasir dövlət naminə son dərəcə
uğurlu bir elmi inkişaf proqramıdır. 2020-ci ilədək konkret proqram əsasında AMEA-da
idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi,
elmi müəssisələrin işinin səmərəliliyinin
yüksəldilməsi istiqamətində konkret tədbirlərin
görülməsi nəzərdə tutulur.
Hər şeydən əvvəl, 2013-cü ildə Rəyasət
Heyətinin yeni tərkibi seçilmiş, onun fəaliyyət
istiqamətləri müəyyənləşdirilmiş, nəzərdə
tutulan işlərin effektiv həyata keçirilməsi
üçün mərkəzi aparatın strukturunda əsaslı
dəyişikliklər edilmişdir. Rəyasət Heyəti, sözün
əsl mənasında, ən aktual elmi, elmi-innovativ və
elmi-təşkilati məsələlərin professional və
multidissiplinar səviyyədə müzakirə olunduğu
intellektual beyin mərkəzinə çevrilmişdir. Onun
iclaslarında müasir dünya elminin ən aktual problemləri
ilə səsləşən, eyni zamanda, respublikanın
sosial-iqtisadi inkişafı baxımından xüsusi əhəmiyyət
kəsb edən elmi məruzələr geniş müzakirə
olunur, fundamental elmlər üzrə araşdırmaların
müasir tələblər səviyyəsinə
çatdırılması, multidissiplinar təd-qiqatların
elmi fəaliyyətin perspektivli sahəsi kimi dəyərləndirilməsi,
o cümlədən nano-, bio-, informasiya və digər
qabaqcıl texnologiyaların araşdırılması,
innovasiya fəaliyyətinin gücləndirilməsi, elmi
potensialın inkişafında dövlət, biznes və
qeyri-dövlət sektorlarının qarşılıqlı əlaqələrinin
təşkili və s. məsələlər barəsində
müvafiq qərarlar qəbul edilir.
Son iki il ərzində akademiyada bir sıra
mühüm elmi-təşkilati tədbirlər həyata
keçirilmişdir. Respublika Prezidentinin
müvafiq sərəncamına uyğun olaraq Rəyasət Heyətinin
iclasında Gəncə Regional Elmi Mərkəzinin
bazasında Gəncə Bölməsi
yaradılmışdır.
AMEA-da idarəetmənin və aparılan islahatların
çevikliyinin artırılması, aktual məsələlərin
geniş müzakirəsi və konsensusun əldə
olunması məqsədilə AMEA-nın Direktorlar
Şurasının yaradılmasını da qeyd etmək
lazımdır.
19 dekabr 2014-cü ildə Azərbaycan Milli Elmlər
Akademiyası, Azərbaycan Respublikasının Rabitə və
Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin birgə
təşkilatçılığı ilə Azərbaycan
alimlərinin I Qurultayı keçirildi. Müasir dünyanın
çağırışlarına müvafiq olaraq Azərbaycan
elmini beynəlxalq elmi tələblərə
uyğunlaşdırmaq, ölkədə və xaricdə
yaşayan azərbaycanlı alimlər arasında əlaqələri
gücləndirmək məqsədilə keçirilən bu tədbirdə
ölkəmizin akademik, təhsil, biznes və vətəndaş
cəmiyyəti sektorlarında çalışan alim və tədqiqatçılar,
o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı
alimlər iştirak etmişlər.
Akademiyada həyata keçirilən islahatların
mühüm bir istiqaməti elmi fəaliyyətin əsas
resursları olan yüksəkixtisaslı kadrların
hazırlanması ilə bağlıdır. Bu sahədə
həyata keçirilən tədbirlərin çevikliyini təmin
etmək məqsədilə Rəyasət Heyətinin
strukturunda dəyişiklik edilmiş, yeni Elm və təhsil
idarəsi yaradılmışdır.
Xarici ölkələrdə yüksəkixtisaslı
kadrların hazırlanması da daim diqqət mərkəzində
saxlanılır. Respublika Prezidentinin “Azərbaycan Milli Elmlər
Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində
doktorantura təhsilinin maliyyələşdirilməsi
haqqında” sərəncamının icrası ilə əlaqədar
son illər AMEA-nın xeyli sayda gənc alimi Avropanın elmi mərkəzlərinə
göndərilmişdir.
AMEA-nın elmi müəssisələrində əldə
olunmuş nəticələrin, mühüm nailiyyətlərin,
yeni innovativ istiqamətlərin gücləndirilməsi məqsədilə
Rəyasət Heyəti Mərkəzi aparatının tərkibində
İnnovasiya şöbəsi yaradılmışdır.
Ümumiyyətlə, AMEA-nın elmi müəssisələri
ölkə Prezidenti tərəfindən təsdiq olunmuş 19
dövlət proqramının həyata keçilməsində
yaxından iştirak edir. Eyni zamanda AMEA-nın elmi müəssisə
və təşkilatlarında aparılmış 55 elmi tədqiqat
işi tətbiq olunmuş, ümumilikdə 48 patent
alınmışdır ki, onlardan da 5-i xarici patentdir.
Akademiyada həyata keçirilən islahatların
mühüm bir istiqamətini hüquqi islahatlar təşkil
edir. Bu baxımdan Rəyasət Heyəti Mərkəzi
aparatının elmin idarə edilməsində fəaliyyətini
gücləndirmək, idarəetmənin hüquqi tənzimlənməsini
təmin etmək məqsədilə Mərkəzi aparatın
tərkibində Hüquq və kadrlar idarəsi
yaradılmış, bu istiqamətdə bir sıra işlər
görülmüşdür. 11 dekabr
2014-cü ildə ölkə Prezidenti tərəfindən
akademiyanın yeni Nizamnaməsi təsdiq olunmuşdur.
AMEA-nın müəssisə və təşkilatlarında
3000 gənc əməkdaş çalışır. 2013-cü ildə
tamamilə yeni əsaslarla Gənc alim və mütəxəssislər
şurası yaradıldı, onun akademiyanın bütün
elmi müəssisə və təşkilatlarını əhatə
edən mükəmməl struktur şəbəkəsi təşkil
edildi, yeni kadr potensialı formalaşdırıldı.
Məlum
olduğu kimi, ölkə rəhbəri “Gənclər
üçün Prezident Mükafatı”nın təsis edilməsi
haqqında” 2 iyul 2013-cü il tarixli fərman
imzalamışdır. Hər il Rəyasət
Heyətinin qərarı ilə layiqli gənclər “Gənclər
üçün Prezident Mükafatı”na təqdim olunur.
Akademiyada həyata keçirilən islahatlarda elm və təhsilin
inteqrasiyası da mühüm yer tutur. Bu sahədə əldə
edilmiş ən mühüm uğurlardan biri AMEA-da magistratura
təhsilinin yaradılmasına nail olmaq idi. Magistratura
təhsili artıq reallığa çevrilmiş, 2015-ci ildə
ilkin olaraq 7 ixtisas üzrə magistratura təhsili həyata
keçirilmişdir.
AMEA-da aparılan islahatlar, həmçinin ölkə səviyyəsində
İKT-yə böyük diqqət “Elektron Azərbaycan”ın
tərkib hissəsi kimi elektron elmin formalaşması və
inkişafına zəmin yaratmışdır. Bu gün
AMEA-da e-elmin elmi-nəzəri əsasları tədqiq olunur,
onun şəbəkə platforması olan AzScienceNet elm
kompüter şəbəkəsinin infrastrukturu inkişaf
etdirilir, elmi qurumların beynəlxalq elmi şəbəkələrlə
inteqrasiyası işləri həyata keçirilir.
Son zamanlar AMEA-da aparılan islahatlar, yeni
texnologiyaların meydana gəlməsi science.az portalının
təkmilləşdirilməsini də zəruri etmişdir. Bu məqsədlə
portalın yeni versiyası hazırlanmış, onun tərkibində
Elm TV adlı internet televiziyası yaradılmışdır.
AMEA-nın beynəlxalq elmi əməkdaşlıq sahəsində
siyasəti də yenidən qurulmuşdur. Bu məqsədlə
Rəyasət Heyətinin Mərkəzi aparatında Beynəlxalq
əlaqələr idarəsi, Xarici ölkələrin akademik
qurumları ilə əlaqələr və Beynəlxalq təşkilatlarla
əlaqələr şöbələri
yaradılmışdır.
AMEA-da gedən islahatların tələblərinə
uyğun olaraq, ictimaiyyətlə əlaqələr istiqamətində
siyasət tamamilə yenidən qurulmuş, elmi nailiyyətlərin
və biliklərin cəmiyyətdə
populyarlaşdırılması sahəsində bir sıra
konseptual addımlar atılmışdır. Bu məqsədlə
AMEA Rəyasət Heyətinin Mərkəzi aparatında
İctimaiyyətlə əlaqələr və elmin
populyarlaşdırılması idarəsi
yaradılmışdır.
AMEA-da
elmin populyarlaşdırılması üzrə tədbirlərin
davamı kimi 2014-cü il noyabrın 10-11-də
Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı
ilə ölkəmizdə, eləcə də regionda ilk dəfə
olaraq Bakı Elm Festivalı keçirilib. Festivalın
keçirilməsində əsas məqsəd ölkə
Prezidentinin “Azərbaycan regionun elm mərkəzinə
çevrilməlidir!” - çağırışına
cavab olaraq, elmimizin nailiyyətlərini, yeni elmi
innovasiyaları nümayiş etdirmək, informasiya-kommunikasiya
texnologiyaları və başqa müasir innovativ üsullar əsasında
elmin təbliğinə nail olmaq, elmin
populyarlaşdırılması vasitəsilə cəmiyyətdə
elmə olan marağı artırmaq, həmçinin elm-təhsil-istehsalat
arasında əlaqələri gücləndirmək
olmuşdur.
Daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri AMEA-nın maddi-texniki bazasının modernləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyətinin gücləndirilməsidir. 2013-cü ilin may ayında Prezident İlham Əliyevin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olarkən orada Azərbaycan elminin inkişaf strategiyası ilə bağlı söylədiyi fikirlər akademiya üçün mühüm əhəmiyyət kəsb edir.
“Akademiya şəhərciyi”ndə inşa olunan İnformasiya Resursları Mərkəzinin, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin binalarının istifadəyə verilməsi də əlamətdar hadisələrdən sayıla bilər.
Elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək məqsədilə AMEA-da “Nizami Gəncəvi adına Qızıl medal”, həmçinin Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, akademik Üzeyir bəy Hacıbəyli, akademik Mirəsədulla Mirqasımov, akademik Yusif Məmmədəliyev, akademik Musa Əliyev adına mükafatlar təsis edilib.
Azərbaycan elmində baş verən müsbət tendensiyalar nüfuzlu beynəlxalq reytinqlərdə əks olunan konkret rəqəmlərlə də təsdiq olunur. Belə ki, nüfuzlu beynəlxalq informasiya bazalarından olan SCOPUS-un rəsmi hesabatına görə, 2012-ci illə müqayisədə 2013-cü ildə Azərbaycan alimlərinin beynəlxalq əməkdaşlıq fəaliyyətində nəzərəçarpacaq irəliləyiş müşahidə edilir. Başqa sözlə, Azərbaycan alimlərinin çap olunmuş elmi əsərlərinin ümumi sayında xarici alimlərlə birgə dərc edilmiş elmi əsərlərin payı 39,82 faizdən 45,34 faizə yüksəlmişdir. Bu isə bir il ərzində 5,52 faiz artım deməkdir. Tədqiqat göstəricilərinə görə də AMEA-nın mövqeyi 2012-ci illə müqayisədə 2013-cü ildə 66 pillə, 2014-cü ildə isə 169 pillə yüksəlmişdir.
Bizim mənsub olduğumuz nəslin gənclik illəri akademiyanın təşəkkül dövrünə, onun elmi-təşkilati əsaslarının ilkin formalaşma mərhələsinə təsadüf etmişdir. Həmin illərdə buranı qurub yaradan dahi şəxsiyyətlər müqəddəs elm məbədini bizə əmanət edərək əbədiyyətə qovuşdular. Biz bu məbədi qoruyub saxladıq, Azərbaycana və dünyaya buradan yayılan elm nurunu sönməyə qoymadıq.
Akif ƏLİZADƏ,
AMEA-nın prezidenti, akademik
Azərbaycan.- 2015.- 7 noyabr.- S. 8.