“Azərbaycan ailəsi-2015”
film festivalının qalibləri
mükafatlandırılıblar
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK), Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan ailəsi-2015” VII film festivalı başa çatıb.
Bu münasibətlə noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində festivalın təntənəli bağlanış mərasimi keçirilib.
“Azərbaycan ailəsi” film festivalına 2014-cü il dekabrın 24-də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin akt zalında professor, incəsənət xadimlərinin və tələbələrin iştirakı ilə start verilib. Artıq ikinci ildir ki, film festivalı çərçivəsində “Həyatdan şəklə” adlı fotomüsabiqə də keçirilir. Bu il “Azərbaycan ailəsi” film festivalı müsabiqəsində 24 iştirakçı tərəfindən təqdim olunmuş 30 film və 94 fotoşəkil sərgilənib, bunlardan 9-u xarici filmdir.
Təqdim olunan işlər Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər 6 nominasiya üzrə (“Ən yaxşı film”, “Ən yaxşı tələbə işi”, “Ən yaxşı xarici film”, “Ən yaxşı TV layihəsi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı fotoşəkil”) müəyyən edilib. Əsas mükafatlara uyğun olaraq, müvafiq dövlət qurumları tərəfindən 12 film və 5 fotoşəkil xüsusi fərqlənən iş kimi qiymətləndirilib.
Festivalın əsas məqsədi kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailə və milli-mənəvi dəyərlərin gənclər arasında təbliğidir. Əsas hədəflərdən biri də cəmiyyətdə bu istiqamətdə mövcud olan problemləri işıqlandırmaqla onların həlli yollarının axtarılması və ailə institutunun daha da güclənməsinə nail olmaqdır. Bu filmlərdə müsbət keyfiyyətlərlə yanaşı, vacib problemlər - erkən nikah, uşaqların, xüsusilə qızların təhsildən yayınması, insan alveri, ailənin psixoloji vəziyyəti, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə reinteqrasiyası da öz əksini tapıb.
Mərasimdə əvvəlcə festivala təqdim olunmuş film və fotolardan ibarət videoçarx nümayiş etdirilib.
Sonra AQUPDK-nın sədri, professor Hicran Hüseynova çıxış edərək deyib ki, dövlətimizin demokratik və stabil inkişafı bütövlüklə ölkəmizin nüfuzunun artmasına səbəb olub. Əlbəttə ki, bu stabilliyin əsasında ailə dayanır. İnsan təhsil aldığı məktəblə, çalışdığı kollektivlə yanası, böyüyüb boya-başa çatdığı ailədə formalaşır. Belə ki, onun sosial mühiti ailədir. Cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusunu, qayda-qanun və prinsipləri gözləməyə borcludur. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Prezident İlham Əliyev dediyi kimi: “Möhkəm ailə güclü dövlət deməkdir”. O, artıq festivalın ənənə halını aldığını, bu mötəbər yarışmanın masştabının ildən-ilə genişləndiyini və ölkənin hüdudlarından kənara çıxdığını söyləyib.
Hicran Hüseynova festivalın yüksək səviyyədə keçirilməsinə dəstək göstərən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya, həmçinin BMT-nin Əhali Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə minnətdarlığını bildirib.
Qeyd olunub ki, bu gün dövlətimiz milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük səylər göstərir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət ailə siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Prezidentinin ailələrin inkişafı və sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması istiqamətində imzaladığı müvafiq fərman və sərəncamlar, təsdiq etdiyi proqramlar bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Vurğulanıb ki, Azərbaycanın
birinci xanımı Mehriban
Əliyevanın milli dəyərləri və
müasirliyi
özündə birləşdirən ailə modelinin yorulmaz təbliğatçısı
kimi bu sahədə fəaliyyəti
örnəkdir. Məlumat verilib ki, keçən müddət ərzində iyirmi iki xarici
rejissor olmaqla təşkilat
komitəsinə 210-a yaxın film təqdim
edilib. Bu da onu göstərir ki festivala maraq
ildən-ilə artır.
Komitə sədri qeyd edib ki, festivala
qatılan heç bir namizəd uduzmur, əsas məsələ iştirak
etməkdir. Çünki təqdim edilən
bütün filmlər
komitənin maarifləndirmə
işlərində istifadə
olunur.
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş
müşaviri Fərid
Babayev, Azərbaycan Kinematoqrafçılar İttifaqının
sədri, xalq artisti Şəfiqə Məmmədova, İctimai
Televiziya və Radio Yayımları Şirkətinin
baş direktoru Cəmil Quliyev çıxış
edərək cəmiyyətdə
ailə institutunu və mənəvi dəyərləri möhkəmlətmək,
eyni zamanda milli ailə ənənələrini təbliğ
edib yaşatmaq baxımından, eləcə
də milli kino sənətimizin
təbliği və inkişafı üçün
bu festivalın əhəmiyyətini qeyd ediblər.
Çıxış edənlər bu sahədə AQUPDK-nın fəaliyyətini yüksək
qiymətləndiriblər. Festivalın yüksək
səviyyədə təşkilinə
görə komitənin
rəhbərliyinə minnətdarlıq
ifadə olunub.
Tədbirdə tanınmış müğənnilərin
ifasında mahnılar
səsləndirilib.
Sonda müxtəlif nominasiyalar üzrə “Azərbaycan
ailəsi-2015” VII film festivalının və “Həyatdan şəklə” fotomüsabiqəsinin
qaliblərinə diplom
və qiymətli hədiyyələr təqdim
olunub.
AZƏRTAC
Azərbaycan.- 2015.- 7 noyabr.- S. 11.