Azərbaycan hər
zaman Gürcüstana
nəinki iqtisadi, həmçinin humanitar sahələrdə də dəstək
verir
Bu fikir Prezident İlham Əliyevin
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə
görüşündə səsləndirilib
Azərbaycan yaxın qonşumuz, ölkəmizin bir neçə əsrlik tarixlə bağlı olduğu Gürcüstan Respublikası ilə münasibətlərni bütün sahələrdə inkişaf etdirir. Ölkələrimiz arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri Gürcüstanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olmasıdır. Əldə edilən nəticələr deməyə əsas verir ki, Gürcüstan əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə böyük maraq göstərir.
Rəsmi Tbilisi Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış edən Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, respublikamızla enerji sektorunda fəal əməkdaşlıq niyyətini izhar edir.
Bakı-Tbilisi-Qars dəmir-yolu xətti, TAP, TANAP layihələri də əməkdaşlığın uğurla qurulmasundan xəbər verir. “Cənub” qaz dəhlizinin bu gün həm Gürcüstan, həm Azərbaycan, həm Avropa üçün böyük iqtisadi və siyasi mənası var. Bu layihə uğurla icra edilir. Azərbaycan qazı artıq 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya daha böyük həcmdə çatdırılacaq. Bu, Avropada reallaşan ən böyük energetika layihəsidir. “Cənub” qaz dəhlizinin reallaşmasına ən azı 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir. Bundan sonra ən azı 100 il ərzində Azərbaycan həm özünü, həm qonşu, həm də Avropa ölkələrini böyük həcmdə təbii qazla təmin edə biləcək.
Azərbaycan-Gürcüstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, ikitərəfli münasibətlərdə qarşılıqlı inam və etimad getdikcə güclənir. Dövlət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərib.
Bu səfərlər ölkələrarası əlaqələrin inkişafına yeni imkanlar açır. Qarşılıqlı səfərlər zamanı iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən birgə sazişlərin imzalanması dövlətlərimiz arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə verib.
Prezident İlham Əliyevin bu günlərdə Gürcüstana rəsmi səfəri də iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Prezident İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşdə ikitərəfli münasibətlərin mövcud durumu və gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi apardı. Azərbaycan Prezidentinin Gürcüstana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulandı. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.
Görüşdə beynəlxalq, ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Həmçinin iqtisadiyyat, infrastruktur, energetika, dəmiryolu, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edildi.
Rəsmi səfər zamanı Azərbaycan Respublikası Prezidentinin və Gürcüstan Prezidentinin Birgə Bəyannamə imzalamaları çox mühüm hadisə kimi xarakterizə edilə bilər. Prezident İlham Əliyev iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib: “Bu gün imzaladığımız Birgə Bəyannamə əlaqələrimizin inkişaf perspektivlərini müəyyən edir. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, birgə tariximiz və qardaşlığımız dayanır. Bəyannamədə isə inkişaf perspektivləri haqqında çox konkret müddəalar əksini tapmışdır. Demək olar ki, Gürcüstan və Azərbaycan bütün sahələrdə sıx əməkdaşlıq edir. Biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik. Bütün məsələlərdə, xüsusilə ölkələrin ərazi bütövlüyü ilə bağlı məsələlərdə bir-birimizə daim dəstək, arxa oluruq. Beynəlxalq təşkilatlarda gələcək əməkdaşlıq üçün də çox gözəl imkanlar var. Əminəm ki, iki ölkə gələcəkdə də bir-birinin mövqeyini daim dəstəkləyəcək.
Bəyannamədə münaqişələrin həlli ilə bağlı da çox dəqiq ifadələr əksini tapıb. Bütün münaqişələr, o cümlədən Gürcüstan və Azərbaycan ərazilərində baş vermiş münaqişələr ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır. Uzun illərdir ki, Azərbaycanın əzəli, tarixi torpağı - Dağlıq Qarabağ və ətrafda yerləşən yeddi rayon işğal altındadır. Əfsuslar olsun ki, bu münaqişə bu günə qədər həllini tapmayıb, baxmayaraq, bütün mötəbər beynəlxalq təşkilatlar bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qərar və qətnamələr qəbul etmişlər”.
Azərbaycanla Gürcüstan arasında siyasi sahədə olduğu kimi, iqtisadi, mədəni, humanitar sahədə də uğurlu əməkdaşlıq mövcuddur. Prezident İlham Əliyev səfəri zamanı Marneuli rayonunda “Çay evi” tədris mərkəzi ilə tanış olub. 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin dəstəyi ilə Marneuli rayonunda istifadəyə verilən “Çay evi” tədris mərkəzinin binası müasir memarlıq üslubunda inşa olunub. Tədris mərkəzində il ərzində Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarından olan gənclərə gürcü, ingilis və fransız dilləri pulsuz tədris edilir. Burada, həmçinin şahmat kursları, rəqs dərnəyi və xalçaçılıq kimi qədim milli sənətimizin sirləri öyrədilir. Üç mərtəbədən ibarət olan mərkəzin ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Burada Azərbaycan mətbəxinin təbliğinə də mühüm önəm verilir. Mərkəzdəki “Muğam” restoranında milli mətbəximizin təamları təqdim edilir.
Azərbaycan Gürcüstana böyük həcmdə sərmayə qoyur. Səfər zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılması məsələsi də müzakirə edildi. Xatırladaq ki, 28 mart 2013-cü il tarixində Batumidə Gürcüstan, Azərbaycan, Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilmiş, birgə bəyannamə imzalanmış, 2013-2015-ci illər üçün əməkdaşlıq planı qəbul edilmişdir. 25 may 2013-cü il tarixində Qəbələdə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Gürcüstanın “Invest in Georgia” Milli İnvestisiya Agentliyinin və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) iştirakı ilə III Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumu keçirilmişdir. Bu forumda ölkələrimiz arasında əməkdaşlığın yeni perspektivləri üzə çıxarılmışdır.
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycanın Gürcüstan üçün tərəfdaş ölkə kimi böyük önəm kəsb etdiyini bəyan edib: “Biz Azərbaycana təkcə tərəfdaşlıq münasibətlərinə görə deyil, həm də Gürcüstanda bir çox layihələri həyata keçirdiyinə görə minnətdarlığımızı bildiririk. Azərbaycan hər zaman Gürcüstana nəinki iqtisadi, həmçinin humanitar sahələrdə də dəstək verir. Hər bir gürcü yaxşı bilir ki, Azərbaycan bizə hansı yardımları göstərir. Bunlara misal olaraq, uşaq bağçaları, kilsələr, idmançılarla bağlı xeyriyyə layihələrinin həyata keçirilməsinə verilən dəstəyi və köməyi qeyd edə bilərik. Bu əməkdaşlığa görə də biz Azərbaycana öz təşəkkürümüzü bildiririk. Gürcü xalqı da hər zaman dost Azərbaycan xalqının yanında olacaq”.
Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi və mənəvi inkişafının təmin edilməsi dövlətimizin beynəlxalq miqyasda siyasi imicini daha da yüksəldib, onu beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu subyektinə çevirib. Regionda beynəlxalq və regional miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyada etibarlı və inamlı tərəfdaş kimi qəbul olunur. Gürcüstan dövlətinin də Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafına böyük önəm verməsi bu zərurətdən irəli gəlir .
Elnur HACALIYEV,
Azərbaycan.-2015.- 8 noyabr.- S. 1, 3.