“Time” jurnalı: Azərbaycan Yaxın Şərqdə tolerantlıq
vadisidir
Xəbər verdiyimiz kimi,
ABŞ-ın Kaliforniya
ştatında yerləşən
Sinay məbədinin üzvlərindən ibarət
50 nəfərlik heyət
30 oktyabr–4 noyabr tarixlərində
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
“Azərbaycan multikulturalizminə
səyahət” layihəsi
çərçivəsində ölkəmizdə səfərdə
olub. Nümayəndə heyətinə Sinay
məbədinin böyük
ravvini Devid Volp rəhbərlik edirdi. Səfərin əsas məqsədlərindən
biri Dağ yəhudilərinin sinaqoquna
Müqəddəs Tövratın
bağışlanması idi.
Səfər çərçivəsində
qonaqlar Quba Soyqırımı Memorialını
ziyarət edib, Qırmızı Qəsəbədə
olub, Xarici İşlər Nazirliyində,
Qafqaz Müsəlmanları
İdarəsində və
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində
görüşlər keçiriblər.
Səfərlə bağlı nümayəndə
heyətinin rəhbəri
Devid Volpun ABŞ-da çıxan “Time” jurnalında “Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir” adlı məqaləsi dərc edilib.
Müəllif yazır: “Keçən
həftənin şənbə
günü səhər
tezdən mən öz icmamın 50 üzvü ilə çox nadir bir təcrübə yaşadıq:
biz birbaşa sinaqoqa getdik.
Bu, o qədər də əlamətdar olmayan bir hadisə kimi qəbul edilə bilər, ancaq dünyanın bir çox ölkələrinə səyahət
edən hər bir kəs bilir
ki, sinaqoqları ziyarət etmək elə də asan iş deyil.
Dünyanın bir çox
yerlərində sinaqoqlar
sutkada 24 saat fəaliyyət göstərmir.
Mənim
təmsil etdiyim Los-Anceles sinaqoqunda da binanın mühafizə işçiləri
buraya gələn maşınların yük
yerlərini yoxlayırlar.
Dəfələrlə olub ki, mən xarici yəhudi icmalarına məktublar yazaraq, o şəhərlərdə kimlərinsə
sinaqoqu ziyarət etmələrinə icazə
vermələrini xahiş
etmişəm. Mən tez-tez
bu barədə düşünmüşəm ki, antiislam və
antisemitizm əhval-ruhiyyələri
gücləndirən mətləblər
arasında bir fərq var. Bu da belə bir sadə
faktla ifadə oluna bilər ki, məscidlər adətən mühafizə
olunmur, əksər sinaqoqlar isə ciddi təhlükəsizlik
tədbirləri ilə
qorunur.
Bununla belə, bir müsəlman ölkəsinin
şənbə günündə
yəhudilər azad bir şəkildə sinaqoqa birbaşa daxil oldular və
heç kim
bu ziyarətçiləri
nə sorğu-suala tutdu, nə də çantalarını
yoxladı”.
Məqalədə deyilir ki, Azərbaycan
əlamətdar istisnadır. Bir həftə əvvəl Qüds şəhərində
bir İsrail diplomatı bizimlə görüşdə bu sözləri demişdi: “Mən İsveçdə
başımda kipa ilə gəzməyə ehtiyat edirəm, amma Azərbaycanda yox. Azərbaycanda heç kəs
buna görə sənə problem yaratmayacaq”.
Mən bunu təsdiq edə bilərəm.
Bakı küçələrində bir
həftəyə yaxın
kipa ilə gəzdim, nəzakət və mehribanlıqdan başqa bir qarşılıq görmədim.
Bu, dünyada çox
az rastlanan
qeyri-adi bir nailiyyətdir. Azərbaycan başqa dini
ənənələrin intişarını
ehtiva edən iftixarlı və qədim tarixə malik bir ölkədir.
Əhalisinin 90 faizini sünnilərlə
şiə əksəriyyətli
müsəlmanların təşkil
etməsinə baxmayaraq,
burada yəhudilər özlərini rahat və hörmətli vətəndaşlar kimi
hiss edirlər. Bunu digər
dini azlıqlar haqqında da demək olar.
D.Volp qeyd edir: “Bizim
Azərbaycana səfərimizin
əsas məqsədi
Bakının dağ yəhudilərinə Tövratı
təqdim etmək idi. Bu ölkədə
yaşayan 30 min yəhudi
arasında dağ yəhudilərinin min illər
əvvəllərə gedib
çıxan çox
qədim bir tarixi var.
Ziyarətimizin əlaqələndiricisi Azərbaycanın
Los-Ancelesdəki baş
konsulu Nəsimi Ağayev idi. Biz səfərimiz zamanı Quba rayonunun Qırmızı Qəsəbəsində
olduq. Sovet hakimiyyəti qurulana
qədər “Yəhudi
kəndi” adlanan Qırmızı Qəsəbədə
hazırda 4000-ə yaxın
yəhudi yaşayır.
Bu, İsrailin hüdudlarından kənarda
olan ən böyük yəhudi şəhərlərindən biridir.
Biz yay və
qış sinaqoqlarında
olduq, dualar etdik, küçələri
gəzdik və Qafqazda yerləşən bu kiçik dövlətdə yəhudilərin
necə rahat həyat tərzi sürdüklərinə heyran
olduq”.
Məqalədə vurğulanır ki, Azərbaycanın İsraillə yaxın münasibətləri var. Dövlət rəsmiləri tez-tez ölkədən-ölkəyə səfər edirlər (Təl-Əvivdən Bakıya uçan təyyarədə yanımda İsrailin Baş nazirinin keçmiş müavini Aviqdor Liberman əyləşmişdi. İsrailin Baş naziri və Prezidenti də Azərbaycanda olublar).
Azərbaycandakı mövcud tolerantlıqdan bəhs edilən yazıda bildirilir ki, dünyanın o biri hissəsində tolerantlığa qarşı güclü təzyiqlər var.
Oxucuların diqqətinə çatdırılır ki, yəhudilərin bu həyatının qəbul edilməsi görüntü üçün deyil. “Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə ilə görüşlərimizdə o, istər ölkədəki, istərsə də Amerikadakı yəhudi xalqı ilə dostluğundan və qardaşlığından danışdı. O, dəfələrlə xristianların, müsəlmanların və yəhudilərin, eyni zamanda, digər xalqların birlikdə yaşamasının digər xalqlar üçün nümunə ola biləcəyindən danışdı”, - deyə Devid Volp qeyd edir.
Sinay məbədinin böyük ravvini yazır: “Beş gün ərzində bizim qrupumuz ölkə ərazisində səyahət edərək rəsmi şəxslərlə, incəsənət nümayəndələri ilə və yerli yəhudilərlə görüşlər keçirdi. Bizə koşer yeməyi verdilər. Biz yəhudi icmasının nümayəndələri ilə ayrılıqda söhbət etdik. Azərbaycanın görkəmli şəxsləri ilə eyni qəbiristanlıqda dəfn edilmiş Azərbaycanın Milli Qəhrəmanı, yəhudi xalqının nümayəndəsinin məzarını ziyarət etdik. Bundan başqa, Bakının böyük bir meydanında hicabı atan qadın heykəlini gördük. Bu, “Azad Qadın” heykəli adlanır”.
Bildirilir ki, dözümsüzlüyün artdığı və inkişafın böyük təhlükə altında olduğu bu dünyada Azərbaycandan öyrəniləsi çox şey var. Bu kiçik, düşmənçilik yox, dostluq, sülh istəyən ölkənin gördüyü işləri nəzərə alıb qiymətləndirməyin əsl vaxtıdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.- 2015.- 8 noyabr.- S. 4.