Prezident İlham
Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş
ümumi yığıncaqda iştirak edib
Noyabrın
9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik
yubileyinə həsr olunmuş ümumi yığıncaq
keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak edib.
Dövlətimizin başçısı AMEA-nın ümumi yığıncağında nitq söyləyib.
Prezident İlham
Əliyevin nitqi
-Hörmətli xanımlar və cənablar, əziz dostlar.
İlk növbədə, mən sizi və bütün Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edirəm. Biz bu əziz gündə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyini qeyd edirik. Bu münasibətlə də bütün Azərbaycan alimlərini ürəkdən təbrik edirəm, onlara yeni uğurlar, nailiyyətlər arzulayıram.
Bu 70 ildə Akademiya böyük və uğurlu yol keçmişdir. Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmlənməsinə çox dəyərli töhfələr vermişdir. Kadr hazırlığı işinə də dəyərli töhfələr vermişdir. Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər.
Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər.
Azərbaycan da o ölkələrin sırasında olmalıdır. Bu gün biz çalışırıq ki, həyatımızın müxtəlif istiqamətlərində ən müasir texnologiyalar Azərbaycana gətirilsin, tətbiq edilsin və bizim alimlərimiz də gələcəkdə öz işlərini bu texnologiyalar əsasında daha səmərə ilə qura bilsinlər.
Bildiyiniz kimi, müstəqilliyimizin ilk illərində Akademiyanın işinə münasibət o qədər də müsbət deyildi. Alimlər yaxşı xatırlayırlar ki, 1992-ci ildə o vaxtkı hakimiyyət hətta Akademiyanın bağlanması ilə bağlı təklif irəli sürmüşdü. Ümumiyyətlə, o vaxtkı rəhbərlik hesab edirdi ki, Azərbaycanda Milli Elmlər Akademiyasına ehtiyac yoxdur.
Bu, çox səhv bir yanaşma idi. Xoşbəxtlikdən
1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın
tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra, əlbəttə,
bütün bu söhbətlərə son qoyuldu. Ulu Öndərin ictimaiyyətlə ilk
görüşü məhz alimlərlə, Milli Elmlər
Akademiyasının binasında olmuşdu. O vaxtdan bu
günə qədər Azərbaycan elminin inkişafına
çox böyük diqqət göstərilir. Bu
sahə bu gün də prioritet sahələrdən biridir.
Əlbəttə ki, müstəqilliyimizin ilk illərində
bizim maliyyə vəziyyətimiz indiki kimi deyildi. Azərbaycan
çox ağır dövr yaşayırdı. Həm siyasi böhran, hərbi böhran, vətəndaş
müharibəsi, torpaqlarımızın işğal
altına düşməsi və iqtisadi tənəzzül, əlbəttə,
imkan vermirdi ki, Akademiyanın inkişafına lazımi səviyyədə
maliyyə vəsaiti ayrılsın. Ancaq o
vaxt da imkan daxilində bu məsələlər öz həllini
tapırdı.
Əlbəttə, indiki dövrdə Azərbaycan
artıq dünya miqyasında öz iqtisadi inkişaf modelini
ortaya qoyub və iqtisadi inkişaf templərinə görə
çox böyük rəğbətlə
qarşılanır. Ona görə də bu gün biz
Akademiyanın işinə daha da böyük həcmdə vəsait
ayıra bilirik, bunu edirik. Onu da qeyd etməliyəm
ki, bu sahədə alimlərin, elmi ictimaiyyətin təklifləri
də nəzərə alınır. Mən
xatırlayıram ki, dörd il bundan əvvəl
bu binada, bu salonda çıxış edərək fikirlərimi
bildirmişdim. O vaxt çıxış edən alimlər də
təkliflərini irəli sürmüşdülər. O təkliflərin
demək olar ki, hamısı ya icra edilibdir, ya da icra edilir.
Son illər ərzində Akademiyanın maddi-texniki
bazası möhkəmlənib, gözəl bina əsaslı təmir
edilib. Akademiya institutlarının təmirinə vəsait
ayrılıb. Elmi kitabxana kompleksi
yaradılıb. Şamaxı Astrofizika Rəsədxanası
əsaslı təmir edilib. Milli
Ensiklopediya üçün gözəl bina tikilibdir. Yəni, bütün bunlar Azərbaycan dövlətinin
siyasətini ifadə edir. Biz çox istəyirik
ki, elmi inkişaf üçün daha da gözəl şərait
yaradılsın. Bununla bərabər, elmin
inkişafı üzrə milli strategiya və dövlət
proqramı artıq beş-altı ildir ki, qəbul edilib və
icra olunur. Hesab edirəm ki, Elmin
İnkişafı Fondunun yaradılması da bu istiqamətdə
atılan çox önəmli addımdır. Çünki bu Fond imkan yaradır ki, həm gənc
alimlərə qrantlar verilsin, həm də elmi
araşdırmalar aparılsın. Ümumiyyətlə,
bu, əlbəttə, elmin inkişafına müsbət təsir
göstərir.
Bu gün bu salonda alimlər qarşısında
çıxış edərkən ölkəmizin gələcək
inkişafı və alimlərin bu inkişafda rolu ilə
bağlı bəzi fikirlərimi bölüşmək istəyirəm.
Bu gün dünyada yeni bir dövr yaşanır. Bunu
televiziyadan və kütləvi informasiya vasitələrindən
hər bir vətəndaş görür ki, həm bölgədə,
həm dünyada inkişaf, əfsuslar olsun, müsbət
istiqamətdə getmir. Yeni təhlükələr,
təhdidlər, risklər, qarşıdurmalar, müharibələr
yaranır. Əfsuslar olsun ki, gələcəklə
bağlı proqnoz verərkən nikbinlik üçün
heç bir əsas yoxdur. Belə bir şəraitdə
hər bir ölkə, əlbəttə, ilk növbədə
daxili resurslara arxalanmalı, öz təhlükəsizliyini
daha da böyük dərəcədə təmin etməli,
dünyada yaşanan maliyyə və iqtisadi böhran zamanı
öz iqtisadi modelində müəyyən düzəlişlər
aparmalıdır.
Azərbaycan artıq neçə ildir ki, müstəqil
siyasət apararaq həm siyasi, həm iqtisadi sahələrdə,
beynəlxalq münasibətlər sahəsində müstəqil
fəaliyyət göstərir. Bizim fəaliyyətimiz
xalqın milli maraqları üzərində qurulubdur. Bu, bizim üçün əsas şərtdir, əsas
vəzifədir və bütün səylərimiz bu məqsədə
xidmət göstərir.
Əlbəttə,
biz də dünyada, bölgədə gedən prosesləri izləyərək
çalışmalıyıq ki, ölkəmiz
üçün riskləri nə qədər mümkünsə
minimum səviyyəsinə endirək və buna nail ola bilirik. Bu gün alovlanan
bölgədə Azərbaycan sabitlik adasıdır, sülh, əmin-amanlıq
məkanıdır. Azərbaycan vətəndaşları
əmin-amanlıq şəraitində yaşayırlar,
yaradırlar. Əminəm ki, görülən
və görüləcək tədbirlər nəticəsində
bu müsbət dinamika, müsbət ab-hava Azərbaycanda daha
da güclənəcək.
Eyni zamanda, bu gün dünyada yaşanan iqtisadi böhran
hələ ki, davam edir, sonu görünmür. Belə olan
halda biz iqtisadi sahədə daha da ciddi islahatlar
aparmalıyıq.
Ümumiyyətlə,
son illər ərzində bizim siyasətimiz ondan ibarət idi
ki, biz neft-qaz amilindən
asılılığımızı maksimum dərəcədə
aşağı salaq, ölkə iqtisadiyyatının şaxələndirilməsinə
nail olaq, bölgələrdə yeni iş yerlərinin, sənaye
müəssisələrinin yaradılması məsələlərini
həll edək. Hələ 2004-cü ildə
birinci regional inkişaf proqramının qəbulu məhz bu məqsədi
güdürdü. Şadam ki, bu proqramlar
artıq ardıcıllıqla icra edilir və bölgələrin
siması dəyişilib. Yeni müəssisələr,
sosial obyektlər, infrastruktur layihələri ölkəmizi
gücləndirir və neft-qaz amilindən
asılılığımızı böyük dərəcədə
azaldır. Əgər ümumi daxili məhsulumuzun
strukturuna baxsaq görərik ki, hazırda neft-qaz sektoru burada təqribən
30 faiz təşkil edir, gələcəkdə bu rəqəm
daha da aşağı düşməlidir.
Ancaq bununla bərabər, bu gün biz iqtisadiyyatın
yeni modeli haqqında düşünürük. Hökumətə,
dövlət qurumlarına müvafiq göstərişlər
verilmişdir və çox istərdim ki, bizim alimlərimiz də
bu işlərdə fəal iştirak etsinlər.
Əminəm ki, bizim iqtisadi inkişaf dinamikamız davam
edəcəkdir. Çünki bunun təməlində həm
artıq görülmüş işlər, infrastruktur layihələri,
gözəl investisiya iqlimi dayanır, eyni zamanda,
dünyanın mötəbər iqtisadi qurumları da fəaliyyətimizi
yüksək qiymətləndirirlər. Həm Dünya
Bankı, həm Beynəlxalq Valyuta Fondu hesab edir ki, bu bölgədə
- Şərqi Avropada gələcək illərdə ən
yüksək iqtisadi templərlə inkişaf edən ölkə
Azərbaycan olacaqdır. Təsadüfi deyil ki,
Davos Ümumdünya İqtisadi Forumu ölkə
iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə
görə Azərbaycanı 40-cı yerə layiq
görüb. Bu, çox böyük nəticədir.
İki yüz ölkənin arasında 40-cı
yeri tutmaq, bir çox inkişaf etmiş ölkələri
qabaqlamaq doğrudan da böyük nailiyyətdir və bunu biz
neftin, qazın hesabına əldə etməmişik. Düşünülmüş siyasət, iqtisadi
islahatlar bunu mümkün etmişdir. Biz
çalışmalıyıq ki, bu yüksək templəri
növbəti illərdə də saxlayaq və beləliklə,
iqtisadi inkişafı uzunmüddətli, dayanıqlı edək.
Çünki bizim iqtisadi uğurlarımız və
iqtisadi müstəqilliyimiz dövlət müstəqilliyimizin
əsasıdır. Əgər biz başqa ölkələrdən
asılı vəziyyətdə olsaydıq müstəqil
siyasət apara bilməzdik. Bizim
gücümüz məhz bundadır. Ona
görə də biz çalışırıq ki, daxili
resurslardan maksimum dərəcədə istifadə edək və
heç kimdən asılı olmayaq. Asılı
oldunsa, gərək başqasının sifarişlərini
yerinə yetirəsən, yaxud da ki, əziyyət çəkəsən.
Biz istəmirik ki, heç kimdən asılı
olaq. İstəyirik ki, öz yolumuzla gedək,
xalqımız daha da yaxşı yaşasın, dövlətimiz
daha da güclənsin. Bir daha demək istəyirəm
ki, iqtisadi müstəqillik dövlət müstəqilliyinin əsasıdır.
Ona görə hesab edirəm ki, alimlər bu yeni
vəziyyətlə bağlı öz dəyərli təkliflərini
verməlidirlər və verəcəklər.
Bir məsələni də əlavə etmək istəyirəm. Azərbaycanda
çox müsbət demoqrafik vəziyyət mövcuddur.
Bu da son illər ərzində ölkənin
inkişafı ilə bağlıdır. Çünki
əgər biz demoqrafiyanın statistikasına nəzər
yetirsək, görərik ki, ölkəmiz üçün ən
ağır illərdə demoqrafik vəziyyət çox mənfi
idi. Ancaq ölkə iqtisadiyyatı
inkişaf etməyə başlayandan, sabitlik tam bərqərar
olandan sonra demoqrafik vəziyyət yaxşılaşdı.
Bu gün Azərbaycan əhalisi sürətlə
artır, bir neçə ildən sonra 10 milyon səviyyəsinə
çatacaqdır. Əlbəttə ki, bu,
bizim böyük sərvətimizdir. Əhalimiz
nə qədər çox olarsa, ölkəmiz də o qədər
güclü olacaqdır. Ancaq bu vəziyyət,
eyni zamanda bir çox məsələlərin həllini diktə
edir. Artan əhali artan iş yerləri deməkdir. Biz son
on il ərzində bir milyondan artıq daimi
iş yeri açdıq. Ancaq bu proses davam etməlidir. İş yerlərinin açılması
üçün həm dövlət investisiyaları, həm
də xarici investisiyalar qoyulmalıdır. İndi
bizim gəlirlərimiz azalır, bu, təbiidir, neftin qiyməti
100 dollardan 50 dollara, ondan da aşağı səviyyəyə
düşübdür. Biz gələn ilin
dövlət büdcəsində ixtisarlar etmişik, bəzi
investisiya layihələrini təxirə salmışıq.
Ona görə iş yerlərinin yaradılması gələcəkdə
investisiya iqliminin daha da yaxşılaşması ilə
bağlı olmalıdır. Biz
çalışmalıyıq ki, Azərbaycana daha çox
xarici sərmayə cəlb edək. Ümumiyyətlə,
hesab edirəm ki, bizim alimlərimiz demoqrafik vəziyyətlə
bağlı daha da fəal işləməlidirlər. Burada sosial yük artacaq, yəni, yeni uşaq
bağçaları, yeni məktəblər tikilməlidir,
yeni sənaye müəssisələri
yaradılmalıdır, binalar, evlər, o cümlədən fərdi
evlər inşa edilməlidir. Bunun
üçün torpaq sahələri lazımdır. Biz o torpaq sahələrini haradan əldə edək?
Şəhərsalma ilə bağlı yeni
çağırışlar üzə çıxır.
Nəqliyyatın yükü böyük
olacaqdır. Yəni, bütün bunlar
reallıqdır. Əgər biz bunlar barədə
fikirləşməsək, gün gələcək ki, bu,
böyük problemlərə gətirib çıxaracaq.
Ona görə biz indidən bütün bu
demoqrafik inkişafı əsas götürərək,
bütün istiqamətlər üzrə yeni
strategiyamızı buna uyğun şəkildə müəyyən
etməliyik.
Bu günə qədər və hətta bu gün bizim əsas
vəzifəmiz infrastruktur layihələri idi. Biz onları
Bakıda və bölgələrdə icra edirik. Əlbəttə, elektrik enerjisi ilə təchizat,
qazlaşdırma, içməli su, meliorasiya, kənd
yolları, magistral yollar, təmir işləri bundan sonra da
davam edəcək. Ancaq bunlarla bərabər,
mütləq yeni yanaşma da olmalıdır.
Son illər ərzində sənayenin inkişafı ilə
bağlı çox ciddi addımlar atılmışdır. Bunun nəticəsidir
ki, bu ilin doqquz ayında bizim qeyri-neft sənayemiz 10 faizdən
çox artıbdır. İndiki şəraitdə
bu, tarixi nailiyyətdir. Hazırda Azərbaycanda
reallaşan və planlaşdırılan böyük sənaye
layihələri gələcəkdə qeyri-neft
potensialımızı gücləndirəcək, ixrac
potensialımızı böyük dərəcədə
artıracaq. Texnoparklar yaradılır.
Kimya Sənaye Parkının artıq təməli
qoyulubdur. Orada artıq ilk müəssisələr
yaradılıb. Azərbaycan alimləri
bütün bu işlərdə fəal iştirak etməlidirlər.
Əlbəttə ki, bütün bu istiqamətdə
inşaat və mühəndislik işlərini xarici
podratçılar icra edirlər. Ancaq
müvafiq dövlət qurumlarına göstəriş
verilmişdir ki, Azərbaycan alimlərini də bu işə cəlb
etsinlər. Xahiş edirəm ki, alimlər
özləri də bu işlərdə fəallıq göstərsinlər.
Azərbaycanda ərzaq təhlükəsizliyi ilə
bağlı çox böyük işlər
görülübdür. Biz özümüzü bütün əsas
ərzaq məhsulları ilə demək olar ki, ya 100 faiz, ya 90
faiz təmin edirik. Bu proses davam etdiriləcəkdir. Son illər ərzində taxılçılıqda
20-yə yaxın iri fermer təsərrüfatı
yaradılmışdır. Bu təsərrüfatlarda
bir hektarda məhsuldarlıq 55-60 sentnerdir. Yəni,
ümumi məhsuldarlıqdan iki dəfə çoxdur. Nəyə görə? Çünki
orada elmi yanaşma, müasir texnologiyalar tətbiq olunur,
onlardan istifadə edilir. Bu nəticələrin
qazanılmasında alimlərin çox böyük zəhməti
var. Nəzərə alsaq ki, əhalimizin təxminən 50
faizi aqrar bölgələrdə yaşayırlar, gələcəkdə
kənd təsərrüfatının inkişafı həm
iqtisadi, həm sosial məsələ kimi daim gündəlikdə
olacaqdır.
Təsadüfi
deyil ki, bu il Azərbaycanda “Kənd təsərrüfatı
ili” elan edilmişdir. Bu ilin 9 ayında kənd təsərrüfatı
təxminən 7 faiz artmışdır. Bu
da çox böyük göstəricidir. İndi
Azərbaycan dövləti suvarma, meliorasiya işlərinə
böyük sərmayə qoyur. İki
böyük su anbarı - Taxtakörpü və Şəmkirçay
su anbarları tikilib. Bu, tarixi nailiyyətdir.
İndi suvarılan torpaqların sahəsi
böyük dərəcədə artır və artacaq.
Yeni suvarılan və suvarılması
yaxşılaşdırılan torpaq sahələri 100 min
hektarla ölçüləcək. Burada
mütləq elmi yanaşma olmalıdır. Biz burada xaotik vəziyyətə imkan verə bilmərik.
İşlər planlı şəkildə
görülməlidir ki, hansı sahələrdə hansı
məhsullar yetişdirilsin. O məhsulların
yetişdirilməsi üçün dövlət hansı
işləri görməlidir? Burada alimlərin
sözü əsas olmalıdır. Müvafiq qurumlara - həm
İqtisadiyyat və Sənaye Nazirliyinə, həm də Kənd
Təsərrüfatı Nazirliyinə
tapşırılmışdır ki, görüləcək
bütün işlər elmi əsaslar üzərində
qurulmalıdır. Xahiş edirəm, Azərbaycan
alimləri də, Milli Elmlər Akademiyası da bu işlərə
çox fəal qoşulsunlar.
Biz ixrac potensialımızı böyük dərəcədə
artıra bilərik. Yəni, biz dünya bazarlarına daha
böyük həcmdə kənd təsərrüfatı məhsulları
ilə çıxa bilərik. Beləliklə,
fermerlərin həyat səviyyəsini böyük dərəcədə
yaxşılaşdıra bilərik. Bizim gələcək
inkişafımızı sənaye və kənd təsərrüfatı
sahələri müəyyən edəcək. Ona görə dövlət siyasəti birmənalıdır.
Dövlət qurumlarına göstərişlər
verilib. Alimlərdən xahiş edirəm
ki, bu məsələ ilə çox ciddi məşğul
olsunlar.
Burada mənim son çıxışımdan ötən illər ərzində Azərbaycanda çox əlamətdar hadisələrdən biri də kosmik sənayenin yaradılması olmuşdur. Birinci telekommunikasiya peyki orbitə çıxarıldı. Ondan sonra Yer səthini müşahidə etmək üçün orbitə peyk buraxıldı. İndi biz üçüncü peykin buraxılması ilə məşğuluq. Doğrudan da ölkədə yeni sənaye istiqaməti, yeni elmi sahə yaradılmışdır. Əlbəttə ki, bu sahədə ilk növbədə beynəlxalq əməkdaşlıq daha da dərinləşməlidir. Çünki bu sahə bizim üçün yenidir. Xarici tərəfdaşlarla mütləq müxtəlif tədbirlər - seminarlar, konfranslar, elmi–praktik tədbirlər keçirilməlidir. Biz kadr potensialının hazırlanması işində daha da fəal olmalıyıq. Çünki bu yeni kosmik sənaye artıq yaradılıbdır. Azərbaycan dünyanın sayı o qədər də çox olmayan kosmik klubuna da üzv olmuşdur. Bu, bizim siyasətimizi əks etdirir. Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var. Çünki kadr potensialı güclüdür. Təhsil lazımi səviyyədədir. Savadlılıq təxminən 100 faizdir. Bu, elmin inkişafı üçün əsas bazadır. Elmin inkişafına diqqət və qayğı göstərilir. Bütün bu amillər var. Əsas məsələ ondan ibarətdir ki, bütün bu strategiyamızı düzgün planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə də birincilər sırasında olsun.
Azərbaycanda hərbi sənaye yaradılıbdır. Artıq 10 ildir ki, Müdafiə Sənayesi Nazirliyi yaradılıbdır. Əgər o vaxt bu qərar qəbul edilməsə idi, bu gün biz sənayenin bu sahəsinin inkişafından bəhrələnə bilməzdik. Biz hazırda mindən çox adda hərbi təyinatlı məhsul istehsal edirik.
Ordumuzun tələbatının böyük hissəsini Azərbaycan özü təmin edir. Xüsusilə nəzərə alsaq ki, biz müharibə şəraitindəyik, bu, tarixi nailiyyətdir. Lazım olan texnikanı, silahları bəzi hallarda əldə edə bilmirik. Bəzi hallarda embarqolar var. Onların heç bir əsası yoxdur. Amma bu, başqa məsələdir. Biz bunu bilirdik. Bu gün Azərbaycan Ordusunun əsas təminatı daxili istehsal sayəsində mümkündür. Bilirəm, alimlər burada iştirak edirlər, amma daha da fəal iştirak etməlidirlər. Biz əlbəttə ki, müasir texnologiyalar alırıq. Onları aldıqca biz o texnologiya ilə tanış oluruq. Bizə lazım olan bütün növ silahları gələcəkdə özümüz istehsal edə bilərik. Heç olmasa o nümunələrdən istifadə edə bilərik. Ona görə burada Azərbaycan alimlərinin fəaliyyəti üçün çox geniş bir meydan var. Azərbaycan dövləti də öz tərəfindən çalışacaq ki, alimləri bu işlərə daha da böyük dərəcədə cəlb etsin.
Əlbəttə ki, iqtisadi inkişafımızın ənənəvi neft-qaz sahəsi haqqında da bir neçə kəlmə demək istəyirəm. Alimlər yaxşı bilir ki, Xəzər dənizinin bütün neft-qaz yataqlarını Azərbaycan alimləri kəşf ediblər. Azərbaycanın elmi məktəbi olmasaydı, bu yataqlar kəşf edilməyəcəkdi, yaxud da ki, nə vaxtsa ondan sonra kəşf ediləcəkdi. Bu gün Azərbaycan alimləri ölkədə aparılan neft-qaz əməliyyatlarının uğurla həyata keçirilməsində mühüm rol oynayırlar. Həm xarici tərəfdaşlarla əməkdaşlıqda, həm də Azərbaycan Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələrdə iştirak edirlər. Əlbəttə, bizim üçün bu sahə də strateji sahədir. Bizim neft-qaz yataqlarımız kifayət qədər böyükdür. Qaz yataqlarımızın ehtiyatları azı 100 il özümüzə və tərəfdaş ölkələrə ixrac etmək üçün kifayət edəcək. Əlbəttə, bizim alimlərimiz də dünyada bu sahədə mövcud olan və yeni yaranan texnologiyalarla tanış olmalıdırlar. Çünki son illər ərzində bu sahədə böyük bir inkişaf müşahidə olunur. Əvvəlki illərdə qaza bilmədiyimiz dərinliklərə indi biz nəinki asanlıqla quyular qazırıq, hətta Bakıda, yerin ən dərin qatında qazma işləri apara biləcək böyük qazma qurğuları inşa edilir. Ona görə bu sahə həm bizim üçün, həm də tərəfdaşlarımız üçün strateji sahədir.
Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır, neft-qaz sektorunda, bəzi ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır. Bir neçə ildən sonra bizim tərəfdaşlarımızın sayı daha da artacaq. Çünki “Cənub” qaz dəhlizinin icrasından sonra 10-a yaxın, gələcəkdə ondan da çox ölkə Azərbaycan qazını əldə etmək üçün imkan qazanacaq. Ona görə ki, bu sahədə də Azərbaycan liderliyi öz üzərinə götürmüşdür. “Cənub” qaz dəhlizinin, TANAP layihəsinin nəinki təşəbbüskarı, aparıcı qüvvəsi də Azərbaycandır. Biz, eyni zamanda, öz maliyyə resurslarımızı da bu sahəyə yönəldirik.
Əlbəttə, alimlərin qarşısında duran vəzifələr çoxdur. Mən burada hər bir vəzifə haqqında öz fikirlərimi desəm yəqin ki, çox vaxt gedər. Hesab edirəm ki, dediklərim kifayətdir. Çünki mənim əsas istəyim ondan ibarətdir ki, ilk növbədə Azərbaycan elmi inkişaf etsin, digər tərəfdən ölkəmizin ümumi inkişafına öz töhfəsini versin. Yəni, elmi araşdırmalar sadəcə olaraq araşdırmalar üçün deyil, ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir.
Çıxışımın sonunda humanitar elmlər haqqında bir neçə kəlmə demək istəyirəm. Bu sahə daim diqqət mərkəzindədir. Azərbaycanda son illər ərzində keçirilən müxtəlif tədbirlər – Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu artıq Azərbaycanı dünyada multikulturalizmin mərkəzi kimi təqdim edibdir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Çünki bu, bizim üçün normal həyat tərzidir. Halbuki, biz indi bəzi ölkələrdə fərqli mənzərə görürük. Hətta bəzi siyasi liderlər çox təhlükəli ifadələr işlədirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu, həm yanlış, həm də təhlükəli fikirlərdir. Çünki multikulturalizmin alternativi yoxdur. Nədir alternativ – ksenofobiya, diskriminasiya, ayrı-seçkilik, irqçilik. Əfsuslar olsun ki, biz bütün bunları hər gün televizorlarda görürük. Azərbaycan bu sahədə də öz modelini ortaya qoyur. Hesab edirəm ki, Azərbaycan alimləri bu mövzu ilə bağlı daha da fəal ola bilərlər. Azərbaycanda multikulturalizmin tarixi, ənənələri, bugünkü reallıqları haqqında elmi əsaslandırmalar və dövlət siyasəti əsasında həm Azərbaycan dilində, həm xarici dillərdə daha da böyük elmi əsərlər yaradıla bilər. Hesab edirəm ki, bu sahədə elmi araşdırmalar həm çox maraqlı, həm də bizim üçün çox faydalı olacaqdır.
Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi, hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır.
Sonda tarix elmləri ilə bağlı bir
neçə kəlmə demək istəyirəm. Azərbaycanın
çox zəngin tarixi vardır. Azərbaycan alimləri
də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər.
Biz öz tariximizi, bu reallıqları dünya
miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk
növbədə, bizi tanısınlar, görsünlər ki,
nə qədər zəngin tariximiz var. Digər tərəfdən,
bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif
etməyə çalışırlar və diaspor
imkanlarından istifadə edərək, bəzi hallarda buna nail
olurlar. “Erməni alimləri” xüsusilə
regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan,
uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar
keçirirlər. Əlbəttə ki,
bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar
bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan
torpaqlarında yaradılıbdır. Təkcə
XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən
dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər
kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən
kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin
adları Azərbaycan mənşəlidir. Budur reallıq. İrəvan
xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar
olubdur. Çox şadam ki, mənim
tövsiyəmlə İrəvan xanlığı haqqında
çox sanballı elmi əsər yaradılıb, bir
neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər faktlar, həqiqətlər
üzərində yaradılır.
Dağlıq Qarabağ əzəli Azərbaycan
torpağıdır. “Qarabağ”, “Xankəndi” Azərbaycan
sözləridir. Mən dəfələrlə
bildirmişəm ki, əgər Xankəndinin hər hansı
bir tarixi adı olsaydı ermənilər o adı bərpa edərdilər.
Onun “Stepanakert” adı bolşevik erməni quldur
dəstəsinin rəhbəri Stepan Şaumyanın şərəfinə
qoyulubdur. Yəni, bunu biz hamımız
bilirik, amma dünya da bilməlidir. Hər
yerdə bilməlidirlər ki, bu, bizim
torpağımızdır, bizim haqqımız var o torpaqda
yaşamağa. Beynəlxalq hüquq təbii
ki, bizim mövqeyimizi müdafiə edir. Ancaq
bütün dünya ictimaiyyəti bilməlidir ki, təkcə
beynəlxalq hüquqla məsələ məhdudlaşmır.
Bu, bizim tarixi, əzəli
torpağımızdır. Ermənilər
Dağlıq Qarabağa və bəzi başqa yerlərə
XIX əsrdə İrandan, Şərqi Anadoludan
köçürülmüşlər. Hansı
məqsədlə köçürülmüşlər biz
bunu yaxşı bilirik. Bütün
bunları biz gərək kitablar formasında daha da geniş
şəkildə yayaq və beləliklə, bütün
dünyaya sübut edək ki, bu, bizim tarixi, əzəli
torpağımızdır.
Hesab edirəm, vaxt gəlib çatıb ki, müstəqillik
dövrünə həsr edilən sanballı elmi əsər
də yaradılsın. Gələn il biz müstəqilliyimizin
25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər
əgər belə sanballı elmi əsər yaradılarsa,
bayramımıza çox yaxşı töhfə ola bilər.
Əziz dostlar, Akademiya üzvləri, alimlər, mən
sizi bir daha salamlayıram, Akademiyanın 70 illiyi münasibətilə
təbrik edirəm. Sizi əmin edirəm ki, mən gələcəkdə
də Akademiyanın inkişafına daim diqqət göstərəcəyəm
və Akademiya qarşısında duran bütün vəzifələrə
daim dəstək olacağam. Sağ olun.
X X X
AMEA-nın
prezidenti, akademik Akif
ƏLİZADƏ çıxış edərək dedi:
-Möhtərəm
cənab Prezident.
İcazə verin, ilk növbədə, dərin məzmunlu
nitqinizə görə Sizə bütün Azərbaycan alimləri
adından təşəkkürümü bildirim. Müəyyən
etdiyiniz hədəflər, qaldırdığınız
problemlər və qarşıya qoyduğunuz vəzifələr
bizim gələcək fəaliyyət proqramımızın əsasını
təşkil edəcək. Sözsüz
ki, bütün bunları gerçəkləşdirmək
üçün bizə mövcud potensialımızla
yanaşı, kreativ düşüncəyə malik gənclər,
yeni texnologiyalara və innovasiyalara yiyələnməyə
qadir insanlar, maddi-texniki bazamızın müasir tələblər
səviyyəsinə qaldırılması və bir sıra
sosial problemlərimizin həlli gərəkdir. Əminəm ki, Akademiyaya göstərdiyiniz diqqət
və qayğı sayəsində bunların hamısı həyata
keçiriləcəkdir. Bir daha Sizə dərin
təşəkkür və minnətdarlığımı
bildirirəm.
Hörmətli cənab Prezident, hörmətli alimlər,
əziz qonaqlar.
9 noyabr – Azərbaycanda gözəl bayram
günüdür. Bu, Dövlət Bayrağı
günüdür. Onun rəngləri bizi
daim müasirləşməyə, milli mənəvi dəyərlərimizi
qorumağa və Azərbaycanın müstəqilliyinin
keşiyində dayanmağa sövq edir. Akademiyanın
ilk üzvlərindən olan Üzeyir bəy Hacıbəylinin
bəstələdiyi himn, dövlət gerbimiz kimi, Akademiya da
dövlətçiliyimizin əsas rəmzlərindən
biridir. Fərəhli haldır ki, Azərbaycan
Milli Elmlər Akademiyasının yubileyini biz belə gözəl
gündə qeyd edirik. Bunun dərin rəmzi
mənası vardır. Çünki Azərbaycan
elmi də əslində bayrağımız kimi dövlətçiliyimizin
rəmzlərindəndir. Bu mənada
Akademiyanın yubileyi bizim üçün ikiqat bayramdır.
Bizim bu
yubileyi xüsusi rövnəqləndirən həm də odur
ki, Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə
Akademiyanın 70 illiyi münasibətilə alimlərimizin
böyük bir qrupunun təltifi haqqında xüsusi sərəncamlar
imzalayıb. Bu gün isə cənab Prezident
bizim əziz qonağımızdır.
İcazə verin, sizin hamınızı elmimizin
bayramı münasibətilə təbrik edim. Hər birinizə
cansağlığı, uzun ömür və Azərbaycan
Respublikasının inkişafı, onun elminin yüksəlişi
naminə böyük uğurlar diləyim.
Hörmətli
yığıncaq iştirakçıları, qədim sivilizasiyanın
əsas məskənlərindən olan Azərbaycanda uzun əsrlərdən
bəri folklor, ədəbiyyat, fəlsəfə, incəsənət,
riyaziyyat, etika, coğrafiya, fizika, kimya, tibb və sair elm sahələri
bir-biri ilə qarşılıqlı əlaqədə
inkişaf edib. Bugünkü Elmlər
Akademiyası əsrlər boyu inkişaf etmiş və
püxtələşmiş Azərbaycan elminin varisidir. Qədim dövrlərdən orta əsrlərə qədər
Azərbaycan elminin səviyyəsini dolğun əks etdirən
güzgü Nizaminin əsərləridir. Nizami
əyani surətdə sübut etdi ki, bir tərəfdən
yunan-Roma mədəniyyətinin varisləriyik, digər tərəfdən
isə müsəlman intibahını yaradan və Avropaya
renessansı ərməğan edən mədəniyyətlərdən
biriyik.
Azərbaycan Elmlər Akademiyası qədim və zəngin
ənənələr əsasında 1945-ci ilin mart ayında
yaradılıb. 1945-ci il martın 31-də isə Azərbaycan
Elmlər Akademiyası yaranma tarixini böyük ümumi
yığıncaqla qeyd edib. Bu, Azərbaycanın
həyatında yeni atributun yaranmasını göstərən
təntənəli hadisə idi.
Azərbaycan elminin ənənələrini davam etdirən
Akademiyanın ilk üzvləri bütün ömürləri
boyu yüksək fədakarlıqla elmə xidmət ediblər. Mən
onların adlarını bir daha səsləndirərək
böyük hörmətlə hər birinin parlaq xatirəsini
yad etmək istərdim. Onlar dahi Üzeyir Hacıbəyli,
Mirəsədulla Mirqasımov və Səməd Vurğun,
Yusuf Məmmədəliyev və Aleksandr Qrossheym, Heydər
Hüseynov və Mustafa Topçubaşov, İosif Yesman və
Mirzə İbrahimov, Mikayıl Hüseynov və Şamil
Əzizbəyov, Mirəli Qaşqay və Sadıq Dadaşov,
Ələşrəf Əlizadə və İvan
Şirokoqorovdur. Bu adlar elmimizin tarixinə
qızıl hərflərlə yazılıb.
Akademiya inkişaf etdikcə onun sovet və dünya elminə
töhfələri, respublika qarşısında duran problemlərin
həllindəki rolu da artmaqda idi. 70 il ərzində
Azərbaycan alimləri çoxlu sayda elmi nailiyyətlərə
imza atıblar. Onların şərəfli əməyi
layiqincə qiymətləndirilib, Azərbaycan alimləri
yüksək dövlət mükafatlarına, müxtəlif
orden və medallara layiq görülüblər. Bu proses
- alimlərimizin əməyinin qiymətləndirilməsi,
onların mükafatlandırılması bu gün də davam
etməkdədir.
Azərbaycan Elmlər Akademiyasının 70 illik tarixində
ən parlaq mərhələ 1970–1985-ci illəri əhatə
edən dövrdür. Akademiya tarixinin bu mərhələsi
xalqımızın ümummilli lideri Heydər Əliyevin
adı ilə bilavasitə bağlıdır. Bu dövrdə
Azərbaycan Elmlər Akademiyasında neft və qaz
yataqlarının kəşfi, işlənməsi, mürəkkəb
geoloji mühitlərdə dərin qazmanın elmi problemlərinin
həlli, həmçinin kimyanın, neft-kimya sənayesinin
inkişafı üçün xammal bazasının, kimya
texnologiya komplekslərinin yaradılması, coğrafi, geoloji və
geofiziki tədqiqatlar, filiz və qeyri-filiz, həmçinin digər
faydalı qazıntı yataqlarının tədqiqi, energetika,
mexanika, fizika, riyaziyyat, astronomiya, informatika sahələrində
mühüm əhəmiyyətə malik tədqiqatların
aparılması və nüfuzlu elmi məktəblərin
yaradılması və s. istiqamətlərdə nailiyyətləri
qeyd etmək olar.
Ötən əsrin 90-cı illərinin əvvəllərindən
Akademiyanın həyatında çətin, mürəkkəb
və dramatik bir mərhələ başladı. SSRİ-nin
dağılması, ənənəvi dövlət və
ictimai institutların iflasa uğraması, dərin iqtisadi
böhran, hüquqi vakuum Akademiyanın üzləşdiyi problemlərin
yalnız bir qismi idi. Həmin dövrdə
Elmlər Akademiyasını cəmiyyətin gözündən
salmaq kampaniyası, totalitarizmlə mübarizə adı
altında İttifaq strukturlarının ləğvi kimi
Akademiyanı da ləğv etmək cəhdləri vəziyyəti
daha da kəskinləşdirmişdi.
Xoşbəxtlikdən Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin dahiyanə siyasəti sayəsində
Elmlər Akademiyası öz bütövlüyünü
qoruyub saxlaya bildi.
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana
rəhbərliyi özümüzə və gələcəyimizə
inam hissini qaytarmaqla, xalqımızın tarixi yaddaşında
milli ideallara fədakarcasına xidmətin nümunəsi kimi
qalacaqdır.
İki faktı qeyd etmək kifayətdir.
Biz iqtisadiyyatımızın ən çətin
dövründə UNESCO çərçivəsində dahi Məhəmməd
Füzulinin 500 illiyini və möhtəşəm Azərbaycan
eposu “Kitabi-Dədə Qorqud”un 1300 illiyini böyük təntənə
ilə qeyd etdik. Bütün bunlar əslində,
Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə
xidmət edərək xalqımıza onun milli mənəvi
irsinin qaytarılması yolunda çox mühüm addımlar
idi.
Hörmətli tədbir iştirakçıları, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə
rəhbərlik etdiyi illər ərzində başqa sahələrdə
olduğu kimi, akademik elmdə də nailiyyətlər və
uğurlar əldə olunub. Möhtərəm Prezident İlham
Əliyevin elmin inkişafı ilə bağlı qəbul
etdiyi qərarlar sırasında “2009-2015-ci illərdə Azərbaycan
Respublikasında elmin inkişafı üzrə Milli Strategiya”
və 2012-ci ilin dekabr ayında xüsusi Fərmanla təsdiq
etdiyi “Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyası mühüm yer tutur. Bu sənədlər qloballaşma prosesinin və
informasiya cəmiyyətinin qarşımızda yeni hədəflər
qoyduğu bir mərhələdə bizi dövrün
çağırışlarına cavab verməyə səfərbər
edir.
Hörmətli
cənab Prezident, Sizinlə bu zalda, Akademiyanın ümumi
iclasında dörd il bundan əvvəl
görüşmüşdük. Bu illər ərzində
həm Akademiya institutlarının xarici görkəmi kəskin
surətdə dəyişib, həm də islahatlar
proqramlarının böyük qismi gerçəkləşdirilib.
Gözəlləşmiş Akademiya şəhərciyinə
xüsusi rövnəq verən Elmi Kitabxananın və Milli
Ensiklopediyanın yeni binalarının qısa zamanda tikilib
istifadəyə verilməsi ölkəmizdə elmin
inkişafına yüksək diqqət və
qayğınızın göstəricisidir.
Möhtərəm cənab Prezident, o görüşümüz
zamanı qaldırılmış bir çox məsələlər
də artıq ya öz həllini tapıb, yaxud tapmaqdadır. Elmə
yüksək qayğınıza görə Sizə bir daha
bütün alimlər adından dərin minnətdarlığımızı
bildiririk.
Hazırda Akademiyada həyata keçirilən
islahatların mühüm istiqamətlərindən birini elm və
təhsilin inteqrasiyası təşkil edir. Milli Elmlər
Akademiyası ənənələrə sadiq qalaraq elm və təhsilin
inteqrasiyasına ciddi diqqət yetirir. Hazırda
AMEA institutlarında müxtəlif universitetlərin
kafedralarının onlarla filialı fəaliyyət göstərir.
Akademiyanın çoxsaylı üzvləri və
yüzlərlə alimi təhsil prosesində yaxından
iştirak edirlər.
Hörmətli
cənab Prezident, məhz Sizin dəstəyinizlə
Akademiyanın tarixində ilk dəfə olaraq magistratura təsis
olunub və doqquz ixtisas üzrə magistrantların qəbulu
keçirilib. İnstitutlarımızın ali
məktəblərlə sıx əməkdaşlığı
– akademik fəaliyyətin strateji xəttidir. Bu istiqamətdə
Sizin bizə böyük
yardımınız və dəstəyiniz üçün təşəkkürümüzü
bildiririk.
Hörmətli həmkarlar və qonaqlar, 70 illik yubileyə
Akademiyanın kollektivi əliboş gəlməyib, dəyərli
elmi əsərlər və monoqrafiyalar hazırlanıb. Bu əsərlərin
nəşrini Akademiya tarixinin müvafiq mərhələlərdə
fəaliyyətinin bir növ yekunu hesab etmək olar. Bu, bizim yubiley hədiyyəmizdir. Amma bu çoxsaylı nəşrlərin
sırasında bir nəşr bizim üçün xüsusilə
əzizdir.
Mən “Azərbaycan Milli Elmlər Akademiyası simalarda”
kitab-albomunu nəzərdə tuturam. Burada 70 il ərzində
öz əməyi ilə respublika elminin nailiyyətlərini
artıran şəxsiyyətlərin fəaliyyətini
görmək olar. Bu, bizim tariximizdir. Məhz həmin tarix bizi həm gələcəyə
aparır, həm də keçmişə qaytarır. Buna görə də bizim diqqətimizi çəkən
bu tarix gələcək nəsilləri də
maraqlandıracaq.
Hamıya məlumdur ki, elmdə aparılan islahatlar ən
çətin və ən mürəkkəb bir prosesdir. Akademiyanın
70 illik yubileyi günlərində qürurla deyə bilərik
ki, səylərimizi birləşdirməklə Azərbaycanın
bu əvəzsiz sərvətini qoruyub saxlaya bilmişik. Bu gün bu müqəddəs elm ocağı
yaşayır və inkişaf edir.
Möhtərəm cənab Prezident, bu inkişafa, elmə
göstərdiyiniz diqqət və qayğıya görə Azərbaycan
elmi ictimaiyyəti adından Sizə dərin təşəkkürümüzü
bildiririk.
Sizi əmin edirik ki, Azərbaycan alimləri milli maraqlara
uyğun həyata keçirdiyiniz dövlət siyasətinə
daim dəstək verəcək, ölkəmizdə biliklər
iqtisadiyyatı və vətəndaş cəmiyyətinin
qurulması işində yaxından iştirak edəcək, bu
amal uğrunda həmrəyliyini artıracaq, səylərini
daha da gücləndirəcəkdir. Bir daha Sizə səmimi
minnətdarlığımızı və dərin təşəkkürümüzü
bildirirəm.
Cənab
Prezident, bəlkə də yeri deyil, amma ürəyim yenə
şeir istəyir. İcazə verin, bir şeir deyim:
Bu gün
Vətənimdə fərəhli gündür,
Gəzir dodaqlarda yubiley səsi.
Alimlər
diyarı şənlik üçündür,
Gözəl yurdumuzun gülür çöhrəsi.
Sağ
olun.
X X X
Yığıncaqda
çıxış edən Nobel mükafatı laureatı,
professor Corc Ficerald SMUT Azərbaycan Milli Elmlər
Akademiyasının tarixi, elmi fəaliyyəti və alımləri
haqqında kifayət qədər məlumatlı olduğunu
dedi. Qonaq Azərbaycan alimlərinin fizika və biofizika sahəsində
araşdırmalarının, ölkəmizin kosmik sənayeyə
yiyələnməsinin dünyanın elmi ictimaiyyətinin diqqət
mərkəzində olduğunu vurğulayaraq dedi:
-Fizika sahəsində
böyük işlər aparılıb. Materialların
hazırlanması işində araşdırmalar çoxdur.
Bu halda yeni materialların, yeni sensorların və
istifadə edəcəyimiz cihazların istehsalı xüsusi əhəmiyyət
kəsb edir. Lakin bir çox digər sahələr
də var. Onları qeyd etmirəm. Biofizika
elmini xüsusilə vurğulamalıyam. Eyni
zamanda, fizika və biofizika hesablama üsullarını qeyd etmək
lazımdır. Bu gün kompyuterlərin
gücü demək olar ki, elmin bütün sahələrində
hiss olunur və elmin inkişafı üçün
böyük imkanlar açır. Elmin bir
çox sahələri var ki, yeni yaranır. Onlar isə, öz növbəsində, texnologiya və
iqtisadiyyatda dəyişikliklərdən irəli gəlir.
Prezident Əliyev bunları
çıxışında qeyd etdi.
Corc Ficerald Smut elmi kadrların yetişdirilməsində
Azərbaycan Milli Elmlər Akademiyasının səmərəli
işinə toxundu, Akademiyada magistr kurslarının təşkilini
təqdirəlayiq hal kimi dəyərləndirdi.
Daha sonra görkəmli alim səhiyyəni siyasi, iqtisadi
və sosial xarakterli məsələ kimi səciyyələndirdi.
Dünyada müxtəlif xəstəliklərə
qarşı mübarizədə tibb elminin son nailiyyətlərindən
danışan Corc Ficerald Smut Azərbaycanda insan
sağlamlığına göstərilən qayğıdan
da söhbət açdı. Ölkəmizdə bəzi xəstəliklərin
qarşısının alınması istiqamətində
görülən tədbirləri mühüm nailiyyət kimi
dəyərləndirən qonaq bildirdi:
-Qeyri-keçici
xəstəliklər deyildikdə diabet, qan dövranı,
ürək-damar problemləri nəzərdə tutulur. Yəni, bu xəstəliklər bir insandan digər
insana keçmir, daha çox həyat tərzi, həyat şəraiti
ilə bağlıdır, keçici xəstəliklərdən,
vərəm xəstəliyi kimi bəlalardan fərqlidir.
Azərbaycanda bu xəstəliklərin
qarşısı alınır. Bu ölkədə
keçici xəstəliklər ciddi şəkildə
müşahidə edilmir.
Nobel
mükafatı laureatı təbabətdə
nanotexnologiyanın tətbiqi sahəsində dünya elminin
araşdırmaları və son nailiyyətləri barədə
də məlumat verərək dedi:
-Monitorda
digər bir nümunə görürsünüz. Burada hesablama üsulları, insan biliyi və
texnologiyanın bir yerdə istifadəsi nümunəsi verilir.
Bu nümunədə cərrahiyə əməliyyatı
real və ya virtual xəstə üzərində
aparılır. Bu üsuldan istifadə edərək,
cərrahlarınızı təlimlərdən keçirə
bilərsiniz. Daha təkmil üsullarla robot
əlləri həmin əməliyyatı aparır. Həkimlər
və tibb heyəti üçün təkmilləşdirmə
kursları sayəsində nəticələr daha böyük
ola bilər. İnsan orqanizmi
daxilində vəziyyət tam təkmil şəkildə
görünür. Kiçik dəlik
açılır, orqanizmə aparat daxil edilir və əməliyyat
aparılır.
Bu nümunədə fizika və biozifikanın nailiyyətlərinin
tibb sahəsinə yardım etməsini göstərməyə
çalışacağam. Burada söhbət
tibbi və bioloji sistemlərdə istifadə olunacaq yeni
materiallardan və nanohissəciklərdən gedir. Həmin materiallar burada müxtəlif məqsədlər
üçün istifadə oluna bilər. İnsan
sümüklərinə nanohissəciklərin daxil edilməsi,
yaxud nanohissəciklərdən hazırlanmış dərmanlar
tətbiq edilə bilər.
X X X
Sonra
Rusiyanın Dubna şəhərindəki Birləşmiş
Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor MATVEYEV
çıxış edərək dedi:
-Çox
hörmətli Azərbaycan Respublikasının Prezidenti.
Azərbaycan Milli Elmlər Akademiyasının çox
hörmətli prezidenti.
Əziz dostlar.
Etiraf edim ki, mən həyəcanlıyam. Dubna Birləşmiş
Nüvə Tədqiqatları İnstitutunun təmsilçisi
kimi, mənim üçün əlamətdar tarixə - Azərbaycan
Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunan
belə ali, təntənəli iclasda
iştirak etmək böyük şərəfdir. Bilirsiniz,
hava limanından gələndə və son illər daha da
gözəlləşən, qədim sivilizasiyanın,
müasir və dinamik inkişaf edən dövlətin paytaxtı
olan gözəl Bakı şəhərini görəndə həqiqətən
də məndə bugünkü əlamətdar hadisə olan
Azərbaycan Milli Elmlər Akademiyasının yubileyi ilə ahəngdarlıq
təşkil edən hisslər yarandı.
İcazə verin, bizim çoxmillətli institutun
kollektivinin tapşırığını yerinə yetirim və
təbrik məktubunu oxuyum. Nüvə Tədqiqatları
İnstitutunun rəhbərliyi və çoxmillətli
kollektivi adından Milli Elmlər Akademiyasının 70 illiyi ilə
əlaqədar sizi və Azərbaycan Respublikasının
bütün ictimaiyyətini təbrik etmək şərəfinə
nail olmuşam.
Azərbaycanın Milli Elmlər Akademiyası öz
keçmişi və bu günü ilə fəxr edə bilər
və etməlidir. Akademiyanın gələcək
üçün gözəl perspektivləri var. Dövlətin
inkişafını əksər hallarda elmin vəziyyəti,
onun nailiyyətləri, həmçinin Elmlər Akademiyası
tərəfindən hazırlanan yüksək ixtisaslı
mütəxəssislər, gənc alimlər və mühəndislər
müəyyən edir.
Qeyd etmək xoşdur ki, Azərbaycan rəhbərliyi,
şəxsən Prezident İlham Heydər oğlu Əliyev
ölkədə elmə və elmi qurumlara çox yüksək
diqqət və dəstək göstərir. Son illər Azərbaycan
Milli Elmlər Akademiyasında elmi infrastrukturun modernləşdirilməsinə
və qabaqcıl texnologiyaların tətbiqinə, elmin, təhsilin,
istehsalın inteqrasiyasına yönələn iri, vacib dəyişikliklər
baş verib. Müasir inkişafın
mühüm amilinə çevrilən gənc alimlərə
böyük diqqətin yetirildiyini müşahidə etmək
çox xoşdur. Azərbaycan
Respublikası bizim beynəlxalq hökumətlərarası
elmi təşkilatımızın fəaliyyətində tam
gücü ilə iştirak edir və onun inkişafına
birgə töhfə veririk. Birləşmiş
Nüvə Tədqiqatları İnstitutunun
laboratoriyalarında həm artıq öz sözünü
demiş alimlər, həm də gənc mütəxəssislər
çalışırlar. Gənc mütəxəssislər
müasir sürətləndirici qurğularda, reaktorlarda,
cihazlarda onlar üçün vacib olan təcrübə
keçirlər. Bu insanlar artıq uzun müddətdir
ki, Dubna Birləşmiş Nüvə Tədqiqatları
İnstitutuna üzv ölkələrin alimlərinin
böyük Volqa çayı sahilində “bizim ümumi evimiz”
adlandırdıqları Birləşmiş İnstitut ilə
bağlıdırlar. Bir çox azərbaycanlı
alimlərin taleləri möhkəm və uzun müddətə
bizim Birləşmiş Nüvə Tədqiqatları
İnstitutu ilə bağlıdır. Biz
ümid edirik ki, fundamental və tətbiqi tədqiqatlar sahəsində
əməkdaşlıq möhkəmlənəcək və
dünya elminə, eləcə də Azərbaycan
Respublikasının firavanlığına layiqli töhfə
verəcək. Müasir Azərbaycanın
tərəqqisi naminə təkmilləşmə yolunda Milli
Elmlər Akademiyasına uğurlar arzulayırıq.
Viktor Matveyev dünyanın 18 ölkəsini birləşdirən
Birləşmiş Nüvə Tədqiqatları
İnstitutunun yaranma tarixindən, fundamental və tətbiqi
araşdırmalarından danışdı. O, üzv ölkələrin
dünya elminə inteqrasiyasında ən səmərəli
vasitə olan bu məşhur institutda Azərbaycan alimlərinin
də uğurla təmsil olunduğunu diqqətə
çatdıraraq dedi:
-Sadəcə
bir misal çəkim. Azərbaycan Milli Elmlər
Akademiyasının Həsən Abdullayev adına
Fizika İnstitutunun əməkdaşları Dubnanın əməkdaşları
ilə birgə sıx əməkdaşlıq edirlər. Onlar fundamental fizikanın vacib və müasir layihələrindən
birinin reallaşmasına böyük töhfə veriblər.
Bu, Cenevrədəki nəhəng adron kollayderində
atlas kompleksinin yaradılmasıdır. Beləliklə,
onlar Nobel mükafatı ilə təltif edilən şəxslərlə
tamhüquqlu həmmüəlliflərdir. Bu,
fundamental elmdə son dövrlərin mühüm kəşfidir.
Bu, müasir fundamental elmin təntənəsidir
və əlbəttə ki, Azərbaycan öz alimləri ilə
fəxr edə bilər.
Daha sonra
Viktor Matveyev elm sahəsində çalışan yeni nəslin
yetişdirilməsinin bütövlükdə elmin müxtəlif
sahələrinin inkişafındakı
ardıcıllığın və davamlılığın
təmin edilməsindəki əhəmiyyətinə toxundu,
bununla əlaqədar yeni təşəbbüsləri təqdirəlayiq
hesab edərək bildirdi:
-Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında magistraturanın tətbiqi ilə bağlı xəbəri eşitmək mənim üçün çox xoşdur. Çünki biz öz təcrübəmizdə əmin olduq ki, bu gün çox vacib məsələ olan gənc, yüksək ixtisaslı alimlərin və mühəndislərin hazırlanması müasir bazanın, yeni və yüksək texnologiyaların mənimsənilməsinin reallığa çevrildiyi institutlarda mümkündür. Həmin institutlarda bu texnologiyalar, necə deyərlər, barmaqların ucu ilə, yalnız nəzəri deyil, virtual laboratoriyalar vasitəsilə mənimsənilir. Bu da çox vacibdir. Buna görə də üzv ölkələr üçün vacib olan bu cəhəti nəzərə alaraq, biz Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda müasir təhsilin infrastrukturunu inkişaf etdiririk, gənc alimlərə, mühəndislərə biliklərini artırmaq üçün xüsusi siniflər yaradırıq. Əsasən də bu, mühəndislərə təcrübə aparmağa, cihazlar, sürətləndiricilər, sürətlənmiş yüngül və ağır hissəciklər, ionlarla birbaşa işləməyə imkan yaradır. Bu mənada, düşünürəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu və digər institutları ilə bizim institutun qarşısında birgə böyük vəzifə durur. Biz Azərbaycan və digər üzv ölkələr üçün gənc mütəxəssislərin, mühəndislərin hazırlanması məqsədilə birgə proqram işləyib hazırlamalıyıq.
Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının rəhbərliyinə, İlham Heydər oğlu, şəxsən Sizə, Azərbaycanın Milli Elmlər Akademiyasına və Azərbaycan hökumətinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutundakı səlahiyyətli nümayəndəsinə daimi dəstəyə, münasibətlərin inkişafına, səmərəli və qarşılıqlı maraq doğuran əməkdaşlığın dərinləşdirilməsinə görə səmimi qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Düşünürəm ki, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunu inkişaf etdirməklə biz ümumi sərvətimizi inkişaf etdiririk.
Çıxışımın sonunda Azərbaycan Milli Elmlər Akademiyasının bütün üzvlərini, bütün elmi ictimaiyyəti və Azərbaycan Respublikasını bu gözəl hadisə - Milli Elmlər Akademiyasının yaradılmasının 70 illiyi münasibətilə səmimi qəlbdən təbrik etmək istəyirəm. Çox sağ olun. Azərbaycanın və Milli Elmlər Akademiyasının inkişafı naminə Sizə böyük uğurlar arzulayıram.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
AZƏRTAC
Azərbaycan.- 2015.- 11 noyabr.- S. 1,
2, 3.