Prezident İlham
Əliyev Fransanın Azərbaycanda yeni təyin
olunmuş səfirinin etimadnaməsini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da
Fransa Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
xanım Orelia Buşezin etimadnaməsini qəbul edib.
Səfir Orelia Buşez fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Xanım Orelia Buşez etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan ilə Fransa arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin bir çox sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Fransa Prezidenti Fransua Ollandın bir il ərzində iki dəfə Azərbaycana, özünün isə Fransaya səfərlərinə toxunan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Siyasi əlaqələrmizin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev parlamentlər səviyyəsində də yaxşı əməkdaşlığın mövcud olduğunu vurğuladı. Ölkələrimizin arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və getdikcə daha da möhkəmlənəcəyini bildirən dövlətimizin başçısı bunu qarşılıqlı anlaşmanın və dəstəyin çox yüksək səviyyəsi kimi dəyərləndirdi.
Xanım Orelia Buşez bildirdi ki, o, Fransanın Azərbaycanda səfiri olmasından məmnundur və şərəf hissi keçirir. Azərbaycanın gözəl ölkə, Bakının isə ecazkar şəhər olduğunu vurğulayan fransalı diplomat paytaxtımızda qədim və müasir arxitekturanın uğurlu sintezinə valeh olduğunu dedi. Ölkəmizdə iqtisadi sahədə əldə olunan nailiyyətlərin də onda dərin təəssürat yaratdığını deyən səfir Azərbaycandakı sabitliyi və dini tolerantlığı yüksək qiymətləndirərək bunun Avropa ölkələri üçün də nümunə ola biləcəyini vurğuladı.
Görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
tezliklə və ədalətli həll olunması, ölkələrimiz
arasında əməkdaşlığın müxtəlif
istiqamətlərdə, o cümlədən
enerji, investisiya qoyuluşu, yüksək texnologiyalar,
kosmik sənaye, infrastruktur,
nəqliyyat, mədəniyyət və digər sahələrdə
genişləndirilməsi ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi
aparıldı.
AZƏRTAC
Azərbaycan.- 2015.- 11 noyabr.- S. 4.