“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin
tələbələrinə və şagirdlərinə verilən
təqaüdlərin artırılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli
3108 nömrəli Sərəncamında dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, təhsilin keyfiyyətini yüksəltmək
üçün təhsilalanlar
arasında rəqabət mühiti yaratmaq, onların tədris prosesində fəallığını
artırmaq və təhsilə marağını
stimullaşdırmaq məqsədi ilə qərara alıram:
1. “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 8, maddə 988) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2-ci və 1.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
“1.2. ali təhsil müəssisələrində:
adlı təqaüd alan tələbələrə - 120 manat
magistratura səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 105 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 85 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 55 manat
bakalavriat səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 95 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 80 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 50 manat
1.3. orta ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 50 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 40 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 35 manat”.
1.2. Aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə bu sərəncamın 1.2-ci və 1.3-cü bəndləri ilə müəyyən edilmiş məbləğlərdə ödənilsin.”.
1.3. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki, təqaüdlərin ödənilməsi, ali təhsil və orta ixtisas təhsili müəssisələrində ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasını 2 ay müddətində hazırlayıb təsdiq etsin;
2.2. bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu sərəncamın 1-ci hissəsi 2016-cı il fevralın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
10 noyabr 2015-ci il
Azərbaycan.- 2015.- 11 noyabr.- S. 4.