Akademik Cəmil Əliyev Türkiyənin
nüfuzlu elm
ocağının ən yüksək fəxri adına və
medalına layiq görülüb
Azərbaycan
Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil
Əliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq
Elmlər Akademiyasının həqiqi üzvü - akademiki
adına və "Türk dünyasına xidmət" Beynəlxalq
Qızıl Medalına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə noyabrın 10-da Milli Onkologiya Mərkəzində təqdimetmə mərasimi keçirilib.
Mərasimi açıq elan edən Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli bildirib ki, Azərbaycan elminin çox nüfuzlu nümayəndəsi, dünya şöhrətli alim Cəmil Əliyev 2015-ci il sentyabrın 28-də Türkiyənin nüfuzlu elm ocağı - Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü - akademiki seçilib və “Türk dünyasına xidmət “ Beynəlxalq Qızıl Medalına layiq görülüb. Bu yüksək mükafatları təqdim etmək üçün Akademiyanın prezidenti Hayrettin İvginlə yanaşı, Rəyasət Heyətinin üzvləri Nail Tan, Tuncer Gülensoy və Ali Berat Alptekin də xoş missiya ilə Bakıya təşrif buyurublar.
Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da məşhur olan bu elm və şəfa ocağında səmimi, qardaşcasına qarşılanma üçün dərin təşəkkürünü bildirən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Hayrettin İvgin bildirib ki, ölkələrimiz arasında qardaşlıq, dostluq və səmimiyyət əbədidir. Bu, ölkələrimizin ayrı-ayrı strukturlarının qarşılıqlı münasibətlərində də özünü açıq şəkildə göstərir. O, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Rəyasət Heyətinin qərarının heç də təsadüfi olmadığını deyib:"Akademik Cəmil Əliyevin adı Türkiyənin bütün elmi dairlərində yaxşı tanınır və hörmətlə qarşılanır. Cəmil Əliyevin keçdiyi həyat və fəaliyyət yoluna nəzər saldıqda gözlərimiz önündə öz işinin ustası olan, insanların sağlamlığının keşiyində durmağı özünə həyat amalı seçən, yüzlərlə gənc mütəxəssis yetişdirən nəhəng bir insanı gördük. Araşdırmalar bizi Azərbaycanın sərhədlərindən çox-çox uzaqlara aparıb çıxardı. Məlum oldu ki, Cəmil Əliyev Rusiyanın, Gürcüstanın, Azərbaycanın elmlər akademiyalarının, həmçinin Avropa Təbiət Elmləri Akademiyasının akademiki, İngiltərənin Hammersmit Kral Universitetinin və ABŞ-ın MD Anderson Xərçənglə Mübarizə Mərkəzinin fəxri professorudur. Tam səmimi deyirəm, bir türk insanının, bir Azərbaycan aliminin belə yüksək məqama çatması haqqında əldə etdiyim məlumat mənim üçün çox xoş və qürurvericidir. Həm də ABŞ-ın bu mərkəzi Cəmil Əliyevin rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzini özünün postsovet məkanında yeganə tərəfdaşı seçmişdir və yaxın günlərdə bu niyyət rəsmiləşdiriləcəkdir”.
"Fəxrlə bildirirəm ki, əslində akademik Cəmil Əliyev bizim yüksək mükafata təqdim etdiyimiz tanınmış şəxsiyyətlər arasında ən aparıcı yeri tutur. Cəmil Əliyev Azərbaycanın ən məhsuldar, ən işgüzar və ən titullu alimidir. Hörmətli akademikin indiyədək minlərlə cərrahiyyə əməliyyatı apardığı, yüzlərlə insanın həyatını xilas etdiyini bilirik. Onun dünyanın onlarca məşhur akademiyasının, universutetinin, elmi cəmiyyətinin akademiki, professoru və fəxri üzvü olduğundan da xəbərdarıq. Elmi-pedaqoji fəaliyyəti zamanı 8 elmlər doktoru, 38 tibb üzrə fəlsəfə doktoru yetişdirmiş akademik dünyanın ən nüfuzlu, ən qiymətli və ən böyük mükafatlarına layiqdir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik Cəmil Əliyevi gec də olsa, ən yüksək mükafatlara layiq görməyindən dərin məmnunluq duyur və bu hadisənin Akademiyamızın tarixində xüsusi yer tutacağını böyük əminliklə söyləyirəm",-deyə Hayrettin İvgin əlavə edib.
Türkiyəli professor vurğulayıb ki, akademik Cəmil Əliyevin rəhbərlik etdiyi Azərbaycan Milli Onkologiya Mərkəzi Türkiyənin elmi və praktik müəssisələri ilə də fəal və intensiv əlaqələrə malikdir: “Biz hörmətli Cəmil Əliyevin müavini vəzifəsində işləyən tibb üzrə fəlsəfə doktoru Fuad Quliyevin, nüvə təbabəti uzmanı Fuad Novruzovun, uzman radioloq Hacı Gunelin və bir çox başqa mütəxəssislərin Türkiyənin İstanbul Universitetinin Cərrah Paşa tibb fakültəsinin, Ankaranın Hacettepe Universitetinin, İzmirin Ege Universitetinin, Bursanın Uludağ Universitetinin məzunları olduqlarını eşidib, çox böyük iftixar və sevinc hissləri keçirdik”.
Diqqətə çatdırılıb ki, Milli Onkologiya Mərkəzi ilə Türkiyənin Hacettepe və Qazi universitetləri , “Bayındır” Sağlıq Qrupu, Türkiyə Respublikası Yüksək Öyrətim Qurumu arasında 8 müxtəlif səviyyəli anlaşma, razılaşma, əməkdaşlıq sənədləri imzalanıb. Bu sənədlərdə mütəxəssis mübadiləsi, birgə elmi-tədqiqat proqramları, layihələrin hazırlanması və s. istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.
“İki qardaş ölkə arasında onkologiya sahəsində əməkdaşlıqdan saatlarla danışmaq olar. Mən tam cəsarətlə bildirirəm: Milli Onkologiya Mərkəzi ilə tanışlıq zamanı bir daha əmin oldum ki, türk mütəxəssislərinin burada öyrənəcəkləri çox məqamlar vardır”,- deyə Hayrettin İvgin bildirib.
Qeyd edilib ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası türk dilini, mədəniyyətini, tarixini və ədəbiyyatını öyrənmək, araşdırmaq və yaymaq məqsədilə yaradılmış beynəlxalq elmi təşkilatdır. Akademiya yarandığı ilk gündən indiyədək dünyanın 30-dan artıq ölkəsinin nüfuzlu universitetləri, tədqiqat institutları, akademiyaları, elmi mərkəzləri, fondları və digər qurumları ilə qarşılıqlı əlaqələr yaradıb. Akademiyanın ABŞ, Fransa, İtaliya, İngiltərə, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Hollandiya, İran, Rusiya, Suriya, İordaniya, Misir, Ukrayna, Iraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırgızıstan, Bolgarıstan, Moldova, Kosovo, Makedoniya, Yunanıstan, Çin kimi ölkələrdə rəsmi təmsilçilikləri fəaliyyət göstərir. Türk dünyasının məşhur liderlərinin, elm adamlarının, siyasətçilərinin, yazar və iqtisadçılarının bütün dünyada tanıdılması da akademiyanın ən önəmli vəzifələrindəndir.
Sonra Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının mükafatları akademik Cəmil Əliyevə təqdim edilib.
Akademik Cəmil Əliyev onun əməyinə və elmi fəaliyyətinə verilən bu yüksək mükafatlara görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinə minnətdarlığını bildirərək deyib: ”Bu gün mənə təqdim olunan bu mükafatları, həm də Milli Onkologiya Mərkəzinin kollektivinin mükafatı kimi qiymətləndirirəm”.
Türkiyəli qonaqlar Milli Onkologiya Mərkəzinin müalicə, cərrahiyyə, radiologiya korpuslarının palatalarını gəzərək xəstələr üçün yaradılan şəraitlə də tanış olublar. Xüsusilə reanimasiya şöbəsindəki ən son model olan avadanlıqlar onlarda xoş təəssürat yaradıb. Onlara məlumat verilib ki, Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilib. Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatı problemi aradan götürülüb. Zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl onkoloji mərkəzləri ilə müqayisə oluna bilər. Mərkəzin əməkdaşları tərəfindən respublikamızın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və bu xəstələrə müasir cərrahi, şüa və dərman müalicəsinin aparılması, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi istiqamətində böyük elmi araşdırmalar aparılır.
Mərkəzdəki uşaq
onkologiya korpusunun da Prezident İlham
Əliyevin dəstəyi ilə ən son
avadanlıqlarla təchiz edildiyi, burada da cərrahiyyə və
şüa şöbələrinin olduğu diqqətə
çatdırılıb.
Türkiyəli mütəxəssislər Milli Onkologiya Mərkəzində
onkoloji xəstələrə göstərilən
tibbi xidmətin Qərb standartlarına cavab verən keyfiyyət göstəricilərinə
qədər yüksəlməsini vurğulayıblar.
Azərbaycan.- 2015.- 11 noyabr.- S. 6.