“Azərbaycan rəngləri” Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda

 

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) “Azərbaycan rəngləri” rəsm əsərlərinin xeyriyyə satış-sərgisi açılıb. Satış-sərgi noyabrın 14-dək davam edəcək.

Sərginin təntənəli açılış mərasimində Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamilla Əhmədova, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev, Ümumrusiya Azərbaycanlılar Konqresinin icraçı direktoru İlqar Hacıyev, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev, MDBMİ-nin Azərbaycan Klubunun sədri Ceyhun Hüseynov, Moskvanın ali məktəblərinin azərbaycanlı tələbələri iştirak ediblər.

Çıxış edənlər sərginin təşkilinə görə MDBMİ-nin Azərbaycan Klubuna minnətdarlıqlarını bildirib, hamını Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə təbrik ediblər.

Sərgidə Azərbaycanın tarixinə həsr edilən 93 rəsm əsəri və 20 fotoşəkil təqdim olunub. Bunlar 19 şəhərdən rusiyalı və azərbaycanlı gənc rəssamların və istedadlı gənc fotoqraf Kərim Abbasovun işləridir. Layihənin məqsədi təkcə gənclərin istedadını üzə çıxarmaq deyil, həm də ağır xəstəliyə tutulmuş uşaqlara yardım etməkdir. Əsərlərin satışından əldə edilən vəsait onkoloji xəstəlikləri olan uşaqlara yardım məqsədilə “Yaşa” Xeyriyyə Fonduna köçürüləcək.

Qeyd edək ki, sərgi MDBMİ-də Azərbaycan Konstitusiyasına həsr olunan “Azərbaycan həftəsi” çərçivəsində keçirilir. Təntənəli açılış noyabrın 12-də olacaq.

“Azərbaycan həftəsi” çərçivəsində, həmçinin Azərbaycan tarixi günü, RAGB-in hər il təşkil etdiyi “Nə? Harada? Nə vaxt?” oyunlarının payız seriyası, milli musiqidən ibarət konsert, milli mətbəxin dequstasiyası keçiriləcək.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2015.- 11 noyabr.- S. 12.