Prezident İlham
Əliyev Müdafiə Nazirliyi Hərbi-Hava
Qüvvələrinin hərbi şəhərciyində
yaradılan şəraitlə tanış olub
Noyabrın
11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N hərbi
hissəsinin hərbi şəhərciyində yaradılan
şəraitlə tanış olub.
Müdafiə naziri Zakir Həsənov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Prezident İlham Əliyev hərbi şəhərciyin baş planı ilə tanış oldu. Məlumat verildi ki, ərazidə əsgər yeməkxanası, yataqxanası, anqarlar, təlim-məşq sinfi, tibb məntəqəsi inşa olunub. Hərbi hissənin ərazisində qarovul binası, komanda məntəqəsi, qazanxana, elektrik yarımstansiyası yaradılıb. Burada tikinti işlərinə 2014-cü ilin aprelində başlanılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, əsgər və zabitlərin istirahəti üçün guşələr yaradılıb.
Dövlətimizin başçısı əsgər yeməkxanasında yaradılan şəraitlə tanış oldu.
Sonra Ali Baş Komandan əsgər yataqxanasında oldu. Yataqxananın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin əsgər və zabitlərlə görüşlərini əks etdirən fotostend yaradılıb. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bütün ərazi tam mühafizə olunur və nəzarətdədir. Quraşdırılan xüsusi kameralar kənar şəxslər əraziyə daxil olarkən həmin istiqamətə yönəlir və avtomatik siqnalizasiya işə düşür. Əsgər yataqxanasında ideoloji, məişət xidməti və yataq otaqları ən müasir səviyyədə qurulub. Yataqxanada əşya anbarları, hamam və digər zəruri otaqlar var.
Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şərait bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca hərbi sahənin daha da müasirləşdirilməsi, əsgər və zabitlərin xidmət şəraitlərinin yaxşılaşdırılması, onların hərbin sirlərinə dərindən yiyələnmələri istiqamətində mühüm layihələr yerinə yetirilir.
Prezident İlham
Əliyevə texnika parkı haqqında da məlumat verildi.
Buradakı müasir texnikalar
döyüş
tapşırığını yüksək səviyyədə
yerinə yetirməyə qadirdir. Parkda, həmçinin texnikaya
texniki xidmət, təmir və yanacaqdoldurma məntəqələri fəaliyyət
göstərir.
Sonra Ali Baş Komandan hərbi hissənin raket anbarına baxdı. Dövlətimizin başçısı S-300 PMU-2 Favorit Zenit Raket Briqadasına baxış keçirdi, şəxsi heyətin praktiki fəaliyyəti və döyüş növbətçiliyi ilə tanış oldu.
Prezident İlham Əliyevə anbar, raketlər və raketlərin döyüş mövqeyinə daşınması üçün nəzərdə tutulan texnikalar barədə də məlumat verildi.
Dövlətimizin başçısı bu il sentyabrın 15-də cəbhənin Ağdam istiqamətində Ermənistanın hərbçilərimiz tərəfindən məhv edilmiş X-55 pilotsuz uçan aparatının qalıqlarına baxdı.
Ali Baş Komandana Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin bir sıra hərbi texnikası barədə məlumat verildi. Bildirildi ki, döyüşün idarəetmə məntəqəsi də ən müasir hərbi avadanlıqla təchiz edilib.
Dövlətimizin başçısı təlim-məşq kompleksi ilə tanış oldu. Kompleksdə döyüş növbətçiliyinin aparılmasının təşkili, şəxsi heyətin döyüş texnikası ilə işləmə səriştələri yoxlanılır.
Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan raketlərin start mövqeyinə gəldi, burada atıcı qurğulara baxdı.
Müdafiə Nazirliyinin
Hərbi-Hava Qüvvələrinin N hərbi hissəsinin hərbi
şəhərciyində görülən işlər
ölkəmizin hərbi qüdrətini bir
daha nümayiş etdirir. Ümumiyyətlə, son
illər ərzində ordumuzun maddi-texniki bazası daha da möhkəmlənib. Son illər ordumuzun
qüdrətinin artırılması istiqamətində həyata
keçirilən tədbirlərin nəticəsidir ki, bu gün
maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından
Azərbaycan Ordusu nəinki regionun, eləcə də dünyanın ən
güclü ordularından biridir.
Ordumuz ən müasir
silah-sursat, texnika, avadanlıq
ilə təchiz edilib. Azərbaycan Ordusu Ali Baş
Komandan İlham
Əliyevin əmri ilə istənilən döyüş
tapşırığını yüksək səviyyədə
yerinə yetirməyə qadirdir.
AZƏRTAC
Azərbaycan.- 2015.- 12 noyabr.- S. 1.