Prezident İlham Əliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Broeki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Antonius Broekin ölkəmizdəki uğurlu diplomatik fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 70 illik yubileyi münasibətilə, BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə onun Azərbaycanın yüksək medalı olan “Tərəqqi” medalı ilə təltif edildiyini bildirdi və medalı diplomata təqdim etdi. Ölkəmiz ilə BMT arasında əməkdaşlığa toxunan Prezident İlham Əliyev tərəfdaşlığımızın səviyyəsindən və müxtəlif əhəmiyyətli layihələrin praktiki surətdə həyata keçirilməsindən məmnunluğunu ifadə etdi.

Azərbaycanın “Tərəqqi” medalına layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirən BMT-nin rezident əlaqələndiricisi Antonius Broek bunu onların fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirdi.

Görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik ifadə olundu.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 12 noyabr.- S. 2.