Almaniyanın nüfuzlu xəbər portalı Azərbaycanda
keçirilən seçkilərdən yazır
Almaniyanın
nüfuzlu “Teltower Stadt-Blatt” xəbər portalında Azərbaycanın
bu ölkədəki səfirliyinin noyabrın 1-də Milli Məclisə
keçirilən seçkilərə dair yaydığı mətbuat
məlumatı dərc edilib.
Məlumatda Milli Məclisə seçkilərin bu dəfə də dinc, şəffaf və Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə keçirildiyi və çoxsaylı müstəqil müşahidəçilər tərəfindən demokratik və peşəkar olaraq qiymətləndirildiyi diqqətə çatdırılır. Vurğulanır ki, namizədlərin qeydə alınması və seçki kampaniyasının azad keçirilməsi üçün bütün zəruri şərait yaradılıb. Səsvermənin şəffaf keçirilməsi üçün 1000 məntəqədə müşahidə kameralarının quraşdırılması, seçkilərin yerli və beynəlxalq müşahidəçilər, o cümlədən əcnəbi KİV-lərin nümayəndələri tərəfindən izlənilməsi barədə faktlar məlumatda yer alıb.
AŞPA-nın müşahidə missiyasının seçkilərə verdiyi qiymət də məlumatda öz əksini tapıb. AŞPA nümayəndə heyətinin Azərbaycanda seçici fəallığının əsaslı artmasını, səsvermə və səslərin sayılmasının şəffaf prosedurlarını Azərbaycanın azad, ədalətli və demokratik seçkilərə doğru növbəti addımı kimi dəyərləndirməsi, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirməsi barədə fikirləri oxucuların diqqətinə çatdırılıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Azərbaycan.- 2015.- 12 noyabr.- S. 3.