Elmi əsaslara söykənən inkişaf strategiyası

 

Prezident İlham ƏLİYEV: “Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmlənməsinə çox dəyərli töhfələr vermişdir

 

Cəmiyyət inkişaf etdikcə elmin qarşısındakı prioritet vəzifələr də dəyişir. Yeni dövrün gerçəklikləri elmi tədqiqatların bütövlükdə iqtisadi-siyasi, mədəni-humanitar həyatla əlaqələndirilməsini zəruri edir. Eyni zamanda, elmi tədqiqatların bütövlüklə insan amilinin rifah və tərəqqisinə xidmət etməsi qloballaşma əsrinin diktə etdiyi qaçılmaz reallıqdır. Elmlə idarəçiliyin vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin səmərəliyinə nail olunması yeni mərhələdə qarşıda ciddi vəzifələr kimi durur. Ölkənin hazırkı və gələcək sosial-iqtisadi inkişaf modelləri ilə bağlı sanballı elmi proqnozların irəli sürülməsi, elmi istehsalat təcrübələrinin dövrün tələbləri səviyyəsində həyata keçirilməsi, ali təhsilin müasirləşdirilməsi, dünya elminə çevik inteqrasiyanın təmin edilməsi alimlərin qarşısına ciddi vəzifələr qoyur.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində elm məbədi sayılan Azərbaycan Elmlər Akademiyasının inkişafına xüsusi diqqət yetirmişdir. Akademiyanın tarixində ən parlaq mərhələ də məhz 1970-1985-ci illəri əhatə edən dövrdür. Bu dövrdə Azərbaycan Elmlər Akademiyasında neftqaz yataqlarının kəşfi, işlənməsi, mürəkkəb geoloji mühitlərdə dərin qazmanın elmi problemlərinin həlli, kimyanın, neft-kimya sənayesinin inkişafı üçün xammal bazasının, kimya texnologiya komplekslərinin yaradılması, coğrafi, geoloji və geofiziki tədqiqatlar, filizqeyri-filiz, həmçinin digər faydalı qazıntı yataqlarının tədqiqi, energetika, mexanika, fizika, riyaziyyat, astronomiya, informatika sahələrində mühüm əhəmiyyətə malik tədqiqatların aparılması və nüfuzlu elmi məktəblərin yaradılması və s. istiqamətlərdə nailiyyətləri qeyd etmək olar. Ötən əsrin 90-cı illərinin əvvəllərindən akademiyanın həyatında çətin, mürəkkəb və dramatik bir mərhələ başladı. SSRİ-nin dağılması, ənənəvi dövlət və ictimai institutların iflasa uğraması, dərin iqtisadi böhran, hüquqi vakuum akademiyanın üzləşdiyi problemlərin yalnız bir qismi idi. Həmin dövrdə Elmlər Akademiyasını cəmiyyətin gözündən salmaq kampaniyası, totalitarizmlə mübarizə adı altında akademiyanı da ləğv etmək cəhdləri vəziyyəti daha da kəskinləşdirmişdi. 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bütün bu söhbətlərə son qoyuldu. Ulu öndərin ictimaiyyətlə ilk görüşü məhz alimlərlə Milli Elmlər Akademiyasının binasında oldu. Həmin vaxtdan etibarən bu sahə daim diqqətdə saxlanılır.

Ötən 12 ildə bu siyasi kursu inamla davam etdirən dövlət başçısı İlham Əliyev ardıcıl islahatlar həyata keçirir. Ölkə başçısının neftdən əldə olunan vəsaitlərin böyük qisminin insan kapitalına yönəldilməsini təmin etmək istiqamətində yürütdüyü məqsədyönlü strategiya inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü tam doğrultmuşdur. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə bu gün hətta zəngin təbii sər-vətləri belə üstələyir. Azərbaycanda inamla həyata keçirilən tədbirlər deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə dayanıqlı iqtisadi inkişaf tempini heçneft gəlirləri hesabına deyil, məhz bilik, müasir informasiya texnologiyaları, elmtutumlu sahələrin dinamik inkişafı, güclü insan kapitalının formalaşması sayəsində təmin edəcək.

Prezident İlham Əliyevin son 12 ildə qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri də məhz milli inkişafda intellektual irəliləyişə nail olmaqla dövlətin siyasi suverenliyinin, davamlı iqtisadi rifahının təmin edilməsindən ibarətdir. Azərbaycan Prezidentinin 2012-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, uzunmüddətli davamlı iqtisadi inkişafın təmin edilməsi, bilik iqtisadiyyatının formalaşdırılması, elmtutumlu texnologiyanın, məhsulun (işin, xidmətin) yaradılmasının sürətləndirilməsi məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi 2020-ci ilədək əsas istiqamətlərdən biri olacaq. Bununla əlaqədar elmin inkişafı onun ölkəmizdəki tarixinə və dünyada gedən meyillərə əsasən prioritetləşdiriləcək və mütərəqqi dünya elminə səmərəli inteqrasiya prosesi davam etdiriləcək.

Dövlət başçısı İlham Əliyevin bu günlərdə AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında dərin məzmunlu nitqi bir daha təsdiqlədi ki, elm xadimləri, o cümlədən yaradıcı zəka sahibləri, intellektual, kreativ kadrlar dövlətin lazımi diqqət və qayğısı ilə əhatə olunublar: “Bu 70 ildə Akademiya böyükuğurlu yol keçmişdir. Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmlənməsinə çox dəyərli töhfələr vermişdir. Kadr hazırlığı işinə də dəyərli töhfələr vermişdir. Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər. Mən çox istəyirəm ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf elmin səviyyəsi ilə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər”.

Prezident İlham Əliyevin elmin problemlərinə xüsusi diqqətlə yanaşması həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Neft gəlirləri ilə bağlı dövlət büdcəsinin vəsaitlərinin ildən-ilə artması təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış çeşidli problemlərin məhz hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırır.

Ölkə başçısının hələ 20 avqust 2013-cü il tarixli sərəncamı ilə AMEA-nın elmi-tədqiqat institutlarında çalışan əməkdaşların məvaciblərinin daha 10 faiz artırılması bu sahəyə göstərilən diqqət və qayğının sistemli səciyyə daşıdığını göstərir. Dövlət başçısının 27 aprel 2011-ci il tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi-tədqiqat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il mayın 1-dən orta hesabla 20 faiz artırılmışdır. Həmin ilin dekabrında isə ölkə başçısı elm adamlarının məvaciblərinin daha 10 faiz artırılması ilə bağlı növbəti sərəncam imzalamışdır. Ümumilikdə elm sistemində çalışanların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi ötən 12 ildə cənab İlham Əliyevin xüsusi diqqət mərkəzində olmuşdur. Ötən illərdə aspirantların təqaüdləri, alimlik dərəcələrinə görə əlavələr, habelə AMEA-nın müxbir üzvlərinin və akademiklərinin rütbə maaşları dəfələrlə qaldırılmışdır.

Xatırlatmaq lazımdır ki, dövlət başçısı İlham Əliyevin 2008-ci il 10 aprel tarixli “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamında da elmin maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsi vacibliyi əksini tapmışdı. Sərəncamda xüsusi vurğulanırdı ki, ölkədə aparıcı alimlər nəslinin yaşlaşması və gənc nəslin elmə axınının zəifləməsi elmdə kadr potensialının aşağı düşməsi təhlükəsini yaratmışdır. Bütün bunlarla yanaşı, sərəncamda Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunması məsələləri əksini tapmışdır.

Sərəncama əsasən 2009-2015-ci illər üzrə elm sahəsində aparılacaq islahatların, habelə elmin inkişaf strategiyasının konkret proqram modelində hazırlanması üçün hökumət və elm adamlarından ibarət Dövlət Komissiyası yaradılmışdı. Komissiya tərəfindən hazırlanaraq dövlət başçısının 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirmişdir.

2009-cu ildə respublikada Elmin İnkişafı Fondunun yaradılması elmi tədqiqatların stimullaşdırılmasının yeni maliyyə mexanizmi kimi diqqəti çəkmişdir. Fondun yaradılması fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliyinin artırılması məqsədilə əsaslandırılır. Ölkə rəhbərliyinin xaricdə kadr hazırlığına xüsusi diqqətlə yanaşması respublikada demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəçilik sistemi formalaşdırmaq niyyətindən irəli gəlir. Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il tarixli “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” sərəncamı bu sahədə həyata keçirilən dövlət siyasətində ardıcıllığın və sistemliyin təmin olunması məqsədi daşımışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” 2010-cu il 9 fevral tarixli sərəncamı respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi daşımışdır. AMEA-nın infrastrukturunun, maddi-texniki bazasının, şəraitinin yaxşılaşdırılması məsələləri də son 12 ildə Prezident

İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının 29 aprel 2011-ci il tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamı da akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsinə və bir sıra mövcud problemin həlli məqsədinə xidmət etmişdir.

Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında bu məqamlara da toxunub: “Son illər ərzində Akademiyanın maddi-texniki bazası möhkəmlənib, gözəl bina əsaslı təmir edilib. Akademiya institutlarının təmirinə vəsait ayrılıb. Elmi kitabxana kompleksi yaradılıb. Şamaxı Astrofizika Rəsədxanası əsaslı təmir edilib. Milli Ensiklopediya üçün gözəl bina tikilibdir. Yəni, bütün bunlar Azərbaycan dövlətinin siyasətini ifadə edir. Biz çox istəyirik ki, elmi inkişaf üçün daha da gözəl şərait yaradılsın. Bununla bərabər, elmin inkişafı üzrə milli strategiya və dövlət proqramı artıq beş-altı ildir ki, qəbul edilibicra olunur. Hesab edirəm ki, Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır. Çünki bu Fond imkan yaradır ki, həm gənc alimlərə qrantlar verilsin, həm də elmi araşdırmalar aparılsın. Ümumiyyətlə, bu, əlbəttə, elmin inkişafına müsbət təsir göstərir”.

Prezident İlham Əliyevin son illər imzaladığı sərəncamlarla, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının müasir tələblər səviyyəsində qurulması, kadr potensialının gücləndirilməsi məqsədilə zəruri vəsaitlər ayrılmışdır. Akademiya sistemində həyata keçirilən islahatlar son illər daha geniş vüsət almış, AMEA-da genişmiqyaslı struktur islahatlarına başlanılmışdır. Bu islahatların əsas məqsədi akademiyanın fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun təmin etmək və idarəetmə strukturunu təkmilləşdirməkdir. Təhsil və kadr siyasətinin müasir səviyyədə qurulması, informasiyaelmin kütləviləşdirilməsi sahələrində fəaliyyətin səmərəliyinin artırılması da islahatların hədəflərindəndir. Bu məqsədlə AMEA Rəyasət Heyətində müasir dövrün idarəetmə sistemlərinə uyğun yeni akademik bölmə və şöbələr yaradılmış, idarəetmə sisteminin müasirləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. İdarəetmədə çevikliyin və aparılan islahatların səmərəsinin artırılması, elmi müəssisələr üçün aktual məsələlərin geniş müzakirəsi, problemlərin səmərəli həll yollarının tapılması məqsədilə AMEA Elmi Müəssisələrinin Direktorlar Şurasının yaradılması da mühüm yeniliklərdən biri olmuşdur. İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının yaradılması əldə olunan elmi nəticələrin praktikada tətbiqi istiqamətində aparılan islahatların uğurlu davamıdır. Azərbaycan Prezidenti İlham Əliyev akademiyanın 70 illiyi münasibətilə alimlərimizin böyük bir qrupunun təltif olunması haqqında sərəncam imzalaması bu baxımdan diqqətəlayiqdir.

Elmi-tədqiqatların, əldə olunan innovativ nəticələrin həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılması AMEA-nın fəaliyyətində mühüm yerlərdən birini tutur. Bununla bağlı akademiya nüfuzluThomson Reuters” jurnalı ilə elmi təcrübələr həyata keçirir. Gənc alimlərin zəhmətinin stimullaşdırılması son dərəcə vacib məsələlərdən biridir. 2014-cü ildə Prezident İlham Əliyevin dəstəyi ilə 10-dan çox gənc tədqiqatçı Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil almağa göndərilmişlər. Elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimlərin yaradıcılığını stimullaşdırmaq məqsədilə “Nizami Gəncəvi adına Qızıl medal”ın təsis edilməsi də mühüm yeniliklərdən biri olacaq. Hazırda AMEA əməkdaşlarının mənzil problemlərinin həlli, müasir tələblərə cavab verən səhiyyə, ticarət və istirahət mərkəzlərinin yaradılması istiqamətində də mühüm işlər həyata keçirilir.

Yeni dünya nizamında elmi-informativ biliklər inkişafın mühüm katalizatoruna, innovasion yeniliklərin başlıca təminatına çevrilmişdir. Elmtutumlu informasiyanın yaradılması, əldə edilməsi, tətbiqi sosial-iqtisadi inkişafın, qlobal rəqabətin, ən başlıcası demokratikləşmə prosesinin mühüm amilləridir. Bu baxımdan son illər milli gəlir artdıqca ölkə başçısı İlham Əliyevin respublikamızda elmə, təhsilə, informasiya texnologiyalarına ayırdığı vəsaitlər də çoxalır və bu da insan amilinin və ümumən demokratik proseslərin inkişafı üçün böyük təməl yaradır.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 12 noyabr.- S. 4.