Azərbaycan Prezidenti İlham Əliyev
Böyük Britaniya
nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də
Böyük Britaniya Lordlar Palatasının üzvü,
Leyboristlər Partiyasının nümayəndəsi, “Senate
Consulting Ltd” şirkətinin təsisçisi, “Discover Azerbaijan:
Baku 2015 edition” kitabının layihə direktoru Lord Devid
Evansdan, Mühafizəkarlar Partiyasının nümayəndəsi
Lord Riçard Rizbidən, Böyük Britaniya parlamentinin
üzvləri, Leyboristlər Partiyasının nümayəndələri
Rocer Dankan Qodsiffdən, Stefn Ceyms Makkabedən, xanım Patrisia
Skotlanddan və “Senate Consulting Ltd” şirkətinin
icraçı direktoru xanım Karolin Minşeldən ibarət
Böyük Britaniya nümayəndə heyətini qəbul
edib.
Dövlətimizin başçısı Böyük Britaniya nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmiz ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına və uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev əməkdaşlığımızın kifayət qədər geniş istiqamətləri, o cümlədən siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələri əhatə etdiyini vurğulayaraq ölkələrimiz arasında parlamentlərarası əlaqələrin də böyük əhəmiyyət daşıdığını dedi.
Böyük Britaniya Lordlar Palatasının üzvü, Mühafizəkarlar Partiyasının nümayəndəsi Lord Riçard Rizbi ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi. Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq məsələlərə dair fikirlərinin onlar üçün hər zaman böyük maraq doğurduğunu dedi.
Görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan.- 2015.- 14 noyabr.- S. 1