“Böyük iyirmilik” Antalyada
toplaşır
“G-20”nin X Zirvə
Görüşündə Azərbaycan da iştirak edəcək
Sabah dünya dövlətlərinin diqqəti Türkiyə
Respublikasına yönələcək. Çünki
dünyanın super gücləri hesab olunan “G-20” ölkələri
liderlərinin X zirvə görüşü 15-16 noyabrda
Antalyada reallaşacaq.
“G” hərfi ingiliscədə “Great”- yəni böyük
sözünün baş hərfidir. Odur ki, biz “G-20”ni
Azərbaycan dilində “Böyük iyirmilik” şəklində
deyirik. Bu ölkələr dünya sənayesinin 85 faizini,
ümumi daxili məhsulun 90 faizini, dünya ticarətinin 80
faizini və dünya əhalisinin isə 65 faizini təmsil
edirlər. Dünya əhalisinin 2/3 hissəsi “G-20” üzvü
olan ölkələrin - ABŞ, İngiltərə, Türkiyə,
Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Rusiya, Avstraliya,
Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə
Ərəbistanı, Cənubi Afrika, Argentina, Cənubi Koreya və
Avropa Birliyinin ərazisində yaşayır. “Böyük
iyirmiliyin” əsas hədəfi bu ittifaqa daxil olan ölkələrin
məcmu ümumi daxili məhsulunun həcmini yaxın 3 il ərzində
2,1 faiz artırmaqdır. Maliyyə nazirlərinin
və mərkəzi milli bank direktorlarının 20-lər
qrupu 1999-cu ildə qlobal iqtisadiyyat problemlərini çözmək
məqsədi ilə sənayecə inkişaf etmiş 19
ölkəni bir araya gətirərək “G-20”ni
yaradıb. Həmin il Vaşinqtonda
keçirilən zirvə görüşündə “G-20”nin rəsmən
fəaliyyətə başladığı elan olunub.
Öncə qeyd edək ki, iki gün davam edəcək bu
mühüm tədbirlə əlaqədar Antalyaya 13 min
iştirakçı gələcək.
İştirakçıların təhlükəsizliyinin təmin
olunması üçün isə Türkiyə
Respublikası tərəfindən 12 min polis və jandarma cəlb
edilib, o cümlədən 3 min KİV nümayəndəsi
qeydiyyatdan keçib. 12 dövlət başçısı,
11 baş nazir və 2 Avropa Birliyi liderinin iştirak edəcəyi
sammitə 500-ə yaxın iş adamı da qatılacaq. Zirvə görüşü çərçivəsində
7 böyük toplantı keçiriləcək.
İlk dəfə Türkiyənin evsahibliyi edəcəyi
“G-20” sammitinin yüksək səviyyədə baş
tutması və təhlükəsizliyin təmin olunması
üçün rəsmi Ankara xüsusi tədbirlər həyata
keçirib. Müvafiq dövlət qurumları və sammitin
işinin təşkilinə cəlb olunmuş digər
qurumların təmsilçilərindən ibarət xüsusi
mərkəz yaradılıb. Sammitin
keçirildiyi zona xüsusi sədlərlə əhatəyə
alınacaq. Bu zonaya yalnız xüsusi
buraxılışla daxil olmağa icazə veriləcək.
Antalya valisi Muammer Türker “G-20” zirvə
görüşünün Türkiyə Respublikası
üçün böyük əhəmiyyət
daşıyan mötəbər tədbir olduğunu bildirib.
O, sammitlə əlaqədar xüsusilə hava limanında
yüksək səviyyədə təhlükəsizlik tədbirlərinin
görüldüyünü vurğulayıb. Antalya
Beynəlxalq Hava Limanının xarici uçuşlar xətti
noyabrın 10-17-si yalnız sammit
iştirakçılarının ixtiyarına veriləcək.
Liderləri qarşılayan hava limanından
hotellərə qədər 350-dən çox kamera
quraşdırılıb. Turizm zonası
olan Bələkdə zirvə görüşü
üçün 28 hotel bağlanıb. Liderlər
toplantılarını “Regnum Carya Golf & SPA Resort” da
keçirəcəklər.
Sammitin ilk günündə gündəliyə əsasən,
liderlər terrorçuluğa qarşı mübarizə,
Suriyadakı vəziyyət, bu ölkədən olan
qaçqınlar barədə məsələləri
müzakirə edəcəklər. Toplantıarası ikitərəfli
görüşlərin keçiriləcəyi də istisna
edilmir. Noyabrın 16-da Rəcəb Tayyib
Ərdoğan sammitin yekununa həsr edilən mətbuat
konfransı keçirəcək. Toplantıda
5 çərçivə sazişinin də imzalanacağı
gözlənilir. Sammitin sonunda “Antalya bəyannaməsi”
qəbul ediləcək.
16 il əvvəl yaradılan “Böyük
iyirmilik” qlobal iqlim dəyişikliyi, inkişaf modelləri,
korrupsiyaya qarşı mübarizə, yoxsulluq probleminin aradan
qaldırılması kimi məsələlərlə məşğul
olur. Bununla belə, həm “G-20” üzvlərinin, həm də
müşahidəçilərin yekdil olduğu bir fikir var -
qlobal problemlərdən xilas olmağın tək yolu
maraqları ortaq məxrəcə gətirəcək
müzakirə platformasının mövcudluğudur və bu
kontekstdə “Böyük iyirmiliyin” rolu əvəzsizdir. Ona görə də “G-20” hələ də öz
aktuallığını qorumaqdadır və qlobal problemlərin
miqyasının genişlənməsi bu siyasi platformanın
önəmini birə-beş artırır.
X zirvə
görüşü isə heç də xoş bir dönəmə
təsadüf etmir. Yəni Türkiyə Respublikası
neftin qiymətinin ucuzlaşması, aparıcı dövlətlərdə
bank sektorunun ciddi problemlərlə üzləşməsi,
müxtəlif ölkələrə tətbiq olunan sanksiyalar
səbəbilə dünya iqtisadiyyatında
tarazlığın pozulması və iqtisadi böhranın
davam etdiyi bir zamanda “G-20”yə sədrlik edir. “G-20” hər nə qədər qlobal iqlim dəyişikliyi,
inkişaf modelləri, korrupsiyaya qarşı mübarizə,
yoxsulluq probleminin aradan qaldırılması kimi məsələlərlə
məşğul olsa da, bu ittifaqın əsas hədəfi
beynəlxalq iqtisadi sistemin sabit inkişafına nail
olmaqdır. Təbii ki, sabit iqtisadi
inkişaf olmadan digər qeyd olunan problemlərin həlli
mümkün deyil, bu səbəbdən sadalanan fəaliyyət
sahələri “G-20” kontekstində nisbətən deklarativ
xarakter daşımaqdadır. Bu baxımdan
“G-20”yə qlobal iqtisadiyyatın idarə olunması
strukturu kimi baxmaq lazımdır. Türkiyənin isə
əsas vəzifəsi qlobal böhranın təsirini minimuma
endirmək, bunun üçün isə “G-20”də təmsil
olunan dünyanın əsas iqtisadi güclərinin
maraqlarını ortaq nöqtəyə gətirmək olacaq.
Bu günə qədər keçirilən zirvə
toplantılarından fərqli olaraq, Antalyadakı sammitin əsas
mövzuları arasına ilk dəfə terror, Suriya
böhranı, miqrant problemi kimi məsələlər daxil
edilib. Həmçinin qloballaşma rejimində ölkələrin
fərqli inkişaf modelləri əsas müzakirə
mövzusu olacaq. Bu müzakirələr əsasən
dövlət və hökumət
başçılarının iştirak etdiyi 7 ana
toplantıda gündəmə gətiriləcək. Bunlardan 2-si işgüzar yemək, 5-i isə konfrans
mühitində baş tutacaq. Müzakirə
ediləcək əsas iqtisadi məsələlər isə
ölkələrin iqtisadi böyüməsi, investisiyalar,
ticarət, demoqrafik problem və beynəlxalq rəqabət
olacaq.
Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev
iştirak edəcək. Azərbaycan Türkiyənin “G-20”yə sədrliyi
dövründə bu qurumun toplantısında xüsusi dəvətli
qonaq statusunda təmsil olunur. Tədbirin ənənəsinə
görə, iclasa evsahibliyi edən ölkə fəxri qonaq dəvət
edir və Türkiyənin də fəxri qonaq qismində Azərbaycanı
seçməsi bu iki dövlət arasındakı sıx
qardaşlıq əlaqəsini bir daha təsdiqləyir. Türkiyənin türkdilli dövlətlərdən
özünə müttəfiq hesab etdiyi dövlətlər
arasında Azərbaycanı fəxri qonaq seçməsi
Türkiyə və Azərbaycan arasındakı münasibətlərə
rəsmi Ankaranın, Prezident Rəcəb Tayyib
Ərdoğanın ölkəmizə verdiyi dəyərin
göstəricisidir. İki ölkə
arasında istənilən sahə üzrə əlaqələr
ən yüksək formada inkişaf edir. İqtisadi-ticari
əlaqələr sahəsində ticarət dövriyyəsi
bu il 5 milyard dollara çatıb. Əsas hədəf isə bu göstəricini
2023-cü ildə 15 milyard dollara çatdırmaqdır.
Mütəxəssislər hesab edirlər ki, beynəlxalq
aləmdə qazandığı imicə, yürütdüyü
uğurlu siyasətə görə dövlət
başçıları arasında xüsusilə seçilən
Prezident İlham Əliyevin bu tədbirdə iştirakı
türkdilli dövlətlərə böyük fayda verə
bilər. Digər tərəfdən Azərbaycan qlobal
iqtisadiyyata töhfə verəcək, Cənub-Şərqi
Asiya regionundan Avropaya qədər böyük bir ərazini əhatə
edən iki qlobal layihənin - Bakı-Tbilisi-Qars dəmiryolu və
TACİS proqramının təşəbbüskarı və
iştirakçısıdır. “G-20”nin
öz qarşısına qoyduğu əsas hədəfə
çatmaq üçün üzərinə
götürdüyü öhdəliklərdən biri bu kimi təşəbbüslərin
mütləq dəstəklənməsidir.
Azərbaycanın neftdən əldən etdiyi gəlirlər
ölkənin investisiya imkanlarını artırıb. Qlobal iqtisadi
böhrandan əsas çıxış yollarından biri
qlobal infrastruktur investisiyası boşluğunu doldurmaqdır
ki, ölkəmiz bu işdə də, özəlliklə
regional layihələrin maliyyələşdirilməsində
öz töhfəsini verə bilər. “G-20”də
iştirakı Azərbaycanın Türkiyə ilə ikitərəfli,
eyni zamanda, Gürcüstan da daxil olmaqla, üçtərəfli
iş birliyi (həyata keçirilən bütün iqtisadi
layihələr nəzərə alınmaqla) çərçivəsində
region və dünya iqtisadiyyatına təsir edə bilən
ölkə olduğunu göstərir. Bu gün
Azərbaycan regionda öz iqtisadi potensialı baxımından
Qərbin və ümumiyyətlə, dünyanın diqqət
mərkəzində olan dövlətdir. Məhz
bu baxımdan Azərbaycan mühüm bir portnyor rolunu oynaya bilər
və ölkəmizin “G-20” sammitində iştirakı
Türkiyə üçün xüsusi əhəmiyyət kəsb
edir.
Bununla yanaşı qeyd etməliyik ki, Azərbaycan ilk dəfə
deyil “G-20” sammitinə dəvət edilir. 2012-ci ildə
Meksikada keçirilən zirvə görüşünə də
Azərbaycan dəvət edilmişdi. Bu isə
artıq Azərbaycanın beynəlxalq birlikdə nüfuzunun
olduğu, onun siyasi və iqtisadi qüdrətinin dünya tərəfindən
qəbul edilməsi deməkdir. Azərbaycanın
sammitdə iştirakı artıq dünyanın
aparıcı dövlətlərinə bir sıra məsələlərdə
ölkəmizin mövqeyinin öyrənilməsinə və nəzərə
alınmasına kömək edəcək. Eyni zamanda Prezident İlham Əliyev Azərbaycanın
mövqeyini bəyan edəcək. Dövlət
başçısı ölkəmizin ərazi
bütövlüyünün Ermənistan tərəfindən
pozulması, Ermənistanın işğalçı qüvvələrinin
Azərbaycan ərazisində olması məsələlərini
də şübhəsiz ki, qaldıracaq və beynəlxalq
birlikdən, ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri
olan üç böyük dövlətdən bu problemin həllinə
daha ciddi yanaşmalarını tələb edəcək.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2015.- 14 noyabr.- S. 1.