Ombudsmanların
XIII Bakı beynəlxalq konfransı davam edir
Bakıda
keçirilən Ombudsmanların XIII beynəlxalq konfransı
noyabrın 13-də işini sessiya ilə davam etdirib.
AZƏRTAC xəbər verir ki, “Konstitusiya sabitliyin və inkişafın qarantı kimi” mövzusunda sessiyada müvafiq mövzularda məruzələr dinlənilib, səmərəli müzakirələr aparılıb.
Avstriya ombudsmanı, Beynəlxalq Ombudsmanlar İnstitutunun baş katibi Günter Kröyter “Ombudsman institutlarının gündəlik fəaliyyətində insan hüquqlarına daha səmərəli yanaşma” mövzusunda məruzə ilə çıxış edib.
O, Ombudsman təsisatının insan hüquqlarının səmərəli təminində rolundan söhbət açıb. Həmçinin Avstriyada Ombudsman İnstitutunun fəaliyyəti barədə məlumat verib. G.Kröyter vurğulayıb ki, Ombudsman təsisatının fəaliyyətinin əsasını qanunun aliliyini, ədaləti dəstəkləmək təşkil edir.
“Sloveniya Respublikasının insan hüquqları müvəkkili tərəfindən ölkə Konstitusiya Məhkəməsinə təqdim edilmiş norma və ya aktın konstitusiyaya uyğunluğunun yoxlanılmasına dair sorğuları” adlı məruzə ilə çıxış edən Sloveniya ombudsmanı Vlasta Nussdorfer ölkəsində insan hüquqlarının qorunması istiqamətində görülən işlər, Ombudsman təsisatının bu işlərdə rolu barədə məlumat verib.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev “Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüquq” mövzusunda çıxışında bildirib ki, Azərbaycanın Konstitusiyası beynəlxalq hüququn norma və prinsiplərini əks etdirən mühüm müddəalarla zəngindir. Burada beynəlxalq hüququn prinsiplərinə münasibət ön plana çəkilib. Beynəlxalq müqavilələrin üstünlüyünün bəyan edilməsi də Konstitusiyamızda əsas yer tutur. Əsas Qanunda 2002-ci və 2009-cu illərdə referendum yolu ilə edilən dəyişikliklər birbaşa insan hüquqlarının daha real təmininə yönəlib.
Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov məruzəsində bildirib ki, Ombudsman İnstitutunun fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının qorunması mexanizmi vacib yerlərdən birini tutur. Ombudsman İnstitutunun fəaliyyətinin uğurlu olmasının əsas səbəbi onu tənzimləyən qanunvericilik aktlarının mükəmməlliyi ilə əlaqədardır.
Qeyd edilib ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Konstitusiya Qanununun 5-ci maddəsinin təhlili onun məhz müstəqil ombudsman modelinə aid olmasını sübut edir. Ədliyyə Nazirliyi və onun Akademiyasının müstəqil Ombudsman İnstitutu ilə normal əməkdaşlığı mövcuddur.
Sessiyada Misirin Milli İnsan Hüquqları Şurasının prezidenti Mohamed Fayek “Dayanıqlı inkişaf üçün 2030 gündəliyinin həyata keçirilməsində Milli İnsan Hüquqları təsisatlarının rolu” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, bəşəriyyətin dayanıqlı inkişafı, insan hüquq və azadlıqlarının həyata keçirilməsi sülh və təhlükəsizliyin təmin olunmasından asılıdır. Davamlı inkişafa yönəlmiş yol məhz sülhdən, ədalətdən, tolerantlıqdan, qanunun aliliyindən və insan hüquqlarından keçir.
Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva “Hüquqi psixologiyanın aktual problemləri” adlı məruzəsində bildirib ki, insan hüquqlarına riayət edilməməsi sağlamlıq üçün mənfi nəticələrə gətirib çıxara bilər. Evdə zorakılıq, uşaqların istismar edilməsi kimi hallarda psixoloji travma yaranması inkaredilməz faktdır.
Qeyd edilib ki, insan hüquqlarının ciddi şəkildə pozulması nəticəsində alınan psixoloji zədələr hətta fiziki yaralar sağalandan sonra da davam edir. Əslində psixoloji işgəncə hətta ekstremal fiziki hallarda da ən güclü travmatik təcrübə hesab edilir. Çünki bu, insanın ləyaqət hissinin tapdalanmasına səbəb ola bilər. Bu baxımdan səmərəli və vaxtında görülmüş kompensasiya tədbirləri, həmçinin müvafiq sosial, psixoloji, tibbi və digər reabilitasiya formaları şəxsiyyətin bərpası prosesinə kömək edə bilər. Bu istiqamətdə uşaq hüquqlarının müdafiəsi və ailənin rolu xüsusi qeyd edilməlidir. Uşaq üçün ailə elə bir mühitdir ki, onun fiziki, ruhi, emosional və intellektual inkişaf şəraiti həmin mühitdə formalaşır. Ailə nəsildən-nəslə keçən mədəni obrazların daşıyıcısıdır. Uşaq cəmiyyətin mədəniyyəti və ənənələri ilə məhz ailədə tanış olur, cəmiyyətdə davranış qaydaları, əxlaq normaları, şərəf, xeyirxahlıq, ədalət anlayışları haqqında biliklər əldə edir. Deyə bilərik ki, insanın şəxsiyyət kimi formalaşmasının təməli ailədə qoyulur.
Sonra Moldovanın İctimai Palatasının prezidenti Aurelia Qriqoriu “İkili standartlar siyasəti əsas konstitusion prinsiplərin və insan hüquqlarının pozuntusu kimi” mövzusunda məruzə ilə çıxış edib.
Aurelia Qriqoriu son dövrlərdə dünya ölkələrinin üzləşdiyi ikili standartlar siyasətinin doğurduğu mənfi hallardan söhbət açıb. O, ikili standartlar siyasətinin insan hüquqlarının və konstitusion prinsiplərin də kobud şəkildə pozulmasına gətirib çıxardığını diqqətə çatdırıb, bunun yolverilməz olduğunu vurğulayıb. İctimai Palatasının prezidenti dünya ictimaiyyətini, xüsusilə ayrı-ayrı ölkələri, beynəlxalq qurumları ikili standartlar siyasətinə son qoymağa çağırıb.
Məruzəçi Moldovada insan hüquqlarının təmin olunması ilə bağlı görülmüş işlər və əldə edilmiş nəticələr, bu sahədə beynəlxalq insan hüquqları standartları və mexanizmləri haqqında da məlumat verib.
Sessiya müzakirələrlə davam edib.
Noyabrın 14-də başa
çatacaq konfransın yekununda
Bakı Bəyannaməsi qəbul ediləcək.
AZƏRTAC
Azərbaycan.- 2015.- 14 noyabr.- S. 3.