Azərbaycanın və Qazaxıstanın sərhəd qurumları arasında protokol imzalanıb

 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) və Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti arasında protokol imzalanıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, protokolun imzalanması Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyətinin Qazaxıstana səfəri çərçivəsində baş tutub.

Nümayəndə heyəti noyabrın 11-12-də MDB Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) Astanada keçirilmiş 74-cü iclasında müşahidəçi qismində iştirak edib. İclasda MDB-nin iştirakçısı olan dövlətlərin xarici sərhədlərində sərhəd təhlükəsizliyinə qarşı 2015-ci ildə təhdidlərin təhlili və 2016-cı ildə şəraitin inkişafı, SQKŞ-nin cari ildə fəaliyyətinin nəticələri, peşəkar kadrların hazırlanması və ixtisasının artırılması üzrə tədbirlər, gələn il üçün planlaşdırılan tədbirlər, Şuranın növbəti iclası və digər məsələlər müzakirə edilib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Rusiya, Qazaxıstan, Belarus, Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın sərhəd qurumlarının nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib.

Noyabrın 12-də Qazaxıstanın MTK Sərhəd Xidmətinin nümayəndə heyəti ilə keçirilmiş görüşdə Xəzər dənizində mövcud vəziyyət, sərhəd təhlükəsizliyinin təmin olunması üzrə keçirilmiş tədbirlər, həmçinin iki ölkənin sərhəd qurumları arasındakı əlaqələrin vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb, Xəzər dənizində birgə təlimlərin təşkil olunması, həmçinin qanunsuz miqrasiya, narkotiklərin daşınması, qaçaqmalçılıq və digər qeyri-qanuni fəaliyyətlərə qarşı praktiki əməkdaşlığın həyata keçirilməsinin vacibliyi qeyd olunub. Sonra protokol imzalanıb.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

 

Azərbaycan.- 2015.- 14 noyabr.- S. 4.