Dmitri SAVELYEV: “Azərbaycan
rusiyalı turistlər
üçün ideal ölkədir”
“Azərbaycan rusiyalı
turistlər üçün
ideal ölkədir. O, maraqlı,
sürətlə inkişaf
edən infrastruktura malik və Rusiyaya
münasibətdə çox
səmimi ölkədir,
bu isə heç də az əhəmiyyət
kəsb etmir. Burada dil baryeri yoxdur,
iqlim şəraiti, təbiətin müxtəlifliyi,
rahatlıq və təhlükəsizlik səviyyəsi
isə ən yüksək tələblərə
cavab verir”.
AZƏRTAC Pravda.ru saytına istinadla xəbər verir ki, bu
sözləri Rusiya-Azərbaycan
Parlamentlərarası Dostluq
qrupunun rəhbəri
Dmitri Savelyev söyləyib. O bildirib
ki, çimərlik istirahətinin ən çox tələbat olan istiqaməti kimi Misir rusiyalı
turistlər üçün
bağlanıb.
Deputatın fikrincə, turizm operatorları yeni məkanları mənimsəməlidirlər. O deyib:
“Əlbəttə, daxili
istiqamətləri, ilk növbədə
Krımı və
Krasnodar diyarını nəzərdən
keçirmək lazım
gələcək. Turizmə tələbat
bu sahəyə sərmayə qoyulmasına
marağı artıracaq.
Bu, Rusiya üçün
çox əlverişlidir.
İkincisi, MDB ölkələrinə, ilk
növbədə Azərbaycana
gələn turistlərin
sayı artacaq. Hazırda bu istiqamətin çox böyük potensialı var”.
Məqalədə daha sonra qeyd
edilir ki, son illərdə Azərbaycanda
turizm həqiqətən,
yüksəliş mərhələsindədir. Bu ölkədə keçirilmiş
Birinci Avropa Oyunlarından sonra əla nəqliyyat, mehmanxana və rekreasiya infrastrukturu qalıb, qitə olimpiadasını müşayiət
edən informasiya kampaniyası isə turistlərin məlumatlandırılmasına
çox kömək edib. Rusiya-Azərbaycan
Dostluq Mərkəzinin
direktoru Nataliya Krasovskayanın fikrincə,
bu sahəyə sərmayə qoyulması davam etsə, orta seqmentə aid hotellər şəbəkəsi
inkişaf etdirilsə
və bu barədə məlumatlandırma
lazımi səviyyədə
olsa, Azərbaycan bir sıra populyar
turizm istiqamətləri
üçün ciddi
rəqib ola bilər.
Xəzərin rekreasiya baxımından mənimsənilməsi üzrə
Rusiya ilə birgə aparılan işlər də buna kömək edə bilər. Hazırda belə
layihələrdən biri
Rosturizm tərəfindən
müzakirə edilir.
Rusiyanın regionları ilə
əməkdaşlıq da
işin xeyrinə olar. Bu il
sentyabr ayında Yekaterinburqda keçirilmiş
VI Rusiya-Azərbaycan Regionlararası
Forumunda Azərbaycan ilə Ural arasında turizm əlaqələrinin
inkişafı məsələsi
əsas müzakirə
mövzularından biri
olub. Azərbaycan Turizm Assosiasiyası
ilə Sverdlovsk vilayətinin
Turizmin İnkişafı
Mərkəzi arasında
əməkdaşlıq sazişi
imzalanıb. Tərəflər press-tur mübadiləsi barədə razılığa
gəliblər. Bu, hər iki ölkənin
jurnalistlərinin həm
Rusiyada, həm də Azərbaycanda turizm infrastrukturunun bütün müsbət cəhətlərini görməsinə
və təsvir etməsinə şərait
yaradar. Bu həm də iki ölkə arasında turizm mübadiləsinin ilbəil
stabil artmasına şərait yaradacaq.
Azərbaycan.- 2015.- 14 noyabr.- S. 8.