Ana dilimizə yüksək qayğının parlaq nümunəsi

 

Azərbaycan Respublkasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyindəki proqram xarakterli nitqi başqa elm sahələri kimi, humanitar sahənin nümayəndələri qarşısında da məsul vəzifələr qoydu. Müstəqil bir dövlətin mənəvi müstəqilliyinin ən mühüm amili olan ana dilinin, dövlət dilinin rolunu yüksək qiymətləndirən dövlət başçımız çox doğru olaraq göstərdi: “Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik”.

Doğrudan da hər bir xalqın mənəvi varlığının əsas, başlıca amili onun dilidirbu dilin qorunub saxlanması, inkişaf etdirilməsi hər bir xalqın müqəddəs vəzifələri sırasına daxildir. Hətta dil o qədər güclü bir təfəkkür və mədəniyyət hadisəsidir ki, bəzən millət, etnos, xalq müəyyən obyektivsubyektiv amillərin təsiri altında tarix səhnəsini tərk etdikdən sonra belə, yaşaya bilir. “Ölü dillər” adlanan bu cür dünya dillərindən şumer, babil, sanskrit, qədim yunan, latın dillərini göstərə bilərik. Əslində bu dillər ölü deyil, diri, canlı dillərdir ki, bəşəriyyətin uzaq keçmişi ilə bu günü arasında körpü rolunu oynayır. Ona görə də dünya elmində bu dillərə maraq əsrlər keçdikcə azalmır, əksinə, daha da güclənir. Müstəqil Azərbaycanın Milli Elmlər Akademiyasında da bu dillərin öyrənilməsinə ciddi diqqət ayrılmışdır. Prezident İlham Əliyevin qayğısı və dəstəyi nəticəsində akademiyada bu ildən fəaliyyət göstərməyə başlayan magistraturada ixtisaslardan biri məhz qədim dillərin öyrənilməsinə ayrılmışdır. Öz nitqində bunu təşviq edən Prezident İlham Əliyev də Azərbaycan gənclərinin xarici dilləri öyrənmələrini vacib sayaraq demişdir: “Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk növbədə, öz ana dilini bilməlidirlər”.

Azərbaycan xalqı tarixən öz tolerantlığı, multikultural ənənələri ilə başqa xalqlar üçün gözəl bir nümunəyə çevrilibdir. Xalqımız başqa mədəniyyətlərə açıq olub, bəzi qonşu xalqlar kimi öz qınına çəkilib başqalarına şübhə və kinlə baxmayıbdır. Bunun təbii nəticəsi kimi mədəniyyətlərin qarşılıqlı zənginləşməsi baş veribdir. Cənab Prezidentbir sıra çıxış və nitqlərində Azərbaycan xalqının bu cəhətini yüksək qiymətləndirərək onu qürur mənbəyi saymışdır. Elə noyabrın 9-dakı nitqində də bu məsələyə toxunan ölkə başçısı demişdir: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Çünki bu, bizim üçün normal həyat tərzidir”.

Bəli, normal həyat tərzi həm də sağlam mənəvi-mədəni həyat tərzi deməkdir və Prezidentin sözləri ilə desək, “bunun alternativi yoxdur”. Çünki sağlamlığın alternativi - xəstəlikdir, xəstəlik isə qəbuledilməzdir və onun müalicəsi lazımdır. Necə ki, 70 il bundan əvvəl bəşəriyyətin sağlam qüvvələri yığışaraq irqçilik, ksenofobiya, diskriminasiya virusları ilə ağırlaşmış faşizm adlı xəstəliyi “cərrahi yolla” müalicə etdilər. Təəssüf ki, beynəlxalq hüququn işləmədiyi, ikili standartların at oynatdığı müasir dünyamızda arada-bərədə yenə də nasizm, faşizm, neonasizm xəstəliyinin simptomları özünü göstərməkdədir. Bütün bunlardan dərin narahatlığını ifadə edən Prezident İlham Əliyev bu cür fikirlərin ciddi təhlükə mənbəyi olması haqqında həyəcan təbili çalmağı da unutmamışdır: “Hətta bəzi siyasi liderlər çox təhlükəli ifadələr işlədirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu, həm yanlış, həm də təhlükəli fikirlərdir”.

Tolerantlığı, multikulturalizmi, başqa mədəniyyətlərə açıqlığı Azərbaycan xalqının müsbət keyfiyyətləri kimi yüksək qiymətləndirən Prezident İlham Əliyev, eyni zamanda, milli dəyərlərin, milli mentalitetin qorunub saxlanmasını da müstəqil Azərbaycan dövlətinin qarşısında duran başlıca vəzifələrindən biri kimi dəyərləndirir. Bu vəzifənin uğurla yerinə yetirilməsinin vacib şərtlərindən biri isə, şübhəsiz ki, ana dilinin saflığının qorunması, onun zəngin daxili imkanlarının üzə çıxarılması, dilimizin minillər boyu formalaşmış qayda-qanunlarına uyğun gəlməyən, “qulaq cırmaqlayan” yad kəlmələrdən mümkün qədər az istifadə edilməsidir. Bu barədə də müasir cəmiyyətimizdə özünü göstərən bir tendensiyadan narahatlığını ifadə edən dövlət başçısı doğru olaraq göstərir ki: “...Bu gün bəzi hallarda görəndə ki dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu məni doğrudan da çox narahat edir”.

Ölkə Prezidentinin narahatlığı vətənpərvər bir ziyalının, öz xalqının xoşbəxt gələcəyi uğrunda əlindən gələni əsirgəməyən böyük bir azərbaycançının, ulu öndər Heydər Əliyevin milli ideologiya səviyyəsində formalaşdırdığı azərbaycançılıq ideologiyasının gerçəkləşdirilməsi uğrunda titanik fəaliyyət göstərən azərbaycanlı liderin narahatlığıdır və bu narahatlığı bütün Azərbaycan xalqı bölüşməli, onu doğuran səbəblərin aradan qaldırılması üçün lazım gələn bütün tədbirləri görməlidir. Hələ 100 il bundan əvvəl böyük vətənpərvər şairlərimizdən olan Əli Nəzmi buna bənzər narahatlığını ifadə edərək yazırdı:

Dil var ikən, gəlin lisan deməyək,

Döndərib farscaya zəban deməyək.

Ərəbi göndərək öz evlərinə,

Farsa da qal bizdə mehman deməyək!

Əgər 100 il bundan əvvəl ərəb-fars təsirlərini dilimizdən təmizləməyə çalışırdıqsa, bu gün Qərb təsirləri problemi qarşımızda durmaqdadır və cənab Prezident bu problemin həlli yollarını alimlərimiz, ziyalılarımız, bütün xalqımız qarşısında açıq-aşkar göstərərək demişdir: “Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Bizim vətəndaşlar... imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur”.

Daha sonra fikrini davam etdirən Prezident şəxsi müşahidələri əsasında aşkar etdiyi bir tendensiyaya da öz təəssüfünü bildirir: “Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur”.

Buna niyə ehtiac olmadığını dilimizin, leksikamızın, lüğətimizin zənginliyi ilə izah edən ölkə başçısı sözünə davam edərək demişdir: “Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək, bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır”.

Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyində Azərbaycan dili barədə səsləndirdiyi lakonik fikirlər, bütövlükdə müstəqil Azərbaycan Respublikasında 1970-1983-cü illərdə və 1993-cü ildən bu yana yürüdülən mədəniyyət və dil siyasətinin ayrılmaz tərkib hissəsi və növbəti yüksək mərhələdə məntiqi davamıdır. Bu da qloballaşmanın bəzən gənclərimiz üçün şirnikləndirici olan çağırışları qarşısında milli mentalitetin qorunub saxlanması zərurətindən irəli gəlir. Bir daha bayaqkı fikrimizə qayıtsaq, deməliyik ki, Azərbaycan xalqının səmimiyyətindən, başqa mədəniyyətlərə açıq olmasından, tolerantlığından sui-istifadə edən bəzi qüvvələr tarix boyu göz bəbəyi kimi qoruduğumuz ana dilimizin saflığına da xələl gətirmək kimi mənfur niyyətlərini həyata keçirməkdən çəkinmirlər.

Şübhəsiz ki, onların bu çirkin niyyətləri gözlərində qalacaq; xalqımız öz Prezidentinin başçılığı və müdrik yolgöstərənliyi ilə həm öz milli mentalitetini, həm də ana dilini yad təsirlərdən qoruyaraq “gələcək nəsillərə əmanət kimi təhvil verəcəkdir”.

 

Teymur KƏRİMLİ,

AMEA-nın həqiqi üzvü,

AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi

 

Azərbaycan.- 2015.- 14 noyabr.- S. 7.