Tranzit Yükdaşımalar üzrə
Koordinasiya Şurasının ilk iclası
Bakıda
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar
üzrə Koordinasiya Şurasının ilk iclası
keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev vurğulayıb ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi siyasətinin prioritet istiqamətidir. Hazırda ölkə iqtisadiyyatının 70 faizə yaxın hissəsi qeyri-neft sektorunun payına düşür. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafı əsas istiqamətlərdəndir və bu Konsepsiyaya uyğun olaraq görülən işlər 2020-ci ilədək qeyri-neft sektorunun iqtisadiyyatda rolunu daha da artıracaqdır.
Bildirilib ki, bu sahədə nəqliyyat sektoru, xüsusilə tranzit yükdaşımaları mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilir və bu sahəyə iri həcmli dövlət investisiyaları yönəldilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı Gəmiqayırma Zavodunun fəaliyyətə başlaması, Bakı–Böyük Kəsik dəmir yolunun yenidən qurulması və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası layihələri, eləcə də beynəlxalq hava limanlarının tikintisi Azərbaycanın nəqliyyat infrastrukturunun güclənməsində əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını da genişləndirir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaq.
Diqqətə çatdırılıb ki, Azərbaycanın tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. Koordinasiya Şurasının əsas vəzifələri tranzit yüklərin daşınması sahəsində vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhədkeçmə və prosedurların sadələşdirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsidir.
Tədbirdə tranzit yükdaşımaları sahəsindəki mövcud vəziyyət və bu sahədə səmərəliliyin artırılması barədə müzakirələr aparılıb.
İclasda dəmir yolu, dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlərin, nəqliyyat-ekspedisiya xidmətlərinin tariflərinin optimallaşdırılması, tranzit yükdaşıma müddətlərinin azaldılması, yükdaşımalar üzrə daşıma qaydalarının, prosedurlarının şəffaflaşdırılması və asanlaşdırılması üzrə təkliflərin hazırlanması qərara alınıb. İclasda, həmçinin tranzit yükdaşımalar sahəsində bağlanmış müqavilələrin qeydiyyatının aparılması məqsədi ilə zəruri tədbirlərin görülməsi, tranzit yükdaşımalarla bağlı elektron portalın yaradılması üçün müvafiq məlumatların təqdim olunması, tranzit yükdaşıma müqavilələrinin bağlanması sahəsində prosedurların sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.
İclasda tövsiyə edilib ki, tranzit
yükdaşımalar üzrə iştirakçılar, nəqliyyat
müəssisələrindən, daşıyıcılardan,
habelə nəqliyyat xidmətlərindən istifadə edən
hüquqi və fiziki
şəxslər maraqlandıqları məsələlər,
qarşılaşdıqları problemlərlə bağlı
Tranzit Yükdaşımalar üzrə
Koordinasiya Şurasına müraciət edə bilərlər:
(Ünvan: Xocalı prospekti, 37 ("Demirchi Tower", 20-ci mərtəbə), telefon: 488-80-38; faks:
488-80-48; e-mail: office@transit.az).
Azərbaycan.- 2015.- 15 noyabr.- S. 3.