Ombudsmanların XIII Bakı beynəlxalq konfransı başa çatıb

 

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20, BMT-nin və UNESCO-nun 70 illik yubileylərinə həsr olunan “Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu” mövzusunda ombudsmanların XIII Bakı beynəlxalq konfransı noyabrın 14-də işini başa çatdırıb.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq konfransın sonuncuüçüncü günündə Bakı Bəyannaməsi qəbul olunub.

Sonra konfrans iştirakçıları müvəkkilin Uşaq Hüquqları üzrə Resurs Mərkəzi olan Azərbaycan Uşaq və Gənclərinin Sülh Şəbəkəsi üzvlərinin uşaq hüquqları mövzusunda əl işlərindən, habelə Ombudsman tərəfindən çap etdirilən nəşrlərdən, Azərbaycanla bağlı müxtəlif təbliğat vasitələrindən ibarət sərgilərə baxıblar.

Daha sonra qonaqlar Ombudsman Aparatının, müvəkkilin insan hüquqları sahəsində fəaliyyətinin əsas istiqamətləri, Aparatın strukturu, ərizə və şikayətlərin qəbulu və baxılması prosesi, ayrı-ayrı şöbə və qurumlarının işi ilə tanış olublar.

Qonaqlara Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edən “Cənubi Qafqaz 1903-cü il”, “Ermənistanda etnik təmizləmə və Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü” (1948-1953, 1988-1993-cü illər) xəritələri əsasında ölkəmizin tarixi barədə ətraflı məlumat verilib.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu direktorunun elmi işlər üzrə müavini, tarixçi alim Cəbi Bəhramov erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımızın ağır məşəqqətlərlə üzləşdiyini, soydaşlarımızın tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qaldığını bildirib. Alim Azərbaycana məxsus toponimlərin, əzəli yurd yerlərimizin adlarının dəyişdirildiyini vurğulayıb, bu mənfur siyasətin əsas məqsədinin azərbaycanlıları əzəli torpaqlarımızdan qovmaq, həmin ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq olduğunu diqqətə çatdırıb.

 

Azərbaycan.- 2015.- 15 noyabr.- S. 3.