Azərbaycanın
birinci xanımı Mehriban
Əliyeva “G20”-“Yurd” mədəni ərazisində
sərgi ilə tanış olub
Xüsusi
müxbirimiz xəbər verir ki, noyabrın 16-da Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva Antalyada “G20”-“Yurd” mədəni ərazisində
yaradılan sərgi ilə tanış olub.
Azərbaycanın
birinci xanımı Mehriban Əliyevaya, Türkiyə
Prezidentinin xanımı Əminə Ərdoğana, Sammitdə
iştirak edən dövlət və hökumət
başçılarının, beynəlxalq təşkilatların
rəhbərlərinin xanımlarına sərgi barədə
məlumat verildi.
Mədəni
ərazidə Cəlaləllidin Rumi və Yunus Əmrə
irsini nümayiş etdirən tolerantlıq bölməsi,
“Türk qəhvəsi mədəniyyəti” sərgisi, ebru sənəti
nümunələri, ipək geyimlər, türk mətbəxini
təbliğ edən təamlar və s. nümayiş olunur.
Əvvəlcə
qonaqlar türk mətbəxinin nümunələri ilə
tanış oldular.
Sonra
məşhur türk qəhvəsi, onun tarixi və
hazırlanması prosesi barədə məlumat verildi.
Qonaqlar
türk qəhvəsinin hazırlandığı qablara da
baxdılar.
Daha sonra isti qumda qəhvə hazırlanması prosesi nümayiş olundu. Bildirildi ki, bu cür hazırlanan qəhvə daha dadlı və spesifik xüsusiyyətlərə malik olur.
Azərbaycanın birinci xanımına və digər qonaqlara, həmçinin türk şirniyyatlarının hazırlanması və onların tərkibi barədə məlumat verildi.
Bundan başqa, qonaqlar türk mantısının hazırlanması prosesinə baxdılar, burada nümayiş etdirilən əl işləri ilə tanış oldular.
Daha sonra qonaqlar Türkiyənin turizm imkanlarını və mətbəxini əks etdirən videoçarxa baxdılar.
Burada türk milli musiqilərini dinləyən qonaqlara milli musiqi alətləri və onların tarixi haqqında məlumat verildi.
Sərgidə müxtəlif zinət əşyaları da nümayiş olunur.
Daha sonra qonaqlara ebru ənənəvi türk sənəti barədə məlumat verildi. Qonaqlar burada ebrulərdən birinin hazırlanması prosesinə baxdılar.
Bu ərazi Türkiyənin mədəni və tarixi irsini, incəsənətini,
adət-ənənələrini “G20” ölkələrinin
liderlərinə, Sammitdə iştirak edən
digər yüksək vəzifəli şəxslərə və
jurnalistlərə təqdim etmək üçün
təşkil olunub. Noyabrın
13-16-da ziyarətçilərin ixtiyarında olan
ərazinin təşkilindən digər məqsəd
Antalyanın qədim sivilizasiyalar, mədəni
zənginliklər, tolerantlıq məkanı olması
faktını qonaqlara
çatdırmaqdır.
AZƏRTAC
Azərbaycan.- 2015.- 17 noyabr.- S. 3.