Fəxri ad almış mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub

 

Noyabrın 16-da Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söhbət açaraq, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini bildirib. Bu sahədə olan inkişafın Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra həyata keçirildiyini diqqətə çatdıran nazir, ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Ə.Qarayev bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıraraq xalqımızın mədəniyyətini tanıdan, sevdirən insanların fəaliyyətinə hər zaman qiymət verildiyini söyləyib.

Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təbliği istiqamətində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, məhz Mehriban Əliyevanın təşəbbüsü ilə mədəniyyət incilərimiz UNESCO-nun irs siyahısına daxil edilib.

Sonra dövlətimizin başçısının müvafiq sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə “Əməkdar artist”, “Əməkdar İncəsənət Xadimi” fəxri adları, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, habelə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisidöş nişanı təqdim edilib.

Təltif olunanlar yaradıcılıqlarına verilən yüksək qiymətə və diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan.- 2015.- 17 noyabr.- S. 4.