M.V.Lomonosov adına MDU-nun Bakıdakı filialının rektoru professor Nərgiz Paşayeva dəvət edir

 

M.V.Lomonosov adına MDU-nun Bakıdakı filialının rektoru professor Nərgiz Paşayevanın dəvəti ilə görkəmli alim, germanistik medievistika və kitab tarixi üzrə mütəxəssis, Oksford Universitetinin professoru, Faculty of Medieval and Modern Languages üzvü, St. Edmund Hall kollecinin və kitabxanasının fəxri üzvü, honoris causa doktoru (Bern Universiteti, İsveçrə) Naycel Fenton Palmer noyabrın 16-dan 20-dək MDU-nun Bakı filialının qonağı olacaq.

Professor Palmer Britaniya Akademiyasının üzvü, Amerika Medievistika Akademiyasının müxbir üzvü, Gettingen (Almaniya) Elmlər Akademiyasının müxbir üzvü, Oksford Biblioqrafiya Cəmiyyətinin üzvü (2002-2005-ci illərdə bu cəmiyyətin sədri), DFG (Almaniya Tədqiqatçılar Birliyinin) eksperti, Bavariya Dövlət Kitabxanasının (Münxen) orta əsrlərə aid əlyazmalar və qədim mətbu nəşrlər üzrə akademik komissiyasının daimi üzvü, kitab tarixi üzrə Almaniya-Rusiya İşçi Qrupunun üzvü (Almaniya, Marburq Universiteti – Rusiya, M.V.Lomonosov adına MDU), digər cəmiyyətlərin və akademik komissiyaların üzvü, fon Humboldt adına Fondun tədqiqat mükafatı laureatıdır (2007). O, çoxsaylı monoqrafiyaların, elmi işlərin, ensiklopediyalarda məqalələrin müəllifidir, orta əsrlərə aid mətnlərin naşiri, Böyük Britaniya, Almaniya və Rusiyada orta əsrlərə aid bir sıra əlyazmaların və qədim mətbu nəşrlərin üzə çıxarılmasında xidmətləri olub. Bodlean kitabxanasının (Oksford) fundamental kataloqunun “Ksiloqrafik kitablar, ilk mətbu nəşrlər – ağac və metal üzərində qravürlər” bölməsinin müəllifi, çap üsulu ilə hazırlanmış ilk kitablar üzrə dünyada ən böyük mütəxəssislərdən biri, “Medium Aevum” (Oksford) və “Oxford German Studies” (Oksford) elmi jurnallarının baş redaktoru, “De Gruyter” nəşriyyatının (Berlin-Nyu-York) naşirlərindən biridir.

Professor Naycel F.Paymerin səfəri çərçivəsində noyabrın 20-də yerli vaxtla saat 15:30-da M.V.Lomonosov adına MDU-nun Bakı filialında onun “Keçmişlə görüş: perqament, kağız, mürəkkəb, orta əsrlər Avropasından mətnlər və ideyalar” mövzusunda məruzəsi olacaq.

Məruzə qərbi Avropada orta əsrlərə aid əlyazma kitabların yaranması, onların maddi təsviri və tədqiqi üzrə əsas problemləri açıqlamaq məqsədi güdür.

İngilis dilində səslənəcək məruzə təqdimatla müşayiət ediləcək və geniş elmi auditoriya – tələbələr, magistrantlar, doktorantlar və müəllimlər üçün nəzərdə tutulur.

Tədbirdə iştirak etmək istəyənlər üçün ayrılacaq xüsusi avtobus onları Hüseyn Cavid bağından (metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında) M.V.Lomonosov adına MDU-nun Bakıdakı filialının Xocəsən qəsəbəsindəki binasına çatdıracaq. Avtobus saat 14:45-də yola düşəcək.

Arzu edənlər (012) 598-93-17 nömrəli telefonya info@msu.az elektron poçtu vasitəsilə M.V.Lomonosov adına MDU-nun Bakıdakı filialına müraciət edə bilərlər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 17 noyabr.- S. 5.