“Azərbaycan gəncliyi
2016-2020-ci illərdə” Dövlət Proqramı ilə
bağlı müzakirələr aparılıb
Gənclər
və İdman Nazirliyində (GİN) “Azərbaycan gəncliyi
2016-2020-ci illərdə” Dövlət Proqramına dair
müzakirələr aparılıb.
GİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə keçirilən müzakirələrdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin, Müdafiə, Təhsil, Mədəniyyət və Turizm, İqtisadiyyat və Sənaye, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rabitə və Yüksək Texnologiyalar, Səhiyyə, Fövqəladə Hallar nazirliklərinin, Dini Qurumlarla İş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Dövlət Sərhəd Xidmətinin, Prezident yanında Elmin İnkişafı Fondunun, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun və digər dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı qeyd edilib ki, ardıcıl olaraq, 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət proqramlarının uğurla həyata keçirilməsi, Prezident yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırıb. Son illər istifadəyə verilən “Gənclər ev”ləri xüsusilə regionlarda yaşayan gənclərin maraq dairəsinin genişləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili üçün yeni imkanlar yaradıb. Gənclərin məşğulluğu və sahibkarlığın inkişafı üçün biznes inkubatorların, texnoparkların yaradılması dəstəklənib.
Diqqətə çatdırılıb ki, son onilliyin əsas çağırışları olan İKT-nin sürətlə inkişafı və qloballaşma prosesləri gənclərlə bağlı vəziyyətə ciddi təsir göstərməkdədir. Bu amillərin təsiri altında ölkələrin qarşılaşdığı problemlərin müzakirəsi üçün BMT baş katibinin müraciəti ilə 2014-cü ilin oktyabrında Bakıda Gənclər Siyasəti üzrə I Qlobal Forum keçirilib. Qlobal Forumun paytaxtımızda keçirilməsi ölkəmizdə gənclər siyasəti sahəsində əməli təcrübə və müsbət meyillərin əldə edilməsinin təzahürü idi.
Qeyd edilib ki, Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına və 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na uyğun olaraq “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı hazırlanıb.
İclasda gənclərin hərtərəfli inkişafı üçün münbit şəraitin formalaşdırılması, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, təhsil alan gənclərin, gənc alim və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsi, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi, ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin özünüidarəetməsinin gücləndirilməsi, onların ideya və təşəbbüslərinin dəstəklənməsi mövzularında müzakirələr aparılıb.
Eyni zamanda, gənclərin bilik və bacarıqlarının inkişafı, sahibkarlıq və məşğulluq imkanlarının artırılması, onlar arasında ixtisas və peşə seçimi, gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi, regionlarda yaşayan gənclərin təhsil, məşğulluq, ictimai fəaliyyətlərinin və mədəniyyət və idman sahəsində imkanlarının genişləndirilməsindən söhbət açılıb.
Müzakirələr zamanı, həmçinin
xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə
inteqrasiyanın təmin edilməsi, gənclərin İKT-dən
səmərəli istifadəsinə şərait
yaradılması, yeniyetmə və gənclər üçün maarifləndirici televiziya və radio
verilişlərinin hazırlanması və yayımlanması,
gənclərin asudə vaxtının səmərəli
təşkili və s. mövzular
ətrafında fikir mübadiləsi
aparılıb.
Azərbaycan.- 2015.- 17 noyabr.- S. 5.