Cəmil
Əliyev: Əsas məqsədimiz onkoloji
xəstələrin tam sağalmalarına
nail olmaqdır
Bu gün Azərbaycanın Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında uzunmüddətli əməkdaşlıq barədə müqavilə imzalanıb. Bu müqavilə Azərbaycan Milli Onkologiya Mərkəzinə onkoloji xəstəliklərin profilaktikası və müalicəsində MD Anderson Xərçəng Mərkəzi ilə birgə fəaliyyət göstərməyə imkan yaradacaq. Bundan başqa, müqavilə Milli Onkologiya Mərkəzinin mütəxəssislərinə amerikalı həmkarları ilə birlikdə elmi axtarışlar və kliniki tədqiqatlar həyata keçirməyə imkan verəcək. Yəni, bu müqavilə əsasında azərbaycanlı mütəxəssislər təcrübə mübadiləsi proqramlarında ödənişsiz iştirak edə və Amerikanın məşhur onkoloji mərkəzində təcrübə keçə biləcəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev jurnalistlərə müsahibəsində söyləyib.
O deyib: “Bununla
yanaşı, uzunmüddətli əməkdaşlıq barədə
müqavilə çərçivəsində beynəlxalq elmi konfransların keçirilməsi
planlaşdırılır. Bu, iki onkologiya
mərkəzi arasında əlaqələndirmə mexanizmlərini
hazırlanmasına, ayrı-ayrı sahələrdə azərbaycanlı
və amerikalı alimlər, həkimlər arasında əlaqələrin
qurulmasına, elm və təbabətin
qarşılıqlı əlaqəli sahələrində son nailiyyətlərin müzakirəsinə imkan yaradacaq. Bundan başqa, elmi konfranslar iki ölkənin
alimlərinin müxtəlif mövzuları, o
cümlədən onkoloji patologiyaların
diaqnostikası və müalicəsini, elmin,
təbabətin və səhiyyənin aktual
problemlərini, onkologiyanın qarşısında duran vəzifələri, habelə onların potensial həlli yollarını müzakirə
etmələrinə imkan verəcək.
Bütün bunlar bizim əsas məqsədimizə - gələcəkdə
onkoloji xəstəliklərin tam sağalmalarına nail olmaq naminə edilir”.
AZƏRTAC
Azərbaycan.- 2015.- 17 noyabr.- S. 6.