Prezident İlham
ƏLİYEV: “Terrorizm Ermənistanın
işğalçı siyasətinin tərkib hissəsidir”
Parisdə baş verən terror hücumlarından sonra Avropa ölkələri genişmiqyaslı təhlükəsizlik tədbirləri görməyə başlayıblar. Belçika, Fransa, İngiltərə və Almaniyada terrorçu olmaqda şübhəli bilinən onlarla insan həbs edilib. Kəşfiyyat xidmətlərinin məlumatları isə Avropa ölkələrində terror aktlarının davam edəcəyini göstərir.
Almaniyanın “Bild” qəzeti və İtaliya mətbuatı məlumat yayaraq Paris hadisələrinin qitənin digər şəhərlərində bənzər olayların başvermə təhlükəsinin artırdığını qeyd edirlər. Amerika Birləşmiş Ştatları isə “əl-Qaidə” və İŞİD terror təşkilatları daxil olmaqla, digər ekstremist qruplaşmaların ABŞ və Avropa ölkələrinə qarşı yeni terror aktları planlaşdırdığı barədə məlumat əldə edib. ABŞ Dövlət Departamentinin qlobal terror təhlükəsi ilə bağlı yaydığı məlumatda deyilir ki, böyük ehtimalla terror təşkilatları ABŞ-a, onun Avropadan olan müttəfiqləri və koalisiya üzvlərinə qarşı əks hücum təşkil edəcək. Yayılan informasiyalara görə, artıq İŞİD 5 qrupdan ibarət dəstələrini xüsusi tapşırıqlarla Avropanın bir sıra ölkəsinə göndərib. Onların hədəfində Parislə yanaşı, Romanın da olduğu bildirilir.
Bir sözlə, bu gün Avropa təlaş içərisindədir. Bir tərəfdən iqtisadi böhran, digər tərəfdən terror təhlükəsi qitə əhalisini ciddi narahat etməyə başlayıb. Bu səbəbdən də Qərb dövlətləri özünü İŞİD adlandıran terrorçu qruplaşmaya qarşı beynəlxalq koalisiya yaratmaq haqqında düşünür. ABŞ başda olmaqla Avropa ölkələri özünümüdafiə qayğısına qalırlar. Bu, bir tərəfdən təbii haldır. Çünki dinc insanların qətlə yetirilməsi, Yaxın Şərq ölkələrinə nifaq salınması qəbuledilməzdir. Eyni zamanda, bu cür addımların indiyədək digər terror təşkilatlarına, təcavüzkar dövlətlərə qarşı atılmaması suallar doğurur.
Dünyanın ABŞ və Böyük Britaniya kimi böyük dövlətlərinin Yaxın Şərqdə fəaliyyət göstərən terror təşkilatından bu dərəcədə ehtiyatlanması ilk baxışdan təəccüblü görünə bilər. Ancaq məsələyə geniş aspektdə yanaşdıqda, bütövlükdə müasir dövrün geosiyasi reallıqları kontekstində bir sıra ibrətamiz məqamlar üzə çıxır.
Əslində bütün bunların kökündə Qərbin uzun müddətdir ki, dünyanın müxtəlif regionlarında yeritdiyi yanlış siyasətin durduğunu demək olar. Faktlar da bunu təsdiq edir.
Bu kontekstdə həm də tarixə qısa nəzər salmağa ehtiyac duyulur. Ermənilər bir neçə əsrdir ki, müsəlmanlara qarşı Yaxın Şərq və Qafqazda ağlasığmaz iddialar irəli sürürlər. Bunun üçün onlar ən çirkin üsullara əl atır. Hətta terror törətməkdən belə çəkinmirlər. Erməni terror təşkilatı “ASALA” məhz Avropada türk diplomatlarına qarşı dəfələrlə terror aktları törədiblər. Həmin ölkələr arasında Fransa da var. O zaman avropalılar terrordan o qədər də narahat deyildilər, çünki eyni hərəkətlərin bir vaxt onlara da qarşı edilə biləcəyini düşünmürdülər. Bakıda metroda, avtobusda törədilən terror aktları, Dağlıq Qarabağda vertolyot qəzası, Xocalıda insanlığa qarşı dünyanın heç bir yerində görünməyən vəhşilik ən yaxın tarixdir və bu faciələr fərziyyələrlə yox, videogörüntülərlə fakt kimi saxlanılır. Tarixdə onlar dəfələrlə müsəlmanlara qarşı terror və soyqırımı aktları həyata keçiriblər, lakin bu hərəkətlərini əks tərəfin üzərinə atmağa çalışıblar. Ən qəribəsi odur ki, onlar soyqırımına məruz qaldıqlarını dünyaya car çəkməyə başlayıblar. Uzun illərdir ki, erməni terroru və Ermənistan dövləti Cənubi Qafqazda gərginlik yaradır. Hələ indi də bəşəriyyət bu təxribatdan yaxasını qurtara bilməyib. Ümumiyyətlə, 1980-ci illərin ikinci yarısından etibarən Ermənistan region dövlətləri üçün təhlükə kəsb edir. Qonşu ölkələrin ərazisinə iddia edir, kütləvi surətdə dinc insanları qətlə yetirir. Daimi olaraq erməni terroru Azərbaycan, Türkiyə və Gürcüstanı təhdid edir. Hətta Ermənistan prezidenti Serj Sarkisyan “Ağdamı xarabalığa çevirdiyindən” fəxrlə danışır. Ancaq bu terrorçuya və rəhbərlik etdiyi dövlətə qarşı heç bir koalisiya yaranmır, heç bir sanksiya tətbiq edilmir.
Noyabrın 15-də Türkiyədə keçirilən “G-20”nin X Zirvə Görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev məhz bu məsələyə xüsusi olaraq toxunmuşdur. Dövlət başçısı bildirmişdir ki, Azərbaycan özü terrorizmdən əziyyət çəkən ölkələrdəndir və bu terrorizm Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir. Ermənistan terror təşkilatı tərəfindən Azərbaycanda törədilən terror aktları nəticəsində iki mindən çox Azərbaycan vətəndaşı həlak olub. Azərbaycan torpaqlarının işğalı məsələsinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İşğal nəticəsində Azərbaycan humanitar fəlakətlərlə üzləşib, bir milyona yaxın soydaşımız öz doğma torpaqlarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan tərəfi indiyədək buna məhəl qoymur.
Sual yaranır, nəyə görə, Qərbin bu hadisələrə reaksiyası İŞİD-ə qarşı olduğu kimi deyil? Axı, Azərbaycan 22 ildən artıqdır ki, məhz həmin acıları dünyaya çatdırmaq istəyir. Lakin, hər dəfə ikili standartlar prinsipi ilə qarşılaşır və beynəlxalq təşkilatların Ermənistan əleyhinə çıxardıqları qərarlar kağız üzərində qalır. Terrora məruz qalanla onu törədənlər arasında bərabərlik işarəsi qoyan Qərb bilməli idi ki, bu bərabərlik sonrakı faciələrin yaranmasına rəvac verəcəkdi. Bu gün isə terror sözün əsl mənasında beynəlxalq təhlükəyə çevrilib. Avropada heç bir dövlət ondan sığortalanmayıb.
İndi ABŞ da Avropa terrorundan çox narahat olduğunu bildirir və İŞİD-ə qarşı bir neçə dövləti birləşdirməyə çalışır. Azərbaycanın haqq səsini artıq üçüncü onillikdir ki, eşitməyən böyük dövlətlər indi özlərinin üzləşdiyi terrora qarşı koalisiya yaratmaq barədə düşünürlər. Bütün bunlar başadüşüləndir. Qərb və Yaxın Şərqin bir neçə dövlətinə hər hansı terror təhlükəsi meydana gəlibsə, onların özlərini müdafiə etmək haqqı var. Xüsusilə, kütləvi şəkildə dinc insanlar qətlə yetirilirsə, buna qarşı qüvvələri birləşdirmək zəruridir. Dinindən, irqindən asılı olmayaraq hər bir insanın yaşamaq hüququ var. Anlamaq lazımdır ki, insanın təbii hüquqlarının siyasətə aidiyyəti olmamalıdır. Lakin təəssüf ki, reallıqda böyük dövlətlərin bu adi həqiqəti tapdaladıqlarının şahidi oluruq.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2015.- 17 noyabr.- S. 11.