Axıskanın
yanan qəlbi soyumaz
Son 71 ildə üç dəfə sürgün həyatı yaşayıb, 1944-cü ildə sovet rəhbərliyinin qəzəbinə tuş gəlib, 13 ölkəyə səpələnib, sürgün olunduqları 50 il gizli saxlanılıb, Stalinin əmri ilə bir gecənin içində yerindən-yurdundan didərgin salınıb, 250 il Osmanlı dövlətinin sərhəd şəhəri kimi tanınan, Rusiya-Türkiyə savaşlarında dəfələrlə əldən-ələ keçən, sərhəd zolağında yerləşdiyi üçün başına müsibətlər gələn, bugünkü Gürcüstana - öz doğma Vətəninə daim can atan, bütün ağrı-acılara, faciələrə baxmayaraq hər yerdə türk adını şərəflə qoruyub saxlayan Axıska türkünün yazdığı, yaşadığı tarix gələcək nəsillər üçün bir örnək, bir həyat hekayəsidir.
Rus-türk müharibələri nəticəsində zaman-zaman türk torpaqlarının böyük bir hissəsi Rusiya imperiyasının tərkibinə daxil olub. 1829-cu ildə “Ədirnə müqaviləsi” ilə Osmanlı dövlətindən qoparılıb Rusiya imperatorluğuna ilhaq edilən Axıska və Axalkələk bölgəsi, nəhayət, Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə bir növ nəzarətsiz zonaya çevrildi. Əhalisi əsas etibarilə müsəlman acarlar və türklərdən ibarət olan bu bölgə xalqı sovetlərin 1917-ci ildə elan etdiyi “Rusiyadakı millətlərin haqlarına aid bəyannamə” hüququndan istifadə edərək 26 aprel 1918-ci ildə ümumi bir qərarla Türkiyəyə birləşmək istədiklərini bildirmişdilər. Ona görə də Batum, Axıska, Acar və Axalkələk bölgələri xalqının Osmanlı hökumətinə göndərdiyi bu imzalı - möhürlü müraciəti Osmanlı hökuməti tərəfindən qəbul edilsə də, sonrakı hadisələr bu istəyin reallaşmasına imkan vermədi.
Axıska türklərinin sayı müxtəlif mənbələrdə müxtəlif rəqəmlərlə ifadə olunur. Bu da taleyin hökmü ilə onların ayrı-ayrı ölkələrə səpələnməsi və hesablamalardakı uyğunsuzluqla əlaqədardır. Son hesablamalara görə, Axıska türklərinin sayı 629 min nəfərdir. Onların məskunlaşdığı və çoxluq təşkil etdikləri ölkələr isə bunlardır - Qazaxıstan - 150 min, Rusiya - 90 min, Qırğızıstan - 50 min, Türkiyə - 40 min, Azərbaycan - 38 min, Özbəkistan - 15 min, Ukrayna - 10 min, ABŞ - 18 min, Gürcüstan - 1000.
Güləli babanın
yazdıqları və ya
gələrəm qatarlar
gələndə...
Axıska gül idi, getdi,
Bir əhli-dil idi, getdi.
Söyləyin
Sultan Mahmuda,
İstanbul kilidi getdi.
İki
yüz il əvvəl yaşamış
Axıska şairi Güləli babanın bu şeirində elə
o zamandan, o tarixi dönəmlərdən Axıska türklərinin
başına gələn oyunlardan, sürgünlərdə
keçən ömür yolundan söhbət
açılır. Bu həyat hekayəsində xalq şairi Zəlimxan
Yaqubun illər öncə dedikləri də yer almaqdadır:
Borçalının
bir tərəfi Axıska,
Türklüyümün şan-şərəfi
Axıska.
Kimlər
səni bu qatardan ayırdı,
Kimlər pozdu gör bu səfi, Axıska.
Ruhumda
ruh, canımda can olmusan,
Şah damarda çağlayan qan olmusan.
Səni
sonra Gürcüstana qatıblar,
Sən bir zaman Azərbaycan olmusan.
Tarixi Axıska bölgəsi bu gün
Gürcüstanın Samtshe-Cavaheti bölgəsinin bir parçasıdır. Axıska
türkləri həm də müxtəlif vaxtlarda
Gürcüstanın Mesheti bölgəsinin türk əhalisinə
verilən addır. Rusların bu bölgəyə
gəlişindən sonra həmin əraziyə verdiyi ad
Meshetya olduğu üçün o yerlərin insanlarına
mesheti türkləri də deyirlər. 31 iyul 1944-cü
ildə SSRİ Dövlət Müdafiə Komitəsinin “¹
6279” qərarı ilə (14 noyabr 1944-cü ildə icra edildi)
Qafqazın işğalına qədər böyük, şərəfli
bir tarix yazan 90 538 Axıska türkü heç bir ciddi səbəb
gətirilmədən məcburi şəkildə Stalinin əmrilə
iki saat içində yük vaqonlarına doldurularaq Orta Asiyaya
- Qazaxıstan (40 min), Qırğızıstan (20 min) və
Özbəkistana (30 min) sürgün edildi. Sonradan
əsas məqsəd Qara dəniz sahillərini türklərdən
təmizləmək olduğu bəlli olsa da, artıq gec idi.
Bu həqiqətlər sovetlər birliyi
dağıldıqdan sonra ortaya çıxdı. Eyni taleyi həmin dövrdə Krım tatarları da
yaşadı. Minlərlə insan soyuq
yük vaqonlarında həyatını itirdi.
Bu azmış kimi, SSRİ-nin son illərində Özbəkistanın
Fərqanə vadisində yaşayan Axıska türklərinin
böyük bir qismi 1989-cu ildə düşmənlərin təhriki
ilə etnik təmizləməyə məruz qalaraq ikinci dəfə
qaçqın, köçkün həyatı yaşamağa
məcbur oldu.
O dövrdə Azərbaycan öz daxilində yaşanan gərginliyə
baxmayaraq hamıdan əvvəl həmin qaçqınlara
kömək əli uzatdı, qardaş yardımı göstərdi.
Axı bütün dövrlərdə Axıska
türklərinin güvən yeri Azərbaycan olmuşdur.
Ömər Faiq Nemanzadə, Şəfiqə xanım Əfəndizadə
kimi yüzlərlə Axıska türkü özünü
bu millətin bir parçası, bir hissəsi olaraq
görürdü.
Bu
xalqın övladları - Ömər Faiq Nemanzadə, Şəfiqə
Əfəndizadə...
Hələ 1872-ci il mayın 24-də
Gürcüstanın Tiflis quberniyasının Axalsix qəzasının
Azqur kəndində anadan olan məşhur
yazıçı-publisist Ömər Faiq Nemanzadə ibtidai təhsilini
molla məktəbində və yenicə
açılmış rus məktəbində aldıqdan sonra
Türkiyədə təhsilini davam etdirir. O, İstanbulda olarkən
dövri mətbuata yaxından bələd olur, yeni fikirli
türk gəncləri ilə sıx əlaqə yaradır, təqib
olunduğuna görə doğma vətəninə
qayıdır. Amma burada məktəb açmaq cəhdi
baş tutmur və o, uzun illər Nuxa, Şamaxı, Gəncə
şəhərlərində müəllimlik edir (1894-1903),
eyni zamanda Tiflisdə “Şərqi-Rus” qəzeti
redaksiyasının əməkdaşı kimi jurnalistlik fəaliyyətinə
başlayır, ilk publisistlik məqalələrini çap
etdirir (1903-1906), Cəlil Məmmədquluzadə ilə birlikdə
“Qeyrət” mətbəəsini təşkil edir və “Molla Nəsrəddin”
jurnalının ilk mühərriri olaraq tarixə
düşür. O dövrdə qələmə
aldığı “Dərdimiz və dərmanımız”,
“Dilimiz və imlamız”, “Nə üçün
haqqımızı istəmirik” kimi publisistik məqalələrində
Ömər Faiq cəhalətə, dini fanatizmə, geriliyə,
müstəmləkəçilik siyasətinə qarşı
çıxır.
Çar rejimi dağıldıqdan sonra Gürcüstanda
yaranan yeni hökumət ictimai fəaliyyətinə görə
onu üç dəfə həbs edərək Metex
qalasına salmış və mülkünü müsadirə
etmişdi. Sonradan ictimaiyyətin təkidi ilə azad olunan
Ömər Faiq Bakıya gələrək burada müxtəlif
vəzifələrdə çalışmışdır.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra nəşrə
başlayan “Zəhmətkeşlərin gözü”
jurnalının redaktoru olmuşdur. Ayrı-ayrı
vaxtlarda Azərbaycan SSR Xalq Maarif Komissarlığında
çalışmış, Gəncə Kənd Təsərrüfatı
Texnikumunun direktoru olmuşdur. 1921-ci ildə
Gürcüstanda sovet hökuməti qurulduqdan dərhal sonra
Gürcüstan Hərbi İnqilab Komitəsinə üzv
seçilərək Tiflisə yollanmışdır.
O
dövrdə Gürcüstan KP MK-nın nəzdində
yaradılmış müsəlman bölməsinə rəhbərlik
edən Ömər Faiq Tiflisdə dərc olunan “Yeni fikir” qəzeti
redaksiya heyətinin də üzvü idi. O, 1927-ci ildə təqaüdə
çıxdıqdan sonra da ictimai fəaliyyətdən
ayrılmayaraq dərsliklər hazırlamış, elmi işlə
fəal şəkildə məşğul olmuşdur.
Axıska türklərinin bu məşhur
övladından danışarkən o dövrdə Qafqaz,
xüsusilə Azərbaycan türklərinin ictimai-siyasi həyatında
əvəzsiz rol oynayan başqa bir Axıska
türkünün - Şəfiqə Əfəndizadənin
adını çəkməmək mümkün deyil. Məlum
olduğu kimi, XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlləri
Azərbaycan qadınlarının ictimai həyatda rolunun
artmasında önəmli bir mərhələ sayılır.
Bu dövrdə maarifin, səhiyyənin inkişafında
kişilərlə müqayisədə qadınların
iştirakı az olsa da, Azərbaycanın
ziyalı, maarifçi qadınlarının gördüyü
işlər çox əhəmiyyətli idi.
XX əsrin əvvəllərində azərbaycanlı
qadınlar arasında təhsilin, maarifçiliyin
yayılması üçün fədakarlıqla
çalışan maarifçi qadınlardan biri də Şəfiqə
Əfəndizadə idi. Şəfiqə Məmmədəmin
qızı Əfəndizadə 1882-ci ildə Gürcüstanın
tarixən türklərin yaşadığı Cavahetiya
bölgəsində, Axalsix rayonunun Azqur kəndində
doğulub. Atası Məmmədəmin
Şeyxzadə dövrünün tanınmış
ziyalısı və müəllimi idi. Övladlarının
təhsil alması ilə şəxsən özü məşğul
olurdu. Şəfiqə bacısı Səidə
ilə təhsillərini məhz atasından
almışdı. On dörd yaşında
ikən o, Nuxa (indiki Şəki) şəhərinə gələrək
burada atasının çalışdığı
“Darrüssiyada” məktəbinin nəzdində qızlar
üçün açılmış xüsusi qrupda dərs
deməyə başlamış, qadın
savadsızlığına qarşı mübarizə aparan
ziyalılarla çiyin-çiyinə
çalışmışdır.
Elə o zaman böyük mesenat Hacı Zeynalabdin
Tağıyev Bakıda ilk qızlar məktəbini
açır.
Bununla da ilk dəfə müsəlman Şərqində
qadınların yüksək təhsil almasının təməli
qoyulur. Elə o dövrdə müəllim
kadrların çatışmazlığını nəzərə
alaraq görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov Məmmədəmin
Şeyxzadəyə məktub yazaraq ondan qızını həmin
məktəbdə dərs deməyə göndərməsini
xahiş edir. Ata bu dəvətdən məmnun
qalsa da, qızının dövlət məktəbində təhsil
almadığı üçün belə bir hüququ olmadığını
bildirir və gənc Şəfiqə 1901-ci ildə Tiflisə
qayıdır, orada təcili imtahan verir və müəllimlik
attestatı alır. Sonra Bakıya gəlir
və rus-müsəlman qızlar məktəbində ana dilindən
dərs deməyə başlayır. O, cəhalətin
hökm sürdüyü bir vaxtda müəllimə rəfiqəsi
Səkinə Axundzadə ilə birlikdə dram dərnəyi
yaradır. Qızlara teatr mədəniyyəti, aktyorluq sənəti
barədə məlumatlar verir, onları dövrün mətbuat
xülasələri ilə tanış
edir. Gənc qızların yüksək təhsil almasına
çalışan Şəfiqə xanım 1910-cu ilədək
bu məktəbdə müəllimə kimi
çalışır, eyni zamanda fars, rus
və ərəb dillərini, Şərq klassik ədəbiyyatını
dərindən öyrənir.
Ancaq bütün bu fəaliyyətinə baxmayaraq
repressiya maşını Ömər Faiq Nemanzadə kimi ondan
da yan keçmir. Ancaq xatirəsi hələ də
xalqımız tərəfindən əziz tutulmaqdadır.
Bakı məktəblərindən biri onun
adını daşımaqdadır.
Üzü Vətənə
sarı...
SSRİ-nin
süqutundan sonra Gürcüstana - öz tarixi Vətəninə
can atan Axıska türkləri çoxlu problemlə
qarşılanmaqdadır. 1990-cı illərdə
Gürcüstan Axıska türklərinin hissə-hissə
geri dönməsinə razılıq versə də, bu,
sürgündən sonra onların torpaqlarına yiyələnmiş
ermənilər tərəfindən narazılıqla
qarşılanır.
Özbəkistan hadisələrindən sonra Rusiyanın Krasnodar vilayətinə yerləşdirilən Axıska türklərinin bir qismi buradakı erməni icmalarının fitvası ilə rus kazakların təzyiqlərinə məruz qalaraq müxtəlif ölkələrə, o cümlədən ABŞ-a üz tutmaqdadırlar. Artıq bu ölkədə yerləşən axıskalıların sayı 15 mini ötüb.
Amma bütün bunlara baxmayaraq 1999-cu ildə Gürcüstan Avropa Şurasına üzv qəbul olunarkən Axıska türklərinin geri dönməsilə bağlı öhdəlik götürmüşdür. Buna görə 1999-cu ildən başlayaraq üç il ərzində axıskalıların dönüşünə başlanacaq və 12 ilə, yəni 2011-ci ilə bu tarixi dönüş başa çatmalıdır. Bü öhdəliklərə əməl olunmasa, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək imkanı yaranacaqdır.
Gürcüstan Axıska türklərinin geri dönüşünə müxtəlif şərtlər daxilində baxmaq istəyir. Əvvəla, vaxtilə 91 min insanın sürgünə getməsinin ardından daha çox axıskalının geri dönməsini əsas gətirərək onların digər bölgələrə yerləşdirilməsinə çalışır. İkinci şərt kimi türklərə veriləcək kimliklərdə onların türk və müsəlman deyil, gürcü və xristian yazılmasıdır. Məqsəd onların türk olmayıb zamanla və zorla osmanlılar tərəfındən müsəlmana çevrilərək türkləşdirilən gürcülər olduğunu sübuta yetirməkdir.
Bu hesabla bəzi gürcü tarixçiləri acarları, lazları və çveneburları müsəlman gürcülər, torbaşıları müsəlman makedonlar, goranlıları müsəlman serblər, bosniyalıları müsəlmanlığı qəbul etmiş slavyanlar, qaqauzları türkləşmiş xristian bolqarları, pomakları müsəlmanlığı qəbul etmiş bolqarlar, krit müsəlmanlarını yunan, Krım tatarlarını islamı qəbul etmiş alan və yunanlar, xemşilləri isə müsəlman ermənilər deyə qəbul etdirməyə can atırlar.
Çəkişmələr davam edir, beş rayon və 200 kənddən ibarət bu bölgədə yenə gürcülər və ermənilər çoxluq təşkil edərək yaşamaqda, 100-ə yaxın köy (kənd) isə türklərin sürgünündən bu günə kimi boş qalmaqdadır. Axıskalıların malı və mülkü də onlara qaytarılmayıb.
Bu haqsızlığın tarixi isə çox əvvəllərə gedib çıxır. 1928-1937-ci illərdə axıskalıları məcbur edirdilər ki, özlərini gürcü olaraq göstərsinlər və gürcü familiyası daşısınlar. Böyük Vətən müharibəsi başlayanda axıskalılarda əli silah tuta bilən bütün insanları - 40 min nəfər cəbhəyə göndərildi və onların 26 mini bu davada həyatını itirdi. Ardınca 90 mindən artıq axıskalı öz ata-baba yurdundan didərgin salındı. Müharibədən sonra da bu sürgünlər davam etdi. Abxaziya və Acarıstanda yaşayan, osmanlı türkü adlandırılanlar da 1948-1949-cu illərdə Orta Asiyaya sürgün edildilər. Sürgün yerlərində onların hansısa başqa bir yerə köçməsinə icazə verilmirdi. Bu haqsızlığa qismən 1956-cı ildə Stalinin ölümündən sonra son qoyuldu. Onlar Qafqaza, Kabardin-Balkara və digər yerlərə köçə bildilər. Orada qalıb yaşamaq istəyənləri isə qarşıda Fərqanə hadisələri gözləyirdi...
Bəxtiyar QARACA,
Azərbaycan.- 2015.- 17 noyabr.- S. 9.